Məhkəmə qərarları › İş №1(007)-245/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-245/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-245/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxxx 1990-cı il tarixdə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Goranboy rayonunun Tatarlı kəndində qeydiyyatda olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 1(089)-75/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5, 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 24 aprel 2016-cı il tarixdən hesablanmış, cəzaçəkməsinin sonu 24 aprel 2030-cu il tarixədək olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub həmin hökm üzrə cəza çəkməklə, hazırkı cinayət işi ilə bağlı Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş əldəqayırma üsulu ilə biz formasında metal məftildən hazırlanmış deşici xassəyə malik olan əşyanı əldə edərək özündə saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, o, Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsi, 23 ünvanında yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə naməlum vaxtda və mənbədən “Cəzaçəkmə müəssisələrinin X6” ilə qadağan olunmuş əldəqayırma üsulu ilə biz formasında metal məftildən hazırlanmış dəstəyinin uzunluğu 60 mm, orta hissədən diametri 33 mm, qalınlığı 4,0 mm olan 1 ədəd deşici xassəyə malik olan əşyanı əldə edərək özündə saxlamış, gəzdirmiş və daşımış, 25 sentyabr 2022-ci il tarixdə saat 20:25 radələrində özünə xəsarət yetirərək qarnının ön divarının sol tərəfinə batırmaqla həmin əşyadan istifadə etmiş, saat 21:53 radələrində təcili etapla Penitensiar Xidmətin Müalicə müəssisəsinə yerləşdirilmiş və orada həkimlər tərəfindən göstərilmiş tibbi yardım zamanı qadağan edilmiş əşya olan həmin deşici alət sonuncunun qarnının sol nahiyəsindən xaric etmə yolu ilə götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müddətdə oranın rəhbərliyi konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlərin saxlanması, gəzdirilməsi, daşınması və istifadəsinin cinayət məsuliyyəti yaratmasını ona elan etmişlər. Lakin, 25 sentyabr 2022-ci il tarixdə saat 16:00 radələrində müəssisəsinin ərazisində gəzişdiyi vaxt yerdən qalın məftil parçasından olan ucu itilənmiş deşici alət tapmış, ətrafda heç kimin olmamasından istifadə edərək həmin əşyanı özü ilə götürərək saxlamış və üzərində gəzdirmişdir. Həmin gün saat 20:25 radələrində o, saxlandığı 5 saylı dəstənin sanitar qovşağında özünə xəsarət yetirməklə həmin əşyadan istifadə etmişdir. Bundan sonra ona tibbi yardım göstərilməsi üçün Müalicə müəssisəsinə etap edilmiş, müəssisənin həkimi tərəfindən onun qarnının sol nahiyəsinin aşağı hissəsindən deşici alət çıxarılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsində daha sonra əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi X1 ifadəsində göstərmişdir ki, 6 saylı cəzaçəkmə müəssisəsinin 5 saylı dəstəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış deşici alətlə sanitar qovşağında 25 sentyabr 2022-ci il tarixdə saat 20:25 radələrində özünə xəsarət yetirdiyini görmüş, bu barədə radioqəbuledici vasitəsi ilə müəssisə rəisinin növbətçi köməkçisinə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs ilkin tibbi yardım göstərmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qarın nahiyyəsinin alt hissəsi səthi kəsilmiş və sol tərəfinə isə deşici alət batmış vəziyyətdə qalmışdır. Hadisənin baş vermə səbəbini məhkumdan soruşduqda o, cəza müddəti çox olduğundan və ailəsindən ötrü darıxdığından mənəvi-psixoloji sıxıntı keçirdiyi üçün özündən aslı olmayan səbəblərdən kustar üsulla hazırlanmış deşici alətlə özünə xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özünə yetirdiyi xəsarət zaman deşici alətin onun qarın nahiyyəsinin içərisindən çıxarılması məqsədilə tibbi mütəxəssislərin müdaxilə etməsinə ehtiyac yarandığından həmin tarixdə saat 20:43 radələrində o, təcili etapla Penitensiar Xidmətin Müalicə müəssisəsinə köçürülmüşdür. Cəza çəkdiyi müddətdə məhkum Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları Şahid4 və Şahid5, şahid S.M.Heybətovun ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə müəssisəsinin Tibb Xidmətinin baş həkiminin müavini Şahid7 ifadəsində göstərmişdir ki, 25 sentyabr 2022-ci il tarixdə saat 21:43 radələrində Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs özünə xəsarət yetirmə faktı ilə təcili müşayiət altında Müalicə müəssisəsinə daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs dərhal həkim nəzarətinə götürülmüş, ona göstərilmiş ilkin tibbi yardım zamanı qarnının ön divarının sol tərəfindən biz formasında olan deşici alət xaric etmə yolu ilə götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs qadağan edilmiş əşyanın aşkar edilməsi faktı ilə əlaqədar akt tərtib edilərək deşici alət qablaşdırılmış, akta əlavə olunduqdan sonra bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə müəssisəsinin əməkdaşı Şahid2, Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin 25 aprel 2023-cü il tarixli məktubu ilə məhkəməyə göndərilmiş, həmin müəssisədə cəza çəkən məhkumlar Şahid1 və X3 ərizələrindən görünür ki, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etmiş və iştirakları olmadan işə baxılmasını xahiş etmişlər. Bununla əlaqədar onların həmin dövrdə verdikləri ifadələri məhkəmə iclasında elan olunarkən onların qeyd olunan şahidlərlə eyni məzmunlu ifadə verdikləri müəyyən edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin Müalicə müəssisəsinin əməkdaşı Şahid6 iştirakının təmin edilməsi mümkün olmadığından, həmin dövrdə verdiyi ifadəsi məhkəmə iclasında elan olunarkən onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Müalicə müəssisəsinin əməkdaşları tərəfindən tərtib olunmuş 25 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, 25 sentyabr 2022-ci il tarixdə təxminən saat 21:53 radələrində özünə xəsarət yetirərək 6 saylı cəzaçəkmə müəssisəsindən Müalicə müəssisəsinə təcili müşayiətlə “Qarının ön divarının qarın boşluğuna nüfuz etmiş kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə daxil olmuş məhkum Təqsirləndirilən şəxs müəssisəyə daxil olarkən qarnın ön divarının sol tərəfinə yeritmiş olduğu, ümumi uzunluğu təxminən 21-22 sm olan, yuxarı tərəfindən əyilib qulp düzəldilərək “biz” formasına salınmış, tiyə hissəsinin uzunluğu təxminən 6 sm, deşici hissəsinin uzunluğu təxminən 10 sm olan qalın məftil parçası xaric edilərək götürülmüş, Təqsirləndirilən şəxs gözü qarşısında zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, imzalanmışdır. (i.v. 10) - 10 may 2017-ci il tarixli iltizamdan görünür ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanan şəxslər tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyaların siyahısı Təqsirləndirilən şəxs elan olunmuş və sonuncu həmin siyahı ilə tanış olduqdan sonra iltizamı imzası ilə təsdiq etmişdir. (i.v. 29) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 18 oktyabr 2022-ci il tarixli TS-51 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs qarnın ön divarının 2 ədəd kəsilmiş və daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yaraları olmuşdur. Qeyd olunan xəsarətlər şiş uca və iti kənara malik olan əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. (i.v. 77-78) - 26 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami rayon prokurorluğu tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 317-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması həmin hissədə rədd edilmiş, toplanmış materialda məhkum Təqsirləndirilən şəxs özünü öldürmə həddinə çatdırılması faktı üzrə müəssisə əməkdaşları və ya digər məhkumların əməlində Azərbaycan Respublikası CM-nin 125-ci maddəsinin tərkib əlamətləri müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması həmin hissədə rədd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən cəzaçəkmə müəssisəsinin daxilində bizin hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsinə hüquqi qiymət verilməsi üçün toplanmış material araşdırmanın istintaq aidiyyəti üzrə davam etdirilib hüquqi qiymət verilməsindən ötrü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. (i.v. 79-83) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin X4 təsdiq edilməsi barədə” 29 dekabr 2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından və onun 11-ci əlavəsinin çıxarışından görünür ki, konstruksiyasına görə soyuq silaha oxşar kəsici və deşici alətlər məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 87-88) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 16 noyabr 2022-ci il tarixli 3/1581 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet əldəqayırma üsulu ilə biz formasında metal məftildən hazırlanmış deşici xassəyə malik alətdir, soyuq silahın kriminalistik təsnifatına və konstruksiyasına görə soyuq silah hesab edilmir. (i.v. 91-93) - 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, aşkar edilərək götürülmüş əldəqayırma üsulu ilə biz formasında hazırlanmış deşici xassəyə malik 01 ədəd alət maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 121) - 08 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, onun Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınaraq barəsində qətimkan tədbiri seçilməmişdir. (i.v. 122-124) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 317-2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 6 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, cəzasının əvvəli 24 aprel 2016-cı il, cəzasının sonu 24 aprel 2030-cu il olan Təqsirləndirilən şəxs cəza çəkdiyi 09 sentyabr 2016-cı il tarixdən 26 may 2022-ci il tarixədək olan müddətdə X6nı pozduğuna görə barəsində 12 dəfə tənbeh tədbiri tətbiq olunmuş, lakin ona qarşı tətbiq olunmuş intizam xarakterli tədbirlərdən və onunla aparılan fərdi tərbiyəvi söhbətlərdən heç bir müsbət nəticə çıxarmayaraq X6nı qərəzli surətdə pozmaqda davam etmişdir, hazırda qüvvədə olan cəzası vardır. (i.v. 45-46) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 21 dekabr 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Musayev X2 Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 1(089)-75/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5, 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkməsinin əvvəli 24 aprel 2016-cı il tarixdən hesablanmışdır. (i.v. 31-40, 99) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, cinayətlərin residivi, təhlükəli residivi və xüsusi təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən, cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin istinad olunan tələbləri baxımından məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Musayev X2 Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-cı il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkərkən hazırkı cinayət əməlini törətmişdir, ona görə məhkuma hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən, həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs kimi yenidən qəsdən cinayət törətsə də, Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlərin nəzərə alınmaması ilə bağlı Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbinə uyğun olaraq, həmin hal cinayətlərin residivini yaratmır və cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilə bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməli olan azadlıqdan məhrum etmə cəzasına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli hökmü ilə təyin olunmuş 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 il 11 ay 28 gün hissəsini qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsindəki qətimkan tədbirinin həlli, cəzaçəkmə müəssisəsinin rejimi və cəzaçəkmə müddətinin əvvəlinin hesablanması məsələləri ilə bağlı qeyd edir ki, məhkəmə təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olması qənaətinə gəlmişdir, ona görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hökmlərin məcmusu qaydasında cəza təyin edilərək cəzaçəkmə müddətinin əvvəli hazırkı hökmün çıxarıldığı 26 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İbtidai istintaq və məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınmaqla barəsində qətimkan tədbiri seçilməmişdir, hazırda da həmin hal nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs kimi ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkərkən hazırkı cinayət əməlini törətdiyinə görə hökmlərin məcmusu üzrə təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində (CM-nin 56.1.3-cü maddəsinin təsiri altına düşmədiyindən) çəkməyə davam etməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış əldəqayırma üsulu ilə biz formasında metal məftildən hazırlanmış deşici xassəyə malik 01 ədəd alət istifadəyə yararsız olduğundan məhv edilməli; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından, vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 22 iş saatı müddətinə bərabər tutularaq, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 1(089)-75/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.5, 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq təyin edilmiş 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün hissəsini hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin hesabında olmaqla, azadlıqdan məhrum etmə növündə cəza çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış əldəqayırma üsulu ilə biz formasında metal məftildən hazırlanmış deşici xassəyə malik 01 ədəd alət məhv edilsin. Məhkəmə məsrəfi hesab olunan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 22 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 132 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar