Məhkəmə qərarları › İş №1(007)-243/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-243/2025

24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-243/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1998-ci il tarixdə Ağdam rayonunun Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, Ağdam rayonunun Qaraqaşlı kəndində qeydiyyatda olan, Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi, ev 1, mənzil 23-də yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1- 1-ci maddəsi ilə təqsirli bilinib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 01 noyabr 2024-cü il tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs qadağan olunmuş əşyanı üzərində saxlamış, gəzdirmiş, daşımış və cəzaçəkmə müəssisəsinə ötürməyə cəhd etmiş, bununla da, o, Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə, saat 15:45 radələrində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı məhkum Şahid6 ilə qısamüddətli görüşə gələrkən görüş otağının xüsusi yoxlama otağında əməkdaşlar tərəfindən hal şahidlərinin iştirakı ilə üzərinə axtarış-baxış tədbiri keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinin iç cibindən ağ rəngli kağız bükülünün içərisindən “Cəzaçəkmə müəssisələrinin X1” ilə qadağan olunmuş 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,080 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında dövlət ittihamını müdafiə edən Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsində Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə 04 dekabr 2024-cü il tarixdə başlanılmış, 23 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə ittiham elan olunmuş, digər iş üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış, 19 fevral 2025-ci il tarixdə cinayət işi üzrə ittiham aktı Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən təsdiq edilərək iş baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş, 12 mart 2025-ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 317- 1.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə, saat 15:45 radələrində Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qardaşı məhkum Şahid6 ilə qısamüddətli görüşə gələrkən görüş otağının xüsusi yoxlama otağında əməkdaşlar tərəfindən hal şahidlərinin iştirakı ilə üzərinə axtarış-baxış tədbiri keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibinin iç cibindən ağ rəngli kağız bükülünün içərisindən “Cəzaçəkmə müəssisələrinin X1” ilə qadağan olunmuş 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,080 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 17-ci bəndində qeyd edilmişdir ki, cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxsin satış məqsədi olmadan xeyli miqdardan az miqdarda narkotik vasitə və ya psixotrop maddə hazırlaması, saxlaması, gəzdirməsi yalnız CM-in 317-2-ci maddəsi ilə, belə şəxslərə narkotik vasitə və ya psixotrop maddəni bilavasitə və yaxud cinayətdən xəbərsiz olan şəxs vasitəsi ilə ötürən şəxsin əməli isə bütün hallarda narkotik vasitənin yayılmasına yönəlməklə ictimai-zərərli məzmun daşıyan şəxsi maraqla şərtləndirildiyindən, CM-in 317-1-ci maddəsi ilə yanaşı, narkotik vasitənin və ya psixotrop maddənin miqdarı külli və xüsusilə külli miqdar təşkil etmədikdə CM-in 234.3-1-ci maddəsi iiə, külli və ya xüsusilə külli miqdar təşkil etdikdə isə müvafiq olaraq CM-in 234.4.3-cü və ya 234.4-1-ci maddəsi, habelə CM-in 317-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətməsi cinayət məsuliyyətini yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Bununla da, yuxarıda sadalanan hallar təsdiq edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə yanaşı, CM-nin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin də tərkib əlamətlərinin olmasına əsaslı şübhələr vardır. Beləliklə, Təqsirləndirilən şəxs əməlində ona irəli sürülmüş ittihamla müqayisədə daha ağır ittihamın, yəni Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə yanaşı, CM-nin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri müəyyən edildiyinə görə, cinayət işinin baxılmasına xitam verilməli və ona başqa ittiham irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə yanaşı, CM-nin 234.3-1ci maddəsində nəzərdə tutulmuş cinayətin də tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə də ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsinə və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 göstərmişdir ki, dövlət ittihamçısının vəsatətinin cinayət işi üzrə icraata xitam verilməsi hissəsi ilə razıdırlar, ümumiyyətlə, cinayət işinin materiallarında müdafiəçisi olduğu Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hansısa şəxsə vermək üçün cəzaçəkmə müəssisəsinə keçirməsini təsdiq edən sənəd yoxdur. Onun ibtidai istintaq orqanına verdiyi ifadəsi belədir ki, narkotik vasitə onun şalvarının cibində olmuş və orada olduğunu unutmuşdur. Narkotik vasitə Təqsirləndirilən şəxs cibində qalmış, təsadüfən aşkar olunmuşdur. Eynilə, ittihama görə, kiməki narkotikin verilməsi nəzərdə tutulmuşdur, həmin şəxs də ifadəsində qeyd etmişdir ki, qardaşı Təqsirləndirilən şəxs müəssisəyə qadağan olunmuş əşya, narkotik vasitə gətirməyi sifariş verməmişdir. Müdafiəçisi olduğu Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirsizdir, həmçinin dövlət ittihamçısının vəsatətində göstərilən Azərbaycan Respublikası CM-nin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş ittihamın verilməsinə də hər hansı əsas yoxdur. Vəsatətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuşdur və cəzaçəkmə müəssisəsinə gedərkən də narkotik vasitənin cibində qalmasını unutmuşdur. Şahidlər də onun narkotik vasitəni keçirmək niyyətinin olmadığını demişlər. Vəkilinin fikri ilə razıdır. Dövlət ittihamçısının vəsatətinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə verilmiş vəsatəti nəzərdən keçirib, vəsatətə dair cinayət prosesi iştirakçılarının fikirlərini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli, təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, irəli sürülmüş ittiham üzrə cinayət işinin icraat materiallarının baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 17-ci bəndində göstərilmişdir ki, cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxslər tərəfindən xeyli, külli, xüsusilə külli miqdarlarda narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müvafiq olaraq CMin 234.1-ci və ya 234.1-1-ci və ya 234.4-1-ci maddəsi ilə, əməllər satış məqsədilə, lakin külli miqdar əlaməti olmadan törədildikdə CM-in 234.3-1-ci maddəsi, külli miqdar və ya xüsusilə külli miqdar əlaməti ilə törədildikdə isə müvafiq olaraq CM-in 234.4.3-cü və ya 234.4-1-ci maddəsi ilə əhatə olunduğundan həmin maddələrlə tövsif edilməli və bu əməllərin əlavə olaraq CM-in 317-2-ci maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur. Cəzaçəkmə müəssisələrində və ya həbs yerlərində saxlanılan şəxsin satış məqsədi olmadan xeyli miqdardan az miqdarda narkotik vasitə və ya psixotrop maddə hazırlaması, saxlaması, gəzdirməsi yalnız CM-in 317-2-ci maddəsi ilə, belə şəxslərə narkotik vasitə və ya psixotrop maddəni bilavasitə və yaxud cinayətdən xəbərsiz olan şəxs vasitəsi ilə ötürən şəxsin əməli isə bütün hallarda narkotik vasitənin yayılmasına yönəlməklə ictimai-zərərli məzmun daşıyan şəxsi maraqla şərtləndirildiyindən, CM-in 317-1-ci maddəsi ilə yanaşı, narkotik vasitənin və ya psixotrop maddənin miqdarı külli və xüsusilə külli miqdar təşkil etmədikdə CM-in 234.3-1-ci maddəsi ilə, külli və ya xüsusilə külli miqdar təşkil etdikdə isə müvafiq olaraq CM-in 234.4.3-cü və ya 234.4-1-ci maddəsi, habelə CM-in 317-1-ci maddəsi ilə tövsif olunmalıdır. Təqsirkar özü bilavasitə deyil, qabaqcadan əlbir olduğu digər şəxs vasitəsi ilə narkotik vasitəni və ya psixotrop maddəni cəzaçəkmə müəssisəsində və ya həbs yerində saxlanılan şəxsə ötürdükdə, onun əməli narkotik vasitənin və ya psixotrop maddənin miqdarı külli miqdar təşkil etmədikdə CM-in 234.4.1 və 317-1-ci maddələri ilə, külli miqdar təşkil etdikdə CM-in 234.4.3 və 317-1-ci maddələri ilə yanaşı, CM-in 234.4.1-ci maddəsi ilə, xüsusilə külli miqdar təşkil etdikdə isə CM-in 234.4-1-ci maddəsi əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlamətini də əhatə etdiyindən, həmin maddə və CM-in 317-1-ci maddəsi ilə tövsif edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzii və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası CM-nin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsi – həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 234.3-1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə – həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə tədqiqi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ehtimal olunan cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə qadağan olunmuş narkotik vasitəni yoxlamadan gizlətməklə ötürməyə cəhd etməklə müşayiət edilən cinayət əməlini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində törətmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının 19 oktyabr 2024-cü il tarixli, 3870/2024 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi 0,080 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qurudulmuş marixuana (kannabis) növündə narkotik vasitənin xeyli miqdarının aşağı həddi 5 qram təşkil edir. Belə olan halda, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə yanaşı, CM-nin 234.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin də tərkib əlamətlərinin olmasına əsaslı şübhələr vardır, cəzaçəkmə müəssisəsində saxlanılan şəxsə narkotik vasitəni (külli və xüsusilə külli miqdar təşkil etməyən çəkidə) bilavasitə ötürməyə cəhd edən şəxs kimi onun əməli Azərbaycan Respublikası CM-nin 317-1.1-ci (burada, 29, 317-1.1) və 234.4-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarının 64-cü bəndinə əsasən, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin müəyyən edildiyi hal üçün cinayət-prosessual qanunun 318.2-ci maddəsi xüsusi prosedur müəyyən etmişdir ki, bu da məhkəmənin öz təşəbbüsü ilə cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxsə bəraətin verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını deyil, yalnız dövlət ittihamçısının və yaxud zərərçəkmiş şəxsin (onun qanuni nümayəndəsinin) vəsatəti ilə daha ağır ittihamım irəli sürülməsi üçün işin prokurora qaytarılmasını ehtiva edir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, dövlət ittihamçısının vəsatəti əsasında irəli sürülmüş ittiham üzrə cinayət işinin icraat materiallarının baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 318.2-1-ci maddəsinə əsasən bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdədir, ona görə bu hal nəzərə alınmalıdır, onun barəsində qətimkan tədbiri seçilməsinə hazırkı halda əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili tərəfindən həyata keçirilmişdir, ona görə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 318, 320 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 29, 317-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildiyindən, dövlət ittihamçısının vəsatəti əsasında irəli sürülmüş ittiham üzrə cinayət işinin icraat materiallarının baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olduğu nəzərə alınaraq, barəsində qətimkan tədbiri seçilməsin. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar