Məhkəmə qərarları › İş №1(007)-243/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-243/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-243/2023 11.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxx 1991-ci il tarixdə Ağdam rayonu, Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yerləşən 14 saylı peşə məktəbində yaşamış, barəsində "başqa yerə getməmək haqqında iltizam" qərimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, tündqəhvəyi rəngli, qətranabənzər narkotik vasitə tiryəki 35 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış, 20 dekabr 2022-ci il tarixdə saat 17:20 radələrində Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilib, xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 2,270 qram olan, tünd-qəhvəyi rəngli, qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitələrin aludəçisidir. Saxlanıldığı gündən təxminən 1 həftə əvvəl, “Maşın bazarı”-nın yaxınlığında, üzdən tanıdığı şəxsdən 35 manat müqabilində tiryək kimi tanıdığı narkotik vasitəni almışdır. Aldığı tiryəkin az miqdarını istifadə etmiş, qalanını isə sonra istifadə etməsi üçün üzərində daşımışdır. xx.xx.2022-ci il tarixdə, saat 17:20 radələrində işləri ilə əlaqədar C.Naxçıvanski küçəsində olarkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşıb, polis əməkdaşı olduğunu bildirmiş, onun narkotik vasitələrin istifadə və daşınmasında şübhəli olduğunu deyib 24-cü PŞ-nə dəvət etmişlər. Polis şöbəsində xidməti otaqların birində olarkən ona hüquq və vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə ona üzərində olan qeyri qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. O, əynindəki qara rəngli şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edərək həmin bükülünün içərisində olan maddənin narkotik vasitə kimi tanınan tiryək olduğunu qeyd etmişdir. O, narkotik vasitəni öz istifadəsi üçün bir gün öncə tanımadığı şəxsdən aldığını bildirmişdir. Törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Nizami RPİ-nin 24-cü PŞnin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü PŞ-nə Nizami rayonu, ünvan 5 ünvanın yaxınlığında 30-35 yaşlarında olan, arıq bədən quruluşlu, orta boylu, «Vasif» adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşlarından ibarət qrup yaradılmış və saat 17:20 radələrində qeyd olunan ünvanın yaxınlığında özünü şübhəli aparan, xarici görünüşcə «Vasif» adlı şəxsə oxşar bir şəxsin xx xxxxx 1991 -ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Ağdam rayonu, Xıdırlı kəndində qeydiyyatda olan və ünvan 6 ünvanında yerləşən 14 saylı peşə məktəbində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Həmin şəxs Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli “Blackview” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütləni çıxararaq təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin “tiryək” kimi tanıdığı narkotik vasitə olduğunu, 1 həftə əvvəl «Maşın Bazarı»nın yaxınlığından 35 manat pul müqabilində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Nizami RPİ-nin 24-cü PŞnin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 8 ünvanının yaxınlığında qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan xx xxxxx 1991-ci il tarixdə Ağdam rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Nizami RPİ-nin 24-cü PŞ-nə dəvət edilmişdir. Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli “Blackview” markalı mobil telefonu, həmin şalvarın sağ yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini və 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik olan kütləni çıxararaq təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs həmin kütlənin “tiryək” kimi tanıdığı narkotik vasitə olduğunu, 1 həftə əvvəl «Maşın Bazarı»nın yaxınlığından 35 manat pul müqabilində tanımadığı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş 01 ədəd bükümdəki narkotik vasitə tiryəkə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Nizami RPİ-nin 24-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 21 dekabr 2022-ci il tarixli 6/7112 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,270 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 7899 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyata alınması məsləhət görülür. İş materiallarında olan AR DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan və hökmün surətindən görünür ki, Сəbiyev Vasif Cəbrayıl oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, eyni Məcəlləninin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 29 gün müdddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(103)-543/2023 saylı qərarına əsasən Nizami Rayon Məhkəməsinin hökmü dəyişdirilmiş, 01 il müddətə azadlıqdan məhrumetmə cəzası yüngülləşdirilərək ona 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, məhkum Сəbiyev Vasif Cəbrayıl oğlu xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixədək cəzasının 01 ay 05 gününü çəkmiş, çəkilməmiş cəzası 02 il 01 ay 21 gün təşkil etmişdir. Qeyd olunmalıdır ki, Сəbiyev Vasif Cəbrayıl oğlu hazırkı iş üzrə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2022-ci il tarixdə törətmişdir. Belə ki, Сəbiyev Vasif Cəbrayıl oğlu hazırkı cinayəti əvvəlki hökm olan Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətdiyindən ona CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Сəbiyev Vasif Cəbrayıl oğlu tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin sürətinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə şübhəli şəxs qismndə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Сəbiyev Vasif Cəbrayıl oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təyin olunmuş 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 01 il 01 ay 13 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona 01 il 06 ay( bir il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 05 ay 28 gün (bir il beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 11 may 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, məhkəmə iclas zalından həbs edilsin və o, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Сəbiyev Vasif Cəbrayıl oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat Сəbiyev Vasif Cəbrayıl oğlundan tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 2,170 qram olan narkotik vasitə-tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Сəbiyev Vasif Cəbrayıl oğlunun üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Сəbiyev Vasif Cəbrayıl oğluna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar