Məhkəmə qərarları › İş №1(007)-245/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-245/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-245/2024 21.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs: xx.xx.2002-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “AYZ BAKU” mağazasında satıcı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 76 nömrəli ünvanda yerləşən “X1” hoteldə müştəri olduğu 114 nömrəli iki mərtəbəli villanın ikinci mərtəbəsində olan zaman həmin villada onunla birlikdə istirahət edən Zərərçəkmiş şəxs villanın digər otağında yatmasından istifadə edib özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs yatdığı otaqda televizor altlığının üzərində olan sonuncuya məxsus şalvarın cibindən 3600 manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 3600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödədiyini, əməlindən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, 06 oktyabr 2023-cü il tarixdə o, internet sosial şəbəkəsində “Azar” saytında Fətulla adlı oğlanla tanış olmuş və o, Fətullaya istifadəsində olan ***-***-**-** nömrəsini vermişdir ki, əlaqə saxlasınlar. Bundan sonra o, Fətulla ilə WhatsApp proqramı vasitəsilə yazışmış və razılaşmışlar ki, görüşüb Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Sky” adlı hotelə getsinlər. O, Fətullaya demişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, 58 nömrəli yaşayış binasında kirayə yaşayır. Fətulla idarə etdiyi “Hyundai” markalı, “Sonata” modelli, Az **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı evin yanına gəlmiş, onlar görüşüb və razılaşdıqları kimi “Sky” adlı hotelə getmişlər. Fətulla hotelə 30 manat vermiş və bir otağı icarəyə götürmüşdür. Onun razılığı ilə intim əlaqədə olmuşlar. Fətulla onunla arada yazışmış və razılaşmışlar ki, 26 noyabr 2023-cü il tarixdə saat 01 radələrində görüşsünlər. Fətulla idarə etdiyi “Hyundai” markalı, “Sonata” modelli avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, 58 nömrəli evin yanına gəlmiş və ona WhatsApp proqramı vasitəsi ilə olduğu yerin şəklini çəkib ona göndərmişdir. O, tək gəlib Fətullanın idarə etdiyi avtomobilin sağ qabaq oturacağında əyləşmişdir. Fətulla idarə etdiyi avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayon ərazisində olan “Bravo” marketə getmiş, spirtli içki və şokolad almışdır. Bundan sonra Fətulla Kənan adlı tanışına zəng vurub demişdir ki, “yanımda bir xanım var, sizin restorana gəlirik.” Kənan razılıq vermiş və demişdir ki, gəlin. Fətulla idarə etdiyi avtomobillə onunla birlikdə “Şırdan Baku VİP” restoranın qarşısına gəlmişlər və Fətulla avtomobili saxlamışdır. Fətulla və o, avtomobildən düşmüş və restoranın qarşısına gəlmişlər. Fətullanın tanışı Kənan demişdir ki, “restoranı bağlayır, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Corona” restorana gedək”. Onlar “Corona” restorana getmişlər. Restoranda yemək yeyib, spirtli içki içmişlər. Onlar razılaşmışlar ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “X1”ya getsinlər və gecəni orada qalsınlar. Kənan “Corona” restoranda 40 manat hesab vermişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs cibindən 100 manatlıq pul əskinazları çıxartmış və o, görmüşdür ki, onun cibində 2000-3000 manat pul var. Həmin günü saat 03:45-də Fətulla ayıq sürücüyə zəng vurub çağırmış, ayıq sürücü onları “X1”ya gətirmişdir. Bundan sonra o, Kənan və Fətulla ilə birlikdə “X1”ya daxil olmuşlar və Fətulla 150 manata bir günlük iki mərtəbəli villanı icarəyə götürmüşdür. Həmin iki mərtəbəli villanın birinci mərtəbəsində zal, ikinci mərtəbəsində isə üzbəüz iki yataq otağı var idi. O, Kənan və Fətulla ilə birlikdə villanın birinci mərtəbəsində zalda əyləşmiş, Fətulla spirtli içki və meyvə sifariş vermişdir. Fətulla Kənanla birlikdə spirtli içki içmişdir. Həmin günü saat 05:30 radələrində Kənanın tanışı Gülşən adlı qız gəlmiş, Gülşən spirtli içki içməyə başlamış, o, isə spirtli içki içməmişdir. Həmin günü saat 07 radələrində Fətulla ilə o, villanın ikinci mərtəbəsində sol tərəfdə olan bir otağa, Kənanla Gülşən isə ikinci mərtəbədə sağ tərəfdə olan otağa keçmişlər. Fətulla çox spirtli içki qəbul etdiyi üçün tez bir zamanda yatmış və onunla yaxınlıq etməmişdir. Həmin günü saat 09 radələrində o, yuxudan oyanmış və görmüşdür ki, Fətulla yatıbdır. Həmin vaxt yadına düşmüşdür ki, Kənanın cibində çoxlu sayda 100 manatlıq əskinazlar vardır və həmin pulları oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə Kənanın otağının qapısını açmış və otağa girəndə görmüşdür ki, Kənan və Gülşən yatıblar. O, televizor altlığının üzərinə qoyulmuş Kənanın şalvarının cibinə baxmış və görmüşdür ki, çox sayda 100 manatlıq əskinazlar vardır. O, Kənanın cibindən 100 manatlıq əskinazları götürmüş, 3-4 ədəd 100 manatlıq əskinaz saxlamışdır. Bundan sonra yataqda yatmış Gülşənə yaxınlaşmış və ona demişdir ki, “o, gedir, sən gedirsən?” Gülşən demişdir ki, “özüm gedəcəm, sən get”. Bundan sonra o, otaqdan çıxmış və birinci mərtəbəyə düşmüşdür. O, birinci mərtəbədə pulları saymış və görmüşdür ki, Kənanın cibindən 3100 manat götürmüş və 4 ədəd 100 manatlıq əskinazı sayıb birinci mərtəbədə olan stolun üzərinə qoymuş, fikirləşmişdir ki, lazımları olar və 2700 manat pulu isə cibinə qoymuşdur. O, birinci mərtəbədə giriş qapısını bağlı olduğundan aça bilməmişdir. Bundan sonra birinci mərtəbədə pəncərəni açmış və pəncərədən həyətə düşmüşdür. O, “X1”nun həyətindən Babək prospektinə çıxmış və taksiyə əyləşib Bakı şəhəri, Nərimanov rayonunda kirayə yaşadığı evə getmişdir. Həmin vaxt görmüşdür ki, birlikdə kirayə yaşadığı Ruhiyyə blokdan çıxıb işə gedir. Bundan sonra o, evə getmiş və həmin günü o, metronun “Neftçilər” və “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında olan bazardan özünə 200 manatlıq geyim paltarları almış və həmin günü saat 14:15-də Bakı şəhəri, Nizami rayonu, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan “Favorit” marketdə oğurladığı puldan 45 manat, 2-3 dəqiqədən sonra 800 manat “Unibank” kredit kartına pul köçürmüşdür. Bundan sonra o, işlədiyi Bakı şəhəri, Nizami rayonu “Planet” şadlıq sarayının birinci mərtəbəsində olan “Araz” marketə getmiş və həmin günü saat 20 radələrində işdən çıxıb kirayə yaşadığı evə gəlmişdir. Həmin günü, yəni 26 noyabr 2023-cü ildə saat 20:30-da yaşadığı evə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşları gəlib onu 23-cü Polis Bölməsinə aparmışlar. O, etdiyi əməl barəsində səmimi olaraq etiraf etmiş və bu barədə izahat yazmışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri öz ifadəsi ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. İş üzrə Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 13 oktyabr 2023-cü il tarixdən ünvan 4 ünvanda yerləşən təzə fəaliyyətə başlamış “Şırdan Baku VİP” restoranda inzibatçı vəzifəsində işləyir. 26 noyabr 2023-cü il tarixdə saat 01:00 radələrində Şahid1 ona zəng vurub demişdir ki, “işdəsən, bir xanımla ora gəlirəm”. O, Şahid1 demişdir ki, işdədir. Təxminən 5-10 dəqiqədən sonra Şahid1 idarə etdiyi “Hyundai” markalı, “Sonata” modelli Az **-VU-*** dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və həmin vaxt Şahid1 yanında olan xanım özünü Gülzar kimi təqdim etmişdir. O, Şahid1 demişdir ki, restoranı bağlayırlar, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən “Corona” restorana gedək. Onlar “Corona” restorana getmişlər. Restoranda yemək yeyib, spirtli içki içmişlər. Həmin vaxt razılaşmışlar ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “X1”ya getsinlər və gecəni orada qalsınlar. “Corona” restoranda o, 40 manat hesab vermişdir. Həmin vaxtı o, pulu verən zaman cibindən 100 manat pul əskinazını çıxartmış, Şahid1 və Gülzar görmüşlər ki, cibində 3000 manatdan çox pul vardır. Həmin vaxtı cibində özünə məxsus 3640 manat pul var idi. Həmin günü saat 03:45də Şahid1 ayıq sürücüyə zəng vurub çağırmış, ayıq sürücü onları “X1”ya gətirmişdir. Bundan sonra o, Şahid1 və Gülzarla birlikdə “X1”ya daxil olmuşlar və Şahid1 150 manata bir günlük iki mərtəbəli villanı icarəyə götürmüşdür. Həmin iki mərtəbəli villanın birinci mərtbəsində zal, ikinci mərtəbəsində isə üzbəüz iki yataq otağı var idi. O, Şahid1 və Gülzarla birlikdə villanın birinci mərtəbəsində zalda əyləşmiş, Şahid1 spirtli içki və meyvə sifariş vermişdir. O, Şahid1la birlikdə spirtli içki içmişdir. Həmin vaxtı o, internet sosial şəbəkəsində “Tinder” saytında Gülşən adlı qızla tanış olmuş və o, Gülşənlə yazışmışdır. O, Gülşənə yazmışdır ki, ““X1”ya gələ bilərsən?”. Gülşən razılıq vermiş və demişdir ki, taksi ilə gəlir. Təxminən 30 dəqiqədən sonra yəni, həmin günü saat 05:30 radələrində Gülşən adlı qız gəlmiş, Gülşən onlarla birlikdə spirtli içki içmişdir. Gülzar isə spirtli içki içməmişdir. Həmin günü saat 07 radələrində o, Gülşənlə villanın ikinci mərtbəsində sağ tərəfdə olan bir otağa, Şahid1la Gülzar isə ikinci mərtbədə sol tərəfdə olan bir otağa keçmişlər. O, şalvarını çıxarıb otaqda olan televizor altlığının üzərinə qoymuş və həmin vaxtı şalvarın cibində özünə məxsus 3640 manat olmuşdur. O, Gülşənin razılığı əsasında intim əlaqədə olmuş və otaqda olan ayrı-ayrı yataqda yatmışlar. 26 noyabr 2023-cü il tarixdə saat 12:00-da onun mobil telefonuna gələn zəngin səsinə oyanmış və mobil telefonla danışmışdır. Həmin vaxt o, yataqdan durub şalvarını götürmüş və cibini yoxlayan zaman görmüşdür ki, cibində 2 ədəd 20 manat pul əskinazı var, qalan 3600 manat pul cibində yoxdur. O, otaqda olan digər çarpayıya baxmış və görmüşdür ki, Gülşən çarpayıda yatıbdır. O, otaqdan çıxıb Şahid1 otağına keçmiş və görmüşdür ki, Şahid1 yatmış, Gülzar isə yerində yoxdur. Həmin vaxtı başa düşmüşdür ki, Gülzar pulu oğurlayıb və gedibdir. O, Şahid1 yuxudan oyatmış və demişdir ki, “qız onun cibində olan pulları aparıbdır”. Şahid1 yuxulu vəziyyətdə ondan soruşmuşdur ki, “hansı qız?”. O, Şahid1 demişdir ki, sənin yanında olan qız, yatdığı otağa keçib və şalvarın cibindən 3600 manat götürüb, 40 manat isə cibində qalıbdır. Şahid1 tez Gülzarın istifadəsində olan ***-***-**-** nömrəsinə zəng vurmuş və Gülzara zəng çatmamışdır. Bundan sonra o, Şahid1la onun otağına gəlmiş və Gülşənə 3600 manat pulunun oğurlandığını demişdir. Həmin vaxt Gülşən yataqda imiş və pulun oğurlanması barədə heç bir şey bilmədiyini, əgər inanmırlarsa əl çantasına baxa biləcəklərini demişdir. O və Şahid1 Gülşənin əl çantasına baxmış və Gülşənin əl çantasında 20-30 manat olduğunu görmüşlər. Həmin vaxtı Gülşən demişdir ki, Gülzar onun otağına gəlib ona demişdir ki, “gedirsən?”. O, Gülzara demişdir ki, “getmir.” Gülzar demişdir ki, “o gedir” və Gülzar çıxıb getmişdir. Bundan sonra o, Şahid1 və Gülşənlə birlikdə villadan çıxmaq üçün birinci mərtəbəyə düşmüşlər və görmüşlər ki, villanın giriş qapısı bağlıdır, birinci mərtəbədə olan pəncərə açıq vəziyyətdədir. Onlar başa düşmüşlər ki, Gülzar villanın giriş qapısını aça bilmədiyi üçün pəncərədən çıxıb getmişdir. Bundan sonra o, Gülşəni taksi ilə yola salmışdır. Sonra Şahid1 avtomobili ilə Gülzarın yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsi, 58 nömrəli yaşayış binasına getmişlər və qonşulardan Gülzarın 141 nömrəli mənzildə yaşadığını öyənmişlər. Onlar fikirləşmişlər ki, Gülzarın yaşadığı mənzilin qapısını döyərlərsə problem olar. Buna görə də, o, istifadəsində olan ***-***-**-** nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidməti Zəng Mərkəzinə zəng vurub Bakı şəhəri, Nizami rayonu, Babək prospektində olan “X1”dan 3600 manat pulunun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra onu Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə dəvət etmişlər və o, Şahid1la birlikdə 23-cü Polis Bölməsinə getmiş və olan hadisə barədə ərizə və izahat yazmışdır. İş üzrə Şahid2 məhkəməyə ərizə ilə müraciət edərək istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 2022-ci ildən Bakı şəhəri, Nizami rayonu, metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında mebel mağazasında aşbaz işləyir və həmin vaxtdan Bakı şəhərində qızı Tamam Qasımova ilə birlikdə kirayə yaşayır. 2023-cü ilin oktyabr ayından o, Gülzarla birlikdə bir otaqda kirayə qalır. Gülzar ona demişdir ki, Bakı şəhəri, Nizami rayonunda olan “Planet” şadlıq sarayının birinci mərtəbəsində olan “Araz” marketdə satıcı işləyir. O, hər gün saat 09:30 radələrində evdən çıxır və saat 19:30-da evə gəlir. Gülzar isə növbəli işlədiyi üçün saat 08-də, 11-də, 14-də evdən çıxır və 9 saat işləyib evə gəlir. 26 noyabr 2023-cü ildə saat 01 radələrində Gülzar evdən çıxmış və ona hara getməsi barədə heç bir söz deməmişdir. Həmin günü saat 09:30 radələrində o, evdən çıxıb işə gedən zaman Gülzarın evə gəldiyini görmüşdür. Onun haradan gəlməsi barədə heç bir məlumatı yoxdur. Həmin günü saat 19:30 radələrində evə gələn zaman görmüşdür ki, açar yerində yoxdur. Onlar evdən çıxan zaman mənzilin açarını çöldən giriş qapısının yanında olan şkafın üzərinə qoyurmuşlar. O, mənzilin giriş qapısını döymüşdür ki, ancaq qapını açan olmamışdır. O, Gülzarın mobil telefonuna zəng vurmuş, ancaq mobil telefon bağlı olmuşdur. O, 8-ci mikrorayona gedib mənzilin sahibindən açarı alıb gəlmiş və görmüşdür ki, onların blokunda polis var. O, mənzilə yaxınlaşmış və qapını döymüşdür. Gülzar qapını açmış, polis əməkdaşları Gülzarı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə aparmışlar və o, Polis Bölməsinə getmişdir. Polis Bölməsində məlum olmuşdur ki, 26 noyabr 2023-cü il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “X1”da digər otaqda olan Zərərçəkmiş şəxs cibindən 3600 manat oğurlamışdır. Gülzarın 3600 manat oğurlaması barədə heç bir məlumatı yoxdur və bu barədə Gülzar ona heç bir söz deməmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul olunması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs kimi tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”…2.Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir... 7.Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.” Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını gizli olaraq talayıb oğurluq etməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxs cəzadan azad edilməsi və onun barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığına görə Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 №li qərarında göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun islah olunması üçün barəsində cəmiyyətdən təcrid olunmamaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan islah işləri cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının CPM-nin 346.1.20 və 346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı; cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 41 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 246 (iki yüz qırx altı) manat (41x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində hər ay qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin və cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablansın. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs 41 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 246 (iki yüz qırx altı) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar