Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-25/2021 19.02.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı-Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs, mülki cavabdeh-Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1976-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3 uşağı olan, Zərərçəkmiş şəxs MMC-də sürücü-ekspeditor vəzifəsində işləmiş, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ev 49, mənzil 43-də qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli küçəsi, döngə 1, ev 43-də yaşayan, xx xxxx 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talamışdır. Belə ki, o, ünvan 1 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs xx xxxxx 2019cu il tarixli **********-2019 nömrəli əmri ilə sürücü-ekspeditor vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış həmin tarixli 00000315/2019 nömrəli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək işlədiyi müddətdə, yəni xx xxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-nin ünvan 1 ünvanında yerləşən anbarından verdiyi sifariş əsasında qaimələrlə 93.345,11 manat dəyərində və ona təhkim edilən ticarət obyektlərindən aktlar əsasında 904,37 manat dəyərində şirniyyat və ərzaq məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 70.558,89 manat məbləğində satış pulunu MMC-nin ünvan 1 ünvanında yerləşən xəzinəsinə ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 1609,19 manat dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 141,67 manat dəyərində məhsul güzəşt və hədiyyələr hesabına öhdəsindən azaldılmış, 09-xx xxxxxxxx 2019-cu il tarixlərdə təhviltəslim aktları əsasında 2877,06 manat dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin sürücü-ekspeditoru Şahid4 təhvil vermiş, MMC-yə məxsus özgənin əmlakı olan 19.062,67 manat pul vəsaitini mənimsəmə yolu ilə talayıb, Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə icraatı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldırılmış, mülki iddia məhkəmənin icraatına qəbul edilmişdir. Mülki iddia cinayət işi üzrə verilmiş ittihama uyğun əsaslandırılmış, vurulan zərərin cinayət mühakimə icraatı qaydasında ödənilməsini təmin etmək məqsədi ilə mənimsənilmiş 19.062,67 manat məbləğində pulun və mülki iddiaya görə ödənilmiş 30 manat dövlət rüsumunun Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs MMC-nin hesabına ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilərək, mülki iddianı isə qəbul edərək, ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin xx xxxxx 2019-cu il tarixli **********-2019 nömrəli əmri ilə sürücü-ekspeditor vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə əmək və tam fərdi maddi-məsuliyyət haqqında müqavilə bağlanmışdır. Sürücü-ekspeditor kimi vəzifəsi MMC-nin anbarından qəbul etdiyi şirniyyat və ərzaq məhsullarını özü tapdığı və MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinə aparıb təhvil verməkdən ibarət olmuş, məhsulları anbardan sürücülər onun sifarişi əsasında qəbul etmiş, ona təhkim edilmiş ticarət obyektlərinə çatdırmış, məhsulları qəbul edərkən onun sifarişi əsasında qaimələr tərtib edilmişdir. İşlədiyi müddət ərzində xxxx vasitəsilə Zərərçəkmiş şəxs MMCnin anbarına sifarişlər vermiş, bundan sonra həmin məhsulları adlarını unutduğı günəmuzd sürücülər qaimələr əsasında ona təhkim olunmuş ticarət obyektlərinə aparıb çatdırmışlar. Ticarət obyektlərinə məhsulları təhvil verərkən tərəfindən hər hansı qeydiyyat aparılmamış, məhsulları təhvil verdikdən sonra satış pullarını toplayıb MMC-nin xəzinəsinə vermişdir. Zərərçəkmiş şəxs MMC-də keçirilmiş audit yoxlaması zamanı müəyyən edilmişdir ki, MMC-də sürücü-ekspeditor vəzifəsində işlədiyi müddət ərzində MMC-nin anbarından 93.345,11 manat dəyərində, işə qəbul olunduğu xx xxxxx 2019-cu il tarixdə isə MMC-nin digər satış təmsilçisindən 904,37 manat dəyərində məhsulu qəbul etmiş, həmin məhsulların satışından MMC-nin xəzinəsinə 70.558,89 manat məbləğində nağd pul ödəmişdir. MMC-nin anbarına 1609,19 manat dəyərində satılmamış və istifadə müddəti keçmiş məhsulları qaytarmış, öhdəsində olan məhsuldan güzəşt və hədiyyələr hesabına 141,67 manat azaldılmış, faktiki məhsul qalığı 2877,06 manat təşkil etmiş, 09-xx xxxxxxxx 2019-cu il tarixlərdə həmin məhsulları sürücü-ekspeditor Şahid4 təhvil vermiş, nəticədə öhdəsində xx xxxxxx 2019-cu il tarixə 19.062,67 manat məbləğində satış pulundan çatışmazlıq aşkar edilmişdir. Çatışmazlığın yaranmasına səbəb topladığı satış pullarının bir qismini şəxsi ehtiyaclarına sərf etməsi olmuşdur. Hər hansı ticarət obyektində satılmamış məhsul və toplanılmamış satış pulu qalmamışdır. O, öhdəsində olan çatışmazlığı inkar etməmiş, dəfələrlə MMC-nin rəhbərliyinə çatışmazlığı ödəyəcəyini demiş, lakin maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs daha sonra göstərmişdir ki, hazırda da çalışsa da, dəymiş maddi ziyanı ödəyə bilməmişdir. Əməlindən səmimi peşmandır, ailə və maddi vəziyyəti ağırdır. Göstərdiklərinin nəzərə alınaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə mülki iddianı müdafiə edib, izahatında göstərmişdir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx xxxxx 2019-cu il tarixli əmri ilə sürücü-ekspeditor vəzifəsinə qəbul edilib işləyərkən, MMC ilə onun arasında bağlanmış həmin tarixli 00000315/2019 nömrəli əmək müqaviləsi və tam fərdi maddi məsuliyyət haqqında müqaviləyə əsasən, ona inanılıb tapşırılmış maddi qiymətli əmlakı satış üçün götürməsi, daşıması və gündəlik satışdan topladığı pulu təhtəl hesabla MMC-nin xəzinəsinə təhvil verib üzləşmə aparması səlahiyyətlərinə malik olmasına baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə özgə əmlakının mənimsənilməsinə yönəlmiş vahid niyyətlə əhatə olunan qəsdlə cinayət əməlini həyata keçirərək işlədiyi müddətdə, yəni xx xxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC-yə məxsus özgənin əmlakı olan 19.062,67 manat pul vəsaitini mənimsəmə yolu ilə talayıb, MMC-yə xeyli miqdarda maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və cinayət işi məhkəməyə göndərildikdən sonra, dəymiş maddi ziyanı ödəməmiş, bununla əlaqədar ona qarşı mülki iddia qaldırılmışdır. Mülki iddianın tam həcmdə təmin olunmasını məhkəmədən xahiş etmiş, təqsirləndirilən şəxsin barəsində ittiham olunduğu maddələr üzrə hər hansı cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs MMCdə baş mühasib vəzifəsində işləyir. MMC-nin fəaliyyəti müxtəlif növ konditer məhsullarının satışı ilə məşğul olmaqdan ibarət olmaqla, məhsullar ticarət obyektlərinə sürücüekspeditorlar vasitəsi ilə çatdırılır. Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixli əmrlə MMC-yə sürücü-ekspeditor vəzifəsinə təyin edilmiş, onunla həmin tarixdə əmək və tam fərdi maddi-məsuliyyət haqqında müqavilə bağlanmışdır. Sürücü-ekspeditor kimi həmin şəxsin vəzifəsi MMC-nin anbarından qəbul etdiyi şirniyyat və ərzaq məhsullarını özü tapdığı və MMC tərəfindən ona təhkim olunmuş ticarət obyektlərinə aparıb təhvil verməkdən ibarət olmuş, məhsulları anbardan sürücülər həmin şəxsin sifarişi əsasında qəbul etmiş, ona təhkim edilmiş ticarət obyektlərinə çatdırmış, məhsulları qəbul edərkən onun sifarişi əsasında qaimələr tərtib edilmişdir. 2019-cu ilin sonunda Təqsirləndirilən şəxs qəbul eldiyi məhsulların satışından əldə etdiyi pulu MMC-nin xəzinəsinə tam ödəməməsi və öhdəsində satış pulundan çatışmazlıq aşkar edilməsi müəyyən edilmişdir. Bununla əlaqədar dəvət edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının sərbəst auditoru X15 tərəfindən audit yoxlaması aparılmış və bu barədə xx xxxxxx 2020-ci il tarixli audit aktı tərtib edilmişdir. Audit yoxlaması zamanı müəyyən edildmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müddətdə, yəni xx xxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan dövr ərzində Zərərçəkmiş şəxs MMC- nin anbarından verdiyi sifariş əsasında qaimələrlə 93.345,11 manat dəyərində və ona təhkim edilən ticarət obyektlərindən aktlar əsasında 904,37 manat dəyərində şirniyyat və ərzaq məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 70.558,89 manat məbləğində satış pulunu MMC-nin xəzinəsinə ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 1609,19 manat dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 141,67 manat dəyərində məhsul güzəşt və hədiyyələr hesabına öhdəsindən azaldılmış, 09-xx xxxxxxxx 2019-cu il tarixlərdə ticarət obyektlərində öhdəsində aşkar edilmiş 2877,06 manat dəyərində məhsulları MMCnin sürücü-ekspeditoru Şahid4 təhvil vermiş və nəticədə öhdəsində 19.062,67 manat məbləğində pul vəsaitinin çatışmazlığı aşkar edilmişdir. Şahid2 daha sonra ifadəsində göstərmişdir ki, sürücü-ekspeditorlar elektron qaydada mobil telefonun “xxxx” proqramı ilə elektron qaydada MMC-yə sifariş verdikdən sonra onların adlarına qaimələr tərtib edilir, sifarişləri əsasında həmin məhsullar anbardan MMC-nin və ya günəmuzd qaydada dəvət edilmiş sürücülər vasitəsilə sürücü-ekspeditorlara çatdırılır. Təqsirləndirilən şəxs də işlədiyi müddət ərzində həmin qaydada vermiş olduğu sifarişlər əsasında sürücülər tərəfindən anbardan məhsullar qəbul edilmiş və bu barədə tərtib edilmiş qaimələrə həmin sürücülər imza edib məhsulları Təqsirləndirilən şəxs vermişlər. Təqsirləndirilən şəxs isə həmin məhsulları ona təhkim edilmiş ticarət obyektlərinə təhvil vermiş, məhsullar satıldıqca salış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəmiş, bəzən isə məhsulları anbardan birbaşa özü qəbul etmiş, lakin satış pulunu tam ödəmədiyinə görə öhdəsində 19.062,67 manat məbləğində çatışmazlıq yaranmışdır. Məhsulların ticarət obyektlərinə çatdırılması, keyfiyyəti, miqdarı və çəkisi barədə heç vaxt Təqsirləndirilən şəxs narazılığı və ya şikayəti olmamışdır, həmçinin, Təqsirləndirilən şəxs öhdəsində məhsul deyil, ticarət obyektlərindən topladığı satış pulundan çatışmazlıq yaranmışdır, buna isə birbaşa onun özü cavabdeh olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-də anbardar vəzifəsində işləyən Şahid3, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs MMC-nin direktoru Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, əlavəsi olmadığını göstərmiş, onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Bununla əlaqədar həmin şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq olunarkən müəyyən edilmişdir ki, o da həmin şahidlərin ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid4 ifadə verərək göstərmişdir ki, 2019-cu ilin oktyabr ayından Zərərçəkmiş şəxs MMC-də sürücü-ekspeditor vəzifəsində işləyir. Vəzifəsi MMCnin anbarından sifarişi əsasında qəbul etdiyi şirniyyat və ərzaq məhsullarını özü tapdığı və ya MMC tərəfindən ona təhkim edilmiş ticarət obyektlərinə aparıb təhvil verməkdən və satış pullarını toplayıb MMC-nin xəzinəsinə ödəməkdən ibarətdir. Təqsirləndirilən şəxs MMC-də sürücü-espeditor vəzifəsində işlədiyi vaxtdan tanımış, onunla bir iş yoldaşı kimi münasibəti olmuşdur. 09-xx xxxxxxxx 2019-cu il tarixlərdə ticarət obyektlərində Təqsirləndirilən şəxs öhdəsində aşkar edilmiş 2877,06 manat dəyərində məhsullar ona təhvil verilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sürücü-ekspeditoru Rəsulov Ömər Rəsul oğlunun Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəməyə verilməsi, həmin işin materiallarından X4, Təqsirləndirilən şəxs, X10 və X8 barəsində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işinin ayrılması qərara alınmışdır. (İ cild i.v. 1-2) -Qaimələrdən və ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-də sürücü-ekspeditor vəzifəsində işlədiyi müddətdə, yəni xx xxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək olan dövr ərzində MMC-nin anbarından verdiyi sifariş əsasında qaimələrlə 93.345,11 manat dəyərində və ona təhkim edilən ticarət obyektlərindən aktlar əsasında 904,37 manat dəyərində şirniyyat və ərzaq məhsullarını qəbul etmiş, həmin məhsulların ticarət obyektlərində satışından əldə etdiyi 70.558,89 manat məbləğində satış pulunu MMC-nin xəzinəsinə ödəmiş, satılmamış və istifadə müddəti keçmiş 1609,19 manat dəyərində məhsulları MMC-nin anbarına qaytarmış, 141,67 manat dəyərində məhsul güzəşt və hədiyyələr hesabına öhdəsindən azaldılmış, 09-xx xxxxxxxx 2019-cu il tarixlərdə təhvil-təslim aktları əsasında 2877,06 manat dəyərində ticarət obyektlərində öhdəsində olan məhsulları MMC-nin sürücü-ckspeditoru Şahid4 təhvil vermişdir. (İİİ cild, i.v. 1-450, İV cild i.v. 1-475) -Audit prosedurlarının aparılmasına dair xx xxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Zərərçəkmiş şəxs MMC-nin sürücü-ekspeditoru vəzifəsində işləmiş Təqsirləndirilən şəxs işlədiyi müddət ərzində MMC-dən qəbul etdiyi ərzaq və qeyri-ərzaq məhsullarının satışından əldə olunan vəsaitdən öhdəsində 19.062,67 manat məbləğində çatışmazlıq aşkar edilmişdir. (İİ cild 89-93) -Zərərçəkmiş şəxs MMC-nin baş direktorunun xx xxxxx 2019-cu il tarixli **********- 2019 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən MMCyə sürücü-ekspeditor vəzifəsinə təyin edilmişdir. (İİ cild i.v. 104) -Zərərçəkmiş şəxs MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 00000315/2019 nömrəli əmək müqaviləsindən və həmin tarixli tam fərdi maddi-məsuliyyət haqqında müqavilədən görünür ki, sürücü-ekspeditor Təqsirləndirilən şəxs MMC-dən qəbul etdiyi məhsulları ticarət obyektlərinə təhvil verməyi və satışdan topladığı pulları MMC-nin xəzinəsinə ödəməyi maddi-məsul şəxs kimi öhdəsinə götürmüşdür. (İİ cild i.v. 110-116) -Zərərçəkmiş şəxs MMC-nin baş direktorunun xx xxxxxx 2019-cu il tarixli **********- 2020 nömrəli əmrindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) həmin tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. (İİ cild i.v. 105) -Zərərçəkmiş şəxs MMC-yə aid 09-xx xxxxxxxx 2019-cu il tarixli təhvil-təslim aktlarından görünür ki, həmin tarixlərdə Təqsirləndirilən şəxs ona təhkim edilmiş ticarət obyektlərində öhdəsində olan 2877,06 manat dəyərində məhsulları MMC-nin sürücüekspeditoru Şahid4 təhvil vermişdir. (İV cild i.v. 423-444) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-mühasibatlıq ekspertizasına dair xx xxx 2020-ci il tarixli 9/1118 nömrəli rəyin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs öhdəsində 19.062,67 manat məbləğində satış pulunun çatışmazlığı müəyyən edilmişdir. (V cild i.v. 97-101) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 4/341 nömrəli rəyin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim olunmuş, Təqsirləndirilən şəxs adından Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli izahatın sağ aşağı küncündə “İmza” sözündən sonra, “Təqsirləndirilən şəxs” sözündən əvvəlki imza, xx xxxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış ərizənin sağ aşağı küncündə “Təqsirləndirilən şəxs” yazılarının qarşısındakı imza, xx xxxxx 2019-cu il tarixli satış təmsilçisinin vəzifə təlimatının 2-ci səhifəsində mətnin sonundakı imza, xx xxxxx 2019-ctı il tarixli tam maddi məsuliyyət haqqında əlavə müqavilədə “Satış təmsilçisi (ekspeditor): Təqsirləndirilən şəxs” yazılarından sonrakı imza, xx xxxxx 2019-cu il tarixli tam maddi məsuliyyət haqqında əlavə müqavilədə “Satış təmsilçisi (ekspeditor): Təqsirləndirilən şəxs” yazılarından sonrakı imza, xx xxxxx 2019-cu il tarixli tam fərdi maddi məsuliyyət haqqında müqavilədə “İşçi: Təqsirləndirilən şəxs” yazılarından sonrakı imza, 00000315/2019 nömrəli əmək müqaviləsinin (kontrakt) 4-cü səhifəsində mətnin aşağı hissəsində “İşçi” sözündən əvvəlki imza, həmin müqavilənin 5-ci səhifəsində, 11.2-ci bəndindən aşağıda “imzası” sözündən sonrakı imza Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. (V cild i.v. 118-122) -Sübutların qiymətləndirilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair epizod üzrə cinayət işinin ibtidai istintaqının tamamlanıb məhkəməyə verilməsi, həmin işin materiallarından X10, X4 və X8 barələrində Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işinin ayrılması və ayrı icraatda cinayət işinin ibtidai istintaqının davam etdirilməsi qərara alınmış, Təqsirləndirilən şəxs sifarişi əsasında tərtib edilmiş qaimələr və onun iştirakı ilə tərtib edilmiş təhvil-təslim aktları və ödəniş qəbzləri maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (V cild i.v. 139-149) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, xx xxxxxx 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün səmimi etiraf ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin izahatı və şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs cinayət işinin məhkəmənin icraatına daxil olduğu xx xxxx 2020-ci il tarixindən yekun məhkəmə aktının çıxarıldığı xx xxxxxx 2021-ci il tarixinədək zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyandan hər hansı məbləğdə ödəniş etməmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməmiş, buna münasib olaraq da cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Belə olan halda, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulan əlamətlər olmadığından təqsirləndirilən şəxsin həmin əsaslarla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirlənirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxx 2020-ci il və xx xxxxxx 2021-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (V cild i.v. 114-115) -Abşeron rayon İHB-nın Masazır kənd İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il tarixli 232 nömrəli məktubundan, şəxsiyyət vəsiqələrinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında qeydiyyatsız yaşayır, ailə üzvləri aşağıda qeyd edilənlərdir: həyat yoldaşı X1, xx xxxxx 2001-ci il təvəllüdlü qızı X2, xx xxxxx 2002-ci il təvəllüdlü qızı X6, xx xxxx 2006-cı il təvəllüdlü oğlu X7. (İ cild i.v. 132, 134-138) -Abşeron rayon İHB-nın Masazır kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, nümayəndəliyə Təqsirləndirilən şəxs barəsində heç bir ərizə və şikayət daxil olmamışdır. (V cild i.v. 133) -Qətimkan tədbiri seçmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (V cild i.v. 177-178) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə törətdiyi əməllər həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət az ağır cinayət törədərək məsuliyyətə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olmasını Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx xxxx 2003-cü il tarixli qərarının 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini mülkiyyət münasibətləri təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Bu halda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə işin faktiki hallarını, iş üzrə cəzanı yüngülləşdirici hal qismində nəzərə alınan halları, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulmamışdır, ona görə onun cəzaçəkmə müddətinin başlanğıcı hazırkı yekun məhkəmə aktının çıxarıldığı xx xxxxxx 2021-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1.13-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Məhkəmə istinad olunan maddi hüquq normalarının tələbinə əsasən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...” Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmasa da, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxsə əlavə cəza qismində maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış təhvil-təslim aktları və ödəniş qəbzləri saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalı; Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq hesabına ödənilməlidir. Bu zaman məhkəmə diqqətə çatdırır ki, məhkəmə-mühasibatlıq ekspertizasının xx xxx 2020-ci il tarixdə 9/1118 nömrəli rəyi zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin işçiləri olmuş X10, Təqsirləndirilən şəxs və X11 münasibətdə, məhkəməxətşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixdə 4/341 nömrəli rəyi zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin işçiləri olmuş Təqsirləndirilən şəxs və X11 münasibətdə verilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri müvafiq olaraq 245 manat və 140 manat kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ittiham aktında məhkəmə xərcinin dəyəri 385 manat kimi göstərilsə də, həmin məbləğ hazırkı Təqsirləndirilən şəxs tam olaraq tutula bilməz, ondan müvafiq olaraq 82 manat və 70 manat olmaqla, cəmi 152 manat məbləğində ekspertiza xərci tutulmalı və müəyyən edilmiş hesaba köçürülməli, ekspertiza tədqiqatının dəyərinin qalıq hissəsinin tutulması məsələsi həmin şəxslərin barəsində ayrılmış cinayət işi üzrə yekun akt çıxarılarkən həll edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa məhkəmə qeyd edir ki, zərərçəkmiş hüquqi şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs MMC təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, verilmiş ittiham daxilində, yəni 19.062,67 manat məbləğində maddi ziyanın, bununla yanaşı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı, yəni Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talaması ilə, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə həmin məbləğdə maddi ziyan vurulmuşdur, ona görə bu maddi ziyan məbləği mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs MMC-nin xeyrinə tutulmaqla, mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mülki iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəmədə iddia qaldırarkən, iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin pul vəsaitinin əvəzi mülki cavabdehdən mülki iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 manat əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Mülki iddia təmin edilsin. Mənimsəmə yolu ilə talanmış 19.062,67 (on doqquz min altmış iki manat altmış yeddi qəpik) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Təqsirləndirilən şəxs tutularaq, Zərərçəkmiş şəxs hesabına ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 420 (dörd yüz iyirmi) manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-25/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-25/2021
19.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver