Məhkəmə qərarları › İş №1(007)-23/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-23/2023

17.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-23/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 qızının, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1965-ci il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəlilabad rayonunun Privoloye kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi ev 3, mənzil 17-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə edərək aldatma yolu ilə, özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 həyətyanı torpaq sahəsini sənədləşdirmək istədiyini öyrənib sonuncuya özünü hüquqşünas kimi təqdim edərək guya əlaqələrindən istifadə edərək həyətyanı torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 08 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 71 ünvanda yerləşən “Heydər Əliyev” adına parkdakı “Dostlar” kafesində 1500 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 adına Azərbaycan Respublikası Sosial Sığorta Fondunda 30000 manat sığorta pulunun olmasını və sonuncunun həmin pulu götürmək istəməsini öyrənib Zərərçəkmiş şəxs2 özünü hüquqşünas kimi təqdim edərək guya əlaqələrindən istifadə edərək qeyd edilən məbləğdə pulu götürməsində köməklik göstərəcəyinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə bu adla 03 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 91 ünvanında yerləşən kafedə 300 manat, 12 aprel 2021-ci il tarixdə həmin ünvanda 1000 manat və 11 may 2021-ci il tarixdə həmin ünvanda 2000 manat, ümumilikdə 3300 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 maddi ziyan vuraraq dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ortaq dostu Arazın vasitəsi ilə tanımışdır. Əslən Masallı rayonundan olan Araz dənizdə işləyir, hər dəfə Bakı şəhərinə gəldikdə ona zəng edir və görüşüb çay içirlər. Bir dəfə 2021-ci ilin aprel ayında Arazla görüşdükdə Arazın yanında Zülfüqar da olmuşdur. Söhbət zamanı o, hüquqşünas olduğunu bildirmişdir. Bu zaman Zülfüqar ona bildirmişdir ki, uşağı xəstədir və uşağını müalicə etdirmək istəyir. Buna görə də pensiya fondunda pulu vardır, pulu götürmək istəyir. O da tanışının olduğunu, bu barədə tanışına deyəcəyini Zülfüqara bildirmişdir. Bir neçə gün Zülfüqar ona zəng etmiş və o, Zülfüqara bu barədə maraqlanıb deyəcəyini bildirmişdir. Onun həmin vaxt pula ehtiyacı olmuşdur. Buna görə Zülfüqarı aldadaraq işini həll edəcəyini demiş və sənədləşmə üçün pul lazım olduğunu bildirmişdir. Bundan sonra Zülfüqar sənədləşmə işlərinin həlli üçün ona 300 manat pul vermişdir ki, o, həmin sənədlərin hazırlanmasında Zülfüqara köməklik etsin. Bir neçə gün sonra, dəqiq xatırlamadığı tarixdə Zülfüqar Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km” bazarının qarşısında ona 2000 manat, bir neçə gün sonra isə əlavə 1000 manat pul vermişdir. Zülfüqardan ümumilikdə 3300 manat pul və işi ilə bağlı tələb olunan sənədlərin notariat qaydada təsdiq olunmuş surətlərini almış, həmin pulları şəxsi işləri üçün xərcləmişdir. O, sənədin 4 ay müddətində hazır olacağını Zülfüqara demişdir, belə deməkdə məqsədi isə, zaman qazanmaq və işlərini həll etdikdən sonra pulu Zülfüqara ödəmək istəyi olmuşdur. Zərərçəkmiş şəxs1 Zülfüqarın vasitəsilə tanımışdır. Zülfüqar onu Elçinlə tanış edərkən ailəvi dostu olmasını deyib, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində Elçingilə verilmiş pay torpağını özəlləşdirmək üçün kömək etməsini xahiş etmişdir. O, Elçinin torpaq məsələsinin də həll olunmasında kömək etməyin mümkün olmadığını özü əvvəlcədən bilmişdir. Lakin özünün pula ehtiyacı olmuşdur, buna görə Elçinə bildirmişdir ki, 1500 manat pul müqabilində torpaq sahəsini özəlləşdirməyə köməklik edəcək və sənədlərini almasına köməklik edəcəkdir. Elçin onun bu təklifi ilə razılaşmış və 08 aprel 2021-ci il tarixdə Elçin bu işin həlli üçün Bakı şəhəri, Nizami rayonunda yerləşən “8-ci km” bazarının qarşısında “Lotos” ticarət mərkəzinin yaxınlığında ona 1500 manat pulu və torpağa aid sənədlərin əsillərini vermişdir. Həmin pulları da o, heç kimə verməmiş və pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Elçinə də işin bir neçə ay davam edəcəyini bildirmiş, özlüyündə nəzərdə tutmuşdur ki, onların pulunu qaytarar. O, Zülfüqar və Elçinin ona inanmaları üçün Kamil adlı tanışının olduğunu, həmin şəxsin vasitəsi ilə işi həll etdiyini bildirmiş, hətta onların yanında Kamillə telefonla danışırmış kimi etmişdir ki, Zülfüqar və Elçin ona inansınlar, bu cür yolla onların etibarını qazanmışdır. Hazırda o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 vurduğu maddi ziyanı tam ödəmiş, onlardan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxslər onunla barışmışlar, ona qarşı heç bir tələb, şikayət və iddiaları yoxdur. Həmin halı və dövlət büdcəsinə müvafiq pul məbləğini ödədiyi üçün barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, onun 30 iyun 2010-cu il təvəllüdlü qızı Kəmalə zülal xəstəliyindən əziyyət çəkir. Kəmaləni müalicə etdirmək üçün Türkiyəyə aparmaq lazım olduğundan bu məqsədlə sosial sığorta fondunda onun adına yığılmış 30000 manat pulu nağdlaşdırmaq istəmişdir. Ancaq həmin pulu nağdlaşdırmaqdan ötrü müvafiq sənədlər yığmalı olmuşdur. Lakin həmin sənədləri necə və haradan almağı bilmədiyi üçün iş yoldaşı olan gəmi mexaniki Şahid3 ona demişdir ki, bir qadın tanışı var, hüquqşünasdır, ona hərtərəfli kömək edə bilər və həmin qadının ***-***-**-** mobil nömrəsini ona verib demişdir ki, özü zəng vurub danışsın, görüşüb söhbət etsinlər. Araz həmin qadına zəng vurub danışmış, demişdir ki, iş yoldaşı onunla görüşmək istəyir, ona köməklik etmək lazımdır. Sonra Araz telefonu ona vermişdir ki, özü həmin qadınla danışsın. Həmin qadın özünü ona hüquqşünas Təqsirləndirilən şəxs kimi təqdim etmiş, o, problemini Rənaya qısaca danışmış, Rəna ətraflı danışmaq üçün ona Bakı şəhəri, Nizami rayonu ərazisində “8-ci km” qəsəbəsində “Lotos” ticarət mərkəzinin yanında görüş təyin etmişdir. 03 aprel 2021-ci il tarixdə o, Rəna ilə “Lotos” ticarət mərkəzinin yanında görüşmüş və Rəna onu yaxınlıqda tanıdığı bir kafeyə aparmış, orada oturub danışmışlar. Rəna ona kömək edə biləcəcəyini demiş və onun şəxsiyyət vəsiqəsinin surətini, lazım olan sənədləri əldə etmək üçün 300 manat pul istəmişdir. O, Rəna ilə razılaşmış, elə orada Rənaya 300 manat pul və şəxsiyyət vəsiqəsinin surətini vermişdir. Rəna ona söz vermişdir ki, 3 ay ərzində, yəni həmin ilin iyul ayının 01-nə kimi lazım olan bütün sənədləri toplayıb ona verəcəkdir. Sonra da Rəna ona demişdir ki, təxminən 10 gündən sonra ona zəng edəcəkdir. Rəna sığorta pulunu nağd götürmək üçün sənədləri almaqdan ötrü tanıdığı şəxslərə 1000 manat verməli olduğunu və bu səbəbdən həmin məbləğdə pulu gətirməsini demişdir. O, razı olmuş və sağollaşıb ayrılmışlar. Təxminən 10 gün sonra, yəni aprel ayının 12-də Rəna ona zəng vurub demişdir ki, sığorta sənədləri hazırdır, pulu “Lotos” ticarət mərkəzinin yanına ona gətirsin, aparıb verim sənədləri də götürsün. O, həmin gün, təxminən saat 11 radələrində “Lotos” ticarət mərkəzinin yanına gedib Rəna ilə görüşmüşdür, Rəna bir daha ona demişdir ki, onun sığorta sənədləri hazırlanıb, gedib onları götürməlidir. O da Rənaya 1000 manat pul vermiş, bundan sonra Rəna getmişdir. Həmin gün təxminən saat 15:30 radələrində Rəna ona zəng vurub demişdir ki, sığorta sənədlərini götürmüşdür, indi ona etibarnamə verməlidir ki, işini sonadək görə bilsin. Bundan sonra, aprel ayının 18-də Rəna ona zəng vurub demişdir ki, görüşüb notariusa getsinlər, Rənaya etibarnamə versin. 20 aprel 2021ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən metronun “Neftçilər” stansiyasının yanında Rəna ilə görüşüb “Q.Qarayev” metrostansiyası tərəfə getmişlər, orada binaların arasında yerləşən bir notariat kontorunda o, Rənaya etibarnamə vermişdir. Həmçinin sənədlərin surətini, yəni özünün, hər iki uşağının, şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamələrinin, həyat yoldaşı Gülxanım Zülfüqarovanın şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin surətlərini notarial qaydada təsdiq edərək Rənaya təqdim etmişdir. Təxminən 10 maydan sonra Rəna ona zəng vurub demişdir ki, Bakı şəhər İqtisad Məhkəməsində işini düzəltmək üçün 2000 manat dövlət rüsumu ödəməlidir, ona görə həmin pulu gətirsin. O, Rənanın dedikləri ilə razılaşmışdır. 11 may 2022-ci il tarixdə Rəna ona zəng vurub demişdir ki, pulu “Lotos” ticarət mərkəzinin yanındakı çay içdiyi kafeyə gətirsin. O da həmin gün saat 11-də həmin kafeyə gedib Rəna ilə görüşmüş, 2000 manat pulu Rənaya vermişdir. Rəna demişdir ki, iyul ayının 01-nə kimi işi tam hazır olacaq, “Beynəlxalq Bank”ın nümayəndəsi məhkəməyə gələcək, orada hakim onun xeyrinə çıxardığı qərarı verəcək, “Beynəlxalq Bank”ın nümayəndəsi ona qəbz verəcək, sonra o, həmin sənədlərlə gedib “Beynəlxalq Bank”dan pulunu çıxaracaqdır. Əlavə olaraq Rəna demişdir ki, o, 10 günlüyə Türkiyəyə müalicəyə gedir, qayıdandan sonra onun işi ilə müntəzəm məşğul olacaqdır. 2021-ci il iyul ayının 01-də o, Rənaya zəng vurub demişdir ki, onu heç kim məhkəməyə çağırmadı, işi nə yerdədir. Rəna demişdir ki, onun işini tapşırdığı adamın oğlu şəhid olub, başı qarışıb, ona görə də onun işini sona çatdrmayıb. O, 40 gün gözləmişdir ki, şəhidin yası bitsin, sonra yenidən Rənaya zəng vurub demişdir ki, işini nə vaxt görəcəkdir. Rəna ona demişdir ki, onun işini tapşırdığı adam infarkt keçirib, vəziyyəti yaxşı deyil, ona bir ay da möhlət versin, həmin adam sağalsın, işə çıxan kimi onun işini düzəldəcəkdir, narahat olmasın. Bir ay sonra o, Rənaya zəng vurub onun adamının işə çıxıb-çıxmadığını soruşanda, Rəna demişdir ki, həmin adam ölüb, ona verdiyi pul da batıb, ancaq narahat olmasın, ondan aldığı 3300 manat pulu bir ay ərzində özü ona qaytaracaqdır. Bir ay keçdikdən sonra o, Rənaya zəng vurub pulunu istəmiş, Rəna yenə ondan 1-2 ay vaxt istəmişdir. 24 avqust 2021-ci il tarixdə Rəna onun adından İqtisad Məhkəməsinə ərizə yazdırmış və 10 gün ərzində pulu alacağını bildirmişdir. Bununla da Rəna ondan əlavə vaxt istəməklə aldadıb pulunu vermək istəməmişdir. O, telefonda Rəna ilə görüşmək istədiyini demiş, hər dəfə Rəna Türkiyədə müalicədə olduğunu demişdir. Nəhayət 2021-ci dekabr ayının 19-20-də o, Rənaya zəng vurub demişdir ki, pulunu qaytarmasa onun barəsində polisə şikayət verəcəkdir. Rəna ona telefonda yalvarmışdır ki, xəstə adamdır, şikayət verməsin, onu tutarlar, oğlunun təzə “Volkswagen” avtomobili var, qəza törədib, avtomobili əzilib, onu düzəltdirib satacaq, 2022-ci il yanvar ayının 30-na kimi pulunu verəcəklər. Həmin gün bir nəfər kişi ona zəng vurub özünü Rənanın oğlu Ramin kimi təqdim edib demişdir ki, anası xəstədir, onu narahat eləməsin, şikayət verməsin, maşınını satıb onun pulunu verəcəkdir. Lakin sonradan da Rəna və ya oğlu onun pulunu qaytarmamışlar. Buna görə Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Hazırda ona vurulmuş ümumilikdə 3300 manat maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir, ona görə təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsin ona vurduğu zərəri tam ödədiyini, ona görə ondan heç bir tələbi, iddiası və şikayəti olmadığını göstərmiş, onun iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin ərizəsi nəzərə alınaraq, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, özünü ona hüquqşünas kimi təqdim etmiş Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir münasibəti, düşmənçiliyi olmamışdır. Bakı şəhəri, Xəzər rayonu, Zirə kəndində keçmiş sovxoz ərazisində onun ailəsinə ayrılmış pay torpağı vardır. Həmin pay torpağını özəlləşdirmək istəmiş, bu məqsədlə 19 fevral 2021-ci il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə rəsmi müraciət etmişdir. Belə ki, torpaq sahəsi anası Dilşad Fərzəliyevanın adınadır, lakin oğlu olaraq sənədləşdirməsini özü etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən cavabda göstərilmişdir ki, qeyd etdiyi pay torpağı hələ də keçmiş sovxozun ərazisi sayılır, hələ ki, özəlləşdirilməsi mümkün deyildir. Buna görə o, həmin pay torpaq sahəsini özəlləşdirmək üçün qanuni yollar axtarmağa başlamışdır. Həmin ərəfədə atasının işlədiyi X6 Donanmasında iş yoldaşı Zərərçəkmiş şəxs2 atasına, hüquqşünas kimi tanıdığı və işgüzar əlaqəsi olan Təqsirləndirilən şəxs adlı qadının ***-***-**-** mobil telefon nömrəsini vermişdir. Atası həmin Rəna adlı qadınla telefonla danışmış, məsələni Rənaya ətraflı izah etmiş, hətta Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edib, mənfi cavab aldığını da Rənaya bildirmiş və bu işi qanunauyğun formada sənədləşdirib sözügedən pay torpaq sahəsinin özəlləşdirilməsində kömək edə biləcəyini soruşmuşdur. Rəna da atasına bu işdə kömək edə biləcəyini, 20 gün ərzində məsələni həll edəcəyinə söz vermiş və atasından 1500 manat pul istəmiş, atası da Rəna ilə razılaşmışdır. Həmin ərəfədə atası işdə olduğundan ona zəng edib Rənanın ***- ***-**-** mobil telefon nömrəsini verib demişdir ki, Rəna ilə danışsın, pay torpaq sahəsinin sənədlərini telefonla çəkib Rənaya göndərsin. O da Rənaya zəng vurub əlaqə saxlamış, pay torpaq sahəsinin sənədlərinin şəkilini, eləcə də Əmlak Komitəsinin verdiyi cavab məktubunun şəklini telefonla çəkib Rənaya göndərərək demişdir ki, sənədlərlə tanış olsun, sözügedən pay torpaq sahəsini özəlləşdirmə məsələsini həll edib-etməyəcəyini bildirsin. Həmin gün axşam Rəna ona zəng vurub demişdir ki, onların məsələsini həll etmək onun üçün çox asan bir işdir, ona görə də həmin torpağın sənədlərini və 1500 manat pulu sabah sənədlərlə birlikdə ona verməlidirlər. Ertəsi gün, yəni 08 aprel 2021-ci il tarixdə səhər saatlarında o, Rənaya zəng etmiş və Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Lotos” ticarət mərkəzinin yanında saat 10-da görüş təyin etmişdir. O, həmin yerə gedib Rəna ilə görüşmüş, Rəna onu yaxınlıqda yerləşən özünün tanıdığı bir kafeyə dəvət etmişdir. Həmin kafenin adı ya “Dostluq”, ya da “Görüş”dür. Orada Rəna ilə oturub çay içmiş və söhbət etmişlər, o, torpağın sənədlərini Rənaya göstərmiş, Rəna sənədlərə baxmış və demişdir ki, pulu da ehtiyatla sənədlərin arasına qoysun, kənardan görən olmasın və sənədlər kisəsini masanın üstünə qoysun. O da Rənanın dediyi kimi 1500 manat pulu həmin sənədlər olan torbaya qoymuş, torbanı da masanın üstünə qoymuşdur. Rəna demişdir ki, narahat olmasınlar, uzağı 20 gün və ya 1 aya kimi sənədlərini tam hazırlayıb verəcəkdir. Bundan sonra sağollaşıb ayrılmışlar. Həmin gündən 20 gün sonra o, Rənaya zəng vurub sənədləri düzəldib- düzəltmədiyini soruşanda, Rəna ona demişdir ki, indi pandemiya dövrü olduğundan müəssisələrdə, dövlət qurumlarında işçilərin bir hissəsi işə gəlmirlər, bu ümumi bir bəladır, onların da sənədlərini hazırlayan adam işə çıxmır, ona görə işin həlli məsələsi uzanır, məcburdurlar ki, bir qədər gözləsinlər, həmin adam işə çıxsın, məsələni həll etsin. Təxminən 10 gün sonra o, yenə Rənaya zəng vurub işin nə yerdə olduğunu soruşmuş, Rəna ona demişdir ki, onların sənədlərini düzəldən adamın oğlu şəhid olmuşdur, hazırda onun ailəsində hüzürdür, ona görə hələ də işə çıxmır, gözləməli olacaqlar. Xeyli vaxt sonra o, təkrar Rənaya zəng etmiş, Rəna ona demişdir ki, sənədləri düzəldən adam işə çıxıb, ancaq onların bir sənədləri çatmır, yəni anasının pasportunun notariat qaydasında təsdiq olunmuş surətini ona verməlidir. Ertəsi gün o, anasının pasportunun təsdiq olunmuş surətini aparıb əvvəl görüşdükləri kafedə Rənaya vermişdir. Rəna da onu tam əmin etmişdir ki, az vaxtda sənədləri hazır olacaq, heç narahat olmasınlar. O da Rənaya inanmışdır. Sonrakı vaxtlarda, 2021-ci ilin noyabr ayına kimi Rəna ilə yalnız “whatsapp” vasitəsi ilə əlaqə saxlamış, hər dəfə Rəna müxtəlif bəhanələr gətirərək onu aldatmış, nə sənədləri düzəltməmiş, nə də 1500 manat pulunu qaytarmamışdır. Rənanın ***-***-**-** mobil nömrəsi həmişə bağlı olduğundan, o, Rəna ilə “whatsapp” vasitəsi ilə əlaqə saxlayıb danışmışdır. O, başa düşmüşdür ki, Rəna onu aldadır, buna görə 2021-ci ilin noyabr ayında Rəna ilə “whatsapp”la əlaqə saxlayıb verdiyi torpaq sənədlərini və 1500 manat pulunu qaytarmasını istəmişdir. Rəna demişdir ki, narahat olmasın, sənədləri hazır olacaq, ancaq Türkiyədə olduğundan verdiyi sənədlərin əslini həmin işi düzəldən adamın oğlu 2021-ci il noyabr ayının 22-də saat 19-da gətirib “8ci km” bazarının arxasında yerləşən “Nazlı” şadlıq sarayının qarşısında ona verəcəkdir. O, həmin vaxt “Nazlı” şadlıq sarayının qarşısına getmiş, Rəna ona zəng vurub demişdir ki, sənədi gətirən adam onu gözləyə bilməyəcək, təcili xəstəxanaya atasının yanına getməlidir, sənədləri sarayın mühafizə köşkünə qoyacaq, oradan götürər. O, həmin mühafizə köşkünə qoyulmuş sənədləri mühafizəçidən almışdır. Anasının pasportunun surəti sənədlərin arasında olmamışdır. O, Rənaya zəng vurub demişdir ki, bu nə işdir başların açmışdır, ayıb deyilmi, Rəna demişdir ki, heç narahat olmasınlar, sənədləri 10-15 günə hazır olacaq, əgər olmasa pullarını qaytaracaqdır. Lakin Təqsirləndirilən şəxs nə ona söz verdiyi sənədləri, nə də pulunu müxtəlif bəhanələr gətirməklə qaytarmamışdır. Sonuncu dəfə təxminən 20 yanvar 2022-ci il tarixdə Rəna ilə danışanda Rəna ona demişdir ki, yanvar ayının 30-na kimi onun da, Zülfüqarın da pulunu qaytaracaqdır. O da Rənaya demişdir ki, əgər yanvarın 30-na kimi pulu qaytarmasa polisə şikayət verəcəkdir. Rəna çox xahiş etmişdir ki, şikayət etməsin, pulunu qaytaracaqdır. Lakin Rəna pulunu qaytarmadığına görə onun barəsində şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 zərərçəkmiş şəxs (oğlu) Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun iş yoldaşıdır, birlikdə “Socar”da işləyirlər. O, işdən çıxıb avtomobili ilə Astaraya gedən zaman bəzən yoldan sərnişin götürərək benzin pulunu çıxardır. 2019-cu ildə yol gedən zaman iki nəfər qadını avtomobilinə götürmüşdür. Həmin şəxslərdən biri, sonradan tanıdığı Təqsirləndirilən şəxs, digəri isə Rənanın gəlini olmuşdur. Həmin şəxslər Astaraya getməli olmuşlar. O, Rənagili aparmış və yolda söhbət əsnasında Rəna özünü ona əlaqələrinin geniş olan, ətrafında çoxlu vəzifəli şəxslər olan şəxs kimi təqdim etmiş və bildirmişdir ki, istənilən məsələləri həll edə bilər. Rəna ona özünün mobil nömrəsini, ***-***-**-** vermiş və bildirmişdir ki, hər hansı mövzu ilə bağlı nəsə köməyə ehtiyacı olarsa ona kömək edəcəkdir. Bir gün o, işdə olan zaman Zülfüqar ona bir problemini danışmış və bildirmişdir ki, qızı xəsdədir və siğorta ilə bağlı olan məsələlərini həll etmək istəyir. Onun Zülfiqara yazığı gəlmiş, kömək etmək istəmiş və bildirmişdir ki, belə bir tanışı var, adı Rənadır, onun deməsinə görə geniş əlaqələri vardır, bəlkə o, nəsə kömək edə bilər. O, Rənanın nömrəsini Zülfüqara demiş, Zülfiqar özü Rəna ilə danışmışdır. Rəna bildirmişdir ki, işində kömək edəcəkdir. Lakin sonradan Zülfüqar ona yaxınlaşıb bildirmişdir ki, Rəna onu aldatmış, pulunu ələ keçirmişdir. Buna görə Rənaya zəng etmiş və pulu qaytarmasını demişdir. Telefonda mübahisələri olmuş, sonradan Rəna ona “bloka” salmışdır. Zülfüqar ona demişdir ki, Rəna Elçin adlı başqa bir şəxsi də aldatmışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 Zamin oğlunun iştirakının təmin edilməsi mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahid sözügedən ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır. Anası ona bildirmişdir ki, Zülüqar adlı şəxsin uşağının sığorta sənədini düzəldəcəyi adı ilə 3500 manat pul almışdır. Hazırda isə həmin şəxs şikayət etmək istəyir. Buna görə anası Zülfüqarın nömrəsini ona vermiş, o da bununla bağlı Zülfüqarla danışaraq anası üçün möhlət istəmişdir. Anasının pulu nə etməsi barədə heç bir məlumatı olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 29 mart 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Rspublikası CM-nin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 23 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs1 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 1500 manat pulu Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti, 71 ünvanında, Heydər Əliyev adına parkda yerləşən “Dostlar” kafesində almışdır. (i.v. 9-11) - 23 fevral 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən Zərərçəkmiş şəxs2 və hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 3300 manat pulu Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti, 91 ünvanında almışdır. (i.v. 16) - 31 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 106-107) - 19 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, barəsində Azərbaycan Respublikası CM-nin 32.4, 310, 311, 312 və 178.2.3cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barələrində Azərbaycan Respublikası CM-nin 29,312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs səs yazıları olan 01 ədəd disk maddi sübut kimi tanınmışdır. (i.v. 151-160) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 aprel 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 fevral 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4 və 310-cu maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən 5000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş; Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 sentyabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.5-ci maddəsinə əsasən 08 il müddətinə azadlıqdan məhrum etmə və 5000 manat cərimə cəzalarına məhkum edilmiş, cəzaların müstəqil icra olunması qərara alınmış; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən ona 08 il müddətinə azadlıqdan məhrum etmə və 1700 manat cərimə cəzaları təyin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilindiyi əməl CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, azadlıqdan məhrum etmə cəzasının müddəti 04 il 09 aya endirilib cəzasını çəkmiş hesab olunaraq azad edilmiş, Masallı Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli qərarı ilə cərimə cəzasının ödənilməmiş qalan hissəsi 240 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, 23 avqust 2019-cü il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v. 80-82, 136-149) -Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdikləri ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara vurduğu maddi ziyanı tam ödəmişdir, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanı tam ödəyərək onlarla barışdığını, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini göstərmiş, bu əsasla cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ayrılıqda təqdim etdikləri ərizələrində Təqsirləndirilən şəxs onlara vurduğu ziyanı tam ödədiyini və onunla barışdıqlarını göstərmişlər. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin “Q.Qarayev” filialında 16 mart 2023-cü il tarixdə “X2”nin hesabı vasitəsi ilə cinayət nəticəsində vurulmuş ümumilikdə 4800 manat məbləğində maddi ziyanın iyirmi beş faizi miqdarında - 1200 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 11 iyun 2015-ci il tarixli Qərarının 40-cı bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 73- 1.1-ci maddəsinə əsasən CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir. Cinayət Məcəlləsinin 73-1.2 və 73-1.3-cü maddələrində göstərilən hallarda isə, yəni Cinayət Məcəlləsinin 178.2 və 178.3-cü maddələri ilə nəzərdə tutulmuş şəxslərə münasibətdə zərərçəkmiş şəxslə barışığın əldə olunması və ona vurulmuş ziyanın ödənilməsi ilə yanaşı, dövlət büdcəsinə müvafiq olaraq ziyanın 25%-i və 50%-i miqdarında ödənişlərin edilməsi tələb olunur. Bu maddələrdə vurulmuş ziyan dedikdə, şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən dələduzluq cinayəti nəticəsində ələ keçirilmiş pulun miqdarı və yaxud ələ keçirilmiş əmlakın dəyəri və müvafiq olaraq onların 25 və yaxud 50 faizləri başa düşülür. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışaraq onlara vurduğu maddi ziyanı ödədiyini, o cümlədən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət qanununun tələbləri baxımından cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin “Qeyd”inin 1-ci hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs əvvəllər müvafiq məhkəmə hökmləri ilə təqsirli bilinərək məhkum olunsa da, o, CM-nin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir, ona görə onun hazırda həmin əsasla cinayət məsuliyyətindən azad olunmasına mane olacaq hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir; zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişlər, onlara vurduğu ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslə barışmışlar; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza iş üzrə keçirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 75 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam olaraq ödədiyi, zərərçəkmiş şəxslərlə barışdığı və cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 75 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 450 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar