Məhkəmə qərarları › İş №1(007)-237/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-237/2023

11.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-237/2023 11.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləmiş, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M.Ağayev küçəsi ev 44, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2023-cü il tarixdə tutmadan azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 28 aprel 2023-cü il tarixdə haqqında axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 11 may 2023-cü il tarixdə tutulmuş, həmin vaxtdan həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib, saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,08 qram narkotik vasitə heroini əldə etmiş, özündə saxlamaqla daşımış, 05 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində ünvan 1 ünvanın qarşısında özünü şübhəli apardığı üçün Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 118 ünvanında yerləşən Nizami RPİnin 23-cü polis bölməsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 1,08 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illər əvvəl narkotik vasitə qəbul etmiş, sonra buna fasilə vermiş, 2022-ci ilin yay ayından narkotik vasitə heroini falqada yandırıb çəkmək yolu ilə qəbul etməyə başlamışdır. O, narkotik vasitə heroini Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Kaktus” adlanın yerə gedib tanımadığı şəxsdən şəxsi istifadəsi üçün alıb qəbul etmişdir. 05 yanvar 2023-cü il tarixdə günorta saatlarında həmin yerə getmiş və tanımadığı şəxsdən 10 manata bir büküm narkotik vasitə heroini almış və əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur ki, sonradan istifadə edər. Həmin gün saat 18:30 radələrində o, ünvan 1 ünvanın qarşısı ilə piyada hərəkət edərək yaşadığı evə getmək istəmişdir. Bu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin polis əməkdaşları kimi təqdim etmiş və ondan özünü təqdim etməsini istəmişlər. O, özü barədə məlumatları bildirdikdən sonra polislər üzərində şəxsi axtarış aparılması üçün onu 23-cü polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polislərlə birlikdə 23-cü polis bölməsinə getmişdir. Polis bölməsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və vəkil təqdim olunmuşdur. Həmçinin ona izah olunmuşdur ki, video çəkilişlə üzərində şəxsi axtarış aparılacaqdır. O, üzərində şəxsi axtarış aparılan zaman vəkilin iştitakına ehtiyac olmadığını bildirərək bu barədə ərizə yazmış, vəkilin iştirakı olmadan video çəkilişlə üzərində şəxsi axtarış keçirilməsi başlanmışdır. Şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Həmin vaxt o, əynində olan qara göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümdə olan maddə narkotik vasitə heroindir, onu 05 yanvar 2023-cü il tarixdə Yasamal rayonunda tanımadığı, anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata öz istifadəsi üçün almışdır. Həmin büküm polis əməkdaşları tərəfindən açılmış və bükümün içəndə qəhvəyi rəngli maddə aşkarlanmışdır. Maddənin olduğu büküm polis əməkdaşları tərəfindən onun yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşmançılıq çəkdiyini, bir daha belə əməllərə yol verməyəcəyini, himayəsində iki azyaşlı uşağı olduğunu, ailədə yeganə işləyən şəxs olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 05 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində 23-cü polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ilə ünvan 5 ünvanı yaxınlığında xidmət apararkən bir nəfər kişi cinsli şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini təklif etmişlər. Həmin şəxs sənədinin üzərində olmadığını bildirərək söhbətdən yayınıb uzaqlaşmağa çalışmışdır. Həmin şəxsin xarici əlamətlərindən narkotik vasitə aludəçisi olduğu, narkotik vasitə əldə edib saxlaması və daşımasına dair şübhələr yarandığı üçün onu 23-cü polis bölməsinə dəvət etmişlər. Həmin şəxs etiraz etməyib onlarla birlikdə 23-cü polis bölməsinə getmiş, polis bölməsində müəyyən edilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Polis bölməsinin xidməti otaqlarının birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən vəkilin iştitakına ehtiyacı olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra vəkilin iştikarı olmadan videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması, olduğu təqdirdə təqdim edilməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoymuşdur. Sorğu zamanı o, bildirmişdir ki, həmin bir ədəd bükümdə narkotik vasitə heroin vardır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və iştirakçıların yanında həmin bir ədəd büküm açılmış və bükümün içində qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə olan maddə narkotik vasitədir, özünə məxsusdur, 05 yanvar 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Yasamal rayon ərazisində tanımadığı şəxsdən istifadə etmək üçün 10 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, heç bir əlavə və qeyd daxil olmadığından protokol düzgün yazıldığı üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİnin 23-cü polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmadığından onun həmin dövrdə verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş, onun Şahid2la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 06 yanvar 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 05 yanvar 2023-cü il və 14 yanvar 2023-cü il tarixli protokollardan görünür ki, 05 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq 23-cü PB-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə həmin gün saat 19:57-də, video çəkiliş edilməklə, şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümünü çıxarıb təqdim edərək həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, bu narkotik vasitəni 5 yanvar 2023-cü il tarixdə Yasamal rayonu ərazisində tanımadığı bir nəfər şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd şəffaf sellofan büküm açıldıqda onun içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli tozşəkilli maddə olduğu müəyyən edilmiş, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntülərə 14 yanvar 2023-cü il tarixdə baxış zamanı yuxarıda qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 24-25, 84) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 06 yanvar 2023-cü il tarixli 6/50 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 1,08 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 1,08 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 1,03 qram qalıq qalmışdır. (i.v. 35-38) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 13 yanvar 2023-cü il tarixli 145 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 93-94) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator məhkəmə-psixiatrik ekspertizasının 13 yanvar 2023-cü il tarixli 46 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi ehtiyacı yoxdur. (i.v. 95-96) - 03 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Adüxan oğlunun üzərində şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etməsi zamanı qeydə alınmış video görüntü olan bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilərək saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitəyə və psixotrop maddəyə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində Bakı şəhəri Nizami RPİnin 23-cü polis bölməsinin əməkdaşının təklifi ilə narkotik vasitəni könüllü surətdə təhvil verməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə məqsədəmüvafiq hesab edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 1,08 qram narkotik vasitə heroin maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonrakı 1,03 qram hissəsi Bakı şəhəri Nizami RPİ-də maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroinin mənbəyini müəyyən edilməsi istintaq yolu ilə mümkün olmadığından həmin narkotik vasitə heroinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün cinayət işindən material ayrılmış və yoxlanılması üçün Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə göndərilmişdir. (i.v. 97-104) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 17) - 07 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 70-71) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 07 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 72-73) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 19 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 may 2014-cü il tarixli qərarı ilə 03 ay 25 gün cəzasından vaxtından əvvəl şərti azad edilmiş, 22 sentyabr 2014-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. (i.v. 86-87) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədən gizləndiyindən onun haqqında axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinin 13 may 2023-cü il tarixli 1/2- 5732 nömrəli məktubundan və ona əlavə edilən protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə tutulmuşdur. -Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Adil adlı oğlu 21 iyun 2015-ci il tarixdə, Leyla adlı qızı 13 iyun 2021-ci il tarixdə doğulmuşlar. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halın isə olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 05 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 yanvar 2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə 02 gün tutmada saxlanılmış, bundan başqa, o, 11 may 2023-cü il tarixdə axtarışda olan şəxs qismində tutularaq həbs edilmişdir, hal-hazıra, yəni 11 avqust 2023-cü il tarixədək 03 ay həbsdə saxlanılmışdır. Ona görə məhkəmə hesab edir ki, ümumilikdə həmin 03 ay 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunmalı və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış şəxsi axtarış və götürmə aparılmasının video görüntüsünün əks olunduğu bir ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 34 iş saatı müddətinə bərabər sayılaraq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, 11 may 2023-cü il tarixdən 11 avqust 2023-cü il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay, cəmi 03 (üç) ay 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 06 (altı) ay 04 (dörd) gün təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 23:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib, hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,03 qram olan narkotik vasitə heroin məhv edilsin. Məhkəmə məsrəfi olan 88 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 34 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 204 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar