Məhkəmə qərarları › İş №1(007)-24/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-24/2021

17.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-24/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxs X3 hüquqi varisi-X2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1995-ci il tarixdə Saatlı rayonunun Şirinbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, həmin cərimə məbləğini ödəməmiş, Beyləqan rayonu, 1-ci Şahsevən kəndində qeydiyyatda olan, xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxx 2020ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edərək, silah qismində istifadə edilən mətbəx bıçağını tətbiq etməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxslərə müqavimət göstərməklə onlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, xx xxxxxx 2016-cı il tarixdə saat 22 radələrində ictimai yer sayılan Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, məhəllə 2387-də yerləşən 75A saylı binanın qarşısında kənar avtomobili saxlamaması barədə həmin binanın mühafizəçisi Zərərçəkmiş şəxs2 ona müraciətini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan öz üstünlüyünü nümayiş etdirib insanların sıx olduğu həmin ərazidə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinadsızlıq göstərməklə hamı tərəfindən qəbul olunmuş davranış, əxlaq mənəviyyat normalarını tapdalayaraq, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməklə ətrafda yaşayan vətəndaşların dincliyini pozmaqla Zərərçəkmiş şəxs2 ünvanına nalayiq ifadələr işlətməklə zor tətbiq edərək sonuncunu itələyib yerə yıxmış, bu zaman bina sakinləri Zərərçəkmiş şəxs1 və X7 onun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən sonuncuların ictimai borcunu yerinə yetirməsini cüzi səbəb kimi bəhanə edərək qərəzli hərəkətlərini davam etdirib onlara müqavimət göstərməklə silah qismində istifadə etdiyi mətbəx bıçağından istifadə edərək zor tətbiq edib qəsdən həmin bıçaqla Zərərçəkmiş şəxs1 sağ qolundan bir dəfə vurub sonuncuya sağ saidin ön səthinin bir ədəd kəsilmiş, sağ saidin arxa-bayır səthinin bir ədəd deşilmişkəsilmiş yaraları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərəvurmaya aid edilən xəsarətlər yetirmiş, bundan sonra qeyd edilən bıçaqla qəsdən X3 da sol qol və baş nahiyəsinə iki dəfə vurub zor tətbiq edərək sonuncuya sağ qaşın tış kənarının səthi kəsilmiş yarası, sol bazunun bayır səthinin və sol saidin arxa səthinin kəsilmiş yaraları ilə nəticələnən, ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2016-cı ildən Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsində yerləşən avtoyuyucu məntəqəsində işləmişdir. xx xxxxxx 2016-cı il tarixdə saat 21 radələrində işlədiyi avtoyuma məntəqəsinə bir nəfər qadın gəlib özünə məxsus şirkət nömrəsi ilə “Kia” markalı avtomaşınını yuduzdurmaq istədiyini bildirmişdir. Həmin qadın avtomaşını yuduqdan sonra yaxınlıqdakı binanın həyətində park etməyini xahiş etmişdir. O da həmin qadına məxsus avtomaşını yuduzdurduqdan sonra, saat 22 radələrində həmin “Kia” markalı avtomaşını yaxınlıqdakı ünvan 1 ünvanındakı binanın həyətinə doğru hərəkət etdirərək orada saxlamışdır. Bu vaxt bir nəfər tanımadığı yaşlı kişi, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 ona yaxınlaşaraq orada maşın saxlamamasını demişdir. O, avtomaşını məhəllədə yerləşən yolun digər tərəfində saxladıqda Zərərçəkmiş şəxs2 avtomaşını oradan da götürməsini demişdir. O, mübahisə etməyə başladıqda, Zərərçəkmiş şəxs2 avtomaşının qapısını açaraq onun üz nahiyəsindən bir dəfə əlinin içi ilə vurmuşdur. O, avtomaşından düşmüş və Zərərçəkmiş şəxs2la mübahisəni davam etdirmişdir. Həmin vaxt o, əsəbləşdiyi üçün Zərərçəkmiş şəxs2 yüngül itələmişdir. Bu zaman məhəllədə olan şəxslər ora yaxınlaşmışlar və onlardan adlarını sonradan bildiyi X7 və Zərərçəkmiş şəxs1 onunla mübahisə edərək Zərərçəkmiş şəxs2 itələdiyini ona irad tutmuşlar. Sonra həmin yerə çox sayda bina sakinləri toplaşmışlar. Nuran və Həsən adlı şəxslər onunla mübahisə etmiş, ona əl-qol atmaq istəmişlər. O da Həsən və Nurana əsəbi olduğundan avtomaşına oturmuş, avtomaşının açarını axtarmışdır ki, işə salıb çıxıb getsin. Lakin həyəcanlı və əsəbi olduğundan avtomaşını idarə edə bilməmiş və avtomaşını orada qoyaraq həmin şəxslərə “gözləyin, gəlirəm” deyib işlədiyi avtoyuyucu məntəqəsinə getmiş, oradan mətbəx bıçağını götürüb həmin şəxslərin olduqları yerə qayıtdıqda Zərərçəkmiş şəxs1 atası Həsən Quliyev onun qarşısını kəsmişdir. Bu zaman o, əsəbindən Həsən Quliyevin qolundan bıçaqla vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs1 onu saxlamaq istədikdə, o, Zərərçəkmiş şəxs1 də itələyərək sağ qolundan bıçağı salmışdır. Nuranın atası Həsən onları ayıran zaman bıçaqla Həsənin çiyin nahiyəsindən vurduqdan sonra hadisə yerindən qaçıb getmişdir. O, həmin şəxsləri vurduğu bıçağı hadisədən sonra Günəşli qəsəbəsində yerləşən zibil yeşiyinə atmışdır. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir, kənarda təxminən 7-8 nəfər bina sakini və yoldan keçən şəxslər toplaşmışlar. Hadisə zamanı o, əsəbi olduğu üçün söyüş söymüş və nalayiq ifadələr işlətmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissləri keçirdiyini, zərərçəkmiş şəxslərdən birinin onunla barışdığını göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə saat 22 radələrində mərhum atası Həsənlə birlikdə yaşadığı Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, məhəllə 2387, ev 75A ünvanının qarşısında olmuşdur. Həmin vaxt binanın nəzarətçisi kimi tanıdığı, təxminən 65 yaşlarında Zərərçəkmiş şəxs2 bir nəfər tanımadıqları, adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə mübahisə etdiyini görmüşlər. Atası Həsən onlara yaxınlaşmış, o da həmin vaxt bir qədər aralıda dayanmış və söhbətlərinə qulaq asmağa başlamışdır. Bahəddin və Adilin yanında həmin vaxt mərhum atası və binanın digər ağsaqqalları olmuşdur. Həmin mübahisədən ona yaxınlıqda avtoyuma məntəqəsində işləyən Təqsirləndirilən şəxs mühafizəçi Zərərçəkmiş şəxs2la, Adilin orada “Kia” markalı avtomaşını park etməsi, Zərərçəkmiş şəxs2 Adilə avtomaşını həmin binanın qarşısında yox, digər yerdə saxlamasını deməsi aydın olmuşdur. Həmin vaxt Adil Zərərçəkmiş şəxs2 “sən kimsən, get, işinlə məşğul ol” deyərək anidən itələyərək onu yerə yıxmışdır. Bu zaman o, həmin yerə yaxınlaşaraq Adilə, nəyə görə Zərərçəkmiş şəxs2 itələdiyini dedikdə, Adil idarə etdiyi “Kia” markalı avtomaşının salon hissəsində nəsə axtarmağa başlamışdır. Bu zaman onun atası Adilə yaxınlaşıb sakitləşdirməyə çalışaraq çıxıb getməsini təklif etmişdir. Adil avtomaşına oturaraq onu işə salıb hərəkətə gətirərək təxminən 10-15 metr aralaşmışdır, lakin yenidən avtomaşını dayandırıb düşərək Zərərçəkmiş şəxs2 yaxınlaşıb döyməyə başlamışdır. Adil əli ilə bir neçə dəfə Zərərçəkmiş şəxs2 başına zərbələr endirmişdir. Həmin vaxt o, Adili Zərərçəkmiş şəxs2 aralamağa nail olmuş, Adil də qaçaraq avtoyuyucu məntəqəsi istiqamətində çıxıb getmişdir. Hadisə yerində məhəllənin ağsaqqalları, mərhum atası Həsən və o, dayanmışdır. Təxminən 5 dəqiqə keçdikdən sonra Adil əlində bıçaqla qaçaqaça onların olduqları tərəfə doğru gəlmişdir. Bu zaman atası özünü irəliyə verərək Adili sakitləşdirmək istəmiş, lakin Adil atasını söyərək bıçaqla sol qol nahiyyəsindən vurmuşdur. Bundan sonra atası qırağa çəkilmiş və Adil ona qarşı nalayiq ifadələr işlədərək söyüb təhqir edərək ona doğru gəlib bıçaqla qol nahiyəsindən vurmuşdur. Bıçaq onun qolunu deşərək digər tərəfindən çıxmışdır. Adil bıçağı çıxardan zaman burmuş və atası Adili ondan ayıran zaman Adil atasının çiyin nahiyyəsindən bıçaqla vuraraq qaçıb getmişdir. Bundan sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlmişdir. O, Adili əvvəllər tanımamışdır, lakin Adilin yaxınlıqda yerləşən avtoyuma məntəqəsində işlədiyini bilmişdir. Adil onu, atasını və Bahəddin İsmaylovu vuran zaman səs-küy salmış, onlara qarşı nalayiq ifadələr işlədərək söyüş söymüş, yaranmış səs-küyə binanın bir çox sakinləri və yoldan keçən vətəndaşlar toplaşmışdır. Zərərçəkmiş şəxs1 daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona qarşı şikayətçidir. Qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X7 hazırda baxılan cinayət işi ilə bağlı olmayan digər səbəbdən xx xxxxxx 2017-ci il tarixdə vəfat etmiş, onun yaxın qohumu hesab olunan həyat yoldaşı X5 ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq, işə buraxılmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X5 göstərmişdir ki, xx xxxxxx 2016-cı il tarixdə saat təxminən 22 radələrində o, yaşadığı evə getdiyi vaxt həyətdə bir qrup şəxsin toplaşdığını görmüş, lakin qadın olduğu üçün həmin şəxslərin kim olmalarına baxmayaraq evə qalxmışdır. Bir qədər keçdikdən sonra oğlu Nuranın və mərhum həyat yoldaşı Həsən Quliyevin harada olmasını soruşmaq üçün zəng etsə də, əlaqə saxlaya bilməmişdir. Sonra yaşadıqları binanın həyətinə düşdükdə orada olan hazırda xatırlamadığı şəxslərdən biri ona oğlu Nuranın və həyat yoldaşı Həsənin xəsarət aldıqları üçün xəstəxanaya getdiklərini bildirmişdir. Sonradan oğluna və mərhum ərinə həmin xəsarətləri, binanın həyətində aralarında yaranmış mübahisə zamanı, Təqsirləndirilən şəxs tərəfindən yetirildiyi məlum olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X5 daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona qarşı şikayətçidir. Qərar qəbul edilərkən göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırda qeydiyyatda olduğu Naxçıvan MR, Şərur rayonu, Kürkəndi kəndindədir, xəstəliyi ilə əlaqədar Bakı şəhərinə gələ bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin zərərçəkmiş şəxsin ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. O, sözügedən ifadəsində göstərmişdir ki, 2016-cı ildə “xxxx” MTK-da gözətçi işləmişdir. xx xxxxxx 2016-cı il tarixdə saat təxminən 22 radələrində gözətçisi olduğu binanın yanındakı yuyucuda işləyən tanımadığı cavan oğlan avtomobili yuyub gətirib binanın qarşısında saxlamışdır. O, həmin yerdə maşın saxlanılmasının qadağan olduğunu və avtomobili başqa yerə verməyi xahiş etmişdir. Həmin oğlan isə ona, gedib sahibinə deyəcəyini, sahibi özü düzəldəcəyini bildirmişdir. O, avtomobilin yolu kəsdiyini deyərək kənara verib getməyini xahiş etmişdir. Həmin şəxs avtomobildən düşüb onun yanından keçərkən o, əli ilə saxlamış və maşını kənarda saxlamağını bir daha söyləmişdir. Həmin şəxs onu itələyərək, “ay kişi, get işinlə məşğul ol” demişdir. Həmin şəxs onu itələyəndə o, yerə yıxılmışdır. Bu vaxt qonşulardan olan Həsənlə oğlu Nuran gəlmiş və həmin oğlana iradını bildirmişdir. Nuran ona “kişisən, adam böyüyə əl qaldırmaz” demişdir. Həmin şəxs maşını sürüb kənarda saxlayıb “gözləyin, indi gəlirəm” demişdir. Təxminən 5 dəqiqədən sonra həmin şəxs əlində bıçaqla birbaşa Nuranın üstünə hücum çəkmiş və həmin vaxt onu saxlamışlar. Yuyucuda işləyən şəxs Nuranın qoluna vurmuş və geri qaytaranda bıçağı bura-bura çıxartmışdır. Sonradan Həsən oğlanı arxadan tutan zaman sonuncu Həsənin də çiynindən bıçaqla vurmuşdur. Sonra bıçağı güclə çıxararaq qaçıb getmişdir. O, hadisə zamanı heç bir xəsarət almadığı üçün MTE müayinəsindən də keçməmişdir. Hadisə zamanı orada o, Nuran, Həsən və bina sakinləri olmuşlar. O, Təqsirləndirilən şəxs şillə vurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadə verərək göstərmişdir ki, o, 2016-cı ildə ünvan 2 ünvanının qarşısında avtoyuyucu məntəqəsini icarə əsasında işlətmişdir. Həmin vaxt məntəqədə adını Xəyal bildiyi şəxs işləmiş, Xəyalın əsl adının Təqsirləndirilən şəxs olduğunu o, sonradan bilmişdir. xx xxxxxx 2016-cı il tarixdə saat təxminən 21:30 radələrində o, avtoyuyucu məntəqəsində olan zaman bir xanım yaxınlaşaraq özünə məxsus yaş asfalt rəngli “Kia” markalı avtomaşını yuduzdurmaq istədiyini bildirmiş və maşını məntəqədə qoyaraq çıxıb getmişdir. O, həmin vaxt digər işləri ilə əlaqədar olaraq oradan uzaqlaşmış, təxminən yarım saatdan sonra geri qayıtdıqda Adil ona tərəf qaçaraq “sənin qonşuların məni döyür” demişdir. Həmin vaxt o, binanın qarşısında toplaşan şəxslərin yanına getməyə başlamışdır. O, həmin şəxslərin yanına gedərək məsələyə aydınlıq gətirmək istədikdə, Adil arxadan qaçaraq orada olan adının sonradan Quliyev Həsən və Zərərçəkmiş şəxs1 olduğunu bildiyi şəxslərin üzərinə cumaraq sonuncuları bıçaqla vurmağa başlamışdır. Kənarda olan şəxslər və o, aralaşdırmağa başlamışlar, bu zaman Adil oradan qaçaraq çıxıb getmişdir. O, həmin şəxslərdən nə olduğunu soruşduqda, onlar Adilin binanın nəzarətçisi Bahəddinlə, sonuncunun həmin “Kia” markalı avtomaşını həyətdə saxlamaması ilə bağlı mübahisə etdiyini və Bahəddini itələdiyini, daha sonra bu hadisəyə irad bildirən Həsən və Nuranla da mübahisə etdiyini demişlər. Bundan sonra hadisə yerinə təcili tibbi yardım briqadası gəlmiş və xəsarət alanları xəstəxanaya aparmışdır. Hadisə zamanı o, heç kimi vurub xəsarət yetirməmiş, özü də xəsarət almamışdır. Hadisə baş verən zaman orada o, Adil, Bahəddin, Nuran, Həsən və bir neçə bina sakinləri olmuşlar. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 1) -Fotoşəkil üzrə tanınmanın keçirilməsi haqqında xx xxxxxx 2016-cı il tarixli protokoldan görünür ki, icraatda olan təhqiqat materialı ilə əlaqədar xx xxxxxx 1995-ci il tarixdə Saatlı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs VMAS sistemindən çıxarılmış sənəddə olan fotoşəkili ünvan 3, mənzil 265-də yaşayan X7 və Zərərçəkmiş şəxs1 təqdim olunmuşdur. Hər iki şəxs bildirmişlər ki, təqdim olunmuş fotoşəkildə olan şəxs onlara bıçaq xəsarəti yetirən şəxsdir. (i.v. 13-14) -Baxış keçirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və fotocəvəldən görünür ki, hadisənin baş verdiyi ictimai yer hesab olunan ünvan 3 ünvanının qarşısındakı əraziyə zərərçəkmiş şəxslər X7 və Zərərçəkmiş şəxs1 iştirakları ilə baxış keçirilmişdir. (i.v. 15-18) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və X6 rayon şöbəsinin xx xxxxxxxx 2016-cı il tarixli 661 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, X1 qaşın tış kənarının səthi kəsilmiş yarası, sol bazunun bayır səthinin və sol saidin arxa səthinin kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçağın və s) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2016-cı il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 23-24) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8- Təcrübi və X6 rayon şöbəsinin xx xxxxxxxx 2016-cı il tarixli 660 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ saidin ön səthinin 1 ədəd kəsilmiş, sağ saidin arxa-bayır səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçağın və s.) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2016-cı il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə iimumillikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 26-27) -İfadənin yerində yoxlanılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini əyani olaraq təsdiq edib ictimai yer sayılan ünvan 3 ünvanının qarşısında xx xxxxxx 2016-cı il tarixdə saat 22:00 radələrində heç bir əsaslı səbəb olmadan qəsdən X7 və Zərərçəkmiş şəxs1 bıçaqla vurduğu yeri əyani şəkildə göstərərək verdiyi ifadəsini bir daha təsdiq etmişdir. (i.v. 104-107) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci və 29,120.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. (i.v. 158-163) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Qərarın 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-nin 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221-ci maddəsi xuliqanlıq cinayət əməlini - ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, zərərçəkmiş şəxsi, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin, şahidin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 221.3-cü maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin xx xxxxxx 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs istintaqdan qaçıb gizləndiyi üçün barəsində axtarış elan edilmiş və tutulması qərara alınmışdır. (i.v. 56) -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin xx xxxx 2020-ci il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törədərək axtarışda olan şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 65-66) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 02 ay həddində müəyyən edilməklə, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. (i.v. 129-133) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx xxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib, 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Hökmə əsasən o, özgənin əmlakını gizli yolla talama məqsədi ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib, xx xxxx 2017-ci il tarixdə zərərçəkmiş şəxsə məxsus nağd pulu gizli yolla talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vuraraq oğurluq etmişdir. (i.v. 135-139, 180- 181) -Beyləqan rayon icra və probasiya şöbəsinin xx xxxxxx 2021-ci il tarixli 123426 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 manat məbləğində cərimə məbləğini ödəməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materialları, verilmiş ittihamla müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini xx xxxxxx 2016-cı il tarixdə törətdikdən sonra, xx xxxxxx 2018-ci il tarixdə ittiham elan edilməsi üçün onun tutulması və axtarışının elan olunması barədə qərar qəbul edilmişdir. Həmin müddətdə, yəni xx xxxx 2017-ci il tarixdə törətdiyi oğurluq cinayətinə görə o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təqsirli bilinərək məhkum edilmişdir. Lakin həmin cinayət işi üzrə ibtidai istintaq zamanı onun xx xxxxxx 2016-cı il tarixdə törətdiyi hazırkı cinayət əməli barədə məlum olmamış və cinayət işləri bir icraatda birləşdirilməmiş, o, xx xxxxxx 2017-ci il tarixli hökmlə yalnız xx xxxx 2017-ci il tarixdə törətdiyi cinayət əməlinə görə məhkum olunmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdiyi cinayət əməlinə görə ona həmin Məcəllənin 66.5-ci maddəsinin tələbinə əsasən cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə edilməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, cinayətin bilavasitə obyektinin ictimai qayda ilə bağlı münasibətlər təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş cərimə cəzasını hazırkı hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə və cərimə cəzaları təyin edilməli, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir ki, zərərçəkmiş şəxslər məhkəməyədək icraat və məhkəmə icraatı zamanı mülki iddia verməmişlər; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamış; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, dövlət hesabına dəvət olunmuş vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 80 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasını hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat məbləğində cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza müstəqil icra olunsun. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 80 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 480 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar