Məhkəmə qərarları › İş №1(007)-239/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-239/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-239/2023 14.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 20 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022-ci ildə cəza müddəti başa çatmış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 31 oktyabr 2022-ci ildə saat 13:20 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 nömrəli ünvanda yerləşən telefon mağazasının içərisində olan lombarda müştəri qismində daxil olaraq lombardda heç kimin olmadığından istifadə edib saxlanc yeri hesab olunan masanın sürməsini açıb qanunsuz daxil olaraq içərisində Zərərçəkmiş şəxs2 məxsus üzərində 05 manat dəyərində ***-***-**-** nömrə ilə işləyən 445 manat dəyərində bir ədəd “Xiaomi Redmi” markalı 9T modelli mobil telefonu və Zərərçəkmiş şəxs1 məxsus üzərində 12 manat dəyərində ekran qoruyucu, 08 manat dəyərində ***-***-**-** nömrə və 25 manat dəyərində bir ədəd dəri mobil telefon koburoda olan 1200 manat dəyərində “Samsung” markalı S10+ modelli mobil telefonu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 450 manat, Zərərçəkmiş şəxs1 1245 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,072 qram narkotik vasitə heroin əldə etmiş, özündə saxlamaqla daşımış, 03 dekabr 2022-ci ildə saat 12 radələrində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında 31 oktyabr 2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 74 nömrəli ünvanda yerləşən lombarddan oğurluq cinayətinin törədilməsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81B ünvanında yerləşən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın kiçik sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 1,072 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilərək, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 oktyabr 2022-ci ildə o, özünə məxsus mobil telefonu girov qoyub pul götürmək üçün Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 nömrəli ünvanda yerləşən lombarda getmişdir. Lombarda daxil olanda görmüşdür ki, heç kim yoxdur. Lombardda olan masanın sürməsini açmış və dolabda olan sellofana bükülmüş iki ədəd mobil telefonu görüb götürmüşdür. O, həmin iki ədəd mobil telefonu əynində olan gödəkçənin cibinə qoyub lombarddan çıxıb getmişdir. O, sonradan oğurladığı mobil telefonlara baxmış və görmüşdür ki, oğurladığı mobil telefonlardan biri “Redmi” markalı, digəri isə “Samsung” markalıdır. Sonra o, ünvan 8 ünvanında yerləşən lombarda getmiş və “Redmi” markalı mobil telefonunu girov qoyub, 100 manat götürmüşdür. “Samsung” markalı telefonu tanımadığı şəxsə satmışdır. Pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Onun üzərində narkotik vasitə olmayıb, bölmədə cibinə qoymuşlar. Məhkəmədən ailəsinin yeganə qazanc gətirəni olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməlləri törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ona pul lazım olduğuna görə özünə məxsus bir ədəd “Xiaomi Redmi” markalı mobil telefonu Q.Qarayev prospektində yerləşən lombarda girov qoyub 110 manat pul götürmüşdür. Bir müddətdən sonra pulu düzəldib həmin lombarda getmiş və mobil telefonunu geri almaq istəmişdir. Lombardda işləyən şəxs ona bildirmişdir ki, lombardda heç kimin olmadığı vaxt naməlum şəxs lombarda girib masanın sürməsində olan ona və digər müştəriyə məxsus mobil telefonu oğurlamışdır. Sonradan müstəntiq onunla əlaqə saxlayaraq telefonunun digər bir lombardda olduğunu bildirmişdir. Ona məxsus telefon qaytarılmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, pula ehtiyacları olduğu üçün həyat yoldaşı özünə məxsus telefonu Q.Qarayev prospektində yerləşən lombarda onun adına girov qoyaraq 400 manat pul götürmüşdür. 3-4 gün keçdikdən sonra pulu ödəyib telefonu geri götürmək üçün həyat yoldaşı ilə birlikdə lombarda getmişlər. Lombardda telefonun naməlum şəxs tərəfindən oğurlandığını bildirmişlər və oğurluğun əks olunduğu videonu onlara göstərmişlər. Dəymiş ziyan ödənilməyib, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin əməliyyat müvəkkili polis kapitanı Şahid4 ifadəsində göstərmişdir ki, Nizami rayonu ərazisində mağazanın daxilində olan lombard şöbəsindən naməlum şəxs tərəfindən iki ədəd mobil telefonun oğurlanması barədə məlumat daxil olmuşdur. Əməliyyat müvəkkili polis leytenantı Şahid5 ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 9 ünvanın yaxınlığında həmin oğurluq cinayətini törətməkdə şübhəli bilinən və xarici görkəmindən narkotik vasitə aludəçisinə bənzəyən Təqsirləndirilən şəxs saxlamışlar və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Polis Şöbəsinə gəlmişdir. Xidməti otaqların birində videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümün içərisində olan narkotik vasitəyə bənzər maddəni təqdim etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin əməliyyat müvəkkili Şahid5 Şahid4 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid2 onun obyektində lombard fəaliyyəti ilə məşğul olur. Hadisə olan gün o, icarəyə verdiyi mağazaya getmiş, həmin vaxt Şahid2 işə gəlməsə də lombardın qapısı açıq vəziyyətdə olmuşdur. Mobil telefon mağazasında bir neçə müştəri olmuşdur. Sonradan Şahid2 ona zəng vurub lombardda olan masanın sürməsindən girov qoyulmuş iki ədəd mobil telefonun oğurlandığını bildirmişdir. Mağazada olan müşahidə kamerasının görüntülərinə Şahid2la baxdıqda məlum olmuşdur ki, bir nəfər şəxs lombarda daxil olub heç kimin olmamasından istifadə edərək masanın sürməsini açıb və sürmədə olan bir ədəd “Redmi” markalı və bir ədəd “Samsung” markalı mobil telefonları götürüb cibinə qoyub getmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, obyekt icarəyə götürüb orada lombard fəaliyyəti ilə məşğul olur. Girov götürdüyü bir ədəd “Redmi” və bir ədəd “Samsung” markalı mobil telefonları lombardda olan masanın sürməsinə qoymuşdur. Müştəri lombarda gələrək girov qoyduğu mobil telefonunu götürmək istədiyini bildirmişdir. Masanın sürməsini açıb mobil telefonu götürmək istəyən zaman orada olan bir ədəd “Samsung” markalı və bir ədəd “Redmi” markalı mobil telefonların yerində olmadığını görmüşdür. Mağazada olan müşahidə kamerasının görüntülərinə baxdıqda məlum olmuşdur ki, bir nəfər şəxs lombarda daxil olub heç kimin olmamasından istifadə edərək masanın sürməsini açıb və sürmədə olan bir ədəd “Redmi” markalı və bir ədəd “Samsung” markalı mobil telefonları götürüb cibinə qoyub getmişdir. İş üzrə Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid1 istintaqda verdiyi ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 29 nömrəli qeyri-yaşayış obyektini icarayə götürüb orada lombard fəaliyyəti ilə məşğul olur. O, müraciət edən müştərilərdən girov götürüb 08-20 faiz olmaqla 10 gündən 1 ay müddətinə müxtəlif məbləğlərdə ssuda verir. 31 oktyabr 2022-ci ildə saat 17 radələrində o, lombardda olan zaman tanımadığı orta yaşlı bir nəfər kişi gəlmiş və demişdir ki, mobil telefonu girov qoyub bir ay müddətinə 100 manat götürmək istəyir. O, həmin şəxsin girov qoyacağı mobil telefonla maraqlanmışdır. Həmin şəxs bir ədəd “Redmi” markalı mobil telefonu göstərmişdir. O, mobil telefona baxmış və sənədləri ilə maraqlanmışdır. Həmin şəxs demişdir ki, mobil telefonun sənədləri evdə qalıb, lazım olsa gətirər. O, həmin şəxsin şəxsiyyət vəsiqəsini istəmiş, həmin şəxs şəxsiyyət vəsiqəsini ona təqdim etmiş və məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs mobil telefonun kimə məxsus olması ilə maraqlanmış və Təqsirləndirilən şəxs demişdir ki, özünə məxsusdur. Bundan sonra o, qəbz tərtib etmişdir ki, bir ədəd “Redmi” markalı mobil telefonu girov götürüb 1 ay müddətinə 20 faiz olmaqla 100 manat verir. Həmin mobil telefonun oğurluq olmamasını Təqsirləndirilən şəxs təsdiq etmişdir. Həmin vaxtı o, “Redmi” markalı mobil telefonu girov götürüb 100 manat pulu Təqsirləndirilən şəxs vermişdir. 03 noyabr 2022-ci ildə o, lombardda olan zaman Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları gəlib bildirmişlər ki, 31 oktyabr 2022-ci ildə digər lombarddan bir ədəd “Samsung” və bir ədəd “Redmi” mobil telefon oğurlanmış və həmin mobil telefonların girov qoyulması barədə maraqlanmışlar. O, polis əməkdaşlarına bildirmişdir ki, 31 oktyabr 2022-ci ildə bir nəfər “Redmi” markalı mobil telefonu girov qoyub 100 manat götürmüşdür. Bundan sonra polis əməkdaşları oğurlanmış mobil telefonun imei kodu ilə lombarda girov qoyulmuş mobil telefonunun imei kodunu tutuşdurmuşlar və məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun lombardına girov qoyduğu bir ədəd “Redmi” markalı mobil telefon 31 oktyabr 2022-ci ildə qonşu lombarddan oğurlanmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin və girov müqaviləsinin surətini polis əməkdaşına vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul olunmuşdur. - şübhəli şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın kiçik sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni özü istifadə etməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində ünvan 10 ünvanda yerləşən lombarddan “Samsung” və “Redmi” markalı mobil telefonlar oğurladığını, “Samsung” markalı telefonu “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 280 manata satdığını, “Redmi” markalı mobil telefonu “Neftçilər” metrostansiyasının yaxınlığında lombarda girov qoyaraq 100 manat pul götürdüyünü bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6882 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Zərflər üçün № 164” dairəvi möhür əksi olan, “şübhəli şəxs (imza) Əbdürahibov” yazısı və imzalar olan zərfdəki 01(bir) ədəd bükümdə təmiz çəkisi 1,072 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-639/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - maddi sübut qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş təmiz çəkisi – 1,072 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq hissəsi-1,022 qramı Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 7753 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022ci il tarixli, 3439 saylı rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyət psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 74 nömrəli ünvanda yerləşən lombarddan oğurluq etməsinə dair videogörüntünün əks olunduğu 01 ədəd DVD disk və üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd DVD disk, həmçinin Təqsirləndirilən şəxs “Redmi” markalı telefonu girov qoymasına dair xx.xx.2022-ci il tarixli, 000439 nömrəli girov müqaviləsi madd sübut kimi tanınmış, saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. - 01 ədəd “DVD” diskə köçürülmüş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının kiçik sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni özü istifadə etməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 40 manata aldığını bildirmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələr ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-heroin əldə edib saxlaması və ünvan 10 ünvanda yerləşən lombarddan iki ədəd telefon oğurlaması tədqiq edilmiş sübutlarla tamamilə sübuta yetirildi. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmamasına dair ifadəsi özünü müdafiə xarakterli, məsuliyyətdən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olundu. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli tələbnamədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(007)-211/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(007)-779/2022 saylı qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 1 ay 20 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən iki il keçmədiyinə görə məhkumluğu ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, evli olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayətlər törətməsini nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində törətdiyi hər iki cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də, əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtardıqdan sonra məhkumluğu ödənilməmiş və götürülməmiş yenidən qəsdən cinayət törətmiş təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19- 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli; onun həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,022 qram narkotik vasitəheroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 2 ədəd “DVD” disk və xx.xx.2022-ci il tarixli, 000439 nömrəli girov müqaviləsi cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 45 (qırx beş) iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 270 (iki yüz yetmiş) manat (45x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplayaraq Təqsirləndirilən şəxs qəti cəza – 3(üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,022 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 2 ədəd “DVD” disk və xx.xx.2022-ci il tarixli, 000439 nömrəli girov müqaviləsi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 45 (qırx beş) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 270 (iki yüz yetmiş) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar