Məhkəmə qərarları › İş №1(007)-245/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-245/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-245/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X2 Əziz oğlunun sədrliyi, Məhərrəmova Pərvin Nofəl qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx xxx 2004-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri Xiyabani küçəsi 20 ünvanında qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 yanvar 2025-ci il tarixdə saat 21:45 radələrində kassir işlədiyi ünvan 2 ünvanda yerləşən “Salam Bro" adlı restoranın qarşısında Zərərçəkmiş şəxs sərxoş olması ilə əlaqədar müştərilərin narahatçılığına səbəb olmaması üçün restorana daxil olmasına icazə verməməsi səbəbindən aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs onun anasının ünvanına nalayiq ifadələr işlətdikdə o, qisas almaq məqsədilə qəsdən yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbələr endirərək sonuncuya ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sağ yanaq nahiyəsinin şişkinlik halında əzilməsi və sıyrığı, tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burnun şişkinlik halında əzilməsi ilə müşayiət olunan bədən xəsarəti yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o təxminən bir neçə aya yaxındır ki, ünvan 4 ünvanında yerləşən “Salam Bro” adlı restoranda kassir işləyir. 30 yanvar 2025-cil tarixdə saat təxminən 21:30 radələrində işdə olan zaman Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə içəri daxil olaraq digər müştərilərin narahatçılığına səbəb olduğu üçün onu çölə çıxardaraq evə getməsini bildirmişdir. O, restoranın qarşısında onunla söhbət edən zaman Zaur bir neçə dəfə onun ünvanına nalayiq söyüşlər işlətmişdir. Bundan sonra əsəblərinə hakim ola bilməyib bir neçə dəfə onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Daha sonra restorana daxil olmuş və mübahisələri sonlanmışdır. Aralarında baş vermiş mübahisə təxminən 1-2 dəqiqə ərzində davam etmiş, mübahisə zamanı heç kim olmadığı üçün hadisəyə şahid olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəmiş, onunla barışmışdır. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 30 yanvar 2025-ci il tarixdə saat təxminən 20 radələrində tanışları ilə 8-ci km bazarında kafedə yeyib içdikdən sonra saat təxminən 21:30 radələrində gecələmək üçün gedən zaman dönər yemək istəmiş, sərxoş vəziyyətdə piyada hərəkətdə olan zaman ünvan 4 ünvanında yerləşən “Salam Bro” adlı restoranın qarşısından keçdikdə qapını açaraq içəri daxil olmuşdur. O içəri daxil olduqdan sonra sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs ona sərxoş vəziyyətdə olduğunu bildirərək çıxıb getməyini söyləmişdir. O, sərxoş vəziyyətdə olduğu üçün Təqsirləndirilən şəxs ünvanına nalayiq küçə söyüşləri işlətmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə yumruqla sifət nahiyəsinə vurmuşdur. Mübahisə zamanı heç kim şahid olmamışdır. Aralarında baş vermiş mübahisə təxminən 1-2 dəqiqə ərzində davam etmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair 03 fevral 2025-ci il tarixli 116 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ yanaq nahiyəsinin şişkinlik halında əzilməsi və sıyrığı, tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burnun şişkinlik halında əzilməsi, burun belinin əzilmiş yarası olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, xx.xx.2025-ci il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inkar olunur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 10 fevral 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam ödədiyini göstərmiş, bunu ifadə edən ərizəni məhkəməyə təqdim etmiş və barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Beləliklə, məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasına və dəymiş ziyanın tamamilə ödənilməsinə dair məhkəməyə təqdim edilmiş ərizələri, prosessual qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, hazırkı iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində hər hansı qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 10 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla 60 manat (10x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 10 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 60 manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, hakim İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar