Məhkəmə qərarları › İş №1(007)-237/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-237/2025

16.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-237/2025 16.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 01 avqust 1991-ci il tarixdə Naxçıvan MR Şərur rayonu, Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 96, mənzil 2də qeydiyyatda olan, Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti, ev 77, mənzil 47-də yaşayan, 01 noyabr 2024cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 noyabr 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,527 qram narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlamış, 01 noyabr 2024-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 116 ünvanında yerləşən “Coffelea” adlı kafedə baş vermiş oğurluq hadisəsində şübhəli olduğu üçün Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 86 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 81A ünvanında yerləşən Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparılmış, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd ağ və qırmızı rəngli sellofana bükülmüş təmiz çəkisi 0,527 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 6 ilə yaxındır narkotik vasitələrin aludəçisidir, hər dəfə narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alır və heç kimə təklif etmir. 01 noyabr 2024-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 86 ünvanının yaxınlığında olan zaman iki nəfər mülki geyimdə şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirərək, adını soruşduqdan sonra o, üzərində narkotik vasitə olduğu üçün qaçmaq istəyən zaman polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmış, polis şöbəsinə aparılan zaman ondan qaçmasının səbəbini soruşduqda üzərində narkotik vasitə olduğuna görə qaçmaq istədiyini bildirmişdir. Polis şöbəsində otaqların birində ona hüquq vəzifələri izah olunmuş, hüquqlarını müdafiə etmək üçün onun razılığı ilə vəkil dəvət olunmuş, ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ və qırmızı rəngli rəngli sellofan bükümdə olan bükümü təqdim edərək içərisində narkotik vasitə olan “kakos” olduğunu, 01 noyabr 2024-ci il tarixdə səhər saatlarında Nizami rayonu “8-ci km bazarı”nın yaxınlığında tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Sonra ondan Q.Qarayev prospekti 116 ünvanında yerləşən “Coffelea” adlı obyektdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar məlumatının olub-olmaması barədə soruşduqda o, heç bir oğurluq hadisəsi etmədiyini, belə bir obyektin harada yerləşməsindən məlumatı olmamasını bildirmişdir. Təqdim etdiyi narkotik vasitə polis əməkdaşı tərəfindən ekspertizaya təqdim edilməsi məqsədi ilə kağız zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş, o və digər iştirakçılar tərəfindən həmin zərf imzalanmışdır. Saxlanılan və polis orqanına aparılan vaxt polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki zor və ya təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. İnzibati ərazidə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar icraatlarına əməliyyat tapşırığı daxil olmuşdur. 01 noyabr 2024-cü il tarixdə saat 14:30 radələrində 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidmətdə olan vaxt daxil olmuş əməliyyat məlumatına əsasən Nizami rayonu, Q.Qarayev prospekti, 86 ünvanının yaxınlığında sonradan şəxsiyyəti Təqsirləndirilən şəxs kimi məlum olan şəxsə yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olmalarını, Nizami rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli olmasını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qaçmağa cəhd etmiş, lakin onu saxlayaraq şübhəli şəxs qismində 24-cü polis şöbəsinə aparmışlar. Yolda Təqsirləndirilən şəxs qaçmağının səbəbini soruşduqda o, üzərində narkotik vasitə olduğu üçün qaçmaq istəməsini bildirmişdir. Polis şöbəsində bu barədə raport tərtib olunmuş, sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulan hüquq və vəzifələri izah olunmuş, sonra onların və dəvət olunmuş vəkilin iştirakları ilə videoçəkiliş aparılaraq, Təqsirləndirilən şəxs 29 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 116 ünvanında yerləşən “Coffelea” adlı kafedə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar soruşduqda heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla daşınması, saxlanması və dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının ön sağ yan cibindən 01 ədəd qırmızı və ağ rəngli sellofana bükülü olan bükümü çıxardaraq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da, heç bir qeyri-qanuni əşya aşkar olunmamışdır. Sorğu zamanı şübhəli şəxs bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və həmin gün “8-ci km bazarı” adlanan bazarın yaxınlığında tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsə 20 manat verib alaraq, özü istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə zərfə qoyulub qablaşdırılaraq, möhürlənmiş və bu barədə protokol tərtib olunaraq, protokol və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılan və polis şöbəsinə aparılan vaxt ona qarşı heç bir fiziki zor və təzyiq olunmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 iştirakı mümkün olmadığından həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş, onun Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 02 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 01 noyabr 2024-cü il və 02 noyabr 2024-cü il tarixli protokollardan görünür ki, Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısı tərəfindən polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə, videoçəkiliş aparılmaqla, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edildikdən sonra ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rənli cins şalvarın qabaq sağ yan cibindən qırmızı və ağ rəngli sellofana bükülmüş vəziyyətdə olan bükülü aşkar edilmişdir. 01 ədəd bükülünün içərisinə baxış keçirən zaman içərisindən tünd qəhvəyi rəngli toz şəklində spesifik iyə malik olan kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, “8-ci km bazarı” yaxınlığında tanımadığı şəxsdən 20 manat pul müqabilində 01 noyabr 2024-ci il tarixdə öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş bir ədəd ağ və qırmızı rəngli sellofan bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərə 02 noyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən şübhəli şəxsin və müdafiəçisinin iştirakları ilə keçirilən baxış zamanı yuxarıda qeyd olunan məlumatların həmin görüntülərlə öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 27-28, 57) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 02 noyabr 2024-cü il tarixli 6/5103 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün №164” möhür əksi, “şübhəli şəxs: /imza/ Təqsirləndirilən şəxs; Müdafiəçi: /imza/ X1; Ə/m /imza/ Şahid2; Ə/m /imza/ Şahid1; Tərtib etdi: /imza/ İlqar Məmmədov” yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,527 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 0,527 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,477 qram qalıq qalmışdır. (i.v. 40-43) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasının 02 noyabr 2024-cü il tarixli 7119 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 44-45) - 31 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndi tətbiq edilməmiş, 01 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd ağ və qırmızı rəngli sellofana bükülmüş təmiz çəkisi 0,527 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilərək götürülməsinə dair videoçəkilişin olduğu DVD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi nəzərə alınmış, 01 noyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,527 qram (tədqiqata 0,05 qram sərf edildikdən, sonra qalıq çəkisi 0,477 qram) olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsinin müəyyən edilərək istintaqa təqdim edilməsi məqsədi ilə cinayət işindən ayrıca icraata material ayrılmış və araşdırma aparılması üçün Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinə göndərilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikas CM-nin 177-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 101-108) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin əldə olunma mənbəyi barədə material ayrılmışdır, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 01 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 16) - 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqda məhkəməyə təqdimat verilməsinə dair Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin vəsatətinin müdafiə edilməsindən imtina olunmuş və onun Nizami RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. (i.v. 74-76) - 03 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 77-78) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 noyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 85) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 01 noyabr 2024-cü il tarixdən 03 noyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Ona görə məhkəmə hesab edir ki, həmin 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin olunacaq cəzanın müddətindən çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1 və 51-2.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzasını yaşayış yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli olduğundan, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təqsirləndirilən şəxsdən aşkar edilərək götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə məhv edilməli, içərisində videogörüntülər olan 01 ədəd disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanaraq – 12 saat 6 manatdan, 6 saat 11 manatdan olmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə 01 noyabr 2024-cü il tarixdən 03 noyabr 2024cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) günə bərabər sayılmaqla təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq məhkəmə qərarı olmadan hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək yaşayış yerini, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilən, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,477 qram olan narkotik vasitə heroin məhv edilsin, içərisində videogörüntülər olan 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 60 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 138 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar