Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-234/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əşrəf Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, tərcüməçi - X1, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Hacıağa oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, nömrəsiz evdə kirayədə yaşayan, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 09 fevral 2022-ci il tarixdə saat 14 radələrində ünvan 3 ünvanın yaxınlığında piyada hərəkətdə olan Zərərçəkmiş şəxs fala baxmaq adı ilə yaxınlaşıb sonuncuya ailəsində problemlər olduğunu və həmin problemləri dualar oxumaqla həll etməkdə köməklik edəcəyinə inandırdıqdan sonra aralarında olan razılaşmaya əsasən bu məqsədlə Zərərçəkmiş şəxs ilə həmin tarixdə saat 18 radələrində ünvan 4 ünvanında yerləşən istirahət parkında görüşüb sonuncudan yaşadığı mənzildə saxladığı pulları və ağ rəngli parça gətirməsini və həmin pulların üzərinə dua oxuyub geri qaytaracağını bildirdikdən sonra Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanına gedərək evdə saxladığı, özünə məxsus həmin dövrün rəsmi məzənnəsi ilə 15300 manat təşkil edən 9000 ABŞ dolları məbləğində nağd pul vəsaitini götürüb yuxarıda qeyd edilən ünvanda yerləşən istirahət parkına geri qayıdaraq onun göstərişi ilə parkda olan oturacaqda əyləşmiş, o və qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvü Zərərçəkmiş şəxs hər iki tərəfində əyləşdikdən sonra onun dediyinə əsasən Zərərçəkmiş şəxs gətirdiyi parçanı öz ayaqları üzərinə sərib gətirdiyi pulu parçanın üzərinə qoymuş o isə Zərərçəkmiş şəxs ayaqları üzərində pulları parçaya büküb əlini parçaya bükülmüş vəziyyətdə həmin pulun üzərinə qoyduqdan sonra əvvəlcədən aralarında olan cinayətkar razılığa əsasən şəxsiyyəti istintaqa məlum olmayan qrupun digər üzvü ilə birlikdə guya dua oxuyaraq Zərərçəkmiş şəxs fikrini yayındırmaqla parçanın arasında olan 9000 ABŞ dolları məbləğində nağd pulu gizli olaraq götürüb talayaraq, parçanı bükülü vəziyyətdə Zərərçəkmiş şəxs qaytarıb növbəti gün açmasını tapşırmaqla oradan uzaqlaşaraq zərərçəkmiş şəxs Aysel Səliınovaya 15300 manat məbləğində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, o, fala baxmaqla məşğul olur. O, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsində Ayselə yaxınlaşaraq falına baxmaq istəmiş, Aysel vaxtının olmadığını deyərək ona nömrəsini vermişdir. Axşam saatlarında Aysellə Nizami rayonu, “Q.Qarayev” metrosunun yaxınlığında yerləşən parkda görüşmüşdür. O, həmin vaxt tək olmuş, yanında başqa qadın olmamışdır. Aysel 200 manat pulu ona heç bir səbəb olmadan, 9000 ABŞ dolları məbləğində pulu isə falına baxdığı üçün vermişdir. O, həmin pulu ailəsinə, uşaqlarına xərcləmiş, avtomobil almışdır. Məhkəmədən uşaqlarının olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 23 fevral 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs sözügedən ifadəsində göstərmişdir ki, o, səfil həyatı yaşayır, daimi yaşayış yeri yoxdur, dolanışıq ehtiyaclarını dilənçilik etmək və fala baxmaqla təmin edir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə evdən işləmək məqsədi ilə çıxmış və adını bilmədiyi özü kimi həyat tərzi keçirən qadınla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsində sonradan adını bildiyi Zərərçəkmiş şəxs falına baxıb pul almaq məqsədi ilə ona yaxınlaşaraq həmişə fala baxdığı zaman istifadə etdiyi şablon sözlər işlətmiş, dualar edə biləcəyini və bu dualar sayəsində onun bütün işlərinin düzələcəyini bildirmiş, Zərərçəkmiş şəxs ona vaxtının olmadığını, saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev adlanan ərazidə yerləşən istirahət parkında görüşə biləcəyini deyərək özünün mobil telefon nömrəsini ona vermişdir. Saat təqribən 19 radələrində o, yanında olan həmin adını bilmədiyi qadınla birlikdə Nizami rayonu, “Q.Qarayev” metrosu yaxınlığında olan parka gedərək orada Zərərçəkmiş şəxs ilə görüşmüş, Zərərçəkmiş şəxs ona falına baxması məqsədi ilə əvvəlcə 200 manat pul verdikdən sonra o, Zərərçəkmiş şəxs evdəki pullarının da xeyir gətirməsi üçün dualanması məqsədi ilə pulları parçaya bükülmüş şəkildə onun yanına gətirməsini tapşırmışdır. Zərərçəkmiş şəxs yaşadığı evə gedərək onun yanına sellofana bükülü halda 9000 ABŞ dolları gətirdikdən sonra Zərərçəkmiş şəxs skamyada özündən sağ tərəfdə olmaqla özü və yanındakı tanışının arasında oturtmuş, sonra Zərərçəkmiş şəxs onun göstərişi ilə pulu sellofan bükümündən çıxarıb dizinin üzərinə sərdiyi ağ parçanın üstünə qoymuş, o isə Zərərçəkmiş şəxs əvvəl aldığı 200 manat pulu da həmin pulların altına qoyub dualar oxumağa başlayaraq Zərərçəkmiş şəxs fikrini özünə yönəltməklə pullardan yayındırıb həmin pulların hamısını Zərərçəkmiş şəxs qucağından gizli şəkildə götürüb özünün gödəkçəsinin cibinə qoymuş, ağ rəngli parçanı isə büküb əvvəlcədən özü ilə götürdüyü ağ və qırmızı iplərlə bağlayaraq bükümü Zərərçəkmiş şəxs verib yaxasında gizlətməyi və bir gün sonra evdə açmağı tapşırıb onunla sağollaşaraq dərhal həmin yerdən uzaqlaşmışlar. Sonradan əldə etdiyi pulların 3000 manatına 13 fevral tarixində “Sumqayıt” maşın bazarından oğlu Ruslan üçün avtomobil almış, digər məbləğlərlə oğluna toy etmiş və yerdə qalan pulu itirmişdir. Onunla birlikdə olan qadını üzdən tanıyır, lakin adını bilmir və həmin qadının onun pul oğurlamasından xəbəri olmamış və oğurladığı puldan bu qadına verməmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat təqribən 16 radələrində işə gedən zaman Nəsimi rayonu, Ü.Hacıbəyli küçəsində Lida ona yaxınlaşaraq onun haqqında bəzi sözlər demişdir. Lidanın dediyi sözlər onun həyatında olan hadisələrlə üstüstə düşdüyündən ona inanmışdır. Lidaya əlaqə nömrəsini vermiş və onlar “Q.Qarayev” metrostansiyasının yaxınlığında görüşməyə razılaşmışlar. Həmin gün saat 19 radələrində Lida yanında olan tanımadığı qadınla birlikdə onunla ünvan 4 ünvanında yerləşən istirahət parkında görüşmüşdür. Görüş zaman Lida ona evindəki pulların xeyir gətirməsi üçün dua oxumağı təklif etmiş, həmin pulları parça ilə birlikdə onun yanına gətirməsini tapşırmış və bunun üçün ondan 200 manat pul almışdır. Sonra o, evinə gedərək özünə məxsus 9000 ABŞ dollarını götürüb Lidanın yanına qayıtmışdır. Lida onun sağ tərəfində, digər qadın isə sol tərəfində oturmuş, Lidanın tapşırığı ilə pulu dizinin üstünə sərdiyi parçanın üzərinə qoymuşdur. Lida ondan aldığı 200 manat pulu həmin pulun altına qoymuş və yanında olan qadınla birlikdə fərqli dildə dualar oxumuşlar. Sonra Lida pulları ağ rəngli parçaya bükərək ona vermiş və evə aparıb səhərisi gün açmağını tapşırmışdır. O, evə qayıtdıqdan sonra şübhələnməyə başlamış, parçanı açıb baxdıqda içərisinin boş olduğunu görmüş və bu barədə polisə müraciət etmişdir. Ona ümumilikdə 9000 ABŞ dolları məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti vardır. Ona dəymiş ziyanın ödənilməsini istəyir. Dövlət ittihamçısının təqsirləndirilən şəxs barəsində təklif etdiyi cəza ilə razıdır. İş üzrə Şahid ərizə ilə məhkəməyə müraciət edərək xəstəliyi ilə əlaqədar məhkəmə iclasına gələ bilmədiyini, istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 13 fevral 2022-ci il tarixdə özünə məxsus 2900 manata aldığı “Vaz 2109” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili satmaq məqsədi ilə Sumqayıt şəhərindəki avtomobil bazarına gətirmişdir. Avtomobili sonradan adını bildiyi Təqsirləndirilən şəxs 3000 manata baş etibarnamə əsasında satmışdır. Təqsirləndirilən şəxs ona 1700 ABŞ dolları və 150 manat pul vermişdir. Onun Təqsirləndirilən şəxs verdiyi pulun oğurluq olmasından xəbəri olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-93/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - maddi sübut kimi tanımaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına Şahid etibarnamə əsasında aldığı “Vaz 2109” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq gələcəkdə zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi üçün nəzərə alınmışdır. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 5(007)-199/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi pul vəsaiti hesabına aldığı “Vaz 2109” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan qadın barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə ********* saylı cinayət işi ayrılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki: 2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... 10. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək,cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir.... 11. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsə məxsus əmlakı gizli talayaraq oğurlaması tədqiq edilmiş mötəbər və mümkün sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilir və ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsindən CM-nin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmiş, cəzası 4 il 6 aya endirilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 3 il 6 aya endirilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan (Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən 11 saylı cərimə meydançasında saxlanılan) “VAZ 2109” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi müsadirə edilməli və Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsinə yönəldilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 17 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 102 (bir yüz iki) manat (17x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan (Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən 11 saylı cərimə meydançasında saxlanılan) “VAZ 2109” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi müsadirə edilsin və Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsinə yönəldilsin. Təqsirləndirilən şəxs məhkəmədə 17 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 102 (bir yüz iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-234/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-234/2022
22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver