Məhkəmə qərarları › İş №1(007)-250/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-250/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-250/2024 01.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci il tarixdə Lerik rayonunun Dico kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Lerik rayonunun Dico kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda ünvansız fərdi tikilidə yaşayan, 21 fevral 2024-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs hüquq verən vəsiqədən saxta olmasını bilə-bilə istifadə etmişdir. Belə ki, o, nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Ukrayna dövlətinin saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının orijinal sürücülük vəsiqəsi almaq məqsədi ilə istintaqa məlum olmayan şəxs tərəfindən naməlum vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Ukrayna dövlətinin “B, B1, C, C1” kateqoriyalı AHB 167023 nömrəli sürücülük vəsiqəsini 20 sentyabr 2023-cü il tarixdə X1 tanışı Şahid göndərdiyi şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan prospekti 30 ünvanında yerləşən Milli Aviasiya Akademiyasının qarşısında əldə etmiş və həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının orijinal sürücülük vəsiqəsi almaq məqsədi ilə 28 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 115 ünvanında fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı Bakı “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BB 443492” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 oktyabr 2022-ci il tarixdə qazanc əldə etmək məqsədi ilə Gürcüstan Respublikasının Telavi şəhərinə getmişdir. Orada dəmirçi və qəlibçi kimi çalışmış, müxtəlif şəxslərlə iş yoldaşı münasibəti olmuşdur. Həmin şəxslərdən biri də Elsun adlı şəxs olmuş və orada onun kimi qəlibçi işləmişdir. Telavi şəhərində olarkən iş yoldaşlarının pulla sürücülük vəsiqəsi aldıqlarını, bu işə Elsunun köməklik etdiyini bilmişdir. 2023-cü ilin avqust ayında söhbət zamanı Elsuna sürücülük vəsiqəsinin olmasını istədiyini bildirmişdir, belə ki, Azərbaycana gəldikdə özünə avtomobil almaq istəyində olmuşdur. Elsun ona demişdir ki, Söhrab adında yaxın dostu var və Söhrab ucuz qiymətə, tez bir vaxtda, heç bir yerə getmədən saxta sürücülük vəsiqəsi düzəldir, habelə Elsun ona demişdir ki, özü vasitəçidir və çox şəxsə belə vəsiqə düzəltdirmişdir. Saxta sürücülük vəsiqəsi düzəltmək müqabilində Elsun 850 manat pul istəmişdir. Əvvəl o, razılaşmamış, sonra 750 manata razılaşmışlar. Elsun bundan sonra ona Şahid mobil telefon nömrəsini vermişdir. Əlavə olaraq şəxsiyyət vəsiqəsinin arxa və ön üzünün fotoşəkillərini, 3x4 ölçüdə fotoşəkillərini ***-***-**-** “Whatsapp” nömrəsinə göndərməli olduğunu bildirmişdir. Elsunun dediyi şəkilləri həmin gün qeyd olunan nömrəyə mesaj kimi atmış, Söhrab bildirmişdir ki, 5 gün müddətində saxta sürücülük vəsiqəsi tam hazır olacaqdır. Bundan sonra 17 sentyabr 2023-cü il tarixdə Azərbaycana geri dönmüşdür. Burada Söhrabın adına olan hazırda xatırlamadığı kart hesabına 750 manat pulu hazırda xatırlamadığı terminaldan göndərmişdir. Söhrabla əlaqə saxlamış, Söhrab 20 sentyabr 2023-cü il tarixdə taksi ilə hazır saxta sürücülük vəsiqəsini ona göndərəcəyini demişdir. Həqiqətən də Söhrab həmin tarixdə tanımadığı taksi vasitəsi ilə saxta sürücülük vəsiqəsini ona göndərmişdir. O, taksi sürücüsü ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Milli Aviaisya Akademiyasının qarşısında görüşərək saxta sürücülük vəsiqəsini ondan almışdır. Vəsiqənin üzərində onun şəkli və məlumatları olmuşdur. Bundan başqa üzərində UA yazısı, Ukrayna Respublikasının bayrağına bənzər bayraq rəngləri həkk olunmuşdur, nömrəsi AHB 167023 olmuş və B,B1,C,C1 kateqoriyaları üçün nəzərdə tutulmuş, vəsiqənin verilmə tarixi xx.xx.2020-ci il kimi qeyd edilmişdir. O, bir daha vəsiqənin saxta olduğuna əmin olmuşdur. 24 sentyabr 2023-cü il tarixdə Söhrabla Bakı Hava Limanında görüşmüş, ona vəsiqəni istifadə edəcəyi təqdirdə problem yaranıb-yaranmayacağını soruşmuşdur, Söhrab isə narahat olmamasını, həmin saxta vəsiqəni “Asan” xidmətə təqdim edərək Azərbaycan Respublikasına məxsus orijinal sürücülük vəsiqəsi ala biləcəyini bildirmişdir. Buna görə o, 28 sentyabr 2023-cü il tarixdə 5 saylı “Asan” xidmətə müraciət etmiş, orada ona Azərbaycan Respublikasına məxsus BB443492 nömrəli sürücülük vəsiqəsi təqdim edilərək bildirilmişdir ki, bu vəsiqə 1 illik müvəqqəti verilir və 3-5 gün ərzində təqdim etdiyi vəsiqəni geri götürə biləcəkdir. O, sürücülük vəsiqəsinin kim tərəfindən saxtalaşdırıldığını bilməmişdir, sadəcə Şahid tanımış, pulu ona göndərmiş və ona da vəsiqəni Söhrab göndərtmişdir. Avtomobili olmadığı üçün saxta sürücülük vəsiqəsindən istifadə etməmişdir. Məhkəmədə son sözlə çıxışında Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, icarəyə götürdüyü “Mercedes” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Əsasən hava limanından müştərilər götürüb Ağdaş və qonşu rayonlara aparır. Təxminən 2023-cü ilin avqust ayının əvvəllərində hava limanından X2 adlı şəxsi Ağdaş rayonuna aparmışdır. Söhbət zamanı Əziz Ukraynada yaşadığını, orada taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Həmçinin danışıq zamanı Azərbaycan Respublikasına özünə məxsus Ukrayna dövləti tərəfindən verildiyini zənn etdiyi sürücülük vəsiqəsini dəyişməyə gəldiyini bildirmişdir. O, maraqlı gəldiyi üçün bunu nəyə görə etdiyini soruşmuşdur. Aralarında səmimi münasibət yarandığı üçün Əziz ona özündə olan Ukrayna sürücülük vəsiqəsinin saxta yolla hazırlatdığını, həmin sürücülük vəsiqəsini Azərbaycanda “Asan” xidmət mərkəzlərinə təqdim edərək orijinal sürücülük vəsiqəsi ala biləcəyini, bundan sonra həmin sürücülük vəsiqəsi ilə Ukraynada rahat şəkildə işləyə biləcəyini bildirmişdir. Eyni zamanda, Əziz həmin sənədi özünün düzəltmədiyini, Rusiyada bu cür saxta sənəd düzəldən şəxslər olduğunu, həmin şəxslərdən birinin Arif adlı Azərbaycan Respublikası vətəndaşı olduğunu bildirmişdir. Əziz həmin şəxslə telefonla danışdığını, ona “müəllim” deyə müraciət edildiyini, təxminən 400-700 manata belə sürücülük vəsiqələri hazırladığını bildirmişdir. Əziz ondan sürücülük vəsiqəsi olub-olmadığını soruşmuşdur. O, sürücülük vəsiqəsinin olduğunu bildirdikdə Əziz təklif etmişdir ki, tanışlarından kimsə hazırlatdırmaq istəsə təşkil edə bilər, hər təşkil etdiyi sürücülük vəsiqəsinə görə də 30-50 manat pul verəcəkdir. Əzizdən problem olub-olmayacağını soruşduqda o, heç bir problem olmayacağını bildirmişdir. Həmin zaman o, Əzizin əlində olan Ukrayna sürücülük vəsiqəsinə də baxmışdır. Bu danışıqdan 3-5 gün sonra Əziz ona zəng edərək onu Bakıya hava limanına aparmasını istəmişdir. Əzizlə Bakıya qayıdan zaman ona “Asan” xidmətdən aldığı Azərbaycan Respublikası sürücülük vəsiqəsini göstərərək heç bir problem olmadan sürücülük vəsiqəsini dəyişdirdiyini bildirmişdir. Artıq həmin zaman Əzizin təşkil etdiyi sürücülük vəsiqəsində heç bir problem olmayacağını zənn etmişdir. Bundan sonra o bir neçə tanışına Əzizin ona etdiyi təklifi çatdırmışdır. Hətta bir neçə şəxsdən müəyyən məbləğdə pul və həmin şəxslərin sənədlərini alıb Əzizə göndərmişdir. Əziz də tanımadığı şəxslər vasitəsilə onların sürücülük vəsiqələrini ona göndərmişdir. Təxminən 2023-cü ilin avqust ayının sonlarında onun nömrəsinə özünü Elsun adı ilə təqdim edən şəxs Gürcüstan Respublikası mobil operatoruna məxsus nömrədən zəng etmişdir. Elsun tanışlarından onun sürücülük vəsiqəsi təşkil edə biləcək tanışı olduğunu öyrəndiyini, onun da bir nəfər tanışına vəsiqə təşkil etmək lazım olduğunu bildirmişdir. O, həmin şəxsə onunla əlaqə saxlamasını və sənədləri, yəni şəxsiyyət vəsiqəsinin fotoşəklini və 3x4 ölçüdə fotoşəkil göndərməsini bildirmişdir. Həmin vaxt Elsun 750 manat pul verəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs adlı şəxs ona dediyi şəkilləri göndərmişdir. O, həmin şəkilləri Əzizə yollamışdır. Bundan sonra 20 sentyabr 2023-cü il tarixdə Əziz Azərbaycana gələn sərnişinlər vasitəsilə Əmrahın sürücülük vəsiqəsini ona göndərmiş və o da tanımadığı taksi sürücüsü vasitəsilə vəsiqəni Əmraha göndərmişdir. Bundan sonra Əmrah onun bank kartına 750 manat pul göndərmişdir. Həmin pulu o, Əzizin dediyi adamın kartına köçürmüşdür. Əziz ona 100 manat pul göndərəcəyini bildirsə də pulu göndərməmişdir. Buna görə nömrəsini dəyişərək Əzizlə əlaqə saxlamamışdır. Bir neçə gün sonra Bakıda olan zaman hava limanında Əmrahla görüşmüşdür. Həmin zaman ona vəsiqədə problem olmayacağını, “Asan” xidmətə təqdim edib orijinal sürücülük vəsiqəsi ala biləcəyini bir daha bildirmişdir. O, sürücülük vəsiqəsinin kim tərəfindən saxtalaşdırıldığını bilməmiş, sadəcə Əziz Abbasovu tanımış, pulu ona göndərmiş və ona da vəsiqələri Əziz göndərmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 19 dekabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) -Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 02 oktyabr 2023cü il tarixli 3-13-16/2-133550/2023 nömrəli məktubundan və məktuba əlavə edilmiş siyahıdan görünür ki, siyahıda adları qeyd olunan Azərbaycan Respublikası vətəndaşları (Təqsirləndirilən şəxs, xx.xx.1998-ci il, siyahı üzrə 2-ci şəxs) müxtəlif vaxtlarda Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərinə müraciət edərək xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələrini dəyişdirmişlər. Həmin şəxslərin təqdim etdikləri sürücülük vəsiqələrinin həqiqiliyi şübhə doğurduğundan vəsiqələrin dəyişdirilməsi üçün zəruri olan sənədlər və həqiqiliyi şübhə doğuran vəsiqələr DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə göndərilmişdir. (i.v. 4-5) -Təqsirləndirilən şəxs 28 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, öz adına olan Ukrayna Respublikasına aid saxta AHB 167023 nömrəli sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün 28 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 5 saylı “Asan xidmət” mərkəzinə təqdim etmişdir. (i.v. 6) - 12 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Azərbaycan Respublikasına aid BB 443492 nömrəli sürücülük vəsiqəsi təhqiqatçı tərəfindən ondan götürülmüşdür. (i.v. 10-12) -Sərhədkeçmə haqqında məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə 27 noyabr 2021-ci il tarixdə Rusiya Federasiyasına getmiş, 01 oktyabr 2022-ci il tarixdə qayıtmış, bundan sonra 18 oktyabr 2022-ci il tarixdə Gürcüstan Respublikasına getmiş, 17 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. (i.v. 13) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə sənədlərin texniki ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 5/1471 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına AHB 167023 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına AHB 167023 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. (i.v. 16-19) -Saxtalaşdırılmış sürücülük vəsiqəsindən görünür ki, xx xxxxxx 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 16 may 2020-ci il tarixdə Ukrayna Respublikasına aid B, B1, C, C1 kateqoriyalı AHB 167023 nömrəli saxta sürücülük vəsiqəsi verilmişdir. (i.v. 20) -Azərbaycan Respublikası DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin 11 yanvar 2024-cü il tarixli 3-13-39/2-40/2024 nömrəli məktubundan və ona əlavə olunan siyahıdan görünür ki, Təqsirləndirilən şəxs adına saxta sənədlər əsasında verilmiş Azərbaycan Respublikasına aid BB 443492 nömrəli sürücülük vəsiqəsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilmişdir. (i.v. 24-25) - 01 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. (i.v. 43-44) - 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi ilə əlaqədar etirafedici ifadəsi iş üzrə digər mötəbər sübutların məcmusu ilə təsdiqini tapdığı üçün CPM-nin 126.6-cı maddəsinə əsasən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs saxta olduğunu bilə-bilə istifadə etdiyi Ukrayna dövlətinin AHB 167023 nömrəli saxta sürücülük vəsiqəsi və Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikasının “BB 443492” nömrəli həqiqi sürücülük vəsiqəsi öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilərək iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə cinayət təqibinə hissəvi xitam verilmiş, DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş adları qeyd edilmiş digər şəxslərin barəsində ayrıca cinayət işlərinin istintaqının aparılması nəzərə alınmış, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs adına saxta sürücülük vəsiqəsinin hazırlanması və satılması faktı ilə bağlı ayrıca icraata material ayrılmış və DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmiş, Şahid və şəxsiyyəti istintaqa məlum olmayan “Elsun” adlı şəxsin əməllərinə həmin cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır. (i.v. 45-51) Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə görə, hüquq verən və ya vəzifədən azad edən saxta vəsiqədən və ya digər saxta sənəddən istifadə etmə dedikdə, saxta rəsmi sənədin (vəsiqənin və ya digər rəsmi sənədin), onun saxta olduğunu qabaqcadan bilən şəxs tərəfindən hər hansı bir hüquq (üstünlük, güzəşt, imtiyaz) əldə etmək və ya müəyyən bir vəzifənin icrasından tam və ya qismən azad olmaq məqsədi ilə dövlət orqanlarına, bələdiyyələrə və onların vəzifəli şəxslərinə, hüquqi şəxslərə və vətəndaşlara təqdim olunması başa düşülür. Bilə-bilə saxta sənədlərdən istifadə edildiyi andan cinayət başa çatmış hesab olunur. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, ekspertiza rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 320.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1ci maddəsində göstərilmiş (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) bilə-bilə saxta sənədlərdən istifadə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 22) - 21 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 77) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Eləcə də, Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 23 mart 2004-cü il tarixli Qərarının 13-cü bəndi ilə məhkəmələrə tövsiyyə edilmişdir ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli Qərarında həmçinin göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının mümkün olması qənaətinə gələrək, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün cəmiyyətdən təcrid olunmamaqla barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı tutulmamış, həbsdə saxlanılmamışdır. Ona görə məhkəmə hesab edir ki, cəza müddətinin hesablanması və cəzanın hesaba alınması zamanı Azərbaycan Respublikası CM-nin 69cu maddəsinin müddəalarının tətbiqi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cərimə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış Ukrayna Respublikasına aid AHB 167023 nömrəli saxta sürücülük vəsiqəsi və saxta sənəddən istifadə edilməklə əldə edilmiş Azərbaycan Respublikasına aid BB 443492 nömrəli sürücülük vəsiqəsi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdırlar; saxta sənəd əsasında əldə olunmuş Azərbaycan Respublikasına aid BB 443492 nömrəli sürücülük vəsiqəsinin ləğv edilməsi üçün məhkəməyədək icraat zamanı DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilməsi nəzərə alınmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardımla bağlı iştirak etdiyi müddətə görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1500 (bir min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürülməklə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış Ukrayna Respublikasına aid AHB 167023 nömrəli saxta sürücülük vəsiqəsi və saxta sənəddən istifadə edilməklə əldə edilmiş Azərbaycan Respublikasına aid BB 443492 nömrəli sürücülük vəsiqəsi cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsınlar. Azərbaycan Respublikasına aid, saxta sənədlər əsasında verilmiş BB 443492 nömrəli sürücülük vəsiqəsinin ləğv olunması üçün məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə müraciət edilməsi nəzərə alınsın. Məhkəmə məsrəfi olan 70 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə 20 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 120 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar