Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-228/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, T.Şıxəliyev küçəsi ev 12, mənzil 12-də qeydiyyatda olmaqla yaşayan, hazırkı iş üzrə 09 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, törətdiyi digər cinayət əməlinə görə 04 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli 4(005)-650/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib, daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,975 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, daşıyaraq üzərində saxlamış, onun özünü şübhəli aparması ilə bağlı 09 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirilməklə bölmədə üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 0,975 qram olan qəhvəyi rəngli, toz şəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 yanvar 2023-cü il tarixdə təxminən saat 18 radələrində tanışı X1 Nizami rayonu, Keşlə qəsəbəsindəki evində olduqları vaxt 23-cü polis bölməsinin əməkdaşları gəlmiş və onları özləri ilə birlikdə polis bölməsinə aparmışlar. Polislər ona demişlər ki, etiraf etsin ki, Yasamal rayonundan narkotik vasitə almış və üzərində saxlamışdır, onu buraxacaqlar. Saxlanılan vaxt üzərində narkotik vasitə olmamışdır, yalnız istifadə etmişdir. Ağasəlimin evində olaraq narkotik vasitədən istifadə etdiyinə görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 11 yanvar 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, özünü elan edilmiş ittiham üzrə təqsirli bilir, camaat arasında “kakos” kimi tanınan narkotik vasitə olan heroindən istifadə edir. 09 yanvar 2023-cü il tarixdə günorta saatlarında Yasamal rayonunda tanımadığı bir şəxsdən 10 manat müqabilində bir ədəd sellofan bükümdə heroin almış, həmin gün günorta saatlarında heroindən az miqdarda istifadə etmişdir. 09 yanvar 2023cü il tarixdə təxminən saat 18 radələrində tanışı X2 ilə ünvan 4 ünvanının qarşısında dayanmışlar. Onun və Ağasəlimin üzərində narkotik vasitə olan heroin olmuşdur. O, Ağasəlimin heroini haradan əldə etdiyini bilməmişdir. Hava soyuq olduğu üçün onlar üzərlərində olan heroini istifadə etmək üçün isti bir yer axtarırmışlar. Həmin vaxt mülki geyimdə olan Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları onlara yaxınlaşmış, özlərini təqdim etmiş və narkotik vasitə istifadə etməkdə şübhəli olduqlarını bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 23-cü PB-nə getmişlər. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Az vaxtdan sonra o, dövlət hesabına müdafiəçi Sehran Əkbərov ilə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində heroin olan 01 ədəd sellofan bağlamanı təqdim etmişdir. Bundan sonra təqdim olunan bağlamaya baxış keçirilmişdir. Baxış zaman 1 ədəd selofan bağlama içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan heroini haradan əldə etdiyini soruşduqda o, həmin heroini 10 manat müqabilində Yasamal rayonunda tanımadığı şəxsdən aldığını demişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin, o, 09 yanvar 2023-cü il tarixdə tanışı Ağasəlim Mirbağırovu təsadüfən görmüşdür. Onlar əvvəllər də bir neçə dəfə birgə narkotik vasitə istifadə etdikləri üçün bir az söhbət etdikdən sonra heroin istədiklərini bir-birlərinə demişlər. Həmin vaxt Ağasəlim Mirbağırov üzərində heroin olduğunu ona demiş, o da üzərində heroin olduğunu demişdir. Onlar razılaşmışlar ki, hərə öz üzərində olan heorini istifadə etsin və bunun üçün yer axtardıqları zaman polis əməkdaşları onları saxlamışlar. Təqsirləndirilən şəxs ifadəsinin elan olunmasından sonra həmin ifadə ilə razı olmadığını, ifadənin müstəntiqin sözləri ilə yazıldığını, hazırda məhkəməyə verdiyi ifadəni təstiq etdiyini bildirmişdir. Məhkəmədə son sözündə isə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu göstərmiş və ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, 09 yanvar 2023cü il tarixdə saat 18 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Rüstəm Abbasov, baş əməliyyat müvəkkili Rəşad Qəhrəmanov, sahə inspektoru Şahid2 və o, ünvan 5 ünvanının qarşısında zahiri əlamətlərinə görə narkotik vasitə istifadəçilərinə bənzər iki nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxslərin narkotik vasitə istifadəçisi olduqlarını nəzərə alaraq üzərlərində də narkotik vasitə olduğundan şübhələnib onlara yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxslərin üzərlərinə şəxsi axtarış aparılması məqsədilə 23-cü polis bölməsinə getmələri onlara təklif olunmuşdur. Həmin şəxslər etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində onların Təqsirləndirilən şəxs və X2 olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Bundan sonra 6 saylı vəkil bürosundan dəvət olunmuş vəkil şübhəli şəxsə təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 19 radələrində təhqiqatçı Elnur Əvəzliyə məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bağlamanı çıxarıb təqdim etmişdir. Təqdim olunan bağlamaya baxış zamanı içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin “kakos” kimi tanıdığı narkotik maddə olduğunu, narkotik maddəni 10 manat müqabilində Yasamal rayonunda tanımadığı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən qanunla qadağan edilmiş başqa əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şahid əlavə sualları cavablandırarkən qeyd etmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə saxlamamış, ümumiyyətlə onun evinə getməmişlər. Həmin şəxs hazırda vəfat etmiş X2 ilə birlikdə ünvan 6 ünvanının qarşısında tərəflərində saxlanılmışlar, saxlanıldığı vaxt və sonrakı tədbirlər zamanı tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, incidilməmiş, həmin şəxsin özü üzərində olan narkotik vasitəni təqdim etməklə əməlini etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis sahə inspektoru Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X2 və Təqsirləndirilən şəxs barələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 09 yanvar 2023-cü il və 10 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, 09 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı Elnur Əvəzli tərəfindən 23-cü PB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər varsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən içərisində heroin olan 01 ədəd sellofan bağlamanı təqdim etmişdir. Təqdim olunan bağlamaya baxış zamanı 01 ədəd selofan bağlama içərisində qəhvəyi rəngli, toz şəkilli maddə olan heroin aşkar olunmuşdur. Həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini 10 manat müqabilində Yasamal rayonunda tanımadığı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntüyə təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə 10 yanvar 2023-cü il tarixdə keçirilən baxış zamanı həmin halların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 26-27, 94) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2023-cü il tarixli 6/118 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N163” dairəvi möhür əksi olan, “...Təqsirləndirilən şəxs (imza)...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,975 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,975 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,925 qram qalıq qalmışdır. (i.v. 64-68) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 11 yanvar 2023-cü il tarixli 101 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 160-161) - 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işindən X2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi ayrılaraq icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini əldə etdiyi mənbəni müəyyən etmək üçün cinayət işindən material ayrılaraq Nizami RPİ-nin 23-cü PB-nə göndərilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş tədqiqatdan sonra təmiz çəkisi 0,925 qram olan narkotik vasitə olan heroin, içərisində şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş videogörüntülərin olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə heroinin qalığı saxlnaılması üçün Nizami RPİ-nin MSSK-na təhvil verilmiş, disk cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 183-192) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində özünü təqsirli bilməsə də və üzərində narkotik vasitənin aşkar olunmadığını iddia etsə də, onun irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, bu dəlillər toplanmış sübutlarla tam təkzib olunur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs məhkəmədə son sözündə törətdiyi cinayət əməlinə görə səmimi peşmançılığını bəyan etmiş və ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 14) - 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş, şəxsin Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 138-140) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 11 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 146-147) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 fevral 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 69.4-cü maddəsinə əsasən 500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 may 2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cərimə cəzası 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 iyun 2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən CM-nin 177.2.4-cü maddəsi hökmdən xaric edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş 06 ay 04 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, 15 aprel 2020-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (i.v. 176-180) -Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 may 2023-cü il tarixli 4(005)- 650/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi 04 may 2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutulmuş, 06 may 2023-cü il tarixdə həmin maddədə nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, müstəntiqin vəsatəti və onunla bağlı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokkurorun təqdimatı əsasında, həbsetmənin əvvəli 04 may 2023-cü il tarixdən hesablanmaqla, barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. O cümlədən məhkum edilmiş şəxsin qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddətinin əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablandığına dair Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinin tələbinə uyğun olaraq, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin 11 oktyabr 2019-cu il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra onun məhkumluğunun ödənilməsi müddəti həmin vaxtdan hesablanmışdır, belə olan halda hazırkı iş üzrə cinayət əməlini 09 yanvar 2023-cü il tarixdə törədərkən onun məhkumluğu ödənilmiş olmuşdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 09 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəlinin hansı tarixdən hesablanmalı olması məsələsinə hüquqi qiymət verərək, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi Bakı şəhəri Nərimanov RPİ-nin istintaq şöbəsinin icraatında olan cinayət işi ilə bağlı olmuşdur, ona görə təqsirləndirilən şəxsin digər cinayət işi üzrə 04 may 2023-cü il tarixdən həbsdə olduğu müddət, hazırda məhkəmənin icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə ona təyin olunacaq cəza müddətinə daxil ola bilməz, cəzaçəkmə müddətinin əvvəli cari hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri ilə bağlı məsələni həll edərək, qeyd edir ki, baxmayaraq ki, digər cinayət işi üzrə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir, həmin qətimkan tədbiri hökmlə təyin olunan cəzanın icrasını təmin etmir, ona görə hazırkı hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində həbs qətimkan tədbiri seçilməli və 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, əsaslar aradan qalxdığından isə məhkəməyədək icraat zamanı barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv edilməli, bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına təyin edilmiş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 30 iş saatı müddətinə bərabər tutulmaqla, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınaraq, müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdən 11 yanvar 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, hökmün icrasını təmin etmək məqsədi ilə onun barəsində həbs qətimkan tədbiri seçilsin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 0,925 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-228/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-228/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver