Məhkəmə qərarları › İş №1(007)-25/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-25/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-25/2025 21.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, müdafiəçilər – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 Mürsəl qızının və Müdafiəçi2, təqsirləndirilən şəxslər- mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və X1 iştirakları ilə, təqsirləndirilən şəxs – mülki cavabdeh xx xxxxxx 1966-cı ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, Yeni məhəllə, nömrəsiz evdə yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair, təqsirləndirilən şəxs – mülki cavabdeh xx xxxxxxxx 1974-cü ildə Şamaxı rayonunun Ərəbqədim kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olan, ünvan 3 ünvanında yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə tutulmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs ünvan 5 ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən hündürmərtəbəli binadan digər şəxslərə bir kvadrat metri 700-800 manata satılan sahəsi 40 kv.metr olan mənzili bir kvadrat metrini 500 manat olmaqla ucuz qiymətə almasını təmin edəcəklərinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib, bu adla Zərərçəkmiş şəxs 2021-ci ilin avqust ayının sonlarında həmin binanın yanında 10000 manat və 2021-ci ilin sentyabr ayının ortalarında qrup üzvü Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasının yaxınlığında, Şirin Mirzəyev küçəsi 105 ünvanında yerləşən “Dərya” kafesində 5000 manat, ümumilikdə isə 15000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, qrup üzvü Təqsirləndirilən şəxs2 ilə öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında Zərərçəkmiş şəxs ünvan 5 ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən hündürmərtəbəli binadan digər şəxslərə bir kvadrat metri 700-800 manata satılan sahəsi 40 kv.metr olan mənzili bir kvadrat metrini 500 manat olmaqla ucuz qiymətə almasını təmin edəcəklərinə dair yalan vəd verib aldadaraq etibarından sui-istifadə edib, bu adla Zərərçəkmiş şəxs 2021-ci ilin avqust ayının sonlarında həmin binanın yanında qrup üzvü Təqsirləndirilən şəxs1 10000 manat və 2021-ci ilin sentyabr ayının ortalarında qrup üzvü Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, “Qara Qarayev” metrostansiyasının yaxınlığında, Şirin Mirzəyev küçəsi 105 ünvanında yerləşən “Dərya” kafesində 5000 manat, ümumilikdə isə 15000 manat məbləğində pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, qrup üzvü Təqsirləndirilən şəxs1 ilə öz aralarında bölməklə zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə hazırkı cinayət işi ilə bağlı mülki iddia ilə məhkəməyə müraciət edərək, mülki iddiaçı qismində tanınması və Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurduqları maddi ziyana görə 13.500 manat, 1293 manat gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla faiz pulu, mənəvi ziyana görə 2.000 manat kompensasiya və dövlət rüsumu olaraq ödənilmiş 141 manat pulun alınaraq ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Əlbaba ilə o, 2016-cı ildən başlayaraq Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən "xxxx" MMC-nin kərpic istehsal edən zavoduna gil verməyə başlamışlar. Gilin əvəzinə zavoddan aldıqları kərpicləri yeni inşa edilən binalara təhvil verirdilər. Verdikləri kərpicin əvəzinə bəzi hallarda onlara nağd pul, bəzi hallarda isə pul əvəzinə həmin yeni inşa edilən binalarda mənzil verilirdi. Zavoda gil verdikləri ilk vaxtlardan həmin zavodda baş mühasib işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuşlar. Vasif onların zavoda gətirdikləri gilin hesabatını aparırdı. Əlbaba ilə o, "xxxx" MMC-nin kərpic zavodunun direktoru Rəvan Babayevə eyni qaydada Yasamal rayonu ərazisində keçmiş “Kaktus” restoranının yanında olan binadan nisbətən ucuz qiymətə mənzil təşkil etmişdirlər ki, bundan Vasifin məlumatı olduğundan o, özü onlara müraciət edərək kərpic verdikləri yeni tikilən binalardan münasib qiymətə mənzil olarsa ona da təşkil etmələrini istəmişdir. Ev verilməsi üçün Zərərçəkmiş şəxs 5000 manat və 10000 manat olmaqla ümumilikdə 15000 manat pul almışlar. Onların başqa heç bir məqsədi olmamışdır, sonradan iş alınmamışdır. Onlar Vasifə tanıdıqları üçün evi verirdilər. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın payına düşən hissəsini ödəmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın öz payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə 2014-cü ildə tanış olmuş və aralarında münasibət yaranmışdır. 2016-cı ildən etibarən isə Rəşidlə birlikdə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən "xxxx" MMC-nin kərpic istehsal edən zavoduna gil aparıb təhvil verməyə başlamışlar. Zavod gilin əvəzinə onlara istehsal etdiyi kərpicdən vermiş və onlar zavoddan aldıqları kərpicləri yeni inşa edilən binalara təhvil vermişlər. Yeni inşa edilən binalar tərəfindən isə verdikləri kərpicin əvəzinə bəzi hallarda nağd pul almış, bəzi hallarda isə pul əvəzinə onlara həmin binalardan mənzil verilmişdir. Rəşidlə o, həmin mənzilləri satıb pul qazanmışlar. Həmin ərəfələrdə həmin zavodda baş mühasib işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuşlar. Vasif onların zavoda gətirdikləri gilin hesabatını aparmışdır. Söhbətləri əsnasında Rəşidlə onun bu kimi iş fəaliyyətlərindən Vasifin də məlumatı olmuşdur. Hətta onlar "xxxx" MMC-nin kərpic zavodunun direktoru Rəvan Babayevə də eyni qaydada Yasamal rayonu ərazisində keçmiş “Kaktus” restoranının yanında olan binadan nisbətən ucuz qiymətə mənzil satmışlar ki, bundan Vasifin məlumatı olduğundan o, özü Rəşidlə ona müraciət edib kərpic verdikləri yeni tikilən binalardan ucuz qiymətə mənzil olanda ona məlumat vermələrini xahiş etmişdir. Rəşidlə o, ev verilməsi üçün Zərərçəkmiş şəxs 5000 manat və 10000 manat olmaqla ümumilikdə 15000 manat pul almışlar. Onların başqa heç bir məqsədi olmamışdır, sonradan iş alınmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın payına düşən hissəsini ödəmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın öz payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməlləri törətməkdə təqsirləri öz ifadələri ilə yanaşı aşağıdakılarla da təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs- mülki iddiaçı qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, "xxxx" MMC-də baş mühasib işləmişdir. MMC-nin fəaliyyəti Aşağı Güzdək qəsəbəsində yerləşən zavodda kərpic istehsal etməkdən ibarət olmuşdur. O, özü də iş yeri olaraq həmin zavodda əyləşmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin vaxtdan tanımışdır. Belə ki, Əlbaba və Rəşid işlədiyi kərpic zavoduna gil vermiş, zavod isə gilin əvəzinə onlara istehsal etdiyi kərpicdən vermişdir. Ona məlum olmuşdur ki, Rəşid və Əlbaba zavoddan aldığı kərpicləri yeni inşa edilən binalara təhvil verirmişlər. Rəşid və Əlbaba ilə söhbət əsnasında bəzi hallarda kərpic verdikləri yeni inşa edilən binalar tərəfindən onlara pul əvəzinə həmin binalardan mənzil verildiyini və həmin mənzilləri satıb pul əldə etdiklərini ona demişlər. Bu söhbətlərdən sonra ona məlum olmuşdur ki, Rəşid və Əlbaba işlədiyi zavodun direktoru X3 rayonu ərazisində keçmiş “Kaktus” restoranının yanında olan binadan nisbətən ucuz qiymətə mənzil vermişlər. Həmin ərəfələrdə o da Rəşid və Əlbabaya demişdir ki, münasib qiymətə ev olsa ona desinlər. Rəşidlə Əlbaba kvadratı 800 manata olan evi 650 manata satırdılar. Rəşid kvadratı ucuz olan ev olduğunu, Əlbaba ilə danışıb ona məlumat verəcəyini bildirmişdir. Xırdalandakı ev 4-cü mərtəbədə, 40 kvadratmetrlik ev olmuşdur. Evin kvadratını 500 manata ona verəcəklərini vəd etmişlər. 10000 manat və 5000 manat olmaqla Rəşadla Əlbabaya, cəmi 15000 manat pul vermişdir. Ona mənzil verilməmişdir. MTK-dan bu barədə soruşduqda təqsirləndirilən şəxslərin verdikləri kərpicin pulunun ödənildiyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur, mülki iddiadan imtina edir. Mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Şahid1 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır. Ona məlum olmuşdur ki, Vasif 2016-cı ildən 2021-ci ilin oktyabr ayına qədər Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən "xxxx" MMC-də baş mühasib işləmişdir. Bir dəfə Vasiflə söhbət edəndə o, Əlbaba və Rəşid adlı şəxslərlə tanış olduğunu ona demişdir. Həmin şəxslər onun işlədiyi kərpic zavoduna gil vermiş, zavod isə gilin əvəzinə onlara istehsal etdiyi kərpicdən vermişdir. Vasif demişdir ki, Rəşid və Əlbaba zavoddan aldığı kərpicləri yeni inşa edilən binalara təhvil vermişlər. Rəşid və Əlbaba ona demişlər ki, bəzi hallarda kərpic verdikləri yeni inşa edilən binalar tərəfindən onlara pul əvəzinə həmin binalardan mənzil verilir. Onlar da həmin mənzilləri satıb pul əldə edirdilər. Sonra Rəşid və X4 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən "xxxx" MTK tərəfindən inşa edilən binadan mənzil təklif etmiş və Vasif də razılaşaraq kvadratı 500 manata 40 kv.metr sahəsi olan mənzil almağa razılıq vermişdir. Bundan sonra o bildiyinə görə Vasif 2021-ci ilin avqust-sentyabr ayında özünə mənzil almaq üçün Rəşid və Əlbabaya 15000 manat pul vermişdir. Vasif demişdir ki, o, mənzili 20000 manata danışmış, 15000 manatı ödəmiş, mənzilin sənədləri verildikdən sonra qalan 5000 manatı da verəcək. Vasif demişdir ki, Əlbabagil bildirirlər ki, binanın sənədləri hələ hazır deyil. Vasif pul verdikdən bir müddət sonra o, da Vasifə onun kimi mənzil almaq istədiyini demişdir. Vasif də onu Əlbaba və Rəşidlə tanış etmiş, Əlbabagil onların özündə mənzil olmadığını bildirmiş, demişlər ki, yalnız bir ədəd mənzilləri olmuş, onu da Vasifə vermişlər. Lakin Əlbabagil onu "xxxx" MTK-nın iş icraçısı Bəhram adlı şəxslə tanış etmiş, belə ki, Bəhramda həmin MTK-dan mənzil olmuşdur. Bəhram həmin binadan kvadratını 600 manatdan 60 kv.m. sahəsi olan iki otaqlı mənzil verə biləcəyini bildirmiş, aralarında razılaşma belə olmuşdur ki, o həmin mənzilin pulunu Əlbabagilə verəcək, Əlbabagil də həmin pulun müqabilində Bəhrama kərpic verəcək və nəticədə o mənzili Bəhramdan alacaq. O, təxminən iki ay ərzində Vasifin iştirakı ilə Əlbabaya 3 dəfəyə 32000 manat pul vermiş, hər dəfə Rəşid də Əlbabanın yanında olmuşdur. Əlbabagil də həmin pulun müqabilində Bəhrama kərpic vermişlər. Həmin ərəfədə Bəhramla danışanda o, bildirmişdir ki, "xxxx" MTK-nın sənədləri hələ hazır deyil, lakin Yeni Günəşlidə "xxxx" MTK-nın inşa etdiyi binadan kvadratı eyni qiymətə 64 kv.m. sahəsi olan mənzil verə bilər, sahə artdığına görə qiymət fərqini o ödəyər. O, da razılaşmış, buna görə də Əlbabagil kərpicləri Bəhramın tapşırığına əsasən "xxxx" MTK-ya vermişlər. Bəhram tərəfindən ona "xxxx" MTK-nın binasından 64 kv.m. sahəsi olan mənzil müqaviləsi və maliyyə arayışı verilmişdir. Əlbabagil onun verdiyi 32000 manat müqabilində Bəhrama kərpic verib qurtarmışlar. Bundan sonra o, Bəhpamla danışaraq həmin 64 kv.m. mənzili 93 kv.m. sahəsi olan mənzilə dəyişmiş və qiymət fərqi olan məbləği Bəhramın özünə ödəmiş və ona 93 kv.m. mənzilə dair müqavilə və maliyyə arayışı vermişlər. Bundan sonra həmin binanı inşa edən şəxslər həbs edilmiş, buna görə də Bəhram ona həmin 93 kv.m. mənzilin əvəzinə "xxxx" MTK-dan iki ədəd mənzil vermişdir. Bildirir ki, onun mənzillərinin Vasifə bir aidiyyəti yoxdur. O, Vasiflə maraqlananda ona demişdir ki, Əlbaba və Rəşid hələ də ondan aldıqları 15000 manat müqabilində ona mənzil təqdim etməmiş, ona görə də o, şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə Şahid2 ərizə ilə məhkəməyə müraciət edərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, təxminən 2014-cü ildən 2021-ci ilə qədər Xırdalan şəhərində yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi ilə əməkdaşlıq etmişdir. Belə ki, o, həmin MTK tərəfindən inşa edilən binanın hörgü işini görmüş, MTK tərəfindən isə ona gördüyü işin dəyərinin əvəzində inşa edilən binadan mənzillər verilmişdir. O, da həmin mənzilləri satıb pul qazanmışdır. Həmin MTK tərəfindən daha əvvəl bir bina inşa edilib qurtarmış, həmin binada gördüyü işə görə MTK tərəfindən ona borc qalmış, ona görə də MTK Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində başqa bir bina inşa etməyə başlamış, həmin ikinci binadan ona birinci binadan qalan borcun əvəzinə mənzillər verilmişdir. Ona məlum olmuşdur ki, ikinci binada MTK-nın nəzarətçisi Zaur adlı şəxs olmuşdur. Həmçinin o, bilmişdir ki, Əlbaba və Rəşid adlı kərpic işi ilə məşğul olan şəxslər bir müddət ikinci binaya kərpic vermiş və ilk əvvəl Zaurla aralarında danışıq olmuşdur ki, Zaur Əlbabagilin verdiyi kərpicin əvəzinə onlara mənzil verəcək. Lakin Əlbabagil təxminən 4-5000 manatlıq kərpic verdikdən sonra Zaur onlardan kərpic almaqdan imtina etmiş və verdikləri 4-5000 manatlıq kərpicin pulunu nağd şəkildə Əlbaba və Rəşidə ödəmiş və başqa yerdən kərpic almağa başlamışdır. Yəni, Zaur tərəfindən "xxxx" MTK- ya aid binadan Əlbabagilə mənzil verilməmişdir. 2021-ci ilin payız aylarında Əlbaba və Rəşid ona yaxınlaşıb bildirmişlər ki, tikintiyə kərpic vermək istəyirlər, o, da əvəzinə onlara mənzil verər, çünki "xxxx" MTK onlarla işləməkdən, yəni kərpic almaqdan imtina etmiş, ona görə də onun vasitəsilə işləmək və kərpic vermək istəyirlər. Həmin zaman dediyi kimi onun "xxxx" MTK-nın inşa etdiyi ikinci binada mənzilləri olmuşdur. O da bu səbəbdən Əlbabagillə işləyib onlardan kərpic alaraq əvəzində bir mənzil verməyə razılıq vermişdir. Əlbabagil mənzilin Nail adlı şəxsin adına yazılacağını və rəsmiləşdiriləcəyini bildirmişlər. O, Naillə görüşmüş, Vasif adlı dostu da onun yanında olmuşdur. Naillə danışmışlar ki, o, Əlbabagil vasitəsilə ona 32000 manat dəyərində kərpic verir, o da Nailə ikinci binadan 64 kv.m. sahəsi olan mənzil verəcək. Əlbabagil kərpic verməyə başlamış, az müddət sonra isə o, Naillə danışıb ona bildirmişdir ki, "xxxx" MTKnın inşa etdiyi ikinci binanın sənədləşməsində gecikmə var, ona görə Nailə özünün əməkdaşlıq etdiyi digər binadan, yəni Yeni Günəşli qəsəbəsində "xxxx" MMC tərəfindən inşa edilən binadan mənzil verməyi təklif etmiş, Nail də razılaşmışdır. Həmin yeni binaya 32000 manatlıq kərpic verilib qurtarmış, o da həmin binadan Nailin adına mənzil müqaviləsi və maliyyə arayışı verilməsini təmin etmişdir. Sonra isə Nailin təklifi ilə özü aradakı fərqi ödəməklə onun mənzili daha yuxarı sahəsi olan mənzilə dəyişdirilmiş, daha sonra isə "xxxx" MMC-nin rəhbərliyi həbs olunduğundan o, Nailin həmin binada olan mənzilinin əvəzinə "xxxx" MTK-nın inşa etdiyi və artıq həmin zamana qədər sənədləri düzəlmiş ikinci binadan iki ədəd mənzil verilməsini təmin etmişdir. Bildiyinə görə Vasifin mənzil məsələsi Naildən əvvəl olmuş, Əlbaba və Rəşidlə söhbət zamanı onlar demişlər ki, Vasifə də mənzil verməyi söz vermişlər. Həmçinin o, Vasifin deməsindən bilmişdir ki, o, Əlbabagilə 15000 manat pul vermiş, lakin onlar onun mənzilini verməmişlər. Bu barədə başqa məlumatı yoxdur. Ona məlumdur ki, Əlbaba və Rəşid yalnız bir dəfə "xxxx" MTKdan kərpic verərək əvəzinə mənzil barter etmək istəmiş, o da alınmamış, onların həmin MTK-da başqa mənzilləri olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsinə dair xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - sübutların qiymətləndirilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilərək cinayət işinə əlavə edilmiş onunla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında aparılmış danışıqların qeydə alındığı bir ədəd “CD” disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən 2.000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs2 məhkumluğu barədə heç bir məlumat yoxdur. - xx.xx.2025-ci il tarixli, 426, 29954, 7830 və 13469 nömrəli qəbzlərdən görünür ki, həmin tarixdə müvafiq olaraq 25 manat, 1880 manat, 1800 manat və 81.22 manat olmaqla, cəmi 3786 manat, yəni dəymiş 15000 manat ziyanın 25 faizi dövlət büdcəsinə ödənilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(007)-350/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməldə cinayət tərkibi vardır, onlara ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməlləri həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətmələri toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllər az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxslər-mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, verdiyi mülki iddiadan imtina edir, mülki iddia üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxslər-mülki cavabdehlər zərərçəkmiş şəxslə barışdıqlarına, dəymiş ziyanı tam ödədiklərinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiklərinə görə Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və barələrindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsidə nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalı və məhkəmə iclas zalından dərhal azad edilməlidirlər, cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 186.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Bu hüquqlara mənafeyinin müdafiəsi üçün prokuror tərəfindən mülki iddia verilmiş şəxslər də malikdirlər. Azərbaycan Respublikasının CPM-nin 186.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiadan imtina etdiyindən və məhkəmə tərəfindən həmin imtina qəbul edildiyindən, onun mülki iddiası üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 54 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 324 (üç yüz iyirmi dörd) manat (54x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, vəkil Müdafiəçi1 məhkəmədə iştirak etdiyi müddət 68 iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 408 (dörd yüz səkkiz) manat (68x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə iclas zalından dərhal azad edilsin. Zərərçəkmiş şəxs mülki iddiası üzrə icraata xitam verilsin. Cinayət işi üzrə maddi sübut olan 1 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə 54 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi2 324 (üç yüz iyirmi dörd) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə 68 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 408 (dörd yüz səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar