Məhkəmə qərarları › İş №1(007)-251/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-251/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-251/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, Məsləhətçi (məhkəmə iclas katibi) İmanov Nizami Bəxtiyar oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,595 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayıb daşımış, Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə saat 20 radələrində ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq, Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmiş və xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunda içərisində 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,239 qram, 0,227 qram və 0,129 qram olmaqla ümumi çəkisi 0,595 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə aludəçisi olduğundan, 30 yanvar 2022-ci il tarixdə saat 15 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində üzdən tanıdığı şəxsdən 20 manata 3 ədəd sellofan bükümdə “kakos" kimi tanıdığı narkotik vasitə heroini şəxsi istifadəsi üçün almışdır. 31 yanvar 2022-ci il tarixdə təxminən saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 47 ünvanda bir nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etmiş və şübhəli olduğunu bildirərək onu Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişdən istifadə olunaraq üzərinə şəxsi axtarış keçirilərkən, üzərində qeyri-qanuni əşyalar olduğu təqdirdə təqdim etməsi təklif olunduğundan, əynində olan tünd göy rəngli qolsuz gödəkçənin sağ yan cibindən içərisində 3 ədəd narkotik bükümləri olan 01 ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmiş və həmin bükümlərin içərisində «kakos» kimi tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirilmiş və qablaşdırılaraq möhürlənib götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı qanuna zidd hərəkətlərə yol verilməmiş, törətdiyi cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə, habelə işdə olan digər sübutlarla tam təsdiq olunmuşdur. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 25-ci PŞnin cinayət axtarış üzrə əməliyyat müvvəkili Şahid1 elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, 31 yanvar 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 47 ünvanda xidmətdə olarkən, özünü şübhəli aparmış və sonradan şəxsiyyəti 25-ci PŞ-də müəyyən edilmiş Təqsirləndirilən şəxs saxlayaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə tanış edilmiş, barəsində videoçəkilişlə axtarış və götürmə aparılarkən, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmiş və bundan sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim edərək, içərisində “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu və Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Aşkar olunmuş 03 ədəd bükümdə, narkotik vasitəyə oxşar kütlə bir ədəd kağız zərfdə qablaşdırlıb Nizami RPİ-nin 25-ci PŞ-nin “Zərflər üçün" 165 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan olunaraq tədqiq olunmuş ifadəsi Şahid1 ifadəsi ilə eyni məzmunlu olmuşdur. İşdə olan 31 yanvar 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə haqqnda» və «Diskə baxış keçirilməsi haqqında» 19 mart 2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli qolsuz gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunu təqdim etmiş, kibrit qutusunun içərisində 03 ədəd şəffaf sellofan bükümündə qəhvəyi rəngli narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, həmin bükümün içərisində ‘Kakos" kimi tanıdığı narkotik vasitə olduğunu və Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. İşdə olan məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2022-ci il tarixli 6\634 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR-ın DİN-in “Zərflər üçün № 165” dairəvi möhür əksi olan “Şübhəli şəxs Lətifov" sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə üç ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,239 qram, 0,227 qram, 0,129 qram ümumi təmiz çəkisi 0,595 qram qəhvəyi rəngli maddə kustar üsulla hazılranmış narkotik vasitə heroindir. İşdə olan məhkəmə-narkoloji ekspertizasının 10 mart 2022-ci il tarixli 1215 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetamin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan 28 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,595 qram kustar üsulla hazılranmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq 0,475 qram narkotik vasitə heroin maddi sübutların saxlanc kamerasına təhvil verilmişdir. İşdə olan 19 mart 2022-ci il tarixli qərardan görünür ki, «şəxsi axtarış və götürmə»ni özündə əks etdirən bir ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən və Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3, 234.4.1-ci maddələri ilə təqsirli bilinərək, 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70-ci maddəsi tətəbiq edilməklə təyin olunmuş cəz 02 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmaqla “Kəlbəcərin azad olunmasına” görə və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 02 fevral 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, Təqsirləndirilən şəxs Vətən Müharibəsi iştirakçısı olmaqla “Kəlbəcərin azad olunmasına” görə və “Vətən uğrunda” medalları ilə təltif olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə münasibətdə sınaq müddəti başa çatmadan yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. «Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi həm qanunvericilik, həm də Аzərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi bir mənalı оlараг məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsinin bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına, bunun isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə etdiyini və yeni cinayət törətdiyinə görə qanunun belə şəxslərə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirinin tətbiq edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi az ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə - tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan sənədlərə əsasən, Təqsirləndirilən şəxs 31 yanvar 2022-ci il tarixdən 02 fevral 2022-ci tarixədək şübhəli şəxs qismində tutulduğu müddət onun cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmaqla təyin edilməli və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə müəyyən edilmiş 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə təyin olunan cəza ilə, hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona qəti cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,475 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd «CD» disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsi ilə müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.5-ci maddələrinin tələblərinə əsasən, vəkilin məhkəmədə iştirak etdiyi cəmi 40 iş saatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 240 manat (40x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X3 dövlət büdcəsi hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkumetmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hazırki hökm üzrə təyin edilmiş cəzaya, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 fevral 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 04 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza 5 (beş) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirlməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan 0,475 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut - 01 ədəd «CD» disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Təqsirləndirilən şəxs 40 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X3 VÖEN – ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 240 (iki yüz qırx) manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar