Məhkəmə qərarları › İş №1(007)-238/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-238/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-238/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri X2 və X7 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Özbəkistan Respublikasının Mübarək şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 139-1.1-ci maddəsi ilə, xx xxx 1976-cı il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Mahmudkənd kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq, massivində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək gəlir və sair üstünlük əldə etmək məqsədi ilə sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət etmələrindən ötrü qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə ayrı-ayrı şəxslərə elektron icazələri qanunsuz təşkil edərək ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində tanışları X4, Şahid4, Şahid3, Şahid2, Şahid1 və qeyrilərini, ümumilikdə 378 nəfər şəxsi fiziki şəxs kimi öz adlarına olan ********** nömrəli və ********** nömrəli VÖEN-lərlə “Lider Taksi 9900” taksi xidmətinə taksi sürücüsü adı ilə işə götürmə barədə "icazə.e-gov.az" portalına yalnış məlumatlar daxil edib qeyd olunan şəxslərə 21 iyun 2020-ci il tarixdən həmin ilin avqust ayının sonunadək olan müddət ərzində müxtəlif vaxtlarda 378 ədəd elektron icazənin qanunsuz verilməsini təşkil etməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 02 aprel 2020-ci il tarixli, 124 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 18 aprel 2020-ci il tarixli, 144 nömrəli Qərarının, Nazirlər Kabiretinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 01 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının və Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 17 iyul 2020-ci il tarixli, 255 nömrəli Qərarının tələblərinə riayət etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs X6 qabaqcadan əlbir olan bir qrup şəxs halında epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, X6 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək gəlir və sair üstünlük əldə etmək məqsədi ilə sərtləşdirilmiş karantin rejimi dövründə sərbəst hərəkət etmələrindən ötrü qanunvericiliklə müəyyən edilmiş qaydalardan kənar şəkildə ayrı-ayrı şəxslərə elektron icazələri qanunsuz təşkil edərək ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsində tanışları X4, Şahid4, Şahid3, Şahid2, Şahid1 və qeyrilərini, ümumilikdə 378 nəfər şəxsi fiziki şəxs kimi öz adlarına olan ********** nömrəli və ********** nömrəli VÖEN-lərlə “Lider Taksi 9900" taksi xidmətinə taksi sürücüsü adı ilə işə götürmə barədə “icazə.e-gov.az” portalına yalnış məlumatlar daxil edib qeyd olunan şəxslərə 21 iyun 2020-ci il tarixdən həmin ilin avqust ayının sonunadək olan müddət ərzində müxtəlif vaxtlarda 378 ədəd elektron icazənin qanunsuz verilməsini təşkil etməklə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 30 mart 2020-ci il tarixli, 120 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Koronavirus (Covid-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında» 02 aprel 2020-ci il tarixli, 124 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin mücdətinin uzadılması barədə» 18 aprel 2020-ci il tarixli, 144 nömrəli Qərarının, Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 01 may 2020-ci il tarixli, 163 nömrəli Qərarının və Nazirlər Kabinetinin «Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə» 17 iyul 2020-ci il tarixli, 255 nömrəli Qərarının tələblərinə riayət etməyərək vahid niyyətlə əhatə olunan qəsdlə epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmaqla xəstəliklərin, yəni «Koronavirus (COVİD-19) infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən etibarən “Lider taksi 9900" adı altında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə şərikli qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi kimi qeydiyyatda olmuş, vergi ödəmiş və adına VÖEN mövcud olmuşdur. Onlar bu fəaliyyətlə məşğul olmaq üçün ünvan 4 ünvanda ofis icarəyə götürmüşlər. Şəriki Etibarla taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri öz adına olan VÖEN-lə “icazə.e-gov az" portalında qeydiyyatdan keçirmiş və həmin şəxslər Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı almış və özlərinə məxsus olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşlar. Lakin, bəzən Etibarla taksi fəaliyyəti ilə məşğul olmayan şəxslərin karantin rejimi dövründə qanunsuz olaraq sərbəst hərəkət etmələrinə şərait yaratmaq üçün onları öz adlarına olan VÖEN-lə “icazə.e-gov az" portalında qeydiyyatdan keçirmişlər. Belə ki, karantin rejimi dövründə virusun yayılmasının qarşısının alınması üçün insanların sərbəst hərəkət etmələri qanunla məhdudlaşdırılmış, amma taksi fəaliyyəti ilə məşğul olan şəxslərin hərəkətinə icazə verilmişdir. Bəzi tanış şəxslər onların da adlarının VÖEN-lə “icazə.e-gov az” portalında qeydiyyatdan keçirmələrini ondan və Etibardan xahiş etmişlər. Sonuncu ilə pul müqabilində bir neçə nəfər şəxsi və onların idarə etdikləri avtomobilləri öz adlarına olan VÖEN-lə “icazə.e-gov az" portalında taksi sürücüsü kimi qeydiyyatdan keçirmiş, əslində isə həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olmamışlar. Həmin şəxslərin “icazə.egov az” portalında qeydiyyatdan keçirmələrində məqsədləri həmin şəxslərin karantin rejimi dövründə sərbəst hərəkət edə bilmələrinə şərait yaratmaqları olmuşdur. Onların “icazə.egov az" portalında qeydiyyatdan keçirdikləri şəxsləri karantin postlarında saxlayanda həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olduqlarını bildirmiş və həmin şəxslərin anket məlumatlarını “icazə.e-gov az" portalının bazasında yoxlayanda həqiqətən taksi sürücüsü kimi “icazə.e-gov az" portalında qeydiyyatdan keçirildikləri görünmüş, əslində isə həmin şəxslər heç bir taksi fəaliyyəti ilə məşğul olmamışlar. X5 həmin şəxslərdən olmuş və sonuncu karantin rejimi ilə bağlı olaraq şəhərə çıxa bilmədiyinə görə sərbəst hərəkət edə bilməmiş və işlərinin yarımçıq qaldığını bildirərək “icazə.e-gov az" portalından qeydiyyatdan keçirilməsini xahiş etmişdir. Etibarla tanışları Elvini və idarə etdiyi ** VD *** nömrə nişanlı avtomobili öz adlarına olan VÖEN-lə “icazə.e-gov az" portalında qeydiyyatdan keçirmiş, portalda Elvini taksi sürücüsü kimi qeyd etmişlər. Elvinə verilən icazənin müddəti 21 iyun 2020-ci ildən 05 avqust 2020-ci il tarixə qədər yazılmış, əslində Elvin taksi fəaliyyəti ilə məşğul olmamış, idarə etdiyi maşınla şəxsi işləri ilə məşğul olmuşdur. Elvini karantin postlarında saxlayanda özünü taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etmiş, polis əməkdaşları portal bazasında Elvinin adının taksi sürücüsü kimi “icazə.e-gov az" portalında qeydiyyatdan keçirildiyini görmüşlər. Elvinin adı “icazə.egov az” portalında taksi sürücüsü kimi qeyd edilsə də, həqiqətdə taksi fəaliyyəti ilə məşğul olmamışdır. Elvini “icazə.e-gov az" portalında taksi sürücüsü kimi qeydiyyatdan keçirməkdə məqsədləri onun karantin rejimi dövründə sərbəst hərəkət edə bilməsinə şərait yaratmaq olmuşdur. Elvini “icazə.e-qov az” portalında qeydiyyatdan keçirməyə görə 35 manat pul almışlar. Etibarla bundan başqa, tanışları Şahid4, Şahid3, Şahid2 və Şahid1 da eyni qayda ilə «icazə e gov az» portalına daxil etmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X6 ona Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ildən “Lider taksi 9900" adı altında taksi fəaliyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə şərikli qaydada məşğul olmuşdur. Bu fəaliyyətlə məşğul olmaq üçün Təqsirləndirilən şəxs1la birlikdə ünvan 4 ünvanında ofis icarəyə götürmüş və şəriki Edik taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxsləri öz adına olan VÖEN-lə “icazə.e-gov az" portalında qeydiyyatdan keçirmiş, həmin şəxslər də Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı da almış və özlərinə məxsus olan avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşlar. Lakin, Ediklə bəzən taksi fəaliyyəti ilə məşğul olmayan şəxslərin karantin rejimi dövründə sərbəst hərəkət etmələrinə şərait yaratmaq üçün onları öz adlarına olan VÖEN-lə “icazə.e-gov az" portalında qeydiyyatdan keçirmişlər. Belə ki, karantin rejimi dövründə virusun yayılmasının qarşısının alınması üçün insanların sərbəst hərəkət etmələri qanunla məhdudlaşdırılmış, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin hərəkətinə isə icazə verilmişdir. Bəzi tanış şəxslər ondan və Edikdən onların da adlarının VÖEN-lə “icazə.e-gov az” portalında qeydiyyatdan keçirmələrini xahiş etmişlər. Ediklə pul müqabilində bir neçə nəfər şəxsi və onların idarə etdikləri avtomobilləri öz adlarına olan VÖEN-lə “icazə.e-gov az" portalında taksi sürücüsü kimi qeydiyyatdan keçirmiş, əslində həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olmamışlar. Həmin şəxsləri “icazə.e-gov az” portalında qeydiyyatdan keçirməkdə məqsədləri onların karantin rejimi dövründə sərbəst hərəkət edə bilmələrinə şərait yaratmaq olmuşdur. Onların “icazə.e-gov az” portalında qeydiyyatdan keçirdikləri şəxsləri karantin postlarında saxlayanda həmin şəxslər taksi fəaliyyəti ilə məşğul olduqlarını bildirmiş, həmin şəxslərin anket məlumatlarını “icazə.e-gov az” portalının bazasında yoxlayanda həqiqətən də həmin şəxslərin taksi sürücüsü kimi “icazə.e-gov az" portalında qeydiyyatdan keçirildikləri görünmüşdür. Əslində həmin şəxslər heç bir taksi fəaliyyəti ilə məşğul olmamışlar. 2020-ci ilin iyun ayında tanışları Elvin karantin rejimi ilə bağlı olaraq şəhərə çıxa bilmədiyini, sərbəst hərəkət edə bilmədiyini ona görə bütün işlərinin yarımçıq qaldığını bildirmiş və adının “icazə.e-gov az" portalında qeydiyyatdan keçirilməsini onlardan xahiş etmişdir. Ediklə tanışları Elvini və idarə etdiyi ** VD *** nömrə nişanlı avtomobili adlarına olan VÖEN-lə “icazə.e-gov az" portalında qeydiyyatdan keçirərək taksi sürücüsü kimi qeyd etmişlər. Elvinə verilən icazənin müddəti 21 iyun 2020-ci ildən 05 avqust 2020-ci il tarixə qədər yazılmışdır. Elvini karantin postlarında saxlayanda sonuncu özünü taksi fəaliyyəti ilə məşğul olan şəxs kimi təqdim etmiş, polis əməkdaşları həqiqətən Elvinin adının taksi sürücüsü kimi “icazə.e-gov az” portalında qeydiyyatdan keçirildiyini görmüşlər. Elvini “icazə.e-gov az” portalında taksi sürücüsü kimi qeydiyyatdan keçirməkdə məqsədləri onun karantin rejimi dövründə sərbəst hərəkət edə bilməsinə şərait yaratmaq olmuşdur. Elvini “icazə.e-gov az” portalında qeydiyyatdan keçirməyə görə sonuncudan 35 manat pul almışlar. Ediklə bundan başqa, tanışları Şahid4, Şahid3, Şahid2 və Şahid1 eyni qayda ilə «icazə e gov az» portalına daxil etmişlər. Törətdiyi cinayət əməlindən səmimi peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrini cinayət işinin materialları ilə əlaqəli araşdırıb, dövlət ittihamçısının və müdafiəçilərin çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və E.T.Axundovun təqsiri onların etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ölkədə karantin rejimi tətbiq edildiyinə görə insanların hərəkəti qanunla məhdudlaşdırılmış, ona görə şəxsi işləri ilə bağlı heç bir yerə çıxa bilməmiş, sərbəst hərəkət etməsi üçün icazəsi olmamışdır. «Lider taksi 9900» xidmətində istənilən şəxsin “icazə.e-gov az” portalında qeydiyyatdan keçirildiyini, bundan sonra sərbəst hərəkət etməyin mümkün olduğunu bilmişdir. Həmin xidmətin sahibləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. 2020-ci ilin iyun ayında Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs2la Bakı şəhəri, Nizami rayonunda Nizami rayon İcra hakimiyyətinin arxasında görüşmüş, karantin rejimi vaxtı sərbəst hərəkət etmək istədiyini, lakin hər hansı bir icazəsinin olmadığını bildirmiş və onu “icazə.e-gov az” portalına daxil etmələrini xahiş etmişdir. Edik “icazə.e-gov az” portalına onu «Lider taksi 9900 xidmətinin taksi sürücüsü adı ilə daxil edə biləcəyini bildirmiş və bunun üçün pul istəmişdir. Dəqiq xatırlamadığı məbləğdə pulu Edikə vermişdir. Sonuncu onu “icazə.e-gov az” portalına «Lider taksi 9900 xidmətinin sürücüsü kimi daxil etmiş, həmin vaxtdan sonra karantin rejimi vaxtı şəxsi işləri ilə bağlı olaraq sərbəst şəkildə hərəkət edə bilmiş, lakin «lider taksi 9900» xidmətində işləməmiş və həmin xidmətə aidiyyəti olmamışdır. İcazə portalında adı «lider taksi 9900» xidmətinin sürücüsü kimi qeyd edilsə də, həmin taksi xidmətinin sürücüsü işləməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, karantin rejimi tətbiq edildiyinə görə insanların hərəkəti qanunla məhdudlaşdırılmış və bu səbəbdən şəxsi işləri ilə bağlı olaraq heç yerə çıxa bilməmiş, sərbəst hərəkət etməsi üçün icazəsi olmamışdır. «Lider taksi 9900» xidmətində istənilən şəxsin “icazə.e-gov az” portalında qeydiyyatdan keçirildiyini bilmişdir. Həmin xidmətin sahibləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. Sonuncularla 2020-ci ilin iyun ayında Bakı şəhəri, Nizami rayonunda Nizami rayon icra hakimiyyətinin arxasında görüşmüşdür. Karantin rejimi vaxtı sərbəst hərəkət etmək istədiyini, lakin icazəsinin olmadığını bildirmiş və adının “icazə.e-gov az” portalına daxil edilməsini Edik və Etibardan xahiş etmişdir. Edik onun adını “icazə.e-gov az” portalına «lider taksi 9900 xidmətinin sürücüsü kimi daxil edə biləcəyini demiş və bunun üçün 35 manat istəmişdir. Edikə 35 manat pul vermiş və sonuncu onun adını “icazə.e-gov az” portalına «lider taksi 9900 xidmətinin taksi sürücüsü kimi daxil etmiş, həmin vaxtdan sonra o, karantin rejimi vaxtı özünə məxsus «Opel Astra» markalı **-FM-*** nömrəli maşınla fərdi şəkildə, heç bir şirkətlə bağlı olmadan taksi fəaliyyəti ilə məşğul olmuşdur. «Lider taksi 9900» xidmətində işləməmiş və həmin xidmətə aidiyyəti olmamışdır. İcazə portalında adı «lider taksi 9900» xidmətinin sürücüsü kimi qeyd olusa da, həmin taksi xidmətinin sürücüsü işləməmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunaraq tədqiq edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 25 noyabr 2020-ci il tarixli, KEŞ-553 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 koronavirusa (Covid-19) virusuna yoluxduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (Covid-19) bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 25 noyabr 2020-ci il tarixli, KEŞ-553.1 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 koronavirusa (Covid-19) virusuna yoluxduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (Covid-19) bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizanın 25 noyabr 2020-ci il tarixli, KEŞ-553.2 nömrəli rəyindən görünür ki, X1 (Covid-19) virusuna yoluxduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla bədənində, paltarında və ya sair formada koronavirusun (Covid-19) bir yerdən başqa yerə daşıması və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. İş materiallarında olan «Taxes.gov.az» internet saytından vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi» bölməsinə baxış keçirilməsi haqqında 04.12.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlarla iş üzrə baş idarəsi tərəfindən ********** nömrəli VÖEN-lə, Təqsirləndirilən şəxs2 isə ********** nömrəli VÖEN-lə vergi uçotuna götürülmüşdür. İş materiallarında olan “icazə.e-gov.az” portalına və həmin portaldan əldə edilmiş çıxarışlara baxış keçirilməsi haqqında 04.12.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz adlarına olan VÖEN-lərlə 378 nəfər şəxsi taksi sürücüsü adı ilə “icazə.e-gov.az” portalına daxil etmişlər. Həmin 378 nəfər şəxsin anket məlumatları qeyd edilən çıxarışda öz əksini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 31.05.2021 -ci il tarixli, **********204100 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 (VÖEN **********) 14.05.2020-ci il tarixdə, Təqsirləndirilən şəxs1 (VÖEN **********) 24.10.2016-cı il tarixdə vergi orqanında vergi ödəyicisi kimi uçota alınmışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər hansı müəssisənin rəhbəri kimi vergi orqanında qeydiyyatda olması barədə məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən daxil olmuş 31.05.2021-ci il tarixli, **********179800 nömrəli məktubdan görünür ki, "xxxx" MMC 16.05.2018-ci il tarixdə vergi orqanında qeydiyyata alınmış, rəhbəri X8, fəaliyyət növü taksi fəaliyyətidir və 24.06.2020-ci il tarixli ərizəyə əsasən fəaliyyəti müvəqqəti dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 03 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan sübutları tədqiq və təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə eyni zamanda, Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında və tamah məqsədi ilə törətməsinin təqsirli bilindiyi maddədə tövsifedici əlamət kimi nəzərdə tutulmadığını nəzərə alaraq, həmin halları Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində, cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında və tamah məqsədi ilə törətməsinin təqsirli bilindiyi maddədə tövsifedici əlamət kimi nəzərdə tutulmadığı üçün Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Eyni zamanda, məhkəmə tərəfindən cəza təyin edilərkən, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin edilmiş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ədalətli cəza təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin oluna bilər. Məhkəmə eyni zamanda yuxarıda qeyd olunan xüsusatları və işin hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində cərimə cəzası təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkil X2 məhkəmədə iştirak etdiyi cəmi 60 iş saatı və vəkil X7 məhkəmədə iştirak etdiyi cəmi 60 iş saatı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 360 (üç yüz altmış) manat və müdafiəçi X11 360 (üç yüz altmış) manat dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz manat) məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2500 (iki min beş yüz manat) məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə və Təqsirləndirilən şəxs2 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri X3 və X11 ayrı-ayrılıqda VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar