Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-240/2024 07.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 19, mənzil 96-da qeydiyyatda olmaqla yaşayan, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, hazırkı işlə bağlı 04 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 06 dekabr 2023-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, həmin qətimkan tədbirinin şərtlərini pozaraq məhkəmədən gizləndiyindən 19 mart 2024-cü il tarixdə haqqında axtarış elan edilmiş, qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, 08 aprel 2024-cü il tarixdə tutulmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, 04 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan mənbədən, qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,609 qram olan psixotrop maddə metamfetamin əldə edib, üzərində daşımaqla saxlamış, 04 dekabr 2023-cü il tarixdə saat 16:45 radələrində Bakı şəhəri Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X1 itirdiyi kart hesabından istifadə etməkdə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofana bükülmüş, təmiz çəkisi 0,609 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, vətəndaşa məxsus kartı tapmış, oğurluq olan kart olmamışdır. İki nəfər polis əməkdaşı onu kartla əlaqədar saxlamışlar. Amma üzərində narkotik olmayıb, narkotiki bölmədə üzərinə qoymuşlar. Narkotiki üzərinə kim qoyduğu yadında deyil, ad çəkə bilmir. Onu polislər döyməyiblər, amma təzyiq olub. Hədə-qorxu gəliblər, hədə-qorxunun nədən ibarət olmasını izah edə bilmir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 06 dekabr 2023-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. Əvvəllər CM-nin müxtəlif maddələri ilə məhkum olunmuşdur, uzun müddətdir ki, narkotik vasitə aludəçisidir. Təxminən 2-3 ay bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində adını bilmədiyi küçənin birində yeriyən zaman yerdə sahibi olmayan 01 ədəd 4169-7385-1430-6020 saylı Umico plastik kartının olduğunu görmüş və götürərək cibinə qoymuş, lakin istifadə etməmişdir. 02 dekabr 2023-cü il tarixdə yaşadığı evdə saxladığı həmin plastik kartı istifadə etmək məqsədilə götürmüş və Bakı şəhərinin müxtəlif ünvanlarında 158 manatı şəxsi ehtiyacları üçün istifadə etmişdir. 04 dekabr 2023-cü il tarixdə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manata “patı” kimi tanıdığı narkotik vasitəni alıb az hissəsini qəbul etmiş, qalan hissəsini isə istifadə üçün özündə saxlamışdır. 04 dekabr 2023-cü il tarixdə ünvan 4 ünvanda olduğu zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib, polis əməkdaşı olduqlarını bildirərək xidməti vəsiqələrini ona göstərmiş, X1 müraciəti əsasında aparılan araşdırma üzrə şübhəli olduğunu bildirirək onu 24-cü PŞ-nə dəvət etmişlər. Yolda söhbət əsnasında o, narkotik vasitə istifadə etdiyini bildirmişdir. PŞ-də ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına vəkil təyin olunmuşdur. Bundan sonra onun üzərinə öz razılığı əsasında şəxsi axtarış və götürmə keçirilmiş və proses zamanı o, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, ağ rəngli, kristal şəkilli, spesifik iyə malik patı kimi tanıdığı maddəni, sol yan cibindən 01 ədəd Sony markalı mobil telefonu, 01 ədəd 4169-7385-1430-6020 saylı Umico plastik kartını təqdim etmişdir. Üzərindən götürülmüş ona məxsus narkotik vasitə ekspertiza mərkəzinə göndərilməsindən ötrü boş zərfə qablaşdırılıb möhürlənmişdir. Həmin zərfə o və prosesdə iştirak edən şəxslər imzalamış və həmin proses videogörüntüyə alınmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, nə saxlanılarkən, nə də ki, polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. O, həmin şəxsi tanımır və kimliyi barədə heç bir məlumatı yoxdur, ondan bir neçə dəfə öz istifadəsi üçün psixotrop maddə alıb qəbul etməmişdir. Polis əməkdaşları onu saxlayarkən o, qaça bilmədiyi üçün üzərində olan narkotik vasitəni gizlədə bilməmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddədən başqa heç yerdə narkotik vasitə və psixotrop maddə saxlamır. Psixotrop maddələri istifadəsi, satışı, saxlanılması, əldə edilməsinin qadağan olunması barədə məlumatı vardır. O, narkotik vasitənin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmişdir. Əlavə sualları cavablandırarkən qeyd etmişdir ki, iş üzrə şahid qismində dindirilən Şahid1 şəxsən ona təzyiq göstərməyib. Narkotik vasitə onun üzərindən çıxıb, amma narkotik vasitə onun olmayıb. Polis əməkdaşları ona hədə-qorxu gəlmişlər. Amma hədə-qorxu ilə bağlı şikayət etməmiş, rəsmi şikayət yazmamışdır. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin CA üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 04 dekabr 2023-cü il tarixdə 24-cü polis şöbəsinə vətəndaş X1 itirdiyi plastik kartdan 158 manat pulun çıxarılması barədə material daxil olmuşdur. Materialın araşdırılması ilə bağlı əməliyyat tapşırığı verilmişdir və həmin əməliyyat tapşırığının icrası ilə əlaqədar X1 itirdiyi plastik kartdan 158 manat pulun çıxarılmasında şübhəli olan Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdə saat 16:45 radələrində Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 126 ünvanında şübhəli şəxs qismində saxlanılaraq, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən 24-cü polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gətirilən zaman Təqsirləndirilən şəxs özünü şübhəli aparmışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs kartdan pulu onun çıxartdığını və həmin pula narkotik vasitə aldığını, özünün narkotik vasitə istifadəçisi olmasını və hazırda da üzərində narkotik vasitə olmasını bildirmişdir. Şəxsiyyəti müəyyənləşdirilərkən həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində dəvət olunmuş vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, ağ rəngli, kristal şəkilli, spesifik iyə malik maddəni, sol yan cibindən 01 ədəd Sony markalı mobil telefonu, 01 ədəd 4169-7385- 1430-6020 saylı Umico plastik kartını təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan maddənin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs təqdim etdiyi bükümdəki maddənin “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni 04 dekabr 2023-cü il tarixdə Günəşlidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib olunaraq imzalarla təsdiqlənmişdir. Şahid1 sualları cavablandırarkən qeyd etmişdir ki, əməliyyat tədbirləri və şəxsi axtarış zamanı şübhəli şəxsi döyən, incidən olmamış, şübhəli şəxs də özünü səmimi apararaq əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə qoyulması barədə qeyd etdikləri əsassızdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin sabiq CA üzrə əməliyyat müvəkkili Şahid2 hazırda Qazax rayon polis şöbəsində xidmətini davam etdirdiyindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır, ona görə onun həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilərkən Şahid1la eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 05 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 04 dekabr 2023-cü il və 06 dekabr 2023-cü il tarixli protokollardan görünür ki, 04 dekabr 2023-cü il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nin polis əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və istifadəsində şübhələr yarandığından, təhqiqatçının şəxsi axtarış və götürmə aparılması haqqında 04 dekabr 2023-cü il tarixli qərarına əsasən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasında xidməti iş otağında videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, ağ rəngli, kristal şəkilli, spesifik iyə malik maddəni, sol yan cibindən 01 ədəd Sony markalı mobil telefonu, 01 ədəd 4169-7385-1430-6020 saylı Umico plastik kartını təqdim etmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan maddənin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs təqdim etdiyi bükümdəki maddənin “patı” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin maddəni 04 dekabr 2023-cü il tarixdə Günəşlidə tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində aldığını bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan ekspertizaya təqdim edilməsindən ötrü bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Qeyd olunan zərfin üzəri və tərtib olunan protokol şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu zaman iştirakçılar tərəfindən hər hansı şikayət, təklif və qeydlər daxil olmamışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 06 dekabr 2023-cü il tarixdə təqsirləndirilən şəxsin və müdafiəçisinin iştirakları ilə baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 32-33, 70) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 dekabr 2023-cü il tarixli 3-16- 16/2-6/6263 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 164” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,609 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,609 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,559 qram qalıq qalmışdır. (i.v. 41-44) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 12 dekabr 2023-cü il tarixli 8147 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 103-104) - 19 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 326.1, 177.2.3-1, 206.3.2, 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış görüntülər olan 01 ədəd DVD disk sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 0,609 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonrakı qalıq 0,550 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Sony markalı mobil telefon maddi sübut kimi tanınmadan özünə təhvil verilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan psixotrop maddəni polis əməkdaşlarına təqdim etməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən material ayrılaraq araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami RPl-nin 24-cü polis şöbəsinə göndərilmişdir. (i.v. 114-122) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 18 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı müdafiəçinin (həmin müdafiəçi Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasında, üzərində şəxsi axtarış aparılmasında, ibtidai istintaq zamanı həyata keçirilmiş prosessual və istintaq hərəkətlərinin həyata keçirilməsində və hazırda məhkəmədə işə baxılmasında iştirak etmişdir) iştirakı ilə üzərində olan psixotrop maddəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Hansı ki, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün izlənilməsi zamanı Təqsirləndirilən şəxs “patı” kimi tanıdığı psixotrop maddəni təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs 06 dekabr 2023-cü il tarixdə şübhəli şəxs kimi tutmadan azad edildikdən sonra, 08 aprel 2024-cü il tarixdə həbs olunanadək azadlıqda olmuş, ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 04 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 28) - 06 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 78-80) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 06 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 83-84) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2024-cü il tarixli 1(007)- 240/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs, onun barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğu üçün və üzrlü səbəblər olmadan məhkəmə iclaslarına gəlməyib gizləndiyindən onun haqqında axtarış elan olunmuş, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. -Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsinin 09 aprel 2024-cü il tarixli 5038/24 nömrəli məktubundan, ona əlavə edilən 08 aprel 2024-cü il tarixli protokoldan və 3 saylı istintaq təcridxanasının 12 aprel 2024-cü il tarixli 3-16-17/42/2-1388/2024 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-240/2024 nömrəli iş üzrə qərarı əsasında barəsində axtarış elan edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdə tutulmuşdur. -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 94-95, 97-103) -Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsinin 13 may 2024-cü il tarixli 3- 16-17/33/2-1847/2024 nömrəli məktubundan və ona əlavə olunan qərarın surətindən görünür ki, 17 saylı cəzaçəkmə müəssisəsinin Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi ilə razılaşdırılmış 20 noyabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının, Amnistiya Qərarının qüvvəyə mindiyi 05 noyabr 2021-ci il tarixinə çəkilməmiş qalan 02 ay 09 gün hissəsindən azad edilməsi, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicənin ləğvindən sonra həyata keçirilməsi qərara alınmış, 14 yanvar 2022-ci il tarixdə cəzasının sonu çatması səbəbindən azad edilmişdir. -Bakı şəhəri Nizami rayon polis idarəsinin istintaq şöbəsinin 13 may 2024-cü il tarixli ********* nömrəli məktubundan görünür ki, həmin istintaq şöbəsinin icratında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. Məhkəmə qeyd edir ki, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının: 2.4-cü bəndinə əsasən, bu Qərarın 2.2-ci və 2.3-cü bəndlərində göstərilən şəxslərdən başqa, az ağır və ya ilk dəfə ağır cinayət törətdiklərinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olmayan şəxslər cəzadan azad edilirlər; 7-ci hissəsinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür; 36-cı maddəsinə əsasən, alkoqolizmdən, narkomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə təyin olunmuş şəxslər barəsində amnistiya tətbiq edilməsinə dair materiallara bu Qərarın 45-ci hissəsində nəzərdə tutulmuş müddətdə baxılmalı, həmin şəxslərin cəzadan azad edilməsi məsələsi isə müalicə başa çatdıqdan sonra həll edilməlidir (şəxsin zöhrəvi xəstəliklərdən müalicəsini qurtarmasının təsdiqi üçün əsas tibbi rəy, məhkəmənin alkoqolizmdən və ya narkomaniyadan məcburi müalicə təyin etdiyi şəxslər barəsində isə belə əsas məcburi müalicənin ləğvi və ya məcburi müalicə təyin edilmiş şəxs məcburi müalicədən vaxtından əvvəl azad edilməsi barədə məhkəmənin qərarıdır). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının, Amnistiya Qərarının qüvvəyə mindiyi 05 noyabr 2021-ci il tarixinə çəkilməmiş qalan 02 ay 09 gün hissəsindən azad edilməsi, Amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicənin ləğvindən sonra həyata keçirilməsi barədə müvafiq qərar qəbul olunsa da, Təqsirləndirilən şəxs təyin olunan narkomaniyadan məcburi müalicə ləğv olunmamış, o, 14 yanvar 2022-ci il tarixdə cəzasının sonu çatması səbəbindən azad edilmiş, ona görə həmin şəxsin barəsində qəbul olunan Amnistiya Qərarı faktiki olaraq icra olunmamış, bu baxımdan onun üzərindən məhkumluq götürülməmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli hökmü ilə az ağır cinayət törətməyə görə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzadan 14 yanvar 2022-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra, məhkumluğu ödənilmədən 04 dekabr 2023-cü il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyindən onun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında himayəsində azyaşlı uşağının olmasını qeyd etsə də, müəyyən edilmişdir ki, həmin şəxsin nikahı rəsmi olaraq pozulmuş, həyat yoldaşı ilə birgə nikahından doğulmuş 26 yanvar 2013-cü il təvəllüdlü Selin Hacıəhmədova anasının himayəsinə verilmişdir, belə olan halda həmin uşaq Təqsirləndirilən şəxs himayəsində sayılmaqla CM-nin 59.1.4-cü maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alına bilməz. Məhkəmə cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, ibtidai istintaqı aparan müstəntiq ittiham aktında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın müəyyən olunmadığını göstərsə də, yuxarıda qeyd olunduğu kimi bu nəticənin səhv olduğu müəyyən edilmişdir, ona görə həmin müddəa ittiham aktından xaric edilməklə nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Həmin maddənin tələbinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 04 dekabr 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 aprel 2024-cü il tarixindən hesablanmalıdır. Nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs barəsində hazırda Nizami RPİ-nin İŞ-də cinayət işinin ibtidai istintaqı aparılsa da, onun 08 aprel 2024-cü il tarixdə tutulması həmin işlə bağlı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 01 ədəd disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 dekabr 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,559 qram psixotrop maddə metamfetamin məhv edilsin, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin olduğu 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 65 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 30 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-240/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-240/2024
07.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver