Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-247/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsi, Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi,dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 07 sentyabr 2021-ci il tarixdə, saat 12:15-də, Bakı şəhərində, xx xxxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2ində '‘həbs’' qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 02 aprel 2021-ci il tarixdə, saat 17 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 63 ünvanın qarşısında Zərərçəkmiş şəxs bacısı qızı Şahid ilə birlikdə övladı X1 olduğu uşaq arabasını pilləkənlərlə qaldırmalarını görüb kömək etmək adı ilə onlara yaxınlaşıb arabanın arxasında olan Zərərçəkmiş şəxs məxsus göy rəngli çantanın içərisindən üzərində 5 manat dəyərində qırmızı rəngi, güllü telefon qovluğu olan 5 manat dəyərində 055- ***-**-** GSM nömrəsi ilə işləyən 550 manat dəyərində "Samsunq A 6+" markalı mobil telefonu, həmin telefon qovluğunun içərisində olan 7 manat nağd pulu və 15 manat dəyərində "Kapital Bank”a aid birkartı açıq yolla talayaraq oradan qaçmaqla Zərərçəkmiş şəxs ümumilikdə 582 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 02 aprel 2021-ci il tarixdə iş axtarmaq məqsədi ilə 8 km qəsəbəsi Neftçilər metrosunun yanına gəmişdir. Həmin gün saat 16 radələrındə Neftçilər Metrostansiyasının yaxınlığında «Bank Respublika”nın yanında ucuzluq marketə tərəf gedən pilləkanlarda dayanıb siqaret çəkmiş, pilləkanlarla yuxarı qalxan qadın və qızın apardıqları uşaq arabasını qaldırmağa köməklik etmiş, lakin uşaq arabasının arxasındakı sumkadan mobil telefon götürməmiş və çıxıb getmişdir. Heç bir cinayət törətməmişdr. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsini onun prosessual hüququ kimi qiymətləndirir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu Çobanzadə küçəsindəki evdə ailəsi ilə yaşayır. Anadangəlmə iflic xəstəsi olan 2 yaşlı qızını evdən çıxarkən uşaq arabasında aparmışdır. 02 aprel 2021-ci il tarixdə xəstə uşağını Nizami rayonu, Özbəkistan küçəsində yerləşən uşaq reabilitasiya mərkəzinə 17 yaşlı bacısı qızı Aysu ilə aparmış, oradan çıxıb saat 16-45 radələrində Nizami rayonu, Neftçilər metrosunun yaxınlığına gəlib «Bank Respublika»nın yanında pilləkanlarla yuxarı ucuzluq mağazasına getmək üçün qalxarkən, bacısı qızı Aysu uşaq arabasının qarşısından tutub pilləkanlarla yuxarı qalxdıqları vaxt, yuxarı çıxmazdan əvvəl arabanın arxasına göy rəngli uşaq sumkasına özünə məxsus 550 rnanat dəyərində ''Samsung A 6 +” markalı arxası qızılı rəngli, güllü qara uzlük olan telefonu sumkanın cibinə qoymuşdur. Aysu ilə birlikdə arabanı pilləkanlara yuxarı qaldırarkən arxadan təxminən 45 yaşlı, qara şapkalı, arıq bədənli, əynində qara jilet, təxminən 160-165 sm boyu olan tanımadığı, üzündə qara maskası olan kişi pilləkanları çıxıb qurtarmağa az qalmış arxadan aşağı tərəfdən arabanı tutub qaldırmağa köməklik etmişdir. Pilləkanları çıxıb qurtaran an arxaya çevriləndə həmin kişinin arabanın arxasında olan sumkanın cibindən onun mobil telefonunu götürüb qaçdığını görmüşdür. Həmin vaxt qışqırmağa qorxmuş və həmin kişi pilləkanlarla aşağı düşərək qaçıb getmişdir. Bu barədə telefonla ərinə, əri isə 102 xidlmətinə məlumat vermiş, sonra polis şöbəsinə gedərək bu barədə ərizə yazmışdır. Hadisə zamanı arxaya baxarkən arabanı arxadan tutub qaldırmağa kömək edən şəxsin maskası dodağının üstünə düşdüyü üçün üzünü görmüşdür. Həmin şəxs telefonu götürən kimi iti sürətlə oradan aşağı tərəfə pilləkanları düşüb uzaqlaşmışdır. Həmin mobil telefonu 550 manat dəyərində olmuş və telefonun içində 5 manat dəyərdə ***-***-**-** CSM mobil nömrə, telefonun üzərində 5 manat dəyərdə qovluq, həmin qovluğun altında 7 manat nəğd pul, balansında 1400 manat olan 15 manat dəyərdə “1 kart" olmuşdur. Hadisə nəticəsində ona ümumilikdə 582 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, xalası Gülnarənin 2 yaşlı qızı anadangəlmə iflic xəstəsi olduğu üçün xalası ilə çox vaxt uşağı arabada evdən birlikdə aparmışlar. 02 aprel 2021-ci il tarixdə Gülnarə ilə birlikdə uşağı Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 1-də yerləşən uşaq realibitasiya mərkəzinə fiziki hərəkətlər etdirmək üçün aparmışlar. Oradan saat təxminən 16:45 radələrində çıxıb birlikdə Nizami rayonu, Neftçilər metrosunun yaxınlığına gəlmişlər və ucuzluq mağazasına getmək üçün «Bank Respublika»nın yanında pilləkanlarla yuxarı qalxarkən, Gülnarə pilləkanları çıxmağa başlayanda arabanın arxasına göy rəngli uşaq sumkasını keçirmiş və «Samsunq A 6» markalı arxası qızılı rəngli, güllü üzlüklü telefonu həmin sumkanın cibinə qoymuşdur. Pilləkanları Gülnarə ilə birlikdə qabaqdan arabanı dartıb qalxarkən arxadan təxminən 45- 50 yaşlı qara şapkalı, arıq bədənli, əynində qara jilet, təxminən 160 sm boyu olan tanımadığı və üzündə qara maskası olan arıq bədənli kişi, onlar pilləkanları qalxıb qurtarmağa az qalmış arabanın arxasından aşağı tərəfdən köməklik etmiş, 4-5 pilləkəni çıxıb qurtarmışlar. Onlar arxaya çevriləndə həmin kişinin arabanın arxasında olan sumkanın cibindən xalası Gülnarənin mobil telefonunu götürüb qaçdığını görmüşlər, lakin qorxduqları üçün kişinin arxasınca qışqıra bilməmişlər. Həmin kişi pilləkanlarla iti sürətlə aşağı düşüb qaçıb getmişdir. Xalası Gülnarə bu barədə ərinə mobil telefonla məlumat vermiş, sonra polis şöbəsinə getmişdir. Həmin şəxs arabanı arxadan tutıb qaldırmağa kömək edərkən maskası dodağının üstünə düşdüyü üçün üzünü gömüşdür. Həmin şəxs telefonu götürən kimi iti sürətlə oradan aşağı tərəfə pilləkanları düşüb uzaqlaşmışdır. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, şahidin ifadəsini tədqiq edib, dövlət ittihamçısının və müdafiəçinin təkliflərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməməsinə baxmayaraq onun təqsiri məhkəmədə tədqiq edilmiş aşağıda qeyd olunan sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında cinayət hadisəsini özündə əks etdirən, iş üzrə maddi sübut kimi tanınmış və işə əlavə olunmuş 01 ədəd CD diskdə olan görüntüyə cinayət prosesi tərəflərinin iştirakı baxış keçirilmişdir. İşdə olan 02 aprel 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və şəkillərdən görünür ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 63 ünvanda yerləşən «Bank Respublika»nın yanındakı pilləkanlarda baş vermişdir. İşdə olan 02.04.2021-ci il tarixli (video görüntünün götürülməsi və baxış keçirilməsi haqqında) protokoldan görünür ki, 02.04.2021-ci il tarixdə saat 16:45 radələrində qeydə alınmış görüntüdə hadisə baş verən yerdə pilləkanlarla 2 qadının uşaq arabası ilə çıxmaları, onların arxasınca sol tərəfdən tələsmədən gələn, onları gördükdə isə tələsik arxalarınca başında qara kepka, əynində qısaqol qara jilet və qoltuğunda qara geyim əşyası olan şəxsin çıxması, bu aradan 25 saniyə sonra həmin şəxsin yuxarıda uşaq arabasının arxasından nə isə götürüb geri çevrilməsi, 5 saniyə sonra həmin şəxsin aşağıda görünərək pilləkanları aşağı qaçaraq əks tərəfə qaçıb getməsi müəyyən olunmuşdur. İşdə olan 15 iyun 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD diskdə olan görüntülər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübüt kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan 07.04.2021-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs tanımaya təqdim edilmiş şəxslər arasında ona qarşı soyğunçuluq əməli törətmiş Təqsirləndirilən şəxs tanımış və ona qarşı cinayət əməlini törətməsini bir daha təsdiq etmişdir. İşdə olan 07.04.2021-ci il tarixli “şəxsin tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid təqdim edilmiş şəxslər arasında soyğunçuluq əməlini törətmiş Təqsirləndirilən şəxs tanımış və mobil telefonu açıq talamaqla ələ keçirməsini bir daha təsdiq etmişdir. İşdə olan 08.04.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İşdə olan Azərbaycan Respuolikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən verilmiş 07.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon məhkəməsinin 01.04.2013-cu ıl tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 25.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-cı maddələri ilə təqsirli bilirək 03 il 06 ay middətinə azadlıqdan cəzasına məhrum məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 21.09.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.5, 69.3 maddələri 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. İşdə olan 07 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İşdə olan Bakı şəhər Nizami Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməli törətməməsi haqqında verdiyi ifadəsini özünü müdafiə kimi qiymətləndirir və qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi cəzanı ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Məhkəmə sənədlərinə əsasən, Təqsirləndirilən şəxs əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu və cəzaçəkmə müəssisəsində cəza çəkdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Məhkəmə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21.09.2018-ci il tarixli hökmünə münasibətdə məhkumluğu götürülməmiş və ya ödənilməmiş halda 2 il müddət keçməmiş törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, мəhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üчüн ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayəthüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkumluqları barədə mlumatları nəzərə alaraq onun cəza çəkmədən və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda cəzanın məqsədlərinə nail olmaq olar. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 30 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 60 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 360 (üç yüz altmış) manat (60x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Təqsirləndirilən şəxs 60 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 360 (üç yüz altmış) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-247/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-247/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver