Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-233/2022 05.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1962-ci ildə Gürcüstanda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, "xxxx" ASC-nin Nəsimi rayon Sukanal İdarəsinin su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində elektrik qaz-qaynaqçısı işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismindo istifadə olunan əşyalardan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan, həmçinin silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlı hərəkətləri etmiş, eləcə də xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində ünvan 2 ünvanda yerləşən «Ləman» marketin yaxınlığında sərxoş vəziyyətdə cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə-yaşayış və davranış normalarını, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan hərəkətlər edərək qeyri-rəsmi münasibətdə olduğu Zərərçəkmiş şəxs1 ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib dalaşarkən həmin küçə ilə idarə etdiyi «KİA» markalı **- RR-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan Zərərçəkmiş şəxs2 hadisəni görüb avtomobili saxlayıb yerə düşərək onun qanunsuz hərəkətlərinin qarşısını alaraq sakitləşdirməyə səy göstərmiş, Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi istintaqa məlum olmayan cib bıçağını çıxarıb silah qismində istifadə edərək nümayiş etdirməklə ictimai qaydanın pozulmasının qarşısını alan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 müqavimət göstərərək onun üzərinə gedərək qərəzli hərəkətlər etmiş, bundan sonra xuliqanlıq hərəkətlərini davam etdirərək silah qismində istifadə etdiyi cib bıçağı ilə heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurub alnın, burun belinin, sol almacıq nahiyəsinin, sağ burun-dodaq üçbucağının, sağ qulaq seyvanın ön səthinin, sağ qulaqönü nahiyənin, çənəaltı nahiyənin, sağ dodaqüstü nahiyənin, təpə sərhədinin, sol mil-bilək nahiyyəsinin ön-bayır səthinin, sol əlin arxa və ovuç səthlərinin, sağ əlin ovuç səthinin, sağ əlin İİİ barmağın iç səthinin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül, travmatik katarakta ilə fasadlaşmış sol göz almasının dəlib-keçən yaralanması isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, arvadı ruhi-əsəb xəstəsi olduğu üçün 2018-ci ildə tanış olduğu Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi ər-arvad münasibətində olmuşdur. Ailə üzvüləri Gürcüstanın Bolinisi rayonuna toya getdiyindən mağazadan ərzaq və siprtli içki alaraq Pərvanəni yaşadığı evə dəvət etmişdir. Pərvanə evdə yemək hazırlamış və onlar yeyib-içdikdən sonra Pərvanə ilə söhbət zaman sonuncuya 5-6 ay əvvəl aldığı «Samsung A32» markalı mobil telefonu Pərvanənin satdığını bilib irad tutduqda onların arasında mübahisə yaranmışdır. Həmin gün evdə Pərvanə kiminləsə mesajlaşmış və sonuncudan kimə mesaj yazdığını soruşduqda Pərvanə qızı ilə yazışdığını demiş, lakin sonuncunun yazışmasından şübhələndiyinə və mübahisə etdiklərinı görə Pərvanə evdən çıxıb getmişdir. 05 yanvar 2022-ci il tarixdə gecə Pərvanənin evdən getməsi onu narahat etdiyi üçün sonuncunun qayıtması üçün mobil telefonla zəng etmək istədikdə telefonu masanın üzərində tapmamış və telefonu Pərvanənin götürdüyünü zənn edib sonuncunun arxasınca getmişdir. Gecə saat 02 radələrində Pərvanənin küçədə telefonla kiminləsə danışdığını görüb sonuncuya onun telefonunu qaytarmasını demiş. Pərvanə telefonu götürmədiyini bildirdikdə, sonuncudan israrla telefonu tələb etdiyi üçün onların arasında sözlü mübahisə yaranmış və həmin vaxt yanlarından keçən qara rəngli avtomobilin sürücü sonradan adının Mahir olduğunu bildiyi şəxs avtomobildən düşüb onları sakitləşdirmək istəmiş və Pərvanəyə avtomobilə oturmağı demişdir. Həmin vaxt, Pərvanənin həmin oğlanla bir-birini tanıdığını, evdə Pərvanənin məhz həmin şəxslə yazışdığını, daha sonra gəlib onu aparması üçün zəng etdiyini ehtimal etdiyindən Pərvanənin ona xəyanət etdiyini düşünmüşdür. Buna görə avtmobilə oturmaq istəyən Pərvanəni acıqlı şəkildə özünə tərəf çəkib telefonunu qaytarmasını tələb etmiş və bu zaman gözləmədiyi halda Mahir onun sifətindən əli ilə vurmuşdur. Sonuncunu qorxutmaq məqsədilə cibindən cib bıçağını çıxarmış və Mahir bıçağı görüb qorxaraq kənara çəkilmişdir. Əsəbi olduğundan bıçaqla Pərvanəni vurmuş, lakin məqsədi sonuncuya xəsarət yetirmək olmamışdır. Daha sonra səhv hərəkət etdiyini anlayıb dayanmış və Mahirdən Pərvanəni təcili həkimə aparmasını xahiş etmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmış, törətdiyi cinayət əməllərindən səmimi peşmandır və barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri ilə, habelə iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2019-cu ildə təsadüfən tanış olmuş və sonradan qeyrirəsmi ər-arvad kimi yaşamışlar. Təqsirləndirilən şəxs onu qısqanmış, arvadı və uşaqları evdə olmayan vaxtlarda onunla görüşmüşdür. 04 yanvar 2022-ci il tarixdə saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs zəng edərək onu evinə dəvət etmiş, sonuncunun evində yemək bişirmiş və onlar yeyib-içmişlər. Evdə telefonla rəfiqəsinə mesaj yazdığı üçün və Sayadın ona aldığı telefonu satdığına görə onların arasında mübahisə yarandığından evdən çıxıb getmişdir. 05 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində Sayad onun arxasınca gələrək yaşadığı ünvanın yaxınlığında telefonunu tələb etmiş, sonuncuya telefonun onda olmadığını demiş və bu zaman aralarında mübahisə yaranmışdır. Həmin vaxt onların yanından keçən avtomobilin sürücüsü avtomobildən düşərək onları sakitləşdirmək istəmiş, lakin Sayad yenidən telefonunu ondan tələb etdikdə, sonradan adının Mahir olduğunu bildiyi şəxsin avtomobilinə minib getmək istəyərkən, Sayad onu geri dartaraq israrla telefonunu tələb etmiş və bu zaman Mahir əli ilə Sayadın sifətindən vurmuşdur. Sonuncu isə cibindən evdə alma kəsdiyi bıçağı çıxarmış, Mahir bıçağı görüb kənara çəkilmişdir. Həmin vaxt Sayad bıçaqla sifətindən, əlindən vuraraq ona xəsarət yetirdiyi üçün qışqırmış və Sayad hərəkətlərini dayandırmışdır. Sayad onu xəstəxanaya aparmasını Mahirdən xahiş etmiş və sonuncu onu avtomobilə mindirərək xəstəxanaya aparmışdır. Sayad onun xəstəxana xərclərini ödədiyinə və onunla barşdığına görə sonuncudan şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 05 yanvar 2022-ci il tarixdə gecə saat 02 radələrində özünə məxsus KİA markalı **-RR-*** dövlət qeydiyyat nişanlı vtomobillə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi N.Abdullayev küçəsində yerləşən «Ləman» dükanının qarşısından keçən zaman yolun kənarında sonradan tanıdığı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 mübahisə etdiklərini görüb avtomobili saxlayaraq onları sakitləşdirmək istəmişdir. Həmin vaxt, Sayad Pərvanədən telefonunu tələb edərək, evdən telefonu götürdüyünü demişdir. Mübahisənin qarşısını almaq məqsədilə Pərvanəni avtomobilə mindirmək istəmiş, lakin Sayad əsəbi halda Pərvanəni dartaraq geri çəkib onunla getməsini tələb etdiyindən, Sayadın sifətindən əli ilə itələmişdir. Bundan sonra Sayad cibindən bıçaq çıxardığı üçün kənara çəkilib polisə zəng etmişdir. Həmin vaxt Sayad əlində olan bıçaqla Pərvanəyə xəsarət yetirmiş, sonuncu qışqırdığından Sayad hərəkətlərini dayandırmış və onu çağıraraq Pərvanəni xəstəxanaya aparmasını xahiş etmişdir. Pərvanəni avtomobilə mindirərək xəstəxanaya aparmışdır. Həmin hadisə zamanı heç bir xəsarət almamış, bu səbəbdən Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 btidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmə zamanı ifadəsini təsdiq etmişdir. İşdə olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 btidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə keçirilmiş üzləşdirmə zamanı ifadəsini təsdiq etmişdir. İşdə olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bıçaq xəsarətini ünvan 3 ünvanda yerləşən «Ləman» marketin qarşısında yetirdiyini göstərmişdir. İşdə olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs ona bıçaq xəsarətini ünvan 3 ünvanda yerləşən «Ləman» marketin qarşısında yetirdiyini göstərmişdir. İşdə olan ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 bıçaq xəsarətini ünvan 3 ünvanda yerləşən «Ləman» marketin qarşısında yetirdiyini göstərmişdir. İşdə olan məhkəmə-tibbi ekspertizasının 28 mart 2022-ci il tarixli 115 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: travmatik katarakta ilə fasadlaşmış sol göz almasının dəlib-keçən yaralanması; alnın, burun belinin, sol almacıq nahiyyəsinin, sağ burun-dodaq üçbucağının, sağ qulaq seyvanın ön səthinin, sağ qulaqönü nahiyənin, çənəaltı nahiyənin, sağ dodaqüstü nahiyənin, təpə sərhədinin, sol mil-bilək nahiyyəsinin ön-bayır səthinin, sol əlin arxa və ovuç səthlərinin, sağ əlin ovuç səthinin, sağ əlir İİİ barmağın iç səthinin deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçağın) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə yaranmaları mümkündür, dərəcəsinə görə sol göz almasının dəlib-keçən yaralanması sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, digər xəsarətlər həm ayrı-ayrılıqda, həmdə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Zərərçəkmiş şəxs1 29 aprel 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənildiyi və müalicəsi aparıldığı üçün heç bir şikayət və tələbi yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan 05 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri eyni müddətə “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İşdə olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışımış, sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İşdə olan xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşayış və iş yeri üzrə müsbət xasiyyətləndirilir. İşdə olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi, həyat yoldaşı – X1, oğlu – X3, nəvələri – Zəhra və Ayişə Qasımovalardan ibarətdir. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı X4 18 iyun 2022-ci il tarixdə vəfat etmişdir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N1 2004-cü il 23 mart tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 5-ci bəndində qeyd edilir ki, xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutların məcmuyuna əsasən qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaq zamanı tam sübuta yetirilmiş, onun cinayət məsuliyyətindən və eləcə də cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 17.2-ci maddəsinə əsasən, bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxsunna hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına köməklik etməsi və zərərşəkmiş şəxslərlə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallar qismində nəzərə alınmış, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarda həmçinin qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında qeyd olunur ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoya bilər. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini və Plenum qərarlarında qeyd olunan xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona törətdiyi cinayəti nəzərdə tutan maddələrin sanksiyasında müəyyən edilmiş həddə təyin olunacaq azadlıqdan məhrumetmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunmaqla onun üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Мəhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının, Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən şərti olaraq tətəbiq edilməsini «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında» Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2010-cu il tarixli qərarındakı hüquqi mövqeyi baxımından da əsaslı hesab edir. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir (Cinayət Məcəlləsinin 70.5-ci maddəsi). Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “ … şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Sənədlərə əsasən, Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlandığı 07 (yeddi) ay müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə əsasların olmadığı müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinın əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət etmək Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı ilə islah olunmaq və davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-233/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-233/2022
05.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver