Məhkəmə qərarları › İş №1(007)-231/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-231/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-231/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X12 Bəxtiyar oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X5 və onun müdafiəçisi X3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 iştirakı ilə, xx xxxx 1976-cı il tarixdə Lerik rayonunun Gürdəsər kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində azyaşlı uşaqları olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə, saat 20:00 radələrində arvadı Zərərçəkmiş şəxs1 ilə birgə yaşadığı ünvan 3 ünvanda yerləşən mənzildə sonuncunun boşanmaları ilə bağlı məhkəmədə baxılan mülki iş üzrə vəkilə ödədiyi pulu ondan tələb etməsi səbəbindən aralarında ailə-məişət münaqişəsi zəminində baş vermiş mübahisə zamanı qəsdən əli ilə Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyyələrinə vuraraq sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid burun belinin şişkinlik halında əzilməsi və əzilmiş yarası, sol gözaltı nahiyə və sol budun ön səthinin qançırları xəsarətlərini yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə 21:30 radələrində ünvan 4 ünvanın qarşısında qayınları Zərərçəkmiş şəxs2 və X2 bir qrup şəxs halında bacıları Zərərçəkmiş şəxs1 onun tərəfindən döyülüb bədən xəsarətləri yetirilməsi səbəbdən, Zərərçəkmiş şəxs2 əlində olan bıçaqla, Şahid1 isə yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurub ona xəsarət yetirmələri ilə əlaqədar əsəbləşib qisas almaq məqsədilə həmin vaxt təyinatı istintaqa məlum olmayan bıçağı Zərərçəkmiş şəxs2 əlindən alaraq qəsdən həmin bıçaqla sonuncunun bədən nahiyyələrinə vurub Zərərçəkmiş şəxs2 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol əlin arxa səthi, sol bazunun ön səthi, sağ budun ön səthi, sol budun arxa səthinin deşilmiş-kəsilmiş yaraları, sağ əlin birinci barmağının arxa-bayır səthi və döş qəfəsinin ön səthinin sol məməaltı nahiyəsinin səthi kəsilmiş yarası, sol bazunun ön-iç səthi və sağ bazunun ön səthinin qançırları, döş qəfəsinin sağ yarısının ön səthinin sıyrığı ilə müşayiət edilən xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə 13 ildir ailə həyatı qurmuş və bu evlilikdən iki oğlan və bir qız övladı vardır. Ailəli olduqları müddət ərzində bir neçə dəfə aralarında mübahisələr olmuşdur. Sonuncu dəfə Zeynəblə aralarında baş vermiş mübahisə ilə əlaqədar Zeynəb ondan boşanmaq üçün məhkəməyə müraciət etmiş və atası X11 məhkəmə işlərində Zeynəbin hüquqlarını müdafiə etmək məqsədilə vəkil xərcləri üçün 600 manat ödəniş etdiyini bildirmişdir. Bundan əlavə Zeynəbin böyük qardaşı Şükür onun qardaşı qızı Arzu ilə ailə həyatı qurmuş, daha sonra boşanmış və aliment ilə əlaqədar Şükürün təxminən 5000 manat aliment borcu yaranmışdır. Qaynatası Elşad ona həm aliment borcu ilə əlaqədar qardaşına aliment borcundan imtina etməyini deməyi, həm də vəkilə verdiyi 600 manatı ödəməyi üçün təzyiq etmişdir. O isə Elşada qardaşının işlərinə qarışmağına ona icazə vermədiyini, 600 manatı isə hal-hazırda verməyə pulu olmadığını, gələcəkdə yavaşyavaş ödəcəyini demişdir. Qaynatası Elşad dəfələrlə ona bu cür təzyiqlər edib və bu səbəbdən yoldaşı Zeynəblə aralarında mübahisələr yaranmışdır. Bu hadisələr olmamışdan əvvəl onun ailəsi ilə mübahisələri olmamışdır. Sonuncu dələ 21.02.2021-ci il tarixdə saat 17 radələrində işdən evə gəldikdə Zeynəbin atası Zeynəbə zəng edərək təkrar olaraq vəkilə verdiyi pulu istəmiş, daha sonra Elşad onunla danışmışdır. Zeynəbə atasının ondan pulu istəməməsini və alimentlə bağlı ona hər hansı söz deməməsini bildirmişdir. Bir neçə saat keçdikdən sonra saat 20 radələrində onların yenidən sözlə mübahisəsi yaranmışdır. Əsəbiləşib televizora yumruq vurmuş və bu zaman Zeynəb üzərinə gəldiyinə görə əli ilə Zeynəbin bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Daha sonra Zeynəb bu barədə atasına bildirmiş və bu zaman o evdən çıxıb qonşuluqda yaşayan dayısı oğlu Rakifin yaşadığı evə getmişdir. Rakifgildə bir müddət oturduqdan sonra Rakiflə hadisə barədə söhbət etmişdir. Saat təxminən 21:30-da Rakifin yaşadığı evə onun qayınatası Elşad, sonuncunun oğlu Vüsal və qaynanası Vilanaz gəlmişdir. Sonuncular həyətin qapısını döyməyə başlamış və o qapıya çıxmışdır. Bu zaman qaynatası Elşad, sonuncunun yoldaşı Vilanaz və balaca oğlu Vüsal orada olmuş və sonuncular onunla mübahisə etməyə başlamışlar. 15 dəqiqə sonra Elşadın böyük oğlu Abdulla da ora gəlmiş və onunla mübahisə etməyə başlamışdır. O, Abdullagilin yanına gələn zaman Vüsalın Nadirlə mübahisə etdiyini görmüş və Vüsala yaxınlaşan zaman Abdulla onun üzərinə gəlib onu döyməyə başlamışdır. Təxminən 1-2 dəqiqə ərzində Abdulla yumruqla onun baş, sifət və yanaq nahiyələrinə vurmuşdur. Bundan sonra Vüsal Abdullanı üzərindən itələmiş və onun yumruqla vurmuşdur. Həmin vaxt əlində bıçaq olmuş və həmin bıçaq onun alın nahiyəsinə dəyib kəsmişdir. Daha sonra Vüsalı ondan aralamışlar və o hadisə yerindən getmişdir. Məhəllənin digər tərəfinə gedib özünə gəlmiş və təxminən 3-5 dəqiqə sonra olduğu yerə Vüsal özünə məxsus “Vaz 2106" markalı avtomobil ilə gəlmiş və avtomobildən düşərək onun üzərinə hücum edib yumruqla sifət nahiyəsinə vurub yerə yıxmışdır. Sonuncu əlində bıçaqla onun üzərinə gəldiyindən bıçağı Vüsalın əlindən almış və sonuncunun onu vurmasından ehtiyat edərək ondan əl çəkməsi üçün Vüsalı bıçaqla vurmuşdur. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını əlaqəli şəkildə tədqiq edib, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyib, habelə dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 21.02.2021-ci il tarixdə saat 18 radələrində Şücaət içkili vəziyyətdə evə gəlmiş və ona iki yaşlı övladları Rəvanı geyindirməsini demişdir. Şücaətə içkili olduğunu, ayaq üstə güclə dayandığını və uşağı heç yerə aparmamağı demişdir. Saat 20 radələrində onların arasında mübahisə yaranmış və Şücaət yumruqla vuraraq televizoru sındırmışdır. Şücaiətin yaxınlıqda olan dayısı oğlu Rakifi çağırıb, Şücaətin içkili olduğunu və evdə mübahisə yaratdığını demişdir. Rakif onların evində olan zaman Şücaətlə aralarında mübahisələri davam etmişdir. Şücaət yumruqla onun burun nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin hadisə yaşadıqları evin mətbəxində baş vermiş və Rakif həmin hadisənin şahidi olmuşdur. Şücaət onu vurduqdan sonra Rakillə birlikdə çıxıb getmişdir. O dərhal DİN-nin 102 xidmətinə zəng edib bu barədə xəbər vermişdir. Bundan sonra, qardaşı Vüsala və atası Elşada zəng vurub hadisə barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Nadir və Rakif onun yaşadığı evə gəlmiş və nə baş verdiyini soruşmuşlar. O, da Şücaətin içkili halda evə gəlib dava saldığını və onu vurduğunu bildirmişdir. Sonuncular da ona heç bir söz deməyib çıxıb getmişlər. Daha sonra atası və polis əməkdaşları evə gəlmişlər. Polis əməkdaşları ondan ərizə və izahat almış və o, Şücaəti tapmaqlarını xahiş etmişdir. Bundan sonra polis əməkdaşları çıxıb getmişlər. Sonradan Vüsal və anası Vilənaz onlara gəlmişlər. O, atasına Şücaətin iş yerində olacağını güman etdiyini demiş və Şücaətin iş yerinə getmiş, lakin sonuncu orada olmamışdır. Bundan sonra yaşadığı evdə olan qardaşı Vüsal ona Şücaətin Rakifın evində olacağını demişdir. O, da evdən çıxıb Şücaətin dayısı oğlu Rakifın evinə getmişdir. Rakifın həyat yoldaşı qapının qarşısında qonşusu ilə söhbət eldiyi üçün onunla salamlaşıb Şücaətin onların evində olubolmamasını soruşmuş, sonuncu Şücaətin evində olduğunu demişdir. İçəri daxil olduqda orada Şücaəti, Rakifi və Nadiri görmüşdür. O, Şücaətdən evdən çıxmasını tələb etmiş, Şücaət, Nadir və Rakif evdən çıxmışlar. Şücaət, Nadir və Rakif əks tərəfə getmiş, o isə evə qayıtmışdır. Evə daxil olan zaman anasını görmüş və Vüsalı soruşmuşdur. Anası Vüsalın harasa getdiyini demişdir. Bundan sonra Şücaət Vüsalın hara getməsini soruşub evdən çıxıb getmişdir. Həmin vaxt Şücaət tək olmuş, bir neçə dəqiqə sonra o evdən çıxıb Rakifin evinin yaxınlığında çoxlu adam görmüşdür. Həmin vaxt digər qardaşı Abdullanın Şücaəti döydüyünü görmüşdür. Şücaət yerdə olmuş və Abdulla Şücaəti vurmuşdur. Bundan sonra Vüsal, Şücaətin qohumu Nadirlə mübahisə etməyə başlamış və Abdullanı Şücaətin üzərindən itələyərək özü də Şücaəti döyməyə başlamışdır. Bundan sonra Nadir və X18 ayırmağa nail olmuş və Şücaət hadisə yerindən çıxıb getmişdir. Bundan, təxminən 15-20 dədiqə sonra hadisə yerindən təxminən 50 metr məsafədə Vüsalın idarə etdiyi “Vaz 2106" markalı avtomobillə gəldiyini görmüşdür. Vüsal gələn zaman Şücaətin onu bıçaqla vurduğunu demiş və onlar Vüsalın əlində qan izlərinin olduğunu görmüşdür. Bundan sonra Vüsalı evə gətirmiş və təcili tibbi yardım gələnədək Vüsala ilkin tibi yardım göstərmişdir. Sonradan hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım əməkdaşları gəlmişdir. Şücaətlə aralarında olan hadisə 21.02.2021-ci il tarixdə saat 20:00 radəərində yaşadıqları ünvan 5 ünvanında, atası Elşad və qardaşları Şükür və Vüsal ilə Şücaət arasında olan mübahisə isə həmin tarixdə saat 21:30 radələrində ünvan 6 ünvanın qarşısında küçədə baş vermişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 21.02.2021-ci il tarixdə saat 21 radələrində bacısı Zeynəb ona zəng edib əri Şücaətin onu döydüyünü demişdir. Həmin vaxt Ramana qəsəbəsində yerləşən evində olmuş və anasını işdən götürməyə getməyə hazırlaşmışdır. Bacısı ona zəng etdikdən sonra anasını işdən götürərək bacısının yaşadığı Keşlə qəsəbəsinə getmişdir. Onlar bacısının evinə getdikdə orada bacısının burnundan xəsarət aldığını və evdə olan televizorun sındırıldığını görmüşlər. Həmin vaxt atası Elşad orada olmuş və 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmiş və bacısının izahatı alınmışdır. Bundan sonra polis əməkdaşları və atası getmişlər. Şücaət həmin vaxt qohumu Rakifın evində olmuşdur. Həmin vaxt həyətdə olan zaman tanımadığı qonşu ilə mübahisə etmiş və qardaşı Abdulla onu sakitləşdirməyə çalışmışdır. Bacısı Zeynəb də Şücaətin olduğu yerə gedib Şücaəti evə çağırmışdır. Onun həmin vaxtı Nadirlə və digər şəxslərlə çöldə mübahisəsi baş vermişdir. Şücaət gələn zaman orada dava baş vermiş və qardaşı Abdulla Şücaətlə dalaşmağa başlamışdır. Həmin vaxt Nadir qardaşı Abdullanı vurduğuna görə mübahisə etmiş və üzərində olan bıçaqla onu qorxutmuşdur. Həmin vaxt onu Nadir Şücaətin üzərinə getməyə qoymamışdır. Bundan sonra, qardaşı Abdullanı Şücaətin üzərindən itələyərək özü Şücaətin üzərinə getmiş və sonuncunu bir dəfə vurmuşdur. Bu, zaman ətrafda olan şəxslər onu Şücaətdən ayırmış, Nadir, Zeynəb və Rakif onun əlindən bıçağı almış və Nadir bıçağı götürmüşdür. Bu zaman Şücaət hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Yenidən Şücaətlə söhbət etmək üçün Şücaəti axtarmağa başlamış və özünə məxsus “Vaz 2106” markalı avtomaşına əyləşmiş, Rakif, Nadir və Abdulla ilə Şücaəti məhəllədə axtarmağa başlamışlar. Şücaəti küçənin baş tərəfində görmüş və avtomaşını saxlayaraq əsəbləşdiyi üçün avtomaşından düşüb Şücaətin üzərinə cummuş və Şücaəti yerə yıxmışdır. Həmin vaxt qardaşı Abdulla maşından düşərək qışqırdığı üçün anasının yanına getmiş və Nadir onu Şücaətdən ayırmağa başlamışdır. Onlar Şücaətlə yerə yıxıldıqda Şücaət cibindən bıçaq çıxararaq ona xəsarət yetirmişdir. Şücaət ona xəsarət yetirdikdən sonra hadisə yerinə polis əməkdaşları və TTYS-nin əməkdaşları gəlmiş və onu xəstəxanaya aparmışlar. Onun üzərində hadisə yerində bıçaq olmuş, lakin bıçaqla heç kimə xəsarət yetirməmiş, yalnız qorxutmuşdur. Nadirlə mübahisə etmiş, lakin Nadiri vurmaq niyyəti olmamış, lakin əsəbi olduğu üçün və Nadir onu ayırmağa çalışdığı üçün ondan əl çəkməsi üçün Nadiri əlindəki bıçaqla qorxutmuş və ola bilsin ki, həmin vaxt bıçaq və ya onun əli Nadirə dəymiş, Şücaəti isə bıçaqla vurmamışdır. Üzərində gəzdirdiyi bıçağı hadisədən əvvəl Keşlə qəsəbəsində yerdən tapmış, hadisə zamanı orada qardaşı Abdulla, Şücaət, Nadir, Rakif, bacısı Zeynəb, tanımadığı qonşular və anası olmuşdur. Şücaəti yumruqla vurduqdan sonra Şücaət yerə yıxılmış, Şücaətin üzərinə hücum etdikdə sonuncu onu bıçaqla vurmuş və həmin vaxt yanlarında Nadir olmuşdur. Yumruqla Şücaətin alnından vurmuş, ikinci dəfə küçənin baş tərəfində avtomaşından düşəndə yenə də Sücaətin baş nahiyəsindən vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21.02.2021-ci il tarixdə saat təxminən 21 radələrində, Buzovna qəsəbəsində öz işləri ilə məşğul olan zaman qardaşı Vüsal ona zəng edib bacısı Zeynəbin əri Şücaət tərəfindən döyüldüyünü demişdir. Buzovna qəsəbəsindən taksi ilə bacısı Zeynəbin yaşadığı ünvana gəlmiş və bir çox insanın qapının qarşısında yığışdığını görmüşdür. X19 mübahisə ediklərini görüb, Vüsalı Rakifdən ayırmışdır. Bu zaman hadisə yerinə Şücaət gəlmiş və o sonuncunu döyməyə başlamışdır. Şücaəti yerdə vurmağa davam etmiş və kənara çəkilmələrini demişdir. Bir neçə saniyə sonra Vüsal onu Şücaətdən əl çəkməsi üçün itələmişdir. Şücaətdən əl çəkdikdə Vüsal Şücaəti yerdə vurmağa başlamışdır. X13 Rakif ayırmış və Şücaiət çıxıb getmişdir. Bir neçə dəqiqə sonra Vüsala evə getmələrini demiş, həmin vaxt X20 idarə etdiyi "Vaz 2106“ markalı avtomaşına oturmuş, onlar kənara çəkilib birlikdə söhbət edib məsələni yoluna qoymaq qərarına gəlmişlər. Onlar yol gedərkən Vüsal Şücaəti görmüş və avtomaşını saxlayaraq düşüb Şücaətin üzərinə hücum etmişdir. Anası kənarda səs-küy saldığı üçün o anasının yanına getmişdir. Daha sonra Şücaətin Vüsalı bıçaqla vurub xəsarət yetirdiyini bilmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları gəlmişlər. Hadisə nəticəsində heç bir xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun bibisi oğlu, Şahid4 isə əmisi oğludur. Sonuncular onunla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs2 və Liftiyev X4 qayınlarıdır. 21.02.2021-ci il tarixdə saat 19 radələrində əmisi oğlu Rakif ona zəng edərək Şücaiətin evində mübahisə baş verdiyini demiş və o, Şücaətin yaşadığı evə gedərkən orada Şücaətin həyat yoldaşı Zeynəbi görmüşdür. Zeynəb ona Şücaət tərəfindən döyüldüyünü və sonuncunun içkili vəziyyətdə olduğunu demiş, Zeynəbin burun nahiyəsində xəsarət olduğunu görmüşdür. Bu zaman 23-cü PB-nin əməkdaşları hadisə yerinə gələrək Zeynəbdən ərizə və izahat almış, hadisə yerinə baxış keçirib getmişlər. Bundan sonra, Rakifın yaşadığı evə getmiş və Şücaəti axtarmağa başlamışdır. 20 dəqiqə sonra Şücaət Rakifın yaşadığı evə gəlmişdir. O və Rakif Şücaətə həyat yoldaşını vurması ilə bağlı iradlarını bildirmişlər. Təxminən 5-10 dəqiqə sonra Zeynəb həmin ünvana gəlmiş və Şücaəti nəyə görə gizlətdiklərini demişdir. X17 5-10 dəqiqə qabaq gəldiyini, Şücaəti gizlətmədiklərini demişlər. Zeynəb Şücaətlə sözlə mübahisə etmiş, o Zeynəbi sakitləşdirib özü Şücaətlə danışacağını demişdir. Bundan sonra Zeynəb getmiş və onun ardınca 2 dəqiqə sonra Şücaət Rakifın evini tərk edib getmişdir. O Şücaətin arxası ilə çölə çıxdıqda Şücaəti görməmiş, lakin küçədə Şücətin yaşadığı evin qarşısında Zeynəbin atası Elşadı görmüş və Elşadın da Şücəti axtardığını başa düşmüşdür. Oradan çıxıb yaşadığı evə getmiş və 15 dəqiqə sonra Rakif ona zəng etmiş və qapısında Şücaətin qohumlarının olduğunu deyib gəlməyini xahiş etmişdir. Dərhal yaşadığı evdən çıxaraq Rakiİin yaşadığı mənzilə doğru getmiş və orada Şücaətin qayını Vüsalın Rakiflə mübahisə etdiyini görüb sonuncuları aralamağa başlamışdır. Bundan sonra həmin yerə Zeynəb, anası Vilənaz gəlmişdir. İlk əvvəl Vüsal cibindən bıçaq çıxarıb Rakifi vurmaqla hədələmiş, lakin onlar Vüsalı sakitləşdirmişlər. Bir qədər sonra hadisə yerinə Vüsalın qardaşı Abdulla gəlmiş və bu zaman Vüsal onunla sözlə mübahisə etmişdir. Vüsal ona nəyə görə Şücaətin tərəfini saxladığını, Şücaətin Zeynəbi vurduğunu deyərək Şücaəti belə şeyləri etməyə öyrətdiyini demişdir. O, Vüsalın sözləri ilə razılaşmayaraq dediklərinin yalan olduğunu, əksinə Şücaəti danladığını və belə hərəkətlər etməməsi ilə bağlı iradlarını bildirdiyini demişdir. Anidən onların dayandıqları yerə Şücaət gəlmişdir. Həmin vaxt orada, yəni P.Fərzəliyev küçəsi 184Z ünvanın qarşısında Şücaətin qayınanası Vilənaz, həyat yoldaşı Zeynəb, qayını Abdulla və Vüsal, onun əmisi oğlu Rakif və 1-2 nəfər tanımadığı qonşular olmuşdur. Şücaət hadisə yerinə gələn zaman onun Vüsalla mübahisə etdiyini görüb onlara yaxınlaşmış və bu an Abdulla Şücaətlə dava etməyə başlayıb sonuncunu yerə yıxaraq təxminən 1 dəqiqə ərzində döymüşdür. Abdulla Şücaətin baş və sifət nahiyələrinə yumruqla vurmuşdur. Həmin vaxt Vüsalın da Şücaətin üzərinə getmək istədiyini gorüb Vüsalı dayandırmaq istəmişdir. Vüsal cibindən çıxardığı bıçaqla onun sol çiyin nahiyəsindən bir dəfə vurmuşdur. O, çiynindən xəsarət aldığını görüb arxaya çəkilmiş və Vüsal qardaşı Abdullanı itələyərək Şücaətin üzərinə düşüb bir iki dəfə yumruqla baş nahiyəsindən zərbə yetirib daha sonra bıçaqla Şücaətin alın nahiyəsindən vuran zaman onlar, yəni o, Zeynəb, Rakif və oğlu Elvin Vüsalın əlindən yapışaraq bıçağı almışlar. O, bıçağı cibinə qoyub özündə saxlamışdır ki, Vüsal yenidən həmin bıçaqla heç kimə xəsarət yetirməsin. Həmin vaxt Şücaət çıxıb getmiş, Vüsal da onlardan aralanmışdır. Ara sakitləşdikdən 5 dəqiqə sonra Abdulla ona yaxınlaşaraq Vüsalın Şücaəti bıçaqla vurduğunu deyib qan itirməyindən qorxduğunu və yıxılacağını güman edib getdiyi yeri bildiyi üçün Şücaətin yanına getməyi təklif etmişdir. Rakiflə razılaşıb Vüsalın idarə etdiyi "Vaz 2106*' markalı qırmızı rəngli avtomobilə əyləşmişlər. Vüsal Abdullanın göstərdiyi istiqamətdə avtomobili idarə etməyə başlamış, bir qədər məhəllədə avtomobillə gəzdikdən sonra Vüsal cəzaçəkmə müəssisəsinin yanında avtomobili saxlayıb, avtomobilin əl əyləcinin yanına qoyduğu bıçağı onun üzərinə çəkib nəyə görə Şücaətin tərəfini saxladığını demişdir. Vüsalı sakitləşdirib Şücaətin yanına getdiyini istədiyini ona dediyi üçün avtomobilinə əyləşdiyini demişdir. Bu zaman Vüsal sakitləşmiş və avtomobili idarə etməyə başlamışdır. Onlar məhəllənin digər tərəfinə gəlib çıxdıqda orada Vüsal Şücaəti görmüş və dərhal avtomobili saxlayaraq avtomobildən düşüb Şücaətin üzərinə hücum etmişdir. Həmin vaxt o arxa sol oturacaqda, Rakif arxa sağ, Abdulla isə qabaq sərnişin oturacağında oturmuşdur. Vüsal Şücaətə hücum edən zaman onlar avtomobili tərk etmiş, Abdulla anası səs-küy saldığı üçün qaçaraq getmişdir. Vüsal Şücaəti vurub yerə yıxaraq həmin yerdə olan ara dalana salmışdır. Həmin vaxt, Rakiflə birlikdə Vüsalla Şücaətin olduğu yerə yaxınlaşdıqda, Vüsal Şücaətin onu bıçaqla vurduğunu deyib həmin yerdən qaçmışdır. Vüsalın idarə etdiyi avtomobil yolun ortasında qalmışdır. Şücaət yerdən duraraq Vüsalın arxası ilə qaçmaq istədikdə, Şücaəti tutaraq imkan verməmişdir. Şücaət Vüsalın əlində olan bıçağı alaraq sonuncunu vurub xəsarət yetirdiyini demişdir. Bundan sonra hadisə yerinə polis və TTYS-nin əməkaşları gəlmiş və Vüsalı xəstəxanaya aparmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şücaət onun bibisi oğlu, Nadir isə əmisi oğludur. Sonuncular onunla qonşuluqda yaşayırlar. 21.02.2021-ci il tarixdə saat 19 radələrində Şücaətin evinin qarşısında olan zaman Şücaətin oğlu onun yaşadığı evə gələrək, Şücaətlə Zeynəbin mübahisə etdiklərini demiş və getməyini istəmişdir. Şücaətin evinə daxil olduqda orada Zeynəbi görmüş və nə baş verdiyini soruşquda Zeynəb ona Şücaətin içkili vəziyyətdə evə gəldiyini demişdir. Zeynəbə mübahisə etməmələrini tövsiyə edib evinə qayıtmışdır. Bir neçə dəqiqə sonra Zeynəb onun yaşadığı evə gəlib qapını döymüşdür. Qapını açmış və Zeynəb Şücaətin onu vurduğunu demişdir. Onların yaşadığı evə getmiş və evdə olan televizorun sınıq vəziyyətdə olduğunu görüb bu barədə Şücaətdən soruşmuş, sonuncu ona əsəbindən televizoru vurub sındırdığını demişdir. Eyni zamanda, Zeynəbin burun nahiyəsində xəsarət görmüşdür. Bundan sonra, Zeynəbə Şücaəti dindirməməsini tövsiyyə edib Nadirə də bu barədə demişdir. Bu zaman 23-cü PB-nin əməkdaşları hadisə yerinə gələrək Zeynəbdən ərizə və izahat alıb hadisə yerinə baxış keçirmişlər. Həmin vaxt o evinə qayıtmışdır. Bundan sonra, Nadir onun yaşadığı evə gəlmiş və Şücaəti axtarmağa başlamışdır. 20 dəqiqə sonra Şücaət onun yaşadığı evə gəlmiş, o Nadirlə birlikdə Şücaətə həyat yoldaşını vurması ilə bağlı iradlarını bildirmişlər. Təxminən 5-10 dəqiqə sonra Zeynəb gəlmiş və Şücaəti nəyə görə gizlətdiklərini demişdir. X17 5-10 dəqiqə qabaq gəldiyini və onu gizlətmədiklərini demişlər. Zeynəb Şücaətlə mübahisə etmiş, Nadir Zeynəbi sakitləşdirmiş və özünün Şücaətlə danışacağını demişdir. Zeynəb evi tərk edib getdikdən 2 dəqiqə sonra Şücaət də evi tərk edib getmişdir. Nadirdə Şücaətin arxası ilə çölə çıxmış və 15 dəqiqə keçdikdən sonra onun evinə Şücaətin qayını və həyat yoldaşı gəlmiş və Şücaəti axtarmağa başlamışlar. Şücaətin təxminən 15 dəqiqə qabaq evdən çıxıb ona məlum olmayan istiqamətə getdiyini demişdir. Təxminən 2 dəqiqə sonra Nadir onun yaşadığı evin qarşısına gəlmiş, həmin vaxt Vüsal onunla sözlə mübahisə etmişdir. Nadir hadisə yerinə gələn zaman Vüsalı aralamış və sakitləşdirməyə başlamışdır. Vüsal ona guya Şücaəti gizlətdiyini deyərək nəyə görə belə etdiyini irad tutmuş, bundan sonra həmin yerə Zeynəb, anası Vilənaz gəlmiş, bir qədər sonra isə hadisə yerinə Vüsalın qardaşı Abdulla gəlmişdir. Bu zaman Vüsal Nadirlə sözlə mübahisə etmiş, Vüsal Nadirə nəyə görə Şücaətin tərəfini saxladığını, Şücaətin bacısını vurduğunu deyərək Şücaəti belə şeylər etməyi öyrətdiyini demişdir. Nadir də Vüsalın sözləri ilə razılaşmayaraq dediklərinin yalan olduğunu, əksinə Şücaəti onunla birlikdə danladıqlarını və Şücaətə belə hərəkətlə etməsi ilə bağlı iradlarını bildirdiyini demişdir. Həmin vaxt anidən onların dayandıqları yerə, P.Fərzəliyev küçəsi 184Z ünvanının qarşısına Şücaət gəlmiş və həmin vaxt orada Şücaətin qayınanası Vilənaz, həyat yoldaşı Zeynəb, qaynı Abdulla və Vüsal, onun əmisi oğlu Nadir və 1-2 nəfər tanımadığı qonşular olmuşdur. Şücaət hadisə yerinə gələn zaman Nadirin Vüsalla mübahisə etdiyini görüb Nadirlə Vüsalın yanına yaxınlaşmış və bu an Vüsalın qardaşı Abdulla Şücaətlə dava etməyə başlayıb Şücaəti yerə yıxıb döymüşdür. Təxminən 1 dəqiqə ərzində Abdulla Şücəti yerdə döymüş, Şücaətin baş və sifət nahiyələrinə yumruqla vurmuşdur. Həmin vaxt Nadir Vüsalın da Şücaətin üzərinə getmək istədiyini görüb Vüsalı dayandırmışdır. Həmin vaxt o Vüsalın Nadirlə dava etmək istədiyini görüb aralaşdırmağa başlamışdır. Anidən Vüsal cibindən çıxardığı bıçaqla Nadirin sol çiyin nahiyəsindən bir dəfə vurmuşdur. Nadir çiynindən xəsarət aldığını görüb arxaya çəkilmiş və Vüsal qardaşı Abdullanı itələyərək Şücaətin üzərinə düşüb Şücaətə bir iki dəfə yumruqla baş nahiyəsindən zərbə yetirib daha sonra bıçaqla alın nahiyəsindən vuran zaman onlar, yəni o, Zeynəb, Nadir və Nadirin oğlu Elvin, Vüsalın əlindən yapışaraq bıçağı almışlar. Nadir bıçağı cibinə qoyub saxlamışdır ki, Vüsal yenidən həmin bıçaqla heç kimə xəsarət yetirməsin. Həmin vaxt Şücaət çıxıb getmiş və Vüsal onlardan aralaşmışdır. Ara sakitləşdikdən 5 dəqiqə sonra Abdulla ona və Nadirə yaxınlaşaraq Vüsalın Şücaəti bıçaqla vurduğunu deyib qan itirməsindən qorxduğunu və yıxılacağını güman edib getdiyi yeri bildiyi üçün Şücaətin yanına getməyi təklif etmişdir. O və Nadir razılaşmış və onlar Vüsalın idarə etdiyi “Vaz 2106“ markalı qırmızı rəngli avtomobilə əyləşmişlər. Vüsal Abdullanın göstərdiyi istiqamətdə avtomobili idarə etməyə başlamış, bir qədər məhəllədə avtomobillə gəzdikdən sonra Vüsal yaxınlıqda yerləşən cəzaçəkmə müəssisəsnin yanında avtomobili saxlayıb avtomobilin əl əyləcinin yanına qoyduğu bıçağı Nadirin və onun üzərinə çəkib nəyə görə Şücaətin tərəfini saxladıqlarını demişdir. Vüsalı sakitləşdirib Şücaətin yanına getdyini istədiyini dediyi üçün avtomobilə əyləşdiklərini demişdir. Vüsal sakitləşib avtomobili idarə etməyə başlamış və onlar məhəllənin digər tərəfinə gəlib çıxdıqda orada Vüsal Şücaəti görmüş və dərhal avtomobili saxlayaraq avtomobildən düşüb Şücaətin üzərinə hücum emişdir. Həmin vaxt Nadir arxa sol oturacaqda, o sağ arxa, Abdulla isə qabaq sərnişin oturacağında oturmuşdur. Vüsal Şücaətə hücum edən zaman onlar avtomobili tərk etmiş və Abdulla anasının səs-küy saldığı üçün qaçaraq onun yanına getmişdir. Vüsal Şücaəti vurub yerə yıxaraq həmin yerdə olan ara dalana salmışdır. Həmin vaxt o, Nadirlə birlikdə onlara yaxınlaşdıqda Vüsal Şücaətin bıçaqla onu vurduğunu deyib həmin yerdən qaçmışdır. Şücaət yerdən duraraq Vüsalın arxası ilə qaçmaq istədikdə Nadir Şücaəti tutaraq imkan verməmişdir. Şücaət ona demişdir ki, Vüsalın əlində olan bıçağı alaraq Vüsalı vurub xəsarət yetirmişdir. Bundan sonra hadisə yerinə polis və TTYS-nın əməkaşları gəlmiş və Vüsalı xəstəxanaya aparmışlar. Hadisə nəticəsində o heç bir xəsarət almamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, 21.02.2021-ci il tarixdə saat 21 radələrində oğlu Vüsal onu işdən götürməyə gəlmiş və qızı Zeynəbi kürəkəni Şücaətin döydüyünü demişdir. Onlar qızının evinə getdikdə Zeynəbin burnundan xəsarət aldığını və evdə olan televizorun sındırıldığını görmüşlər. Həmin vaxt həyat yoldaşı Elşad da orada olmuş və 102 xidmətinə zəng etmişdir. Polis əməkdaşları hadisə yerinə gəlib baxış keçirmiş və qızının izahatı alınmışdır. Bundan sonra polis əməkdaşları və həyat yoldaşı getmişlər. Şücaət həmin vaxt qohumu Rakifın evində olmuşdur. Onlar həmin vaxt həyətdə olan zaman Vüsal tanımadığı qonşu ilə mübahisə etmiş və digər oğlu Abdulla onları sakitləşdirməyə çalışmışdır. Zeynəb Şücaətin olduğu yerə gedib onu evə çağırmışdır. Həmin vaxt oğlu Vüsalın Nadirlə və digər şəxslərlə çöldə mübahisəsi baş vermişdir. Şücaət gələn zaman orada dava baş vermiş və Abdulla Şücaətlə dalaşmağa başlamışdır. Həmin vaxt Nadir oğlu Abdullanı vurduğuna görə Vüsal Nadirlə mübahisə etmiş və Vüsal əlində olan bıçaqla onu qorxutmuşdur. Bundan sonra Vüsal Abdullanı itələyərək Şücaətin üzərinə getmiş və sonuncunu bir dəfə vurmuşdur. Bu zaman ətrafda olan şəxslər Vüsalı Şücaətdən ayırmış, Nadir, Zeynəb və Rakif Vüsalın əlindən tutmuş, bu zaman Şücaət hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Vüsal yenidən Şücaətlə söhbət etmək üçün Şücaəti axtarmağa başlamış, lakin o Vüsalı sakitləşdirməyə çalışmışdır. Rakif, Nadir və Abdulla birlikdə Şücaəti məhəllədə axtarmağa başlamışlar. Sonuncular avtomobilə minib getdikləri üçün əsəbləşib dava-dalaş uzanmasın deyə qışqırmağa başlamışdır. Küçənin baş tərəfində Vüsal idarə etdiyi "Vaz 2106'' markalı avtomobili saxlayaraq avtomobildən düşmüş və Şücaətin üzərinə getmişdir. Həmin vaxt o qışqırdığı üçün oğlu Abdulla yanına gəlmişdir. Daha sonra, Şücaətin Vüsalı bıçaqla vurduğu onlara məlum olmuş və hadisə nəticəsində heç bir xəsarət almamışdır. İş materiallarında olan 23.02.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı sonuncular ifadələrini təsdiq etmişlər. İş materiallarında olan 26.04.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşmə zamanı sonuncular ifadələrini təsdiq etmişlər. İş materiallarında olan 26.04.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə yerini əyani göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan 26.04.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 hadisə yerini əyani şəkildə göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan 26.04.2021-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Şahid1 baş vermiş hadisə yerini əyani şəkildə göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında Protokollardan görünür ki, baxış zamanı videogörüntüdə Zərərçəkmiş şəxs2, Şahid1, Şahid3 və digər şəxslərin hadisə yerinin qarşısında olmaları, daha sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yanına gəldikdə dava-dalaş baş verməsi, Şahid1 Təqsirləndirilən şəxs yerə yıxıb döyməsi, bu zaman Zərərçəkmiş şəxs2 Şahid3lə mübahisə edərək bıçaqla sağ çiynindən vurması, daha sonra Zərərçəkmiş şəxs2 qardaşı X14 Əzimovun üzərindən itələyərək Şücaəti vurması, həmin vaxt Şahid3 və ətrafda olan şəxslərin dava hadisəsini ayırdıqdan sonra Şahid3 və Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 əlindən bıçağı almaları, Təqsirləndirilən şəxs həmin zaman hadisə yerindən uzaqlaşması və Zərərçəkmiş şəxs2 qəhvəyi rəngli "Vaz" markalı avtomaşına minərək hadisə yerindən uzaqlaşıb daha sonra küçənin qarşı tərəfində olan Şücaəti gördükdə avtomaşından düşərək Şücaəti vurub yerə yıxaraq üzərinə düşməsi aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş 01.03.2021-ci il tarixli 146 saylı ekspert rəyində görünür ki, Zərərçəkmiş şəxs1 burun belinin şişkinlik halında əzilməsi və əzilmiş yarası, sol gözaltı nahiyə və sol budun ön səthinin qançırları olmuşdur. Qeyd edilən xəsarətlər kərk küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 21.02.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən, xəsarətlərin şəxsin öz boyu hündürlüyündən yıxılması və özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyil. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 tərəfindən verilmiş 26.02.2021-ci il tarixli 156 saylı ekspert rəyində görünür ki, Zərərçəkmiş şəxs2 sol əlin arxa səthi, sol bazunun ön səthi sağ budun ön səthi, sol budun arxa səthinin deşilmiş-kəsilmiş yaraları, sağ əlin 1 barmağının arxa bayır səthi və döş qəfəsinin ön səthinin sol məməaltı nahiyəsinin səthi kəsilmiş yarası, sol əlin arxa səthinin şişkinlik halında əzilməsi, sol bazunun ön-iç səthi və sağ bazunun ön səthinin qançırları, döş qəfəsinin sağ yarısının ön səthinin sıyrığı olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici-kəsici əşyanın (əşyaların), səthi kəsilmiş yaralar kəsici kənara malik əşyanın (əşyaların), digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətə, yəni 21.02.2021-ci il tarixdə yarana bilər, dərəcəsinə görə ümumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Lokalizasiya və xarakterlərinə əsasən, xəsarətlərin şəxsin öz boyu yündürlüyündən yıxılması və özü tərəfindən özünə yetirilməsi nəticəsində yaranması inandırıcı deyil. İş materiallarında olan 22 fevral 2021-ci il tarixli Tutma Protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 24 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 22 may 2021-ci tarixli qərardan görünür ki, hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 22 may 2021-ci il tarixli (cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında) qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 və Şahid1 xəsarət yetirməsi və Şahid3 Zərərçəkmiş şəxs2 tətəfindən xəsarət yetirilməsi faktları ilə bağlı Azərbaycan Respublikası CM-nin 221.2.1 və 223.1-ci maddələri ilə başqa cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş sənəddən görünür ki, X9 - 04.04.2010-cu il tarixdə, X10 – 30.08.2011-ci il tarixdə və X15 – 13.01.2019-cu il tarixdə doğulmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzanı yüngülləşdirən hallar qismində, cinayəti təkrar törətməsi təqsirli bilindiyi maddədə tövsifedici əlamət kimi nəzərdə tutulmadığı üçün Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal qismində nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cinayətin təkrar törədilməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alarkən, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayır və hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 24 fevral 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündən cəzanın müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut - hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 fevral 2021-ci il tarixdən 24 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Bakı Probasiya İdarəsində həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut - hadisənin görüntülərini özündə əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar