Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-231/2022 30.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1972-ci il tarixdə Gürcüstan Respublikasının Marneuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkumluğu olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı 14 iyul küçəsində nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 saylı Cəzaçəkmə müəsisəsində cəza çəkən Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq binaya daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan 1 ünvanında yerləşən “172 nömrəli Körpələr Evi"nin plastik pəncərəsinə əli ilə mexaniki təsir edib açıb binaya qanunsuz daxil olaraq oradan 1026,60 manat dəyərində bir ədəd “LG" markalı televizor və 173,67 manat dəyərində bir ədəd “DVD" aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 1200,27 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, demək olar ki evsiz adamdır və hərdən parklarda, küçədə yaşayır. 28 il həbsdə qaldıqdan sonra çöldə özünə iş tapa bilmədiyindən və yemək əldə etmək üçün məcbur oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 2020-ci ilin oktyabr ayının sonlarında gündüz saat 14 radələrində futbol stadionunun yanındakı uşaq bağçasının pəncərəsinin açıq olmasını görmüş və pəncərədən içəri daxil olub bağçanın otaqlarını gəzməyə başlamışdır. Orada otaqlardan birində adam olmamasından istifadə edib, 1 ədəd istilik radiatorunu çıxarıb oğurlayaraq gəldiyi həmin pəncərədən də getmişdir. Lakin həmin vaxt qərara almışdır ki, orada gördüyü televizor və DVD-ni yenidən daxil olaraq oğurlayacaqdır. Həmin hadisədən 2 gün sonra isə yenə günorta saatlarında yenidən həmin bağçaya gələrək pəncərəni əli ilə itələmiş və pəncərə açılmışdır. Yenə otaqlardan birinə daxil olub, bu dəfə isə 1 ədəd televizor və 1 ədəd “DVD” aparatını götürmüş, pəncərədən çölə qoyub, daha sonra özü də pəncərədən enib oğurladığı əşyaları götürüb hadisə yerindən uzaqlaşmışdır. Elə həmin gün də Sabunçu bazarında tanımadığı şəxsə həmin oğurladığı əşyaları 40 manata satmış və pulunu da xərcləmişdir. Birinci gün oğurladığı istilik barmaqlığını isə onu oğurladığı gün 8 km bazarında tanımadığı şəxsə 10 manat pul müqabilində satmışdır. O, ünvan 2 ünvanında yerləşən 172 saylı uşaq baxçasına ümumilikdə 2 dəfə, yəni 26 oktyabr və 28 oktyabr tarixlərində daxil olmuşdur. O, 26 oktyabr tarixində baxçaya daxil olduqda 1 ədəd istilik radiatorunu və uşaq yataq dəstini götürsə də, televizor və DVD aparatını həmin vaxt ağır olacaqları səbəbindən apara bilməyəcəyindən növbəti dəfə bağçaya daxil olaraq oğurlayacağını planlaşdırmışdır. Buna görə də, xx.xx.2021-ci il tarixdə o, yenidən baxçaya daxil olaraq DVD və televizoru oğurlamışdır. 2021-ci ilin avqust ayının əvvəlində isə narkotik vasitə daşıdığı üçün saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə 172 saylı uşaq baxçasından 1 ədəd istilik radiatoru və bir ədəd uşaq yataq dəstinin oğurlanmasına görə inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadəsi və işdə olan digər sənədlərlə də tam təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, Bakı şəhəri Təhsil İdarəsinin məsləhətçisi vəzifəsində işləyir. 20 dekabr 2021-ci il tarixdə körpələr evi uşaq baxçaları Bakı şəhəri Təhsil İdarəsinin balansına verilmişdir. Təqsirləndirilən şəxs 28 oktyabr 2020ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin ünvan 1 ünvanında yerləşən “172 nömrəli Körpələr Evi”nin plastik pəncərəsinə əli ilə mexaniki təsir edib açıb binaya qanunsuz daxil olaraq oradan 1026,60 manat dəyərində bir ədəd “LG” markalı televizor və 173,67 manat dəyərində bir ədəd “DVD” aparatını gizli olaraq talayıb zərərçəkmiş şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 1200,27 manat miqdarda maddi ziyan vurmuşdur. Tələbləri ondan ibarətdir ki, onlara vurulmuş olan ziyan tam şəkildə ödənilsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X1 ifadəsində göstərdi ki, “172 saylı Körpələr Evi” nin müdirəsi vəzifəsində işləyir. 2020-ci ilin oktyabr ayında respublikada mövcüd olmuş karantin rejiminə görə körpələr evinin fəaliyyəti dayandırılmışdır. Lakin o, mütəmadi olaraq işə getmiş və Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küəsi 15 ünvanda yerləşən inzibati binanı yoxlamışdır. xx.xx.2020-ci il tarixdə səhər saatlarında işə gələrkən orada otaqların birində istilik barmaqlıqlarından birinin yerində olmadığını görmüşdür. Bağçanın bağbanının həmin istilik radiatorunu çıxarıb təmir etməsini düşünmüşdür. Lakin xx.xx.2020-ci il tarixdə isə yenə də işə gələrkən bağçanın inzibati binasının digər otağından bir ədəd qiyməti 1026 manat 60 qəpik olan “LG” markalı televizor, qiyməti 173 manat 67 qəpik olan bir ədəd “DVD” aparatının yerində olmadığını görmüş və buna görə də dərs otağına naməlum şəxsin daxil olmasını düşünüb DİN-nin 102 xidmətinə məlumat vermişdir. İstilik radiartorunun qiymətinin həmin vaxt 100 manat olmasını düşünmüşdür. Lakin sonradan istilik radiatorunun qiymətinin əslində 50 manat olmasını bilmişdir. Polis əməkdaşları hadisə yerinə gəlib müayinə etdikdən sonra getmişlər. 2021-ci ilin may ayında isə bağçaya daxil olmuş şəxsin Təqsirləndirilən şəxs adlı şəxs olmasını bilmiş və onun ilk dəfə bağçaya daxil olarkən həmçinin bir ədəd də uşaq yataq dəstini oğurlamasını bilmiş və buna görə onu inzibati həbs etmişlər. Faktiki bağçadan oğurluq göstərdiyi tarixlərdə olmuş və 26 oktyabr 2020-ci il tarixdə oğurluq edən Təqsirləndirilən şəxs adlı şəxs bağçaya daxil olarkən həmçinin bir ədəd də uşaq yataq dəstini oğurladığı üçün həmin gün oğurluq etdiyi 1 ədəd istilik radiatoru və bir ədəd uşaq yataq dəstinə görə onu inzibati həbs etmişlər. Oğurlanmış əşyaların qiymətini bağçanın invertar cədvəlinə baxaraq müəyyən etmişdir. Belə ki, cədvələ əsasən “LG" markalı televizorun qiyməti 1026 manat 60 qəpik, “DVD” aparatının qiyməti isə 173 manat 67 qəpik, istilik radiatorunun qiyməti isə 50 manat olmuşdur. Televizor və DVD aparatının oğurlanmasına görə ümumilikdə 1200,27 manat ziyan dəymişdir. Bağçada bir ədəd sökülmüş və pəncərənin alt hissəsinə qoyulmuş radiator olmuş, oğurluq etmiş şəxs 28 oktyabr 2020-ci il tarixdə həmin radiatoru oğurlamamışdır. 172 saylı Körpələr evində oğurluq hadisəsi xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, 172 saylı Körpələr Evində işləyir. xx.xx.2020-ci il tarixində Nizami rayonu 172 Körpələr Evində oğurluq olması barədə polisə müraciət etmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə 172 saylı bağçaya gəldikdə oradan 1 ədəd istilik radiatorunun və 1 ədəd uşaq yataq dəstinin yerində olmamaqla oğurlandığını aşkar etmişdir. O, hadisənin nə zaman baş verdiyini bilməmiş və bununla bağlı olaraq bağçanın rəhbərliyinə məlumat vermədən 24-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək 1 ədəd 50 manat dəyərində istilik radiatoru və 1 ədəd 10 manat dəyərində uşaq yataq dəstinin oğurlanmasını bildirmişdir. Əslində isə həmin hadisə 26 oktyabr tarixində olmuşdur. Həmin bağçaya 2 dəfə daxil olunmuşdur. Oğurluq xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə bağçadan sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Lakin, onun bu barədə ilkin ərəfədə məlumatı olmamışdır. O, bağçanın rəhbərliyinin polisə müraciət etməsini və bağçadan əlavə televizor və digər avadanlıqların oğurlanmasını bilməmişdir. Həmin vaxt karantin rejimi olduğundan onlar işə mütəmadi getməmişlər və bağça rəhbərliyi ilə əlaqələri olmamışdır. Sonradan ona məlum olmuşdur ki, bağça müdirəsi iki oğurluq hadisəsi ilə bağlı polisə müraciət etmişdir. Həmin hadisəni xx.xx.2020-ci il tarixində aşkar etdiyinə görə həmin tarixdə oğurluq olmasını bildirmişdir. İşdə olan “hadisə yerinə baxış keçirilmə və götürmə haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi 15 ünvanda yerləşən “172 saylı Körpələr Evi”-dir. İş materiallarına əlavə olunmuş ifadələrin yerində yoxlanılması barədə protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin dəqiqliyini yoxlamaq üçün onun ifadələri yerində yoxlanılmış və o, ifadələrində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İşdə olan «videogörüntüyə baxış keçirilməsi haqqında» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs videogörüntüdəki şəxsin onun özü olmasını, həmin görüntülərin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərə aid olmasını, həmin görüntülərin onun 172 saylı uşaq baxçasından oğurluq etməsi görüntüləri olmasını, həmin görüntülərdə onun uşaq yataq dəsti, radiator, dvd və televizorun oğurlanması görüntülərinin olmasını, həmçinin əlavə olaraq bir tərəfinə qırmızı rəngli sellofan keçirilmiş istilik radiatorunu pəncərənin alt tərəfinə qoymasının səbəbi kimi bütün əşyaları eyni anda apara bilmədiyinə görə orada qoymasını və oğurlanmaması, digər göstərilən əşyaları isə oğurlanmasını səmimi etiraf etmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Əzizbəyov rayon Xalq məhkəməsinin 31 oktyabr 1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 143.2.maddəsi ilə təqsirli bilinərək 03 il azadlığdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli əfv fərmanına əsasən azad edilmiş, Bakı şəhəri Nəsimi rayonu Xalq Məhkəməsinin 20 dekabr 2000-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay azadlığdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə cəzası 02 ilə endirilmişdir. xx.xx.2002-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Ağır cinayətlər məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 06 il azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağır cinayətlər məhkəməsinin xx.xx.2005-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 29,120.2.4 və 67-ci maddələri ilə təqsirli bilinərək 14 il azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 317.2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 08 il 10 ay müddətində azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 02 il 3 ay azalıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 02 il 3 ay azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Habelə hökmdən görünür ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilmişdir. Qərarın təsviri hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində ünvan 4 ünvanda yerləşən 172 saylı uşaq bağçasına pəncərədən daxil olaraq 50 manat dəyərində bir ədəd istilik radiatorunu və 10 manat dəyərində bir ədəd uşaq yataq dəstini oğurlayaraq aparıb satmaqla, xırda talama yolu ilə zərərçəkmiş şəxsə cəmi 60 manat məbləğində maddi ziyan vurmuşdur. İşdə olan Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin xx.xx.2021-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs “172 nömrəli Körpələr Evi”nin inzibati binasından uşaq yataq dəsti və istilik radiatoru oğuladığı üçün onun barəsində inzibati həbs növündə qüvvədə olan məhkəmə qərarı olduğundan istilik radiatorunun oğurlanması xüsusatı üzrə cinayət təqibinə xitam verilmişdir. İşdə olan İnventarizasiya sənədlərindən görünür ki, 172 saylı Körpələr evinə ayrılmış 1 ədəd LG markalı DVD aparatının qiyməti 173.67 manat, 1 ədəd LG markalı televizorun qiyməti 1026.6 manat təşkil edir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmusuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmir, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivini onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3, 83.3.3 və 83.4-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, мəhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrum edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona real cəza təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəti cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə əsasən təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası 66.5-ci madəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən, iş üzrə maddi sübut - 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. İş materiallarından görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi zərərə görə 1200.27 manatın Bakı şəhəri üzrə Təhsil İdarəsinin xeyrinə tutulması barədə mülki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddianı etiraf etməyərək onun təmin olunmamasını xahiş etdi. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli, iş materiallarına əlavə edilmiş inventarizasiya sənədinə əsasən 1 ədəd LG markalı DVD aparata görə 173.67 manat, 1 ədəd LG markalı televizora görə 1026.6 manat, ümumilikdə 1200.27 manat vurulmuş maddi ziyan cavabdeh Təqsirləndirilən şəxs tutularaq Bakı şəhəri üzrə Təhsil İdarəsinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 avqust 2021-ci il tarixdən hesablansın. Zərərçəkmiş şəxs və mülki iddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddia tam təmin edilsin. Təqsirləndirilən şəxs maddi zərərin əvəzi olaraq 1200.27 (bir min iki yüz manat iyirmi yeddi qəpik) manat tutularaq Bakı şəhəri üzrə Təhsil İdarəsinə ödənilsin. İş üzrə maddi sübut - 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami rayon məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. . Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-231/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-231/2022
30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver