Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-237/2020 27.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1996-cı il tarixdə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 131-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Məhəmmədli kəndində yaşayan, xx xxxxxxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 19:30 radələrində texniki cəhətdən saz vəziyyətdə olan və “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz E240” markalı ** EU *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və ya başqa əmlaka zərər vurmamalı olduğu halda bu tələblərə əməl etməyərək idarə etdiyi “Mercedes Benz E240” markalı ** EU *** dövlət nömrə nişanlı avtomobili 10 km/saat sürətlə hərəkət etdirərkən qarşı sol hərəkət zolağına çıxmış və qarşıdan 40 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Yamaha” markalı motosikletlə toqquşmamaq üçün idarə etdiyi avtomobili qarşıdan gələn avtomobilin hərəkət zolağına istiqamətləndirib, yenidən öz hərəkət zolağına qayıdarkən Zərərçəkmiş şəxs2 idarə etdiyi “Yamaha” markalı motosikletlə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 baş beynin yüngül dərəcəli əzilməsi, burun ətrafı ciblərin qansızması, alnın ön səthinin sıyrığı ilə müşayiət olunan alın sümüyünün sınığı, hər iki göz ətrafı nahiyyənin qançırı, sifətin asimmetriyası ilə müşayiət olunan hər iki almacıq sümüyünün yerdəyişən sınığı və sağ yanağın şişkinlik halında əzilməsi, burun belinin sıyrığı ilə müşayiət olunan burun sümüyünün xətti sınığı, üst dodağının iç səthinin qansızması ilə müşayiət olunan 11 və 21 dişlərin (üst 1 sağ və sol kəsici dişlər) İİ dərəcəli laxlaması ilə nəticələnən ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almasına, eləcə də “Yamaha” markalı motosikletin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs2 1275 manat, “Mercedes Benz E240” markalı ** EU *** dövlət nömrə nişanlı avtomobilin zədələnməsi nəticəsində Zərərçəkmiş şəxs1 1570 manat ziyan dəyməsinə səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, xx xxxx 2020-ci tarixdə saat təxminən 19 radələrində o, dostu Cahanla birlikdə Keşlə qəsəbəsi, M.Ağayev küçəsində yaşayan qohumlarının evində olmuşdur. Onlar həmin evdən çıxan zaman Cahan özünü pis hiss etdiyi üçün idarə etdiyi “Mersedes” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün ona vermiş, özü isə qabaq sağ oturacaqda əyləşmişdir. O, həmin avtomobillə M.Ağayev küçəsi ilə Keşlə qəsəbəsi mərkəzi yolu istiqamətində 10 km/saat sürətlə hərəkətdə olan zaman qarşıdan M.Ağayev küçəsi ilə hərəkətdə olan motosikletin sürətlə gəldiyini görmüş, motosikleti idarə edən sürücünün avtomobilin üstünə gəldiyini görüb o, avtomobili yolun sağ hissəsinə çəkərək saxlamışdır ki, motosiklet keçib getsin. Lakin motosikletin qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin qabaq sol hissəsi arasında toqquşma olmuş, motosikleti idarə edən şəxs yerə yıxılmışdır. O, avtomobildən düşərək həmin motosikletçiyə yaxınlaşmış, sonradan tanıyaraq adını bildiyi motosikletçi Zərərçəkmiş şəxs2 xəsarət aldığını görərək dərhal DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gəldikdən sonra hadisəni rəsmiləşdirmişlər, habelə dəvət etdikləri təcili tibbi yardım həkimləri gəlib yaralıya ilkin tibbi yardım göstərərək onu xəstəxanaya aparmışlar. O, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tamamilə ödəmiş, onlardan üzrxahlıq edib səmimi peşmançılığını bildirmişdir. Zərərçəkmiş şəxslər onunla barışmışlar, ona qarşı heç bir tələb, şikayət və iddiaları yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, xx xxxx 2020ci il tarixdə saat 19:30 radələrində özünə məxsus “Yamaha” markalı, dövlət nömrə nişanı olmayan motesikletlə “Nərimanov” metrosunun yanından Keşlə qəsəbəsinə gəlmişdir. Motesikletin arxa oturacağında qayınatası Zöhrab əyləşmişdir. Keşlə qəsəbəsində dar küçə ilə saatda 40-50 km/saat surətlə hərəkət edərkən qarşıdan “Mersedes” markalı avtomobilin onun qarşısına doğru hərəkət etdiyini görmüşdür. Anidən həmin sürücü avtomobilini sola istiqamətləndirmiş, sonra isə öz yoluna qayıtmaq istəyəndə onun idarə etdiyi motesikletlə toqquşmuşdur. Nəticədə o, bədən xəsarəti almış, hadisə yerinə gələn təcili tibbi yardım həkimlərinin köməyi ilə xəstəxanaya aparılmışdır. Hazırda özünü yaxşı hiss edir, hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, “Mersedes” markalı ** EU *** dövlət nömrə nişanlı avtomobili 2013-cü ildə almışdır. Həmin avtomobili idarə etmək üçün oğlu Şahid ertibarnamə vermişdir. xx xxxx 2020-ci il tarixdə Cahan onun mobil telefonuna zəng vurub bildirmişdir ki, Keşlə qəsəbəsində motosiklet onun idarə etdiyi avtomobillə toqquşmuşdur. O, təxminən 10-15 dəqiqə sonra hadisə yerinə getmişdir. Hadisə yerinə gedib çatanda motosikletin sürücüsü hadisə yerində olmamışdır. Cahan ona bildirmişdir ki, motosikletin sürücüsünü xəstəxanaya aparmışlar. Hadisə yerində olan polis əməkdaşı hadisəni sənədləşdirmiş, sonra müəyyən edilmişdir ki, hadisə vaxtı Cahanın yanında olan İlham avtomobili idarə etmiş və onun təqsirindən törənmişdir. Hadisə nəticəsində ona məxsus avtomobilə 1570 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəmişdir, onunla barışmışdır, ona qarşı şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadə verərək göstərmişdir ki, xx xxxx 2020-ci tarixdə o, Keşlə qəsəbəsi, M.Ağayev küçəsində yaşayan qohumlarının evində olmuş, saat təxminən 19 radələrində həmin evdən çıxanda özünü pis hiss etdiyi üçün etibarnamə ilə idarə etdiyi “Mercedes” markalı ** EU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün yanında olan dostu Təqsirləndirilən şəxs vermişdir. İlham avtomobili idarə etmiş, o da avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. İlham avtomobillə Keşlə qəsəbəsi, M.Ağayev küçəsi ilə Keşlə qəsəbəsi mərkəzi yol istiqamətində hərəkətdə olan zaman qarşıdan M.Ağayev küçəsi ilə hərəkətdə olan motosikletçinin sürətlə gəldiyini görmüşlər. İlham avtomobili yolun sağ hissəsinə çəkmək istəyərkən motosikletin qabaq hissəsi ilə avtomobilin qabaq sol hissəsi arasında toqquşma olmuş, hadisə zamanı motosikletçi xəsarət almışdır. İlham DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermiş, o cümlədən təcili tibbi yardım çağırmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -“Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx xxxx 2020-ci il tarixli 2/3630 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə keçirilən müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 13) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 257 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 baş beynin yüngül dərəcəli əzilməsi, burun ətrafı ciblərin qansızması, alnın ön səthinin sıyrığı ilə müşayiət olunan alın sümüyünün sınığı, hər iki göz ətrafı nahiyənin qançırı, sifətin asimmetriyası ilə müşayiət olunan hər iki almacıq sümüyünün yerdəyişən sınığı və sağ yanağın şişkinlik halında əzilməsi, burun belinin sıyrığı ilə müşayiət olunan bürun sümüyünün xətti sınığı, üst dodağın iç səthinin qansızması ilə müşayiət olunan 11 və 21 dişlərin (üst İ sağ və sol kəsici dişlər) İİ dərəcəli laxlaması olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücüsü olduğu hərəkətdə olan motoskletlə hərəkətdə olan avtomobilin toqquşması zamanı yarana bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. (i.v. 23- 24) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 8/534 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Mercedes-Benz markalı, ** EU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə, hərəkət üçün təhlükə yaranan anda Yamaha markalı, motosikletin toqquşma yerindən 25 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamış və onun hadisənin qarşısını almağa texniki imkanı olmamışdır; hərəkət üçün təhlükə yaranan anda Yamaha markalı, motosikletin toqquşma yerindən 25 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində, sürücü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs2 motosikleti dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (i.v. 36-40) -İstintaq eksperimentinin keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, istintaq eksperimentinin keçirilməsi məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsində şahid Zərərçəkmiş şəxs2 idarə etdiyi motosikletin toqquşmayadək qət etdiyi olan məsafəni 3 dəfə ayrıayrılıqda göstərmişdir, birinci halda həmin məsafə 18 metr, ikinci halda 19 metr, üçüncü halda 20 metr təşkil etmişdir. (i.v. 45-46) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 70) -Baş Dövlət X3 Qeydiyyat-İmtahan İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 016-86437- 1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı AD 209254 nömrəli sürücülük vəsiqəsinin verilməsi ilə bağlı məlumatlar mövcuddur. Onun adı nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş və ya sürücülük hüququ məhdudlaşdırılmış şəxslərin siyahısında yoxdur. (i.v. 73) -Bakı şəhəri “xxxx” MMC-dən verilmiş xx xxxxxx 2020-ci il tarixli 38 nömrəli arayışdan və nöqsan aktından görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “Mercedes Benz E240” minik markalı ** EU *** dövlət nömrə nişanlı avtomobilə işçilərin zəhmət haqqı və ehtiyat hissələri ilə birlikdə 1570 manat məbləğində maddi ziyan dəymişdir. (76-77) -Babək prospektində yerləşən maşın bazarının motoservisindən verilmiş xx xxxxxx 2020-ci il tarixli nöqsan aktından görünür ki, “Yamaha” markalı motosikletin təmiri və ehtiyat hissələri ilə birlikdə 1275 manat məbləğində maddi ziyan dəymişdir. (78) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 263.1 və 263-1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, barəsində Azərbaycan Respublikası İXM-nin 340.1-ci maddəsi ilə tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ DYPŞ-nə göndərilmişdir. (i.v. 110-113) Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir, belə olan halda CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, işə baxılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş digər məsələləri həll edərək qeyd edir ki, zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişlər, onlara vurduğu maddi ziyanı ödədiyinə görə təqsirləndirilən şəxslərlə barışmışlar; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya, predmet tanınmamışdır; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 35 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.W.İ.RT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-237/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-237/2020
27.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver