Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-250/2021 16.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı, Bakı şəhər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Barəsində ittiham irəli sürülən şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1969-cu ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə ittiham irəli sürülməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, 07 iyun 2021-ci il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 37 ünvanda yerləşən ev alqı-satqı ofisində Zərərçəkmiş şəxs satmış olduğu mənzildən övladlarının qeydiyyatdan çıxarmaması səbəbindən sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə yumruqla vuraraq, sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid üst dodağın qansızması, alt dodağın şişkinlik halında əzilməsi, əzilmiş yarası, qançırı və qansızma ilə müşayiət olunan xəsarətlər yetirərək qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs hadisəyə qədər təxminən 3 ay olar ki tanımış, sonuncu ilə tanış olmasına səbəb Vidadiyə ünvan 3 ünvanı satmağı olmuşdur. Evi satdıqdan sonra arvadı ilə həmin ünvandan qeydiyyatdan çıxmış, iki övladı isə qeydiyyatdan çıxmamış və bu barədə Vidadiyə bildirmişdir. 07.06.2021-ci il tarixdə, saat 10:00 radələrində ev alqısatqısı ilə məşğul olan Yaşar onunla əlaqə saxlayaraq onu ofisə dəvət etmiş o, arvadı Şahid1 ilə birlikdə həmin ünvana getmişdir. Yolda arvadı Şahid1 ona təxminən 30-40 dəqiqə əvvəl Zərərçəkmiş şəxsla qarşılaşarkən sonuncunun onu təhqir etdiyini bildirmişdir. Buna görə əsəbiləşmiş, lakin arvadı Firuzənin narahat olmaması üçün biruzə verməmişdir. Yaşarın ofisinə gəldikdə təxminən 5-10 dəqiqə sonra Yaşar və Vidadi ofisə gəlmişdir. Vidadi gələn kimi onu nalayiq ifadələrlə təhqir etməyə başlamış, Vidadiyə irad bildirdikdə sonuncu yenidən onu təhqir edərək, nəyə görə qeydiyyatdan çıxmadığını demişdir. Əsəbləşdiyindən yumruqla Vidadinin üz nahiyyəsinə vurmuşdur. Sonuncu da onu vurmağa başlamış və onların arasında münaqişə yaranmış, Yaşar və arvadı Firuzə onları ayırmışdır. Hadisənin təsadüfən baş verdiyini, törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını əlaqəli araşdırıb, dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, müdafiəçini və şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, eyni zamanda aşağıda qeyd olunan sübutlarla da tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda yaşadığı mənzili Təqsirləndirilən şəxs almış və sonuncu 1 ay müddətində mənzili boşaldacağına, mənzildən qeydiyyatdan çıxacaqlarına söz vermişdir. 1 aydan sonra mənzildən Mehman və arvadı qeydiyyatdan çıxmış, lakin digər şəxslər qeydiyyatdan çıxmamışdır. 07.06.2021-ci il tarixdə mənzili vasitəçiliyi ilə aldığı ev alqı-satqısı ilə məşğul olan Şahid2 yanına getmiş və sonuncu ilə mənzilində qeydiyyatı yoxlamaq üçün Nizami Rayon Polis İdarəsinə getmişlər. Həmin vaxt Mehman zəng edərək Yaşarın işlədiyi Nizami rayonu, Q.Qarayev 37 ünvanın qarşısında onları gözlədiyini bildirmiş və onlar həmin ünvana qayıtmışlar. Həmin ünvana gəldikdə Təqsirləndirilən şəxs ona “sən demisən kişi deyiləm” deyərək sifət nahiyyəsinə iki yumruq zərbəsi vurmuşdur. Onları Şahid2 və Mehmanın arvadı ayırmışdır. Təqsirləndirilən şəxslə barışdığını, iddia və tələbinin olmadığını və sonuncunu bağışladığını bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər yaşadıqları Bakı şəhəri, Nizami rayonu, Ə.Kürçaylı küçəsi ev 4, 33 saylı mənzili Zərərçəkmiş şəxs satmışlar. Mənzili satdıqdan sonra onlar həmin ünvandan qeydiyyatdan çıxmışlar. İki övladı isə müəyyən səbəbdən qeydiyyatdan çıxara bilməmişdir. 07.06.2021-ci il tarixdə saat 09:30 radələrində məhəllədə Zərərçəkmiş şəxsla rastlaşmış, sonuncu mənzildən qeydiyyatdan nədən çıxmalarını bildirmiş, bu məsələni əri ilə danışmağı dedikdə, Zərərçəkmiş şəxs ona «sənin ərin kişi deyil, əgər kişi olsa onunla danışaram» demişdir. Vidadiyə məhəl qoymamış və mübahisə yaranmaması üçün evə getmişdir. Evə gəldikdə əri Təqsirləndirilən şəxs ev-alqı satqısı ilə məşğul olan Yaşarın zəng edərək onu ofisə çağırdığını demişdir. Onlar evdən bir yerdə çıxıb ofisə gedərkən yolda 30-40 dəqiqə əvvəl Zərərçəkmiş şəxs qarşısına çıxdığını və əri Təqsirləndirilən şəxs təhqir etdiyini sonuncuya demişdir. Ofisin qarşısında 5-10 dəqiqə gözlədikdən sonra Vidadi və Yaşar gəlmiş və bu zaman Zərərçəkmiş şəxs həyat yoldaşını və onu təhqir etməyə başlamışdır. Həyat yoldaşı Vidadiyə iradını bildirsə də sonuncu mənzildən qeydiyyatdan çıxmadıqları üçün onları təhqir etməyə davam etmiş və bu zaman Mehman əsəbiləşərək Vidadinin üz nahiyəsinə yumruqla vurmuş, sonuncu da ərinin bədən nahiyələrinə yumruqla və ayaqla vurmağa başlamışdır. Yaşarın köməkliyi ilə onları ayırmışdır. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizam rayonu, Ə.Kürçaylı küçəsi, 4 saylı evin 33 saylı mənzilini almasında vasitəçi olmuşdur. 07.06.2021-ci il tarixdə Vidadi ona zəng edərək Mehmanın övladlarının mənzildən qeydiyyatdan çıxarmadıqlarını bildirmişdir. Vidadi ilə Nizami Rayon Polis İdarəsinə qeydiyyatı yoxlamaq üçün gedərkən, Mehman ona zəng edib işlədiyi ofisin qabağında onu gözlədiyini demişdir. Vidai ilə Nizami rayonu, Q.Qarayev 37 ünvana gəlmişlər. Mehman və arvadı ofisin qarşısında onları gözləmişlər. Mehman “Vidadiyə sən mənə kişi deyilsən demisən" deyərək sonuncunun sifət nahiyyəsinə iki yumruq zərbəsi vurmuş və sonuncuların arasında münaqişə yaranmışdır. Mehmanın arvadının köməkliyi ilə Vidadini və Mehmanı ayırmışdır. Hadisə vaxtı orada kənar şəxslər olmamış və hadisə qısa müddətdə baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 468 saylı 07 iyun 2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs üst dodağın qansızması, alt dodağın şişkinlik halında əzilməsi, əzilmiş yarası, qançırı və qansızması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 07.06.2021-ci il tarixdə alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 480 saylı 08 iyun 2021-ci il tarixli rəyindən görünür ki, X1 bazunun və sağ çənə bucağının sıyrıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 07.06.2021-ci il tarixdə alınmaları mümkündür və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında olan Bakı şəhəri, Nizami rayon məhkəməsinin 03 iyun 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışımış, sonuncuya qarşı şikayət və tələbi yoxdur, cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışımış və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs barışmaları haqqında ərizələrinin nəzərə alınmaqla cinayət işinin icraatına xitam verilməsini Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsinin tələbləri baxımından mümkün saymır. Belə ki, həmin Məcəllənin qeyd hissəsinə əsasən, şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 03 iyun 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini və CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 №-li Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-nin 128-ci mddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, barəsində Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, onun barəsində islah işləri növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən, islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən, islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda iştirak etdiyi müddət 20 iş saatı və məhkəmədə iştirak etdiyi müddət 30 iş saatı, cəmi 50 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 300 (üç yüz) manat (50x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri növündə cəzaya məhkum edilsin. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs qazancından tutulmalar aparılmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 300 (üç yüz) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №1(007)-250/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-250/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver