Məhkəmə qərarları › İş №1(007)-241/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-241/2023

19.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-241/2023 19.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məmmədov Məmməd Süleyman oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməyən, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2amış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, bir ədəd bükümdə 1,232 qram qəhvəyi rəngli, tozşəkilli kütlədən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə heroini şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Yasamal rayonunda yerləşən Kubinka adlanan yerdə alaraq üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ünvan 3 ünvanın qarşısında şübhəli şəxs qismində Nizami RPİ-nin 23-cü PBnin əməkdaşları tərəfindən saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 118 ünvanında yerləşən Nizami RPİ-nin 23-cü PB-nin inzibati binasına gətirilib üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli pencəyin sol yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 1,232 qram olan qəhvəyi rəngli, tozşəkilli kütlədən ibarət kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, narkotik maddə istifadəçisi olsa da, ittihamda göstərilən vaxt üzərində narkotik maddə olmamışdır. 14 dekabr 2022-ci il tarixdə polis əməkdaşları onu saxladıqdan sonra polis bölməsinə gətirmişlər. O, polis əməkdaşlarına üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun üzərində axtarış aparmış və üzərində heç bir narkotik vasitə tapa bilməmişlər. Bununla belə polis əməkdaşları ona guya üzərində narkotik vasitə olmasını etiraf etməyi təklif etmişlər, etiraf etmədiyi təqdirdə isə onu külli miqdarda narkotik vasitə ilə cinayət məsuliyyətinə cəlb edəcəklərini bildirmişlər. Buna görə də o, məcbur olub narkotik vasitə saxladığını boynuna götürmüş və narkotik vasitənin aşkar edilməsi barədə tərtib edilmiş protokola və başqa bir neçə sənədə, onların məzmunu ilə tanış olmadan imza etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, polis işçilərinin qanunsuz hərəkətləri və ona göstərilən psixi təzyiqlər barədə istintaq zamanı müstəntiqə heçnə deməmişdir. Çünki o, hesab etmişdir ki, müstəntiq ona heç bir kömək edə bilməyəcək, bu işdə əsas söz sahibi ibtidai istintaq yekunlaşdıqdan sonra cinayət işinə baxan hakim olacaq və o, yol verilmiş qanunsuzluqlar barədə məhz həmin hakimə danışacaqdır. Eyni səbəbdən o, vəkilinə də iş üzrə heç bir irad və şikayətini bildirməmişdir. Bundan başqa, axtarış zamanı vəkili iştirak etməmişdir. Sonda Təqsirləndirilən şəxs, barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB YYÇ üzrə inspektoru, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin YYÇ üzrə inspektoru vəzifəsində işləyir, polis leytenantıdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 və PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 PB-yə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs gətirmişlər və həmin gün saat 20 radələrində PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Vəliyevin iş otağına aparılmışdır. Bundan sonra PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Vəliyev onun və PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edilməsindən ötrü müdafiəçi-vəkil dəvət etmişdir. Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq, şübhəli şəxsin hüquq və vəzifələri ona izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan üzərinə şəxsi axtarış və götürmə aparılmasına etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli pencəyin sol yan cibindən siqaretin sellofan kəsiyinə bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə olan 01 ədəd bükülünü çıxararaq stolun üstünə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində olan narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində alaraq özündə saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim edərək, içərisində narkotik vasitə olduğunu bildirdiyi həmin büküm zərfə qoyulmuş, zərfin üzəri möhürlə möhürlənmiş, Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü imzalarla təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Nizami RPİ-nin 23-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə verdi. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 14 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə zamanı narkotik vasitəyə oxşar maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan materialların məhkəmə ekspertizasının 15 dekabr 2022-ci il tarixli, 6/7051 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 163” nömrəli dairəvi möhür əksi olan, “vət. Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,232 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına daxildir. Heroinin 0.05 qram hissəsi tədqiqata sərf edilmiş, 1.182 qram hissəsi isə tədqiqatdan sonra qalıq qalmışdır. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 17 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videolentə alınmış görüntülərin əks edildiyi 01 ədəd DVD-R diskə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya və ya narkotik varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli pencəyin sol yan cibindən siqaretin sellofan kəsiyinə bükülmüş, içərisində qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə olan 01 ədəd bükülünü çıxararaq stolun üstünə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükülünün içərisində olan narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Yasamal rayonu ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində alaraq özündə saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim edərək, içərisində narkotik vasitə olduğunu bildirdiyi həmin büküm zərfə qoyulmuş, zərfin üzəri möhürlə möhürlənmiş, Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunduqdan sonra düzgünlüyü imzalarla təsdiq edilmişdir. İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 13 yanvar 2023-cü il tarixli, 153 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 yanvar 2023-cü il tarixli, 55 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırda hər hansı bir psixi xəstəliyikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri, anamnezində baş beyin kontuziyası müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyəin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psiixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsiziliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə prosesual fəaliyyət qabiliyyətlidir, həmçinin öz prosesual hüquqlarını şəxsən həyata keçimək iqtidarındadır. İş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş şəxsi məlumatdan görünür ki, Təqsirləndirilən şəxs üçüncü qrup əlildir və ona 150 manat pensiya təyin edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1.232 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqata 0,05 qramı sərf edildikdə sonra qalıq qalan hazırkı çəkisi 1.182 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmü və ya digər yekun qərarı qanuni qüvvəyə minənədək saxlanması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş üzrə əldə olunmuş şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd DVD-R disk sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, narkotik vasitənin aşkar edilməsi zamanı polis işçiləri tərəfindən ona psixi zor tətbiq edilməsi nəticəsində məhkəməyədək icraat zamanı etirafedici ifadələr verməsi və həmin vaxt üzərində narkotik vasitə olmaması barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla, o cümlədən şahid ifadələri ilə təsdiq olunmadığına görə qəbul edilə bilməz və özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin aşkar edilməsi barədə protokola imza etməsini, sonradan isə şübhəli və təqsirləndirilən şəxs qismində etirafedici ifadələr verdiyini, polis işçiləri tərəfindən psixi zor tətbiq edilməsi barədə həmin ərəfədə ibtidai istintaqı aparan müstəntiqə bilavasitə şikayət etmək imkanı olduğunu, lakin heç nə bildirməməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs guya yalnız cinayət işinə mahiyyəti üzrə baxan hakimə şikayət etmək istəməsi səbəbindən heç nə bildirməməsi barədə dəlili qəbul edilə bilməz. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd “DVD” diskə baxış keçirildikdən sonra müvafiq protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, yuxarıda göstərilən sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilir. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Üçüncü qrup əlillik dərəcəsinin olmasını məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal hesab edir. İş üzrə Təqsirləndirilən şəxs təyin edilən cəzanı ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə görə yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyi təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 dekabr 2022-ci il tarixli tələbnaməsindən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli hökmünün surətindən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(007)-89/2023 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsi tətbiq edilməklə, qəti olaraq 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 14 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materialları ilə müəyyən olunur ki, hazırkı iş üzrə məhkəmə istintaqı aparıldığından, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(007)-89/2023 saylı hökmünə əsasən, ona qəti olaraq təyin edilmiş 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasını çəkməsi üçün cəzaçəkmə müəssisəsinə göndərilməmiş, həmin müddətdə o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılmış, buna görə də həmin cəza çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli Qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 56.1 və 56.1.2-ci maddələrinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(007)-89/2023 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 08 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası yeni hökmlə təyin ediləcək həddə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır və tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli tutma protokolundan, vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 16 dekabr 2022-ci il tarixli qərardan və eyni tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs, 14 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 dekabr 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatətindən imtina edilmiş və həmin tarixdə, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Bundan başqa, iş materiallarında olan 11 yanvar 2023-cü il tarixli tutma protokolundan və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində 18 mart 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni 11 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli və 11 aprel 2023cü il tarixli qərarlarına əsasən, 10 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclasında baxılanadək təsdiq edilmiş, 11 aprel 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş və onun barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 dekabr 2022ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalı, ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın əvvəli isə 11 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1ci maddələrinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalı, CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin müvəqqəti saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış xalis çəkisi 1.182 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD-R” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin işdə iştirak etdiyi müddət 35 iş saatı, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 210 manat (35x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 1(007)-89/2023 saylı hökmü ilə təyin edilmiş 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs çəkilməsi üçün qəti olaraq, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi Təqsirləndirilən şəxs ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 11 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanması kamerasında saxlanılan, xalis çəkisi 1.182 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılan 01 ədəd “DVD-R” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 35 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 210 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar