Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-229/2023 08.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi (arvadı) X1, müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olmuş, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Əzimzadə küçəsi ev 4/1, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, 08 fevral 2023-cü il tarixdə vəfat etmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 0,921 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, onun özünü şübhəli aparması ilə bağlı 09 yanvar 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü polis bölməsinə gətirilməklə üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 0,921 qram olan qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə vəfat etdiyindən, sağ ikən rəsmi nikahda olduğu arvadı X1 istəyi nəzərə alınmaqla, o, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış və işə onun iştirakı ilə baxılmışdır. Cinayət-prosessual qanunvericiliyinə görə, məhkəməyədək icraatda və ya məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş və ifadə vermiş təqsirləndirilən şəxs öldükdə, lakin onun qohumları icraata xitam verilməsinə etiraz etdiyinə görə məhkəmə baxışı davam etdirildikdə, təqsirləndirilən şəxsin ifadəsinin elan edilməsinə yol verilir. Həmin əsasla Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, 11 yanvar 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsi məhkəmə baxışında elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, camaat arasında “kakos” kimi tanınan narkotik vasitə olan heroindən istifadə edir. 09 yanvar 2023-cü il tarixdə günorta saatlarında Nəsimi rayonunda tanımadığı bir şəxsdən 10 manat müqabilində bir ədəd sellofan bükümdə heroin almışdır. Həmin gün günorta saatlarında heroindən az miqdarda istifadə etmişdir. 09 yanvar 2023-cü il tarixdə təxminən saat 18 radələrində tanışı X6 ilə ünvan 4 ünvanının qarşısında dayanmışlar. Onun və Samirin üzərində narkotk vasitə olan heroin olmuşdur. O, Samirin heroini haradan əldə etdiyini bilməmişdir. Hava soyuq olduğu üçün üzərlərində olan heroini istifadə etmək üçün isti bir yer axtarmışlar. Həmin vaxt mülki geyimdə olan Nizami rayon polis idarəsinin 23-cü polis bölməsinin əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş və ona narkotik vasitə istifadə etməkdə şübhəli olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 23-cü PB-nə getmişdir. Şöbənin inzibati binasının daxilində ona hüquq və vəzifələrini izah etmişlər və o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Az bir vaxtdan sonra o, dövlət hesabına müdafiəçi Meybula Məcidovlə təmin edilmişdir. Həmin vaxt polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən içərisində heroin olan 01 ədəd sellofan bağlamanı təqdim etmişdir. Bundan sonra təqdim edilən bağlamaya baxış keçirilmişdir. Baxış zamanı 1 ədəd selofan bağlama içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Ondan heroini haradan əldə etdiyini soruşduqda, o, həmin heroini 10 manat müqabilində Nəsimi rayonunda tanımadığı şəxsdən aldığını demişdir. Üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Həmçinin o, bildirmişdir ki, 09 yanvar 2023-cü il tarixdə Samir İbrahimovla təsadüfən görüşmüşlər. Onlar əvvəllər də bir neçə dəfə birgə narkotik vasitə istifadə etdikləri üçün bir az söhbət etdikdən sonra heroin istədiklərini bir-birilərinə demişlər. Həmin vaxt Samir İbrahimov üzərində heroin olduğunu ona demiş, o da Samirə üzərində heroin olduğunu demişdir. Onlar razılaşmışlar ki, hərə öz üzərində olan heroini istifadə etsin və bunun üçün yer axtardıqları zaman polis əməkdaşları onları saxlamışlar. Məhkəmə iclasında həmin ifadənin elan olunub tədqiq edilməsindən sonra, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi X4 elan olunmuş sözügedən ifadəyə dair hər hansı əlavə və vəsatətinin olmadığını, Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-cü maddələrinin tələblərinin ona izah edildiyini, aydın olduğunu, bəraətverici əsaslar olmadan Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsinə razı olduğunu, etirazı olmadığını göstərmiş, müdafiəçinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-cü maddələrinin tələblərinə uyğun olaraq, bəraətverici əsaslar olmadan, 08 fevral 2023-cü il tarixdə vəfat etmiş əri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü polis bölməsinin əməkdaşları Şahid1 və Şahid2 məhkəmə iclasında iştiraklarının təmin edilməsi mümkün olmadığından, onların həmin dövrdə verdikləri ifadələri elan olunaraq tədqiq edilmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, 09 yanvar 2023-cü il tarixdə saat 18 radələrində Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili Şahid2, sahə inspektoru Elgün Rəhimov, sahə inspektoru Bəxtiyar Məmmədli və o, Bakı şəhəri, ünvan 5 ünvanın qarşısında zahiri əlamətlərinə görə narkotik vasitə istifadəçilərinə bənzər iki nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxslərin narkotik vasitə istifadəçisi olduğunu nəzərə alaraq üzərlərində də narkotik vasitə olduğundan şübhələnib onlara yaxınlaşmış və özlərini təqdim etmişlər. Həmin şəxslərin üzərlərinə şəxsi axtarış aparılması məqsədilə Nizami RPİ-nin 23-cü PBnə getmələri onlara təklif olunmuşdur. Həmin şəxslər etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində olarkən həmin şəxslərin X6 və Təqsirləndirilən şəxs olduğunu öyrənmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Qısa müddət sonra Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra həmin gün saat 21 radələrində 23-cü PB-nin təhqiqatçısı X7 məxsus xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş və üzərinə şəxsi axtarış keçirilməsinə razılıq verərək vəkilin iştirakı olmadan şəxsi axtarışın keçirilməsi barədə ərizə yazmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən içərisində heroin olan 01 ədəd sellofan bağlamanı təqdim etmişdir. Bundan sonra təqdim olunan bağlamaya baxış keçirilmişdir. Baxış zaman 1 ədəd selofan bağlama içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olan heroin aşkar olunmuşdur. Aşkar edilmiş həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və təhqiqatçı tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs heroini haradan əldə etdiyini soruşduqda sonuncu həmin heroini 10 manat müqabilində Nəsimi rayonunda tanımadığı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, o və digər iştirakçılar həmin protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Şahid2 ifadəsi elan olunub tədqiq edilərkən onun digər Şahid1la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 10 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və X5 barələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 5) - 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 1-2)\ - 09 yanvar 2023-cü il və 10 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, 09 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı X9 tərəfindən Nizami RPİ-nin 23-cü PB-nin digər əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən içərisində heroin olan 01 ədəd sellofan bağlamanı təqdim etmişdir. Təqdim olunan bağlamaya baxış keçirilmiş, həmin 01 ədəd selofan bağlamanın içərisində qəhvəyi rəngli, tozşəkilli maddə olan heroin aşkar olunmuşdur. Həmin maddə 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Təqsirləndirilən şəxs heroini haradan əldə etdiyini soruşulduqda, o, həmin heroini 10 manat müqabilində Nəsimi rayonunda tanımadığı şəxsdən aldığını demişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də, onun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılmış, protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunmuş, Təqsirləndirilən şəxs və polis əməkdaşları həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərə 10 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakları ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunan məlumatların həmin görüntülərlə öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 56-57, 66) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 10 yanvar 2023-cü il tarixli 6/119 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N163” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş..” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,921 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,921 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,871 qram qalıq qalmışdır. (i.v. 72-76) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 11 yanvar 2023-cü il tarixli 100 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 158- 159) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 25 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Qarnizonları Hərbi Məhkəməsinin 01 fevral 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 42-1-ci maddəsinə əsasən hökmün icrası 01 il müddətinə təxirə salınmışdır. (i.v. 174-175) - 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, əməlində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1-ci maddələrinin tərkib əlaməti olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, onun narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək üçün ayrıca material ayrılaraq Nizami RPİ-nin 23-cü PB-nə göndərilmiş, ondan aşkar edilərək götürülmüş tədqiqatdan sonra təmiz çəkisi 0,871 qram olan narkotik vasitə heroin maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 183-192) - 09 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həmin tarixdə tutulmuşdur. (i.v. 47) - 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuşdur. (i.v. 137-139) - 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs müvəqqəti tutulmadan azad edilmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v. 143-144) - 1 saylı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən 06 oktyabr 2017-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 232886 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 nikahları 06 oktyabr 2017-ci il tarixdə qeyd edilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 oktyabr 2017-ci il tarixdə 2870 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Mirbağırova soyadı verilmişdir. -Bakı şəhəri Nizami rayon prokurorluğunun 22 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə ünvan 6 ünvanında ölməsi faktında cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli 2(007)- 1219/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, xx xxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilmişdir. -Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 07 iyul 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 299050 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə məhkəmə qətnaməsi əsasında ölüm haqqında akt qeydləri kitabında 05 iyul 2023-cü il tarixdə 505 nömrə ilə qeyd edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, dövlət ittihamçısını, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisini və müdafiəçini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin yuxarıda qeyd edildiyi kimi, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə vəfat etdiyindən, sağ ikən rəsmi nikahda olduğu arvadı X1 istəyi nəzərə alınmaqla, o, ölmüş təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmış və işə onun iştirakı ilə baxılmışdır. X4 məhkəmə baxışı zamanı müdafiəçinin iştirakı ilə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəməyə verilmiş, 08 fevral 2023-cü il tarixdə vəfat etmiş mərhum əri Təqsirləndirilən şəxs ölümü məhkəmə qətnaməsi əsasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsində qeydiyyata alınmış və buna dair ölüm haqqında şəhadətnamə verilmişdir. O, ölmüş Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınaraq işə buraxılmışdır, Azərbaycan Respublikası CPM-nin 106-1-ci maddəsinin tələbləri, eləcə də digər hüquq və vəzifələri ona izah edilmişdir, aydındır. Bundan başqa, CPM-nin 39.1.5 və 43.3-cü maddələrinin tələbləri də ona aydındır, bəraətverici əsaslar olmadan Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsinə razıdır, etirazı yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-cü maddələrinin tələblərinə uyğun olaraq, bəraətverici əsaslar olmadan, 08 fevral 2023-cü il tarixdə vəfat etmiş əri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 44-cü bəndində göstərilmişdir ki, CPM-in 391.3, 39.1.5 və 39.1.12-ci maddələrində qeyd edilən hallarda müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığı olduqda, məhkəmə CPM-in 43.3-cü və ya 43.3-1-ci maddələrinə müvafiq olaraq cinayət-prosessual qanunun müvafiq olaraq 39.1.3 və 39.1.12-ci maddələrində və ya 39.1.5-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə icraatı materialları məhkəmənin müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsinə razılığının olubolmaması məsələsini araşdırdığını əks etdirməli, o cümlədən razılığın verilməsi haqqında ərizə cinayət işinə əlavə edilməli, məhkəmə iclas protokolunda isə müvafiq qeyd aparılmalıdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, 08 fevral 2023-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, lakin hüquqi varisi X1 və müdafiəçisinin razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən onun barəsindəki cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, təqsirləndirilən şəxs öldüyündən, onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hazırlıq iclası zamanı ləğv edilmişdir; iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatlarına sərf edildikdən sonra qalmış narkotik vasitə məhv olunmalı, maddi sübut olan bir ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; təqsirləndirilən şəxs öldüyündən məhkəmə məsrəfi olan ekspertiza xərci dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına təyin edilmiş müdafiəçinin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 20 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla, əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: 08 fevral 2023-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, hüquqi varisi X1 müdafiəçi ilə birlikdə razılığı nəzərə alınaraq, Azərbaycan Respublikası CPM-nin 39.1.5 və 43.3-1-ci maddələrinə əsasən onun barəsindəki cinayət işi üzrə icraata xitam verilsin. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi nəzərə alınsın. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,871 qram narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 80 manat ekspertiza xərci dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini həyata keçirmək üçün dövlət hesabına təyin edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-229/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-229/2023
08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver