Məhkəmə qərarları › İş №1(007)-236/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-236/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-236/2023 13.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X3 katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, heç yerdə işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edərək, üstündə saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.147 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 26 dekabr 2022-ci il tarixdə saat 18:50 radələrində Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilmiş, orada xidməti otaqda üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1.147 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, ünvan 5 ünvanında yaşayır. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan heroin istifadəçisidir. 26 dekabr 2022-ci il tarixdə saat 11 radələrində ünvan 6 ünvanını bilmədiyi bir nəfər şəxsdən 20 manat pul müqabilində şəxsi istifadəsi üçün 01 ədəd şəffaf rəngli sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitə heroini alıb üzərində saxlamışdır. 26 dekabr 2022-ci il tarixdə təxminən saat 18:50 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X5 küçəsi 12 saylı ünvanın yaxınlığında olarkən polis bölməsinin mülki geyimli əməkdaşlarının ona tərəf gəldiklərini görmüşdür. O, narkotik vasitə aludəçisi olduğu üçün və üzərində narkotik vasitə olduğundan iri addımlarla getməyə başlamışdır. Bir qədər sonra polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları nə səbəbdən onları gördükdən sonra surətlə hərəkət etdiyini soruşmuşdur. O, polis əməkdaşlarına fərqli-fərqli cavablar verdiyi üçün polis əməkdaşları onu saxlayaraq polis bölməsinə dəvət etmişlər. O da etiraz etməyib, həmin polis əməkdaşları ilə birlikdə 23-cü Polis Bölməsinə gəlmişdir. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O. əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd əvvəlcədən əldə etmiş olduğu şəffaf rəngli sellofan bükümünü cibindən çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Həmin bükümün nə olması sualına cavab olaraq bildirmişdir ki. “kakos” kimi tanıdığı narkotik vasitə heroindir. Üzərində şəxsi axtarış keçirilməsi davam etdirilmiş, başqa əşya, predmet və maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülən narkotik vasitə olan heroin qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Sonda Təqsirləndirilən şəxs, törətdiyi əməldən səmimi peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-in cinayət axtarış üzrə əməliyyat müvvəkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə 18:50 radələrində iş yoldaşı Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin Cinayət Axtarışı üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, X5 küçəsində xidmət aparan zaman 12 saylı ünvanın yaxınlığında da bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib şəxsiyyətini təsdiq edən sənədini soruşmuşlar. Həmin şəxs üzərində hər hansı bir sənədinin olmadığını bildirmişdir. Həmin şəxs özünü şübhəli apardığından və zahiri əlamətlərtindən narkotik maddə qəbul edən şəxsə oxşadığı üçün ondan sənədlərinin üzərində olmamasının səbəbini soruşduqda həmin şəxs onlara adekvat cavab verərək qaçıb yayınmaq istədiyindən həmin şəxsi saxlayaraq Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin şəxs onlarla razılaşaraq birlikdə Bölməyə gəlmiş və onlar raport yazıb həmin şəxsi bölmənin növbətçi hissəsinə təhvil vermişlər. Bölmədə həmin şəxsin xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Bölmə rəisinin göstərişinə əsasən həmin şəxsin üzərində şəxsi axtarış aparılması və sənədləşmə üçün təhqiqatçı ayrılmışdır. Bundan sonra Bakı Şəhər Nizami RPİ- nin 23-cü PB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş sonra onun və Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə video çəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmağa başlanmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Həmin 01 şəffaf rəngli sellofan bükümünün içərisinə baxdıqda bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümünün içərisində narkotik vasitə heroindir. Təxminən 1 ilə yaxın olar ki, narkotik vasitə qəbul edir. O, həmin heroini 26 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata alıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamış, o, narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 163 nömrəli möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırılmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izahatı alınmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 27 dekabr 2022-ci il tarixli 6/7165 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqdim etdi (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,147 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (siyahı İ) daxildir. Həmin maddənin 0.050 qram hissəsi tədqiqata sərf edilmiş, 1,097 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Bakı Şəhər Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis polis mayoru X1 xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkilləri, baş leytenantı Şahid1 və polis leytenantı Şahid2 və iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etdi. Həmin 01 ədəd şəffaf rəngli sellofan bükümünün içərisinə baxdıqda həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddənin olduğu müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümünün içərisində narkotik vasitə heroindir. O, təxminən 01 ilə yaxın olar ki, narkotik vasitə qəbul edir. O, həmin heroini 26 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 20 manata alıb əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxlamışdır. O, narkotik vasitəni özü istifadə etdiyi üçün alıb, həmin narkotik maddəni yalnız özü istifadə edəcəkdir. Onun narkotik vasitə qəbul etməsindən, saxlamasından ailə üzvlərinin xəbəri olmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirildi və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli sellofan bükümdəki kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 163 nömrəli möhürü ilə möhürlənərək götürüldü. Bundan sonra şəxsi axtarışın çəklişi təhqiqatçı tərəfindən dayandırıldı. Diskdə yazılmış video çəkliş 07 dəqiqə 31 saniyə davam etmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 23 yanvar 2023-cü il tarixli, 314 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 28 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,147 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1.097 qram narkotik vasitə heroinin möhürlənmiş zərfdə qablaşdırılmış vəziyyətdə Nizami RPİnin MSK-na təhvil verilməsinin nəzərə alınması, 26 dekabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə” aparılması prosessual hərəkətini özündə əks etdirən bir ədəd DVD diskin maddi sübut kimi tanınması qərara alınmışdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli, 02 nömrəli Qərarının 4-cü bəndindən görünür ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törətdiyi əməldən səmimi peşman olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17 yanvar 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 155.1.5-ci maddəsinə görə qətimkan tədbiri məhkəmə tərəfindən o hallarda tətbiq oluna bilər ki, cinayət təqibi üzrə toplanmış materiallar şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən məhkəmə hökmünün icrasına maneçilik törədilməsi ehtimalına kifayət qədər əsaslar versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh edilməsinə dair” 09 iyul 2010-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası CPM-in 156.2ci maddəsinə görə cinayət işinə mahiyyəti üzrə baxan məhkəmə öz təşəbbüsü ilə həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar qəbul edə bilər. Bundan əlavə, iş materiallarında olan 26 dekabr 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 28 dekabr 2022ci il tarixli qərardan və qətimkan tədbirinin seçilməsi haqqında 28 dekabr 2022-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs, 26 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 dekabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və 28 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu müddət həbsdə saxlama müddətinə daxil edilir. Buna görə də məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 26 dekabr 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək tutulduğu 02 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəza müddətinə hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 93 və 93- 1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.097 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Habelə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinə əsasən materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 25 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 26 dekabr 2022-ci il tarixdən 28 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyun 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclası zalında həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.097 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 150 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar