Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-238/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X1 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, təqsirləndirilən şəxsxx xxxxx 1988-ci ildə Qusar rayonunun Köhnə Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qusar rayonu Köhnə Xudat kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 1,750 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 28 noyabr 2023-cü il tarixdə saat 23:05 radələrində ünvan 2 ünvanının qarşısında Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən şübhəli bilindiyi üçün saxlanılaraq Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23cü PB-nə gətirilib polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ümumi təmiz çəkisi 1,750 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Nizami rayonu ərzisində olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona narkotik vasitələrin qanunsuz olaraq istifadəsində şübhəli olduğunu bildirib polis bölməsinə dəvət etmişlər. O etiraz etmədən polis əməkdaşları ilə birlikdə Nizami RPİ-nin 23-cü PB-nə gəlmişdir. Polis bölməsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. O üzərində olan bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu, psixotrop maddəni Nərimanov rayonu ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Əməlindən peşmandır. Himayəsində 3 uşağı vardır, ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, hal-hazırda Bakı şəhəri Nizami rayon Polis İdarəsinin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində bildirmişdir ki, 28 noyabr 2023-cü il tarixdə əməliyyat müvəkkili Şahid2 ilə xidməti ərazidə olan zaman ünvan 2 ünvanının qarşısında xarici əlamətlərinə görə narkotik vasitələrin istifadəsində və saxlanmasında kifayət qədər şübhələr yaradan bir nəfər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs verilmiş suallara cavab verərkən özünü qeyri-səmimi apardığından onlarda şübhələr yaranmış və onu 23-cü PB-nə gətirmişlər. Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükülünü çıxarıb təqdim edərək həmin bükümdə psixotrop maddə olduğunu, Nərimanov rayonu ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü Polis Bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - şəxsi axtarış və götürmə aparılması haqqında 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Nizami RPİ-nin 23-cü Polis Bölməsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardıb təqdim etmiş və həmin bükümün içərisində “patı” kimi tanıdığı metamfetamin olduğunu, Nərimanov rayonu ərazisindən tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının nəticələrinə dair 29 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6206 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163” dairəvi möhür əksləri olan, “şübhəli şəxs: Təqsirləndirilən şəxs “imza”” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,750 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi 1,750 qram olub, 0,050 qramı tədqiqata sərf edilmiş, 1,700 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 89 manatdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 yanvar 2024-cü il tarixli 84 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - maddi sübut kimi tanıma haqqında 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1,750 qram olan metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq çəkisi 1,700 qram olan metamfetamin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Ayşə Məmmədxanova, xx.xx.2016-cı il təvəllüdlü Kənan Məmmədxanov və xx.xx.2017-ci il təvəllüdlü Fatimə Məmmədxanova adlı üç azyaşlı uşağı vardır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: 13 dekabr 2023-cü il tarixədək olan redaksiyada verilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində üç azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən olunmadı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixində qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,750 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib saxlamış, bu cinayətə görə barəsində həbs qətimkan tədbiri seçilməməsindən istifadə edərək ibtidai istintaqın getdiyi dövrdə 30 noyabr 2023-cü il tarixində nəqliyyat vasitəsini psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir. Təqsirləndirilən şəxs barəsində tətbiq edilən inzibati tənbeh tədbirindən lazımi nəticə çıxarmamış, məhkəmə istintaqının getdiyi dövrdə 14 mart 2024cü il tarixdə nəqliyyat vasitəsini narkotik vasitənin qəbulu nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən Abşeron Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən ona qarşı humanist münasibət göstərilib barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsindən lazımi nəticə çıxarmamış, islah yoluna qədəm qoymamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetaminin külli miqdar hesab olunan 2 qramdan bir qədər aşağı miqdarda (1,750 qram) olması cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs 28 noyabr 2023cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablamaqla nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19 - 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 02 aprel 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,700 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 23 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 138 manat (23x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,700 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 89 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs 23 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 138 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli
Məhkəmə qərarları › İş №1(007)-238/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-238/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver