Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-230/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi Əsədullayev İrfan İlyas oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxxxx 1976-cı ildə Cəlilabad rayonu, Prişib (hazırkı Göytəpə) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta-ixtisas təhsilli, məhkumluğu olmayan, İİ Qarabağ müharibəsi veteranı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az agır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanının qarşısında sərnişin qismində əyləşdiyi “Mersedes-Benz” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs ondan xidmət haqqı olan 02 (iki) manat məbləğində pulu ödəməsini tələb etməsinə etiraz edib, xidmət haqqı olaraq yalnız 01 (bir) manat ödəyəcəyini bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafda olan şəxslərin narahatçılığına səbəb olmaqla xuliqanlıq niyyəti ilə qəsdən yumruqla bir dəfə Zərərçəkmiş şəxs üz nahiyəsindən vuraraq yerə yıxmaqla sonuncuya ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid sol yanağın iri ölçülü şişkinlik halında əzilməsi və yanağın iç səthinin iri ölçülü qansızması ilə müşayiət olunan əng sümüyünün əng cibinin (maksilyar sinus) ön və bayır divarının az yerdəyişən sınıqları, burun belinin sıyrığı ilə müşayiət olunan burun sümüyünün xətti sınığı, sol gözaltı nahiyənin-hematoması, alın payında subaraxnoidan qanama (hemoragiya) sahələri ilə müşayiət olunan alnın ön səthi və sol bazunun yuxarı 1/3-nin ön səthinin sıyrıqlarından ibarət xəsarətlər yetirərək qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, İİ Qarabağ müharibəsində iştirak etmişdir və müharibə zamanı səhhətində, psixoloji problemlər yaranmışdır. Hal-hazırda səhhəti ilə əlaqədar 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə alır. xx.xx.2022-ci il tarixdə sübh tezdən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müayinədən keçmək üçün yaşadığı Cəlilabad rayonu, Göytəpə şəhərindən Bakı şəhərinə yola düşmüşdür. Həmin gün saat 8-9 radələrində o, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsinə çatmışdır. Müayinəyə tələsdiyi üçün dairədə dayanmış taksilərdən birinə əyləşmək qərarına gəlmişdir. Orada əvvəllər tanımadığı bir taksi sürücüsü şəhərə, metronun “Koroğlu” stansiyası istiqamətinə yola düşdüyünü, bir nəfər müştərisinin çatmadığını deyən zaman o, həmin sürücünün “Mersedes” markalı avtomobilinin arxa oturacağında əyləşmişdir. Taksidə ondan başqa arxa oturacaqda daha iki nəfər, ön oturacaqda isə bir nəfər sərnişin olmuşdur. Yolda sürücü Bakı şəhəri, Babək prospekti ilə hərəkət edib müştərilərdən birini “Maşın bazarı” deyilən yerdə, sonra isə oradan üzü metronun “Xalqlar Dostluğu” istiqamətinə hərəkət edərək Babək körpüsünün yanında da digər sərnişinləri də düşürmüşdür. Daha sonra sürücü, sonradan istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs avtomobili yol kənarında saxlayıb mühərrik yağı almağa getmiş və bir müddətdən sonra qayıtmışdır. Zərərçəkmiş şəxs avtomobili metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətinə sürən zaman o, sürücüyə tələsdiyini, metronun “Koroğlu” stansiyasına getdiyini, nə səbəbdən onu metronun “Xalqlar Dostluğu” stansiyasının yanına gətirdiyini soruşmuş və bildirmişdir ki, saat 10:00-da 1 saylı Respublika Psixiatriya Xəstəxanasında komissiyanın qəbulunda olmalıdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona kobud şəkildə “ala gözlə də, aparacağam da səni Koroğluya” dedikdə, o, sürücüyə xəstəxanaya gecikdiyini bir daha bildirmişdir. Sonra aralarında sözlə mübahisə başlamışdır. Babaş ona “nə demək istəyirsən?”, sonra isə ünvanına nəlayiq ifadələr işlədib avtomobili yolun kənarında saxlamışdır. Aralarında sözlə olan mübahisə davam etmişdir. Mübahisə zamanı Babaş sükan arxasından ona tərəfə dönüb yenidən ünvanına kobud ifadələr işlətmişdir. Babaş avtomobildən düşən zaman qapının saxlanc yerindən nə isə götürüb onu hədələyərək demişdir ki, “nə demək istəyirsən, düş aşağı”. O, avtomobildən düşüb səkinin üzərində dayanan zaman Babaş yenidən onun ünvanına nəlayiq ifadələr işlədərək üzərinə gəlib yaxasından tutmuşdur. O, həmin vaxt əsəbilərini cilovlaya bilməmiş və özündən asılı olmadan yumruqla bir dəfə Babaşın sinəsindən, sonra isə sifət nahiyəsindən vurmuşdur. Babaş zərbənin təsirindən arxası üstə yerə yıxılmışdır. Yol ilə gedən avtomobillərə görə yerdə olan Babaşın yaxasından yapışıb yol kənarına çəkmiş və oradan da piyada olaraq yoluna davam etmişdir. Bundan başqa, o, zərərçəkmiş şəxsi avtomaşının salonunda vurmamışdır. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməllərini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində idarə etdiyi özünə məxsus “Mersedes Benz 220” markalı, **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsində hər biri 2 manatdan 4 nəfər müştərini götürüb şəhərə yola düşmüşdür. Müştərilərdən birini Nizami rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” deyilən yerdə, ikisini isə bir qədər irəlidə metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında düşürmüşdür. Sonra avtomobildə arxa oturacaqda əyləşmiş sonuncu müştəri onu metronun “Koroğlu” stansiyası yaxınlığında düşürməsini deyib əlavə etmişdir ki, o, 2 manat deyil, 1 manat ödəyəcəkdir. O, sərnişinlə razılaşmamış və avtomobildə aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt o, avtomobili yol kənarında dayandırmış, avtomobildə mübahisə zamanı sərnişin, sonradan istintaq zamanı adını bildiyi Təqsirləndirilən şəxs arxadan onun baş nahiyəsindən 5 dəfə yumruqla vurub əynindəki köynəyinin yaxasından tutaraq dartmışdır. Həmin vaxt əynindəki köynəyi və alt paltarı cırılmışdır. O, avtomobildən düşmüş və Raqif də avtomobildən düşüb onun üzərinə gəlmişdir. Həmin vaxt o, Raqifdən onu vurmasının səbəbini soruşan zaman Raqif qəflətən iki dəfə, bir dəfə sinəsindən, ikinci dəfə isə sifət nahiyəsindən yumruqla vurmuşdur. Hadisə qəflətən baş verdiyi üçün sonradan baş verənləri xatırlamır. Xatırlayır ki, onu xəstəxanaya təcili yardım aparmışdır. Həmin gün günorta saatlarınadək xəstəxanada müalicə almış, müaynə zamanı müəyyən olunmuşdur ki, üz nahiyəsində birneçə yerdən sınıq xəsarətləri almışdır. Sonda Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsi etdiyi əmələ görə bağışlamadığı bildirdi və sonuncu barəsində qanunla müəyyən edilmiş qaydada ən yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan 26 avqust 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanının qarşısı, avtomobil yolunun kənarıdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində həmin yerdə taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs sərnişin ilə aralarından baş verən mübahisə zamanı sonuncu onu yumruqla vuraraq xəsarət yetirmişdir. Hadisə yerinə baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2022-cü il tarixli, 781 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sol yanağın iri ölçülü şişkinlik halında əzilməsi və yanağın iç səthinin iri ölçülü qansızması ilə müşayiət olunan əng sümüyünün əng cibinin (maksilyar sinus) ön və bayır divarının az yerdəyişən sınıqları; burun belinin sıyrığı ilə müşayiət olunan burun sümüyünün xətti sınığı; sol gözaltı nahiyəninhematoması; alın payında subaraxnoidan qanama (hemorragiya) sahələri ilə müşayiət olunan alnın ön səthi və sol bazunun yuxarı 1/3-nin ön səthinin sıyrıqları xəsarəti ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər olmuşdur. Lokalizasiya və xarakterlərinə əsasən demək olar ki, xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranmaları inandırıcı deyil. İş materiallarında olan 049018 saylı, xx.xx.2012-ci il tarixli vəsiqənin surətindən görünür ki, Zərərçəkmiş şəxs ikinci qrup əlildir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “video görüntüyə baxış keçirilməsi barədə” tərtib edilmiş protokoldan görünür ki, DİN-nin Təhlükəsiz Şəhər Xidmətinin TŞ 4- 027 nömrəli kamerasının xx.xx.2022-ci il tarixdə saat 11:05-dən 11:11-dək müddətdəki görüntülərinə baxış keçirilmişdir. Baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 11:05 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 53 ünvanının qarşısında, avtomobil yolunun kənarında gümüşü rəngli “Mersedez Benz C” markalı taksi axtomobilinin dayanması, 2 dəqiqədən sonra avtomobildən əynində göy rəngli köynək olan sürücünün düşüb avtomobilin qarşı tərəfinə yaxınlaşması, həmin vaxt avtomobilin arxa oturacağından da əynində qara rəngli köynək olan sərnişinin düşüb avtomobilin qarşı tərəfində, piyada səkisinin üzərində dayanması, sürücünün ona yaxınlaşıb sinəsindən itələməsi və həmin vaxt sərnişinin onun üzərinə gedib əvvəl yumruqla sinəsindən, sonra isə yumruqla baş nahiyəsindən vurması, nəticədə sürücünün arxası üstə yerə dəyib hərəkətsiz qalması, sərnişin əyilib sürücünün yaxasından yapışaraq yoldan kənara çəkməsi və sonra piyada səki ilə gedib hadisə yerindən uzaqlaşması, sonra ətrafdakıların yerdə hərəkətsiz qalmış sürücüyə yardım etmələri müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntüdə əynində qara köynək olan sərnişinin özünün olduğunu bildirmişdir. Qeyd edilən videogörüntünü olduğu 01 ədəd CD iş üzrə sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 3270 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional halında hirslilik yaranmışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü, Cəlilabad rayonu, Göytəpə şəhərində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə xəstəxanaya gündüz stasionar şöbəsinə ambulator müalicəyə qəbul olunub, xx.xx.2022-ci ildə xəstəxanadan evə yazılıb. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə müəyyən olunmuş cinayətlərin törədilməsində təqsiri tam sübuta yetirilir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N1 2004-cü il 23 mart tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 5-ci bəndində qeyd edilir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını və İİ Qarabağ müharibəsi veteranı olmasını məhkəmə iş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 05 noyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə, həmin Məcəllənin 69.4-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 2.000 manat cərimə cəzasına məhkum edilmiş, 25 yanvar 2015-ci ildə cəriməni tam ödəmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 17.1-ci maddəsinə əsasən həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərə görə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilməli və Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan 06 dekabr 2022-ci il tarixli tutma protokolundan, 07 dekabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərardan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2022-ci il və 09 mart 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 06 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 dekabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti 06 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı 06 dekabr 2022-ci il tarixdən 11 may 2023-cü il tarixədək 05 (beş) ay 05 (beş) gün tutulduğu və ev dustaqlığında saxlanıldığı müddətinin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər tutulmaqla, təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.2-ci maddəsinə əsasən qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Həmin Məcəllənin 175.3-cü maddəsinə əsasən məhkəmənin həbs, ev dustaqlığı və ya girov qismində seçdiyi qətimkan tədbiri yalnız məhkəmə tərəfindən dəyişdirilə və ya ləğv oluna bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edildiyinə görə, təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, zərərçəkmiş şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; iş üzrə məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 56 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 336 manat (6x56) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə, Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzalar təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 05 (beş) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 20 (iyirmi gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, Cəlilabad rayonunu tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Cəlilabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs 56 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 336 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-230/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-230/2023
11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver