Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-234/2020 17.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, “Ədalət” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, A.D.Qurbanov küçəsi, 61 saylı evdə qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Döngə 1, nömrəsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx xxxx 2020-ci il tarixdə saat 15:50-də özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi “BMW 535iminik” markalı ** LU *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 110 ünvanında, “Laçın” ticarət mərkəzinin qarşısında hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməsi barədə tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələbləri pozub və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə, yəni 80 km/saat sürətlə idarə edərək avtomaşının qabaq sağ hissəsi ilə yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs vuraraq, ehtiyatsızlıqdan ona ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid travmatik şokla müşayiət olunan baş beyin əzilməsi, baş beyinə, qişalarına və mədəciklərinə qansızma, ənsə sümüyünün sağ yarısının kəllə əsasına qədər davam edən xətti sınığı, sağ tərəfdə qabırğaların yerdəyişmiş sınığı, sağ baldır sümüyünün qapalı, qəlpəli, yerdəyişmiş sınığı, ağciyərlərin kontuziyası, bədənin yumşaq toxumalarının əzilmiş cırılmış yarası və sıyrıqları kimi bədən xəsarətləri yetirmişdir ki, bu xəsarətlərdən müştərək travma nəticəsində baş vermiş travmatik şok Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, onun təxminən 5 illik sürücülük təcrübəsi vardır. xx xxxx 2020-ci il tarixində BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etdiyi özünə məxsus “BMW 535iminik” markalı ** LU *** dövlət nömrə nişanlı avtomobili ilə Nizami rayonu, Q.Qarayev prospekti ilə üzü metronun “Xalqlar Dostluğu” stansiyası istiqamətində saatda 80 km/saat sürət ilə hərəkətdə olmuşdur. Orada işıqforun yaşıl işığının yanılı olmasını gördüyü üçün həmin sürətlə də işıqforu keçərkən “Laçın” Ticarət Mərkəzinin qarşısına çatmamış təxminən 15 metr məsafədən bir nəfər sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin hərəkətdə olduğu istiqamətdə yolu soldan sağa doğru qaçaraq keçməsini görmüşdür. Həmin şəxsi görən kimi əyləcdən istifadə edib avtomobili sol tərəfə hərəkət etdirmişdir ki hadisədən yayına bilsin, lakin hadisənin qarşısını ala bilməyib avtomobilinin sağ qanad tərəfi ilə Zərərçəkmiş şəxs vurmuşdur. Bundan sonra isə dərhal avtomobili saxlamış və piyadanı avtomobilə əyləşdirərək yaxınlıqda olan “Medical Plaza” adlı xəstəxanaya aparmışdır. Orada olan zaman xəsarət alan şəxsə müvafiq ilkin tibbi yardım göstərilmiş, daha sonra isə həkimlərin məsləhəti ilə xəsarət alan Zərərçəkmiş şəxs 3 saylı ŞKX-na aparmağı məsləhət gördükləri üçün onu həmin xəstəxanaya aparmışlar. Bundan sonra polis əməkdaşları ilə hadisə yeri müayinə olunmuş və onun sərxoş olub-olmamağı yoxlanılmışdır. Baş vermiş həmin hadisəni törədərkən idarə etdiyi “BMW 535iminik”markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomaşında ondan başqa heç kim olmamışdır. Avtomobilin yük yerində də heç bir yük olmamışdır. Baş vermiş hadisə zamanı yolda onunla eyni və ona əks istiqamətdə avtomobillər hərəkət etsələr də, yolda hərəkət edən başqa nəqliyyat vasitələri baş vermiş hadisəyə görə ona hər hansı bir təhlükəli şərait və maneə yaratmamışlar. İdarə etdiyi avtomobillə hərəkətdə olan zaman o, piyadanı əvvəldən görməmişdir. Lakin onu vurmamışdan təxminən 15 metr məsafədən görən kimi sürətini azaldıb, avtomobili sol tərəfə hərəkət etdirmişdir. Lakin hadisənin qarşısını ala bilməmişdir. O, həmin piyadanın qaçaraq hərəkətdə olduğu istiqamətdə yolu sol tərəfdən keçib yolun ortasındakı barduarda dayanacağını, yəni onun avtomobillər üçün işıqforun yaşıl işığı yandığından orada dayanacağını və o avtomobili ilə yolu keçdikdən sonra mərhumun yolu keçəcəyini düşünmüşdür. Lakin həmin piyada, piyada keçidi olmayan həmin yerdən onun keçməyini gözləmədən qaçdığı sürətlə yoluna çıxmış və o, mərhum Zərərçəkmiş şəxs onun yoluna çıxdığını görən kimi sürətini azaldıb, avtomobilini sol tərəfə hərəkət etdirmişdir. Hadisə baş verən zaman yolda görünüş aydın olmaqla yağmursuz hava şəraiti olmuşdur, idarə etdiyi “BMW 535iminik” markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomaşında hadisə baş verməzdən əvvəl heç bir nasazlıqlar olmamaqla avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, avtomaşını ilə hərəkətdə olarkən piyadanı görən kimi sürət həddini bacardığı qədər aşağı salmış və piyadanı vurmamaq üçün avtomobilini sol tərəfə hərəkət etdirmişdir. Lakin hadisənin qarşısını ala bilməmişdir. Hadisə baş verdikdən sonra oraya tanımadığı şəxslər toplaşmış, lakin o, həmin şəxslərin heç birini tanımamışdır. Hadisə zamanı o, spirtli içki qəbul etməmişdir. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən peşman olduğunu bildirdi və barəsində yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Mərhum oğlunun yol nəqliyyat hadisəsi nəticəsində xəsarətlərlə xəstəxanaya yerləşdirilməsini o, hadisədən bir neçə saat sonra özünü polis əməkdaşı kimi təqdim edən şəxs tərəfindən telefon vasitəsilə məlumat almışdır. Hadisədən sonra o və qohumları 3 saylı ŞKX-na getmiş və oğlunun orada vəfat etməsini öyrənmişdir. Bundan sonra oğlunun meyitini oradan götürmüşdür. Yas mərasimini yola verdikdən sonra oğlunun qanunla qorunan hüquq və mənafelərini qorumaq üçün onun hüquqi varisi qismində tanınmağı ilə bağlı ərizə ilə Nizami RPİ-nə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, oğlu Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin qarşısında yolda olarkən Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı, ** LU *** dövlət nömrə nişanlı avtomaşın tərəfindən vurulmuşdur. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş **********933 saylı, xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə xx xxxx 2020-ci il tarixdə baş vermiş yol qəzası nəticəsində vəfat etmiş oğlu Zərərçəkmiş şəxs vəfatı ilə əlaqədar ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyindən sonuncuya qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan, ona əlavə edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 110 saylı ünvanda yerləşir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli 538 saylı rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 8/1428 saylı rəyindən görünür ki, “BMW” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 106 saylı rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən onun bədənində aşağıdakı xəsarətlər aşkar edildi: travmatik şokla müşayiət olunan baş beyin əzilməsi, baş beyinə, qişalarına və mədəciklərinə qansızma, ənsə sümüyünün sağ yarısının kəllə əsasına qədər davam edən xətti sınığı, sağ tərəfdə qabırğaların yeridəyişmiş sınığı, sağ baldır sümüyünün qapalı, qəlpəli, yerdəyişmiş sınığı, ağciyərlərin kontuziyası, bədənin yumşaq toxumalarının əzilmiş cırılmış yarası və sıyrıqları xəsarətləri olmuşdur. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl, yəni xx.xx.2020-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən piyada qismində olarkən avtomaşınla vurulma nəticəsində əmələ gələ bilərlər, dərəcələrinə görə canlı ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar və baş vermiş ölümlə birbaşa səbəbli əlaqələridirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu müştərək travma nəticəsində baş vermiş travmatik şok səbəb olmuşdur, ölüm 3 saylı ŞKX-da xx.xx.2020-ci il tarixdə saat 17:15-də baş vermişdir, hansı ki meyitin məhkəmə tibbi müayinəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 110 ünvanında, “Laçın” ticarət mərkəzinin qarşısında müxtəlif avtomobillərin hərəkəti müəyyən olunur. Videogörüntünün 5-ci dəqiqə 41-ci saniyəsindən damalı ağ saruçkası, açıq rəngli şalvarı və qara ayaqqabısı olan, şəxsiyyəti istintaqla müəyyən olunmuş Nizami rayonu, Q.Qarayev prospekti, 110 ünvanında, “Laçın”ticarət mərkəzinin qarşısından yolun sol hərəkət hissəsindən sağ hərəkət hissəsinə qaçaraq keçən mərhum piyada 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxs həmin yolun orta hərəkət zolağı ilə üzü “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “BMW” markalı ** LU *** dövlət nömrə nişanlı avtomaşınla vurulması və Zərərçəkmiş şəxs yerə yıxılması, “BMW” markalı ** LU *** dövlət nömrə nişanlı avtomaşının isə hadisə yerindən qabaqda saxlaması, həmin avtomobildən düşən Təqsirləndirilən şəxs qaçaraq yerdə uzanıqlı olan Zərərçəkmiş şəxs yaxınlaşması, ətrafdakı naməlum şəxslərin də yerdə uzanıqlı olan Zərərçəkmiş şəxs yaxınlaşması, Təqsirləndirilən şəxs daha sonra qaçaraq idarə etdiyi “BMW” markalı ** LU *** dövlət nömrə nişanlı avtomaşını arxa-arxaya Zərərçəkmiş şəxs yanına idarə edərək gətirməsi, ətrafdakı kənar şəxslərin köməkliyi ilə Zərərçəkmiş şəxs öz həminki avtomobilinə qoyması və hadisə yerindən kənarlaşması müəyyən olunur. İş materiallarından görünür ki, Azərbaycan Respublikası DİN-nin Növbətçi Hissələri İdarəetmə Xidmətindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli məktuba əlavə edilmiş TŞXnin TŞ 4-012 nömrəli videomüşahidə qurğusunun 2-ci kamerasının xx.xx.2020-ci il tarixdə, saat 15:50 radələrində baş vermiş yol-nəqliyyat hadisəsinin vdeogörüntülərini özündə əks etdirən bir ədəd “DVD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Beləliklə, göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunan şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ailəsinə dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini və cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılmasına yönəlmiş hərəkətlər etməsini məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 59.1.11-59.1.14-cü maddəsinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla ədalətli cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət mədaxilinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “DVD” disk Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə məhkəmə yol-nəqliyyat hadisələriekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılan 01 (bir) ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-234/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-234/2020
17.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver