Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-235/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərzadə Fərid Bəşir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1 və Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Neftçala rayonu, Bankə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsində tanışı X1 15 manat pul müqabilində qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, təmiz çəkisi 0,353 qram olan narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Nizami RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 11 dekabr 2023-cü il tarixdə saat 15:10 radələrində ünvan 2 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə, 0,353 qram çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, əməlindən peşman olduğunu bildirmiş, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 11 dekabr 2023-cü il tarixdə, saat 15:10 radələrində ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nin inzibati binasına dəvət etmişlər. Nizami RPİ-də şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümü təqdim edərək içərisində narkotik vasitə “kakos” olduğunu, həmin kütləni Anar adlı tanışından Nizami rayonu ərazisindən istifadə məqsədi ilə 15 (on beş) manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 11 dekabr 2023-cü il tarixdə Nizami rayonunda yaşayan “Anar” adlı şəxsin mütəmadi olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə idarəyə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri zamanı 11 dekabr 2023-cü il tarixdə, saat 15:10-da ünvan 5 ünvanının qarşısında zahiri əlamətləri Anar adlı şəxslə üst-üstə düşən şəxsə və onun yanında olan sonradan şəxsiyyəti müəyyən edilmiş Nizami adlı şəxsə yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını deyərək, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsini qeyd edərək onları Bakı şəhəri Nizami RPİ-nə dəvət etmişlər. Polis İdarəsinin inzibati binasında xidməti otaqların birində videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütləni təqdim edərək masanın üzərinə qoymuş və üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni Anar adlı tanışından bu gün Nizami rayonu ərazisindən istifadə etmək məqsədi ilə 15 (on beş) manata əldə etdiyini qeyd etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 şahid polis baş leytenantı Şahid1 ilə oxşar məzmunda ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - cinayət işinin ayrılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ayrıca icraata ********* cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü şurətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütləni təqdim edərək masanın üzərinə qoymuş, həmin bükümün ona məxsus olduğunu, Anar adlı tanışından Nizami rayonu ərazisindən özü istifadə etmək məqsədi ilə 15 manata əldə etdiyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/6362 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN “zərflər üçün 162” möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərində narkotik vasitəyə oxşar kütlə; Şübhəli şəxs” “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imza, yazılar qeyd edilmiş zərfdəki 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi – 0,353 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Nizami RPİ-nin İŞ-nin baş müstəntiqi Cəmil Məmmədovun vəsatəti təmin edilməmiş və Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir. - başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ilə bağlı əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 X2-Narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 8300 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş – ümumi təmiz çəkisi 0,353 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq 0,303 qram narkotik vasitə- heroin saxlanması üçün Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməlini törətməsini, əməlini etiraf edib, peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin əsas obyektini əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, əlavə obyektini isə ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrin normal fəaliyyətini təmin edən ictimai münasibətlər, konkret insanın-fərdin sağlamlığı təşkil etməsini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün həbsdə saxlanılması həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,303 qram narkotik vasitə- heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 89 (səksən doqquz) manatın yarısı, yəni 44,5 (qırx dörd manat əlli qəpik) manat ekspertiza xərci (qalan məbləğin digər təqsirləndirilən şəxsdən tutulması nəzərə alınmaqla) Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 (iki yüz on) manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 gün həbsdə saxlanılması nəzərə alınmaqla həbsdə saxlamanın bir gününü azadlığın məhdudlaşdırılmasının iki gününə hesablayaraq üzərində 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Neftçala rayonunu tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,303 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 89 (səksən doqquz) manat ekspertiza xərcinin yarısı, yəni 44,5 (qırx dörd manat əlli qəpik) manat Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 210 (iki yüz on) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №1(007)-235/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-235/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver