Məhkəmə qərarları › İş №1(007)-247/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-247/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-247/2025 07.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Vəfa Oruc qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1981-ci il tarixdə Naxçıvan MR Babək rayonunun Payız kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, iki uşağı olan, fərdi qaydada işləyən, əvvəllər məhkum olunmamış, Naxçıvan MR Babək rayonunun Payız kəndində qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Z.Yusifov küçəsi, ev 25-də yaşayan, 13 fevral 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 05 dekabr 2024-cü il tarixdə saat 18 radələrində “B1BC1C” kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Dacia-Logan” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Z.Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətinə doğru hərəkət edib körpünün üzərinə qalxaraq dairəvi hissəsi ilə Bakı şəhəri Nizami rayonu Heydər Əliyev prospekti istiqamətinə doğru 30-40 km/saat sürətlə hərəkətini davam etdirib həmin sürətlə Bakı şəhəri Nizami rayonu M.Əliyev küçəsində yerləşən körpüyə çıxaraq körpülərin birləşdiyi hissədə, ünvan 1 ünvanında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozub yolu soldan sağa iti addımlarla keçən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə sonuncunun sağ oturaq sümüyünün qapalı sınığı, beynin silkələnməsi, sol alın nahiyəsinin, sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol təpə nahiyəsinin əzilmiş yarası, hər iki budun, sol baldırın, sağ bazunun, sağ dizaltı nahiyənin, sağ diz nahiyəsinin, sol diz nahiyəsinin, sol əlin qançırları; sağ qaş, sağ almacıq nahiyəsinin, sağ dirsək nahiyəsinin, hər iki diz nahiyəsinin sıyrıqlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, Zərərçəkmiş şəxs vurduğu maddi ziyanı ödədiyini və zərərçəkmiş şəxsin onunla barışdığını, ona qarşı heç bir tələb, şikayət və iddiası olmadığını göstərmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizəsini təqdim etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı tam olaraq ödədiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti və tələbi olmadığını göstərmiş, Təqsirləndirilən şəxs barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, bu barədə ərizəsini təqdim etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 09 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 05 dekabr 2024-cü il tarixli 2/67685 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:27-də keçirilən tibbi müayinəsi zamanı ayıq olduğu müəyyən edilmişdir. (i.v. 14) - Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin 17 dekabr 2024-cü il tarixli, 3-13-16/2-215678/24 nömrəli məktubundan görünür ki, İdarənin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixdək etibarlı olan) BB 415259 nömrəli “B1BC1C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (i.v. 25) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 17 dekabr 2024-cü il tarixli 1132 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs - sağ oturaq sümüyünün qapalı sınığı; beynin silkələnməsi, sol alın nahiyəsinin, sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi, sol təpə nahiyəsinin əzilmiş yarası; hər iki budun, sol baldırın, sağ bazunun, sağ dizaltı nahiyənin, sağ diz nahiyəsinin, sol diz nahiyəsinin, sol əlin qançırları; sağ qaş, sağ almacıq nahiyəsinin, sağ dirsək nahiyəsinin, hər iki diz nahiyəsinin sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində alınmaları mümkündür, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. (i.v. 27-30) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 yanvar 2025-ci il tarixli 8/3593 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən verilən məlumatlara əsasən “Dacia-Logan” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Məmmədulu oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 32-34) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 26) - 13 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 76-77) - 15 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 264-cü və 263-1.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, yol-nəqliyyat hadisəsi vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Dacia-Logan” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. (i.v. 88- 93) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs barışdıqları və dəymiş ziyanın tamamilə ödənilməsi barədə məhkəməyə yazılı müraciət etmələrini nəzərə alıb, iş materiallarını tədqiq edib və proses iştirakçılarını dinləyərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 39.1 və 39.1.11-ci maddələrinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır, belə olan halda Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə uyğun olaraq onun cinayət məsuliyyətindən azad edilməsi üçün qanuni əsaslar yaranmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə qeyd edir ki, işə baxılarkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsi üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş digər məsələləri həll edərək qeyd edir ki, iş üzrə mülki iddia yoxdur, dəymiş ziyan ödənildiyinə görə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə edilmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına və xx.xx.2025-ci il tarixli 141 saylı qərarla edilmiş dəyişikliyə əsasən hesablanmaqla) əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd”inin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad olunsun və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Maddi sübut qismində tanınmış “Dacia-Logan” markalı, **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 128 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 82 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar