Məhkəmə qərarları › İş №1(007)-236/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-236/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-236/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mehdi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs “Azərsun Holding”də müfəttiş vəzifəsində işləyərkən onunla birlikdə işləyən Şahid2 holdinqin rəhbərliyinə onun barəsində həqiqətə uyğun olmayan məlumat verməsi ilə əlaqədar həmin məsələni öz aralarında aydınlaşdırmaq məqsədilə 31 yanvar 2021-ci il tarixdə saat 22:30 radələrində ünvan 2 ünvanda yerləşən “Tütün məmulatları istehsalı” zavodunun yaxınlığında Şahid2 və sonuncunun qohumu Zərərçəkmiş şəxslə görüşüb söhbət edərkən Şahid2 barəsində təhqiramiz ifadə işlətməsi səbəbindən Zərərçəkmiş şəxslə aralarında baş vermiş mübahisə zamanı üzərində olan, təyinatı istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən iki dəfə vuraraq sonuncuya döş qəfəsinin ön səthinin sol yarısının bir ədəd, qarının ön divarının sağ yarısının bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. 31.01.2021-ci il tarixdə Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən “Tütün Fabrikinin” yanında Zərərçəkmiş şəxsla aralarında mübahisə baş vermiş və mübahisə zamanı bıçaqla iki dəfə Kamranın bədənindən vurmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyan qohumları tərəfindən tam ödənilmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 31.01.2021-ci il tarixdə yaşadığı mənzildə oğlunun ad gününü qeyd etmişlər. Bacısının əri Şahid2 da onlara gəlmişdir. Saat təxminən 20:00 radələrində Elçin mənzildən çıxmış, ona zəng edərək olduğu yeri demiş, o da Elçinin yanına getmişdir. Elçinlə söhbət edən zaman yanlarında avtomobil dayanmış, Təqsirləndirilən şəxs avtomobildən düşərək onlara yaxınlaşmışdır. Təqsirləndirilən şəxs Elçini təhqir etdiyi üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı Kamran onu bıçaqla vurmuşdur. Təqsirləndirilən şəxs qohumları tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə eyni yerdə işləmişdir. Təqsirləndirilən şəxs “Azərsun Holding”də müdirə xəbərçilik etməkdə onu günahlandırmışdır. 31 yanvar 2021-ci il tarixdə saat 19 radələrində qaynı Kamranın yaşadığı mənzilə gəlmişdir. Təxminən saat 20 radələrində siqaret çəkmək və məclisdə olan səs-küydən aralaşmaq üçün evdən çıxaraq avtomaşına əyləşib avtomaşını “Tütün Fabrikinin” yanına sürərək orada dayanmışdır. Bu zaman Təqsirləndirilən şəxs ona zəng edərək onunla görüşmək istədiyini bildirmiş, o, Kamrana “Tütün Fabrikinin” yanında olduğunu demişdir. Bundan sonra qaynı Zərərçəkmiş şəxs ona zəng edərək harada olduğunu soruşmuş və yanına gəldiyini demişdir. 1-2 dəqiqə sonra Zərərçəkmiş şəxs oraya gəlmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs gəlib onlara yaxınlaşmış, qaynı Kamrana onun barəsində nalayiq sözlər demiş və bu zaman aralarında sözlə mübahisə yaranmışdır. Bir-birilərinin yaxasından tutduqda o, və Təqsirləndirilən şəxs gəldiyi avtomaşının sürücüsü Elnur onları ayırmışlar. Onları ayıran zaman qaynı Kamran qəflətən qışqıraraq bıçaqla vurulduğunu bildirmiş, bu zaman o, bir dəfə yumruqla Təqsirləndirilən şəxs sifət nahiyəsindən vurmuşdur. Bundan sonra Elnur Təqsirləndirilən şəxs avtomaşına əyləşdirərək oradan aparmışdır. O, Kamranı avtomobilinə əyləşdirərək Sabunçu rayonunda yerləşən 3 saylı ŞKX-na aparmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 yanvar 2021-ci il tarixdə saat 20 radələrində dostu Təqsirləndirilən şəxs onunla əlaqə saxlamış və yaşadıqları küçədə görüşmüşlər. Kamran ona Keşlə qəsəbəsində iş yoldaşı ilə görüşəcəyini bildirərək avtomobili ilə onu həmin yerə aparmağını xahiş etmişdir. O, Kamranla razılaşmış və avtomobillə Nizami rayonu Keşlə qəsəbəsində yerləşən “Tütün Fabrikinin” yanına gəlmişlər. “Tütün Fabrikinin” yaxınlığında Təqsirləndirilən şəxs avtomobildən enmiş və ona avtomobildə gözləməyini bildirmişdir. Təxminən 3-5 dəqiqə sonra Kamranla əvvəllər tanımadığı və sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin biri-birilərinin yaxalarından tutmalarını görüb avtomaşından düşərək onlara yaxınlaşmışdır. O və orada olan əvvəllər tanımadığı, sonradan adının Elçin olduğunu bildiyi şəxs onları ayıran zaman qəflətən Zərərçəkmiş şəxs qışqırmış və bu zaman Elçin yumruqla Təqsirləndirilən şəxs sifətindən vurmuşdur. O, onları ayıraraq Kamranı öz idarə etdiyi avtomaşına əyləşdirib avtomobili sürərək oradan uzaqlaşmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 01.02.2021-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında 16.05.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 05.02.2021-ci il tarixli, 106 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin sol yarısının 1 ədəd, qarnın ön divarının sağ yarısının 1 ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yarası, sağ əlin arxa səthinin şişkinlik halında əzilmə və qançırı, sol əlin arxa səthinin qançırları olmuşdur. Qeyd olunan xəsarətlərdən deşilmiş- kəsilmiş yaralar deşici kəsici əşyanın (əşyaların) ola bilsin ki, bıçağın, digər xəsarətlər isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, şəxsin bildirdiyi müddətdə, yəni 31.01.2021-ci il tarixdə yarana bilər, daxilə nüfuz etməyən döş qəfəsinin ön səthinin sol yarısının və qarnın sağ yarısının ön divarının deşilmiş-kəsilmiş yaraları və sağ əlin arxa səthinin qançırla müşayiət olunan şişkinlik halında əzilməsi həm ayrıayrılıqda, həm də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol əlin arxa səthinin qançırları isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarətlərə aid edilir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasının 05.03.2021-ci il tarixli, 487 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ictimai əməli törətdikdən sonra psixi xəstəliyə tutulmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin hərəkətləri idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs ictimai təhlükəli cinayət əməlini törədərkən, törətdikdən sonra, anlaqlılığı istisna etməyən psixi pozuntudan əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 20.05.2021-ci il tarixli, T93/2021 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində solda və qarnın ön divarında sağda daxilə sirayət etməyən deşilmiş-kəsilmiş yara, sağ əlin arxa səthində yumşaq toxumaların əziyi və qançırı, sol əlin arxa səthində qançırlar olmuşdur. Qeyd edilən xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar deşici- kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən, digər xəsarətlər isə küt əşyanın (əşyaların) təsirindən qərarda göstərilən tarixdə və şəraitdə yetirilə bilərdilər, dərəcəsinə görə daxilə nüfuz etməyən yaralar, sağ əldə yumşaq toxumaların əziyi və qançırı istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol əlin arxa səthinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olunduğundan dərəcəsi təyin olunmur. - toplanmış sübutların qiymətləndirilməsi haqqında 26.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmişdir. - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 27.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmişdir. - 27.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 21.06.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmiş, bunları ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs də məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar