Məhkəmə qərarları › İş №1(007)-23/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-23/2024

05.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-23/2024 05.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Abbasov Murtuzəli Aydın oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1989-cu ildə Rusiya Federasiyasının Leninqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaq məqsədi ilə 08 iyun 2023-cü il tarixdə saat 17 radələrində ünvan 2 ünvanda söhbətgahda Zərərçəkmiş şəxs ilə birlikdə əyləşib yemək yeyib spirtli içki qəbul edən zaman sərxoş vəziyyətdə qəflətən əli ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyəsindən qəsdən bir dəfə vuraraq sonuncuya qismən tənəffüs məhdudluğu və burun belinin əzilmiş yarası ilə müşayiət olunan burnun şişkinlik halında əzilməsi, sağ gicgah nahiyəsinin şişkinlik halında əzilməsindən ibarət, dərəcəsi təyin edilməyən xəsarətlər yetirib, həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə həmin vaxt Zərərçəkmiş şəxs masanın üzərinə qoyduğu 10 manat dəyərində ***-***-**-** GSM nömrəsi ilə işləyən 20 manat dəyərində **********99499 və **********99499 imei kodlu “Nokia” markalı mobil telefonu götürüb hadisə yerindən uzaqlaşmaqla açıq talayıb Zərərçəkmiş şəxs 30 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, evə gələn zaman Zərərçəkmiş şəxs ağaca söykənmiş vəziyyətdə, üzündə xəsarətlərin olduğunu görmüş, onunla görüşdükdən sonra, yemək və spirtli içki içmək qərarına gəlmişlər. Pullarını birləşdirib mağazadan yemək və spirtli içki almışlar. O, acqarına spirtli içki qəbul etdikdən sonra sərxoş olmuş, bu zaman aralarında mübahisə baş vermişdir. O, zərərçəkmiş şəxsi itələmiş, onun telefonunu masanın üzərindən götürüb oradan çıxıb getmişdir. Evə gələn zaman onun əlində olan telefonu görmüşlər və geri qaytarmasını bildirmişlər. Bundan sonra o, həmin yerə qayıdıb telefonu qaytarmaq istədikdə, polis əməkdaşları tərəfindən saxlanılmışdır.Törətdiyi əməldən çox peşmandır. Məhkəmədən ailəli olmasını, himayəsində azyaşlı uşaqlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı ifadə verərək bildirmişdir ki, heç bir yerdə işləmir. Ailəni anası dolandırır. O, “Təfəkkür Universitetinin" Nəqliyyat və Dəmir Yolu Tikintisi fakültəsinin məzunudur. Əvvəllər özəl mühafizə şirkətində mühafizəçi işləmişdir. Bir ildir ki, işsizdir. Mütəmadi olaraq spirtli içki qəbul edir. O, spirtli içkinin pulunu anasından alır. Ona görə də anası ilə aralarında daim söz-söhbət baş verir. 08 iyun 2023-cü il tarixdə saat 17 radələrində “Go” spirtli içkisi qəbul edə-edə piyada yaşadığı ünvan 3 ünvanı istiqamətində hərəkət edən zaman Nizami rayonu, C.ünvan 4lı poliklinikanın yaxınlığında təsadüfən əvvəllər tanımadığı arıq bədən quruluşlu, üzü seyrək tüklü bir nəfər şəxslə rastlaşmışdır. O, həmin şəxs ilə salamlaşmışdır. Həmin şəxs ağaca söykənikli vəziyyətdə dayanmışdır. O, həmin şəxsə nə baş verməsini bildirdikdə həmin şəxs ona halsız olduğunu və sərxoş olmasını bildirərək ac olmasını demişdir. O, da həmin şəxsə üzərində 8 manatı olduğunu əgər üstünü düzəldə bilərsə bir qədər kolbasa və çörək alıb bir yerdə oturub yemələrini təklif etmişdir. Həmin şəxs onunla razılaşmış və üzərində olan 2 manatını ona vermişdir. O, 2 manatıda götürüb üzərində olan 8 manata əlavə edib yaxınlıqda olan marketə birlikdə getmişlər. Marketdən 10 manat dəyərində kolbasa, siqaret, çörək, qazlı su və 2 manatlıq araq alıb birlikdə 26 saylı poliklinikanın arxasında yerləşən kölgəlikdə olan masanın ətrafında yanbayan əyləşmişlər. Həmin vaxt adını bildiyi Elnur ondan solda əyləşmişdir. Beləliklə onlar bir qədər spirtli içki içərək kolbasa çörək yemişlər. Elnur cibində olan “Nokia" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymuşdur. Yeyib içən zaman Elnur ondan sol biləyində dəmir materialından olan saatı ona bağışlamağını istədikdə o, Elnura nə səbəbə ona saat verməli olduğunu demiş lakin Elnur təkrar ona saatını verməsini tələb etmişdir. Bu vaxtı o, spirtli içki içdiyi üçün sərxoş olduğundan əsəbləşərək sol ovuc və bilək hissəsi ilə bir dəfə onun sifət və baş nahiyəsindən vurub masanın üzərindən Elnura məxsus “Nokia” markalı mobil telefonu götürüb qaçıb evə getmişdir. Həmin vaxtı evdə anası olmuşdur. Anasına baş verənləri danışdıqda anası ona səhv hərəkət etdiyini və təcili telefonu sahibinə qaytarmasını bildirmişdir. Bundan sonra o, evdən çıxaraq mobil telefonu Elnura aparmaq üçün həmin yerə getmişdir. Həmin yerə çatdıqda polis əməkdaşları onu görüb yaxınlaşmışlar, polislərə baş verənləri olduğu kimi danışaraq onlarla Nizami RPİ-nin 24-cü PŞ-nə getmişdir. Həmin vaxt masanın üzərində dəmir predmet olmamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, həmçinin notariat qaydada təsdiq olunmuş ərizə təqdim edərək təqsirləndirilən şəxsə qarşı şikayətinin və tələbinin olmadığını, onu bağışladığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmiş, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaq zamanı ifadə verərək bildirmişdir ki, 08 iyun 2023-cü il tarixdə saat 17 radələrində kirayə qaldığı evdən çıxıb ünvan 5 ünvana getməkdə məqsədi binaların yaxınlığında olan avtoyuyucuda işə düzəlmək idi. Piyada Nizami rayonu, ünvan 6 ünvanın yaxınlığında 26 saylı poliklinikanın yanında ağaca əlini söykəyərək dayandığı zaman təsadüfən qarşıdan dolu bədən quruluşlu, əynində qəhvəyi rəngli şalvar və göy rəngli köynək geyinən bir nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxs onunla gülə-gülə salamlaşaraq adının “Vüsal” olduğunu bildirmişdir. Onun əlində “Go” spirtli içkisi var idi. O, Vüsala kim olduğunu onu tanımadığını dedikdə ona “narahat olma indi tanış olarıq gəl içək" demişdir. O, da həmin şəxsə sən nə bilirsən mən içənəm dedikdə Vüsal bildirmişdir ki, “gəl binaların yanında kölgəlikdə masanın ətrafında əyləşək”. O, cibində 2 manat olduğunu, içməyə imkanının olmadığını bildirmişdir. Vüsal isə özündə 8 manat olduğunu və ondan da 2 manatı alıb 10 manata kolbasa, çörək və araq alaq gəlib burada oturub yeyib içməyi təklif etmişdir. O, da razılaşmışdır. Birlikdə yaxınlıqda yerləşən marketdən bir qədər kolbasa, çörək və araq alıb gəlib Nizami rayonu, C.Naxçıvanski küçəsi 45 ünvanında yerləşən 26 saylı poliklinikanın arxasında binanın həyətində kölgəlikdə masanın ətrafında əyləşmişlər. Aldıqları ərzaqları masanın üzərinə qoyaraq yeyib içməyə başlamışlar. Vüsal ondan sağda əyləşmişdir. Spirtli içki qəbul etmişlər, ikisi də sərxoş vəziyyətdə olmuşlar. Söhbət əsnasında üzərində olan “Nokia" markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Bu zaman ona zəng gəlmişdir. O, telefona cavab vermədikdə Vüsal ondan kimin zəng etməsini soruşmuşdur. O, isə moykadandı çörəyimizi yeyib gedərik demişdir. Bir az keçmiş heç bir səbəb olmadan qəflətən Vüsal sol əlinin üzəri ilə onun sifət və başının sağ tərəfindən vurub masanın üzərində ona məxsus “Nokia” markalı mobil telefonu götürüb qaçaraq getmişdir. O, isə ayağının ağrıması səbəbindən onun arxasınca qaçıb gedə bilməmişdir. Bundan sonra yaxınlıqda olan adamlara yaxınlaşıb baş verənlər haqqında danışaraq onlardan mobil telefonu alıb DİN-nin 102 zəng mərkəzinə hadisə haqqında məlumat vermişdir. Bir az keçmiş hadisə yerinə Nizami RPİ-nin əməkdaşları gəlmişlər. O, polis əməkdaşları ilə birlikdə sərxoşluq müayinəsinə getmiş və sonradan 24-cü PŞ-nə gəlmişdir. Polis Şöbəsində onu vuraraq mobil telefonunu götürüb qaçan şəxsi görən kimi tanıyaraq əsl adının “Vüsal" yox, Təqsirləndirilən şəxs olmasını bilmişdir. Məhkəmə baxışında müdafiəçinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X3 ifadəsində göstərmişdir ki, 102 xidmətindən daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılaraq hadisə yerinə yollanmışlar. Onun xidməti ərazisində yerləşən binaların həyətində olan söhbətgahda adı sonradan ona məlum olan Elnurun üz-gözünün qan içində olduğunu görmüşlər. Nə baş verdiyini soruşan zaman, Elnur bir nəfər tanımadığı şəxsin ona yaxınlaşaraq üzərlərində olan pullarını birləşdirib spirtli içki və yemək alaraq yeyib içməklərini təklif etdiyini, spirtli içki qəbul etdikdən sonra onu vurub, telefonunu götürüb hadisə yerindən qaçdığını bildirmişdir. Təxminən 15-20 dəqiqə sonra ona xidmətinə getməsi barədə göstəriş verilmiş və o, öz xidmətini yerinə yetirmək üçün oradan uzaqlaşmışdır. Məhkəmə baxışında müdafiəçinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sabiq əməliyyat müvəkkili (hazırda təhqiqatçı), polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yay aylarında şöbəyə daxil olan məlumat əsasında C.ünvan 7 ünvana yollanmışlar. Orada adı onlara sonradan məlum olan Elnur adlı şəxsin burnundan xəsarət aldığını və üzündə qan olduğunu görüb, hadisə barədə məlumat almışlar. O, adını Vüsal kimi bildiyi bir şəxs tərəfindən döyülərək mobil telefonunun oğurlandığını bildirmişdir. Bundan sonra ərazidə yerləşən marketin kameralarına baxış keçirilmiş və hər iki şəxsin mağazaya daxil olub alış-veriş etdiklərinin şahidi olmuşlar. Bundan sonra Vüsal adlı şəxsin qeyiminə və görkəminə görə axtarmağa başlamışlar. Xidməti əraziyə baxış keçirilən zaman həmin şəxsi müəyyən edib, ona yaxınlaşaraq hadisə barədə məlumat vermişlər. Həmin şəxs sərxoş olsa da, “Nokia” modelli mobil telefonu Elnurdan götürdüyünü və hal-hazırda ona apardığını bildirmişdir. Həmin şəxsin şəxsiyyətini müəyyən edərək Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Bundan sonra onu bölməyə təmin etmişlər. Məhkəmə baxışında müdafiəçinin vəsatəti əsasında dəvət olunaraq şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, hadisə təxminən günorta saatlarında Nizami rayonu ərazisində yerləşən yaşayış binalarının qarşısında olan söhbətgahda baş vermişdir. Belə ki, Orxan və Elnur adlı şəxslər söhbətgahda əyləşərək spirtli içki qəbul etmişlər, bundan sonra aralarında mübahisə baş vermiş və Orxan Elnura məxsus mobil telefonu götürərək oradan qaçmışdır. Bu məlumatı Elnur onlara verdikdən sonra onların tərəfindən ərazidə olan kameralara baxış keçirilmiş, görüntülər Whatsapp proqramında yaranmış qrupa atılmış, bundan sonra Orxan adlı şəxsi axtarmağa başlamışlar. Hadisə yerindən 3-4 yaşayış binasından aralıda Orxana bənzər şəxsi görüb ona yaxınlaşmış, həmin şəxs onu görən kimi həyəcanlanmış özünü təqdim etməsini bildirən zaman o, qaçmağa cəhd göstərmişdir, lakin 10-15 addım atan kimi onu dərhal saxlamış və şöbənin rəisinə bu barədə məlumat vermiş, sonra əməliyyatçı İlqara təhvil vermişdir. Orxan adlı şəxsi saxlayan zaman onun üzərində mobil telefonun olub-olmamasını xatırlamır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/18085 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:02-də müayinə olunan Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş olduğu müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 180.2.4-ci maddəsi ilə ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-267/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X6 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 539 saylı rəyin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar olunmuş – qismən tənəffüs məhdudluğu və burun belinin əzilmiş yarası ilə müşayiət olunan burnun şişkinlik halında əzilməsi; sağ gicgah nahiyəsinin şişkinlik halında əzilməsi – bərk küt əşyanın (əşyaların) ola bilsin ki, sol əl biləyində dəmir materialından olan saatla yetirilməsi nəticəsində alına bilərdilər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən vurulması nəticəsində alınmaları istisna olunmur, həm ümumilikdə, həmdə ki, ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Lokalizasiya və xüsusiyyətlərinə istinad edərək demək olar ki, qeyd olunan xəsarətlər müxtəlif şəraitlərdə alına bilərdilər, lakin özü yıxılma, eləcə də, özü-özünə yetirilməsi zamanı alınmaları inandırıcı deyildir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/4591 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş malların 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 14,00 manat müəyyən edilir. O, cümlədən: - 01 ədəd Hindistan istehsalı, “Nokia” markalı, “X1- 01” model, qara rəngli, 3597xx/xx/509948/1 və 3597xx/xx/509949/9 İMEİ kodlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksessuarlarının olmaması və yuxarıda qeyd edilən xüsusatları nəzərə almaqla – 10,00 manat, - 01 ədəd ***-***-**-** saylı GSM nömrə - 4,00 manat. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Hüquqi Şəxsi tərəfindən verilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1853 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. - təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü iki azyaşlı övladı vardır. - xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, bir ədəd Hindistan istehsalı olan “Nokia” markalı, “X1-01” model, qara rəngli 3597xx/xx/509948/1 və 3597xx/xx/509949/9 İMEİ kodlu mobil telefon aparatı və ***-***-**- ** saylı GSM nömrəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-cı maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər... 4. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-cı maddəsi ilə məsuliyyət daşımalıdır...

7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib əmlakını açıq talayaraq soyğunçuluq etməsi tədqiq edilmiş sübutlarla tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 180.2.4-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığı üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı; bir ədəd “Nokia” markalı, 3597xx/xx/509948/1 və 3597xx/xx/509949/9 İMEİ kodlu mobil telefon aparatı və ***-***-**-** saylı GSM nömrəsi sahibinə qaytarılmış hesab edilməli; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan bir ədəd “Nokia” markalı, 3597xx/xx/509948/1 və 3597xx/xx/509949/9 İMEİ kodlu mobil telefon aparatı və ***-***-**-** saylı GSM nömrəsi sahibinə qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar