Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-241/2021 07.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, X3 Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonunda yerləşən Penitensiar Xidmətinin Müalicə Müəssisəsində cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Şahid1 ilə qısa müddətli görüşə gələrkən əynindəki göy rəngli cins şalvarın qabaq hissəsinin iç tərəfində xüsusi hazırlanmış gizli saxlanc yerində gizlətdiyi "Cəzaçəkmə müəssisələrinin X4" ilə təcridxanada saxlanılan şəxslərə verilməsi və ya ötürülməsi qadağan olunmuş əşya olmaqla təmiz çəkisi 0,738 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olub çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı məhkuma ötürməyə cəhd edərkən onun iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, 08.02.2020-ci tarixdə saat 14:00 radələrində müəssisənin əməkdaşları tərəfindən keçirilən baxış tədbirləri zamanı həmin narkotik vasitə onun əynindəki şalvarın göy rəngli cins şalvarının qabaq hissəsinin iç tərəfində sellofana bükülərək gizlədilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, məhkum dostu Şahid1 törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum edilmiş və Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Məhkum Şahid1la birlikdə əvvəllər Pcnitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən tanış olmuş və cəzasının sonu ilə 2016-cı ildə azad olunduqdan sonra Nicatın cəza çəkdiyi müddətdə dəfələrlə onun yanına görüşə getmişdir. Şahid1 üçün ərzaq məhsulları alaraq sonuncuya apararkən əvvəlcədən tanımadığı İran vətəndaşından aldığı narkotik vasitə olan qurudulmuş marixuananı sellofana bükərək əynindəki göy rəngli cins şalvarın qabaq hissəsinin iç tərəfində gizlədərək cəzaçəkmə yerinə qısa müddətli görüşə getmişdir. 08.02.2020-ci il tarixdə saat 14:00 radələrində məhkum Şahid1la qısa müddətli görüş üçün ərizə ilə Penitensiar Xidmətin Müalicə Müəssisəsinin rəhbərliyinə müraciət etdikdən sonra gətirdiyi sovqat çantasına və üzərinə nəzarət buraxılış məntəqəsində nəzarətçilər tərəfindən keçirilən baxış zamanı həmin narkotik vasitə olan marixuana gizlətdiyi, şalvarının qabaq iç tərəfindən sellofana bükülü vəziyyətdə aşkar olunaraq götürülmüşdür. Maddənin aşkar edilməsi ilə əlaqədar müəssisənin əməkdaşları tərəfindən onun və yoxlamada iştirak edən şəxslərin iştirakı ilə protokol tərtib edilmişdir. Törətdiyi əməldən səmimi peşmandır və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını əlaqəli şəkildə tədqiq edib, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, habelə dövlət ittihamçısının və müdafiəçinin çıxışlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, aşağıda qeyd olunan sübutlarla da tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsinin əməliyyat bölməsinin inspektoru vəzifəsində işləyir. Xidmət apardığı əməliyyat bölməsinə 12 saylı cəzaçəkmə müəssisəsindən müalicə olunmaq üçün Penitensiar Xidmətin Müalicə Müəssisəsinə etap olunmuş Şahid1 ilə qısa müddətli görüşə gələcək şəxsin özü ilə gizli yolla müəssisə ərazisinə məhkumlara ötürülməsi və ya verilməsi qadağan olunan əşya narkotik vasitə gətirəcəyi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə, 08.02.2020-ci il tarixdə müəssisə əməkdaşlarının məlumatlandırıldığını və həmin gün saat 14:00 radələrində məhkum Şahid1la görüşmək üçün gələn Təqsirləndirilən şəxs məhkuma gətirdiyi sovqatların arasında və üzərində hər-hansı bir məhkumlara gizli yolla ötürülməsi və ya verilməsi qadağan olunmuş əşyanın olub-olmaması, olduğu halda könüllü təhvil verməsi təklifi edilərkən, sonuncu heç bir qadağan olunmuş əşyanın olmadığını bildirdikdən sonra, gətirdiyi sovqat çantalarına və üzərinə keçirilən baxış zamanı şalvarının ön hissəsində gizlətdiyi narkotik vasitəyə bənzər əşya aşkar etdiklərini və Təqsirləndirilən şəxs həmin əşyanın narkotik vasitə olan qurudulmuş marixuana olduğunu və məhkum Şahid1 xəbərsiz sonuncu üçün gətirdiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı şahidlər Şahid5, Şahid7 və Şahid6, Şahid4 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 18.02.2020-ci il tarixli 3837 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,688 qram bitki mənşəli kütlə kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03.12.2020-ci il tarixli 3367 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitki preparatlarından suiistifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur, lakin hal-hazırda abstinensiya intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan komisiyon məhkəmə-tibbi ekspertizasının 15.04.2020-ci il tarixli 143/KEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən 11.11.2011-ci il tarixdən «Respublika QİÇS-də Mübarizə Mərkəzi»ndə qeydiyyatda olmaqla, düçar olduğu xəstəliyin uzun sürən xroniki gedişli olub «İnsan immun çatızmazlıq virusu» inleksiya ilə əlaqədar onun ambulator şəraitdə nəzarətdə saxlanlmasına ehtiyac vardır. İş materiallarında olan 08.02.2020-ci il tarixli protokoldan görünür ki, saat 14:30 radələrində Pcnitensiar Xidmətin Müalicə müəssisəsinin əməkdaşları tərəfindən alınmış əməliyyat məlumatına əsasən məhkum Şahid1 ilə qısamüddətli görüşə gəlmiş Təqsirləndirilən şəxs üzərinə görüş otağında xüsusi ayrılmış yerdə keçirilən baxış zamanı əynindəki göy rəngli cins şalvarının qabaq hissəsinin iç tərəfində xüsusi hazırlanmış yerdə sellofana bükülmüş spesifik iyə malik yaşıl rəngli ot şəklində narkotik vasitəyə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 01.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,738 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra 0,688 qram çəkidə qalmış qalıq maddi sübut kimi tanınaraq Bakı şəhəri, Yasmal rayon Polis idarəsinin saxlanc ambarında saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X4”nın təsdiq edilməsi barədə 29.12.2011-ci il tarixli 7 N №-li Kollegiya qərarı və 11-ci əlavəsinin çıxarışından görünür ki, narkotik vasitə cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlara və təcridxanada saxlanılan şəxslərə ötürülməsi və ya verilməsi qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş 06.03.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 07.03.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinə əsasən 11 il müddətinə azadlıqdan məhrum edilmiş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 18.02.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunnuş və 07.03.2006-cı il tarixli hökmlə ona təyin edilmiş cəzanın çəkilməmiş 7 il 07 ay 06 gün hissəsi ilə təyin edilmiş cəza qismən birləşdirilərək üzərində qəti olaraq 7 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və 17.12.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməli təsnifatca böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir (CM-nin 15.2-ci maddəsi). Məhkəmə cinayət qanunvericiliyinin müddəalarına əsasən, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində olan Ağır Cinayətlərə Dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07.03.2006-cı il tarixli hökmünə münasibətdə residivin yaranmadığını nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq, onun azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayır və hesab edir ki, ona islah işləri növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. İş üzrə maddi sübut - Bakı şəhəri Yasmal rayon Polis İdarəsinin saxlanc ambarında saxlanılan 0,688 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 141,82 (yüz qırx bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi cəmi 55 saat, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 330 (üç yüz otuz) manat (55x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X2 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il 6 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzanın əvvəli Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri Yasmal rayon Polis İdarəsinin saxlanc ambarında saxlanılan 0,688 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 141,82 (yüz qırx bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 55 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 330 (üç yüz otuz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-241/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-241/2021
07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver