Məhkəmə qərarları › İş №1(007)-249/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-249/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-249/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: xx.xx.1996-cı ildə Saatlı rayonunun Sarıcalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Sarıcalar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində ictimai yer olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 95 saylı binanın qarşısında sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs gecə saatlarında yaşadığı evdə olmaması və ona bu barədə məlumat verməməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ətrafdakıların narahatçılığına səbəb olmaqla Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək sifət nahiyəsinə qəsdən bir neçə dəfə sillə vuraraq sillənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra zorakı hərəkətlərini davam etdirərək bir neçə dəfə təpiklə bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid sol qaşın bayır bucağının alın-gicgah proyeksiyasının hematoması, sağ gözün bayır bucağının, döş qəfəsinin sol yarısının bayır səthinin qançırları, alnın sol yarısının sıyrığı olan xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə baxışında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs 2020-ci ildən tanıyır, hazırda nişanlıdırlar. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman Türkanla danışmaq məqsədi ilə ona zəng vurduqda o, zənglərinə cavab verməmişdir. Bir neçə dəfə ona zəng vurduqda o, telefonu açsa da danışmamış, eyni zamanda telefondan müxtəlif səslər gəldiyini eşitmişdir. Bundan sonra daha da narahat olub Türkanın yaşadığı binanın qarşısına gedərək orada Türkanı gözləmişdir. Bir qədər sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Türkanın piyada gəldiyini görüb ona yaxınlaşaraq hardan gəldiyini soruşmuş,Türkan rəfiqələri ilə ad günündə olduğunu bildirdikdə, ondan nə üçün icazəsiz getdiyini soruşmuşdur. Bu zaman Türkan ona kobud cavab verərək yaxşı etdiyini demişdir. Türkanın bu hərəkətindən əsəbləşərək onun sifət nahiyəsindən iki dəfə sillə ilə vurmuş, bu zaman Türkan yerə yıxılmışdır. Yerə yıxıldıqdan sonra Türkan onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Türkanın sinə nahiyəsindən bir dəfə təpiklə vurub kənara çəkilmişdir. Hadisə Türkanın yaşadığı Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 95 saylı binanın qarşısında baş vermiş, təxminən 4-5 dəqiqə davam etmişdir. Həmin vaxt ətrafda Türkanın anasından və nənəsindən başqa heç kim olmamışdır. Əməlindən çox peşmandır. Zərərçəkmiş şəxs nişanlısıdır, onunla barışmış, ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmədən barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildən tanıyır, həmin vaxtdan aralarında sevgi münasibəti var. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində yaşadığı evdə olan zaman rəfiqəsi ilə telefonla danışaraq saat 21:00-da “Neftçilər” metrostansiyasının yaxınlığında olan “Mc Donalds”ın qarşısına görüş təyin etmişdir. “Mc Donalds”ın qarşısında rəfiqələri ilə görüşüb bir qədər söhbət etdikdən sonra “Mc Donalds”da yemək yemişlər. Saat təxminən 23:30 radələrində rəfiqələri ilə birlikdə “Mc Donalds”dan çıxdıqdan sonra yaşadığı ünvana getmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində yaşadığı Nizami rayonu, Babək prospekti 95 saylı binanın qarşısına çatdıqda Anarı orada görmüş, Anar ona yaxınlaşaraq hardan gəldiyini soruşmuşdur. O, Anara rəfiqələri ilə birlikdə “Mc Donalds”a getdiyini dedikdə, Anar ona nə üçün gecə saatlarında evdə olmadığını, eyni zamanda ona bu barədə məlumat vermədiyini irad bildirərək onu vurmuşdur. Anarla barışmışdır, onunla ailə qurmaq fikri var. Ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 X2 tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2023-cü il tarixli, 147 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs sol qaşın bayır bucağının alın-gicgah proyeksiyasının hematoması, sağ gözün bayır bucağının, döş qəfəsinin sol yarısının bayır səthinin qançırları, alnın sol yarısının sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlərin lokalizasiya və xüsusiyyətlərini nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində alınmaları inandırıcı deyil. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Məhkəmə ilk növbədə sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan sol qaşın bayır bucağının alın-gicgah proyeksiyasının hematoması, sağ gözün bayır bucağının, döş qəfəsinin sol yarısının bayır səthinin qançırları, alnın sol yarısının sıyrığı kimi xəsarətlərin yetirilməsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin, eləcə də işdə olan ekspertiza rəyi ilə sübuta yetir. Lakin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməsi sübut olunmur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə düzgün tövsif edilməmişdir. Onun törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə görə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 17 fevral 2006-cı il tarixli qərarında xuliqanlıq cinayət əməlinin məzmunu və tətbiqi məsələləri ilə bağlı aşağıdakı hüquqi mövqelərini ifadə etmişdir: “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-in 221-ci maddəsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda, nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, zərərçəkmiş şəxslə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində mübahisə etmişlər və Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti olmadan mübahisə zamanı zərərçəkmiş şəxsə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirmişdir. Buna görə də onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini göstərmiş və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, aşağıdakılara əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmə icraatı zamanı işlə tanış olmaq və məhkəmədə iştirak etdiyi müddət 25 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 150 manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 25 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 150 (bir yüz əlli) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar