Məhkəmə qərarları › İş №1(007)-251/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-251/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-251/2025 08.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləyən, Bakı şəhəri Nizami rayonu, Ə.Vəliyev küçəsi, ev 3, mənzil 39-da qeydiyyatda olan, Bakı şəhəri Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni Ramana küçəsi, ev 287/12-də yaşayan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, həmin cəzanın icrası ilə bağlı 18 avqust 2023-cü il tarixdən Bakı şəhər probasiya idarəsinin qeydiyyatında olan, hazırkı işlə bağlı 03 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05 sentyabr 2024-cü il tarixdə tutmadan azad olunaraq barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etməsi barədə qardaşı Şahid3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən Şahid3 03 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Nizami rayonunda metronun “Qara Qarayev” stansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən özünə məxsus 3, ona məxsus 4 manat, ümumilikdə 7 manat pul vəsaiti müqabilində qanunsuz olaraq ümumi təmiz çəkisi 0,481 qram psixotrop maddə metamfetamin əldə edib öz aralarında bölmüş, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 03 sentyabr 2024-cü il tarixdə saat 18:15 radələrində o və Şahid3 Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 70 ünvanında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Bakı şəhəri Nizami rayon polis idarəsinin inzibati binasına aparılmış, həmin idarədə üzərlərində şəxsi axtarış aparılan zaman Şahid3 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,245 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,236 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onu 03 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu, Q.Qarayev prospekti, 70 ünvanında dörd nəfər polis əməkdaşı saxlamışlar. Daha əvvəl qardaşı Sənani ilə birlikdə “Ağa” adlı şəxsdən psixotrop maddə almaq üçün pul qoymuşlar, yəni o, 4 manat vermiş, Sənani də 3 manat əlavə etmişdir. Psixotrop maddəni aldıqdan sonra istifadə etmədən atmışlar. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmışlar, lakin həmin vaxt üzərlərində heç bir psixotrop maddə olmamışdır. Polis əməkdaşları onun üzərinə baxış keçirmiş, daha sonra polis idarəsinə aparmışlar. İdarədə olan polis əməkdaşlarından Şahid2 onun ayağından vuraraq diz çökməsini tələb etmişdir. Daha sonra polis əməkdaşları onun qarşısına 2 büküm psixotrop maddə qoymuş və boynuna almalı olmasını demişlər, o da məcbur qalaraq çəkisi az olanı götürmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 05 sentyabr 2024-cü il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 2021-ci ildən psixotrop maddə metamfetamini falqada yandırıb tüstüsünü çəkmə yolu ilə qəbul edir. 23 oktyabr 2022-ci il tarixdə qardaşı Şahid3la birlikdə Bakı şəhəri Nizami rayonu ərazisində üzərlərində psixotrop maddə metamfetamin olduğu üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinin polis işçiləri tərəfindən tutulmışlar və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qardaşı Sənani isə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli höküm ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Sənani vaxtında evə gəlmədiyi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2023-cü il tarixli qərarı ilə 10 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 10 yanvar 2024-cü il tarixdə məcburi müalicə üçün Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzə göndərilmişdir. 31 may 2024-cü il tarixdə Sənani Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 06 mart 2024cü il tarixli qərarı ilə 02 ay 06 gün müddətinə vaxtından əvvəl şərti azad edilmişdir. 27 avqust 2024-cü il tarixdə onun məcburi müalicəsi sona çatdığı üçün Respublika Narkoloji Mərkəzdən azad olunmuşdur. 31 avqust 2024-cü il tarixdə Sənani ilə razılaşmışlar ki, pul qoyaraq psixotrop maddə alıb yarı bölüb qəbul etsinlər. Bu məqsədlə o, Sənaniyə 4 manat vermiş və demişdir ki, qalan pulu özü qoysun və psixotrop maddə alanda ona da versin. Sənani razılıq vermiş və 4 manatı ondan alıb demişdir ki, metamfetamin alanda xəbər edəcək, yarı bölüb istifadə edərlər. Səhəri günü Sənani demişdir ki, Bakı şəhəri Nizami rayonu metronun "Qara Qarayev” stansiyasının yaxınlığında “Ağa” ləqəbli şəxsə 7 manat vermiş və demişdir ki, bir büküm metamfetamin lazımdır. Ağa pulu alıb demişdir ki, özü xəbər edəcək. 03 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində o və Sənani evdə olan zaman “Ağa” ləqəbli şəxs ona zəng vurub demişdir ki, üzrlü hesab eləsin, iş yubandı, indi hazır edibdir. 03 sentyabr 2024-cü il tarixdə saat 17:50 radələrində o və Sənani evdən çıxmışlar, “Qara Qarayev” metrostansiyasının yaxınlığına getmişlər, Sənani ondan ayrılıb demişdir ki, o, “Ağa”dan malı götürüb gəlir. Təxminən 5-10 dəqiqə sonra Sənani gəlmiş və demişdir ki, bir büküm metamfetamin almışdır, onlar həmin bükümü yarı-yarı bölmüşlər, yarı hissəsi ona düşmüş, yarı hissəsi isə Sənanidə qalmışdır. Ona düşən payı əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoymuş və Sənanidən ayrılıb getmək istəyən zaman 4 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin polis işçiləri olduqlarını bildirmişlər. Polis işçiləri ondan və Sənanidən ad və soyadlarını soruşmuşlar. Onlar da polis işçilərinə anket məlumatlarını demişlər. Polis işçiləri onların üzərində şəxsi axtarış keçirilməsi üçün Bakı şəhəri Nizami rayon polis idarəsinə dəvət etmişlər. Onlar etiraz etməyib polis işçiləri ilə birlikdə polis idarəsinə getmişlər. Onu və Sənanini ayrı-ayrı xidməti otaqlara aparmışlar və xidməti otaqların birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və ona vəkillərin siyahısı təqdim edilmiş, dövlət hesabına dəvət edilmiş vəkil gəldikdən sonra hüquq və vəzifələri izah edilmiş, izah olunmuşdur ki, videoçəkilişlə üzərində şəxsi axtarış aparılacaqdır. Onun üzərində vəkilin və iştirakçıların iştirakı ilə videoçəkilişlə şəxsi axtarış keçirilməsinə başlanmış, videoçəkiliş zamanı iştirakçılar özlərini təqdim etdikdən sonra o da özümü təqdim etmişdir. Videoçəkiliş zamanı ona hüquq və vəzifələri yenidən izah olunmuşdur. Polis işçiləri üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə olan maddə psixotrop maddə metamfetamindir, o və qardaşı pul qoyub 7 manat düzəldib, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “Ağa” ləqəbli şəxsə qardaşı Sənani metamfetamin almaq üçün 7 manatı vermiş, Sənani “Ağa” ləqəbli şəxsdən bir büküm metamfetamin almış və onlar öz aralarında həmin metamfetamini yarı bölmüşlər. Bir ədəd büküm polis işçiləri tərəfindən açılmış və həmin bükümün içərisində ağ rəngli maddə aşkar olunmuşdur. Bundan sonra bir ədəd büküm polis işçiləri tərəfindən onun və müdafıçəsinin yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzəri və tərtib olunmuş protokol o və iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsinə əlavə olaraq qeyd etmişdir ki, o, psixotrop maddə metamfetamini öz istifadəsi üçün özündə saxlamışdır, psixotrop maddə metamfetaminin satışı ilə məşğul olmur. Qardaşı Sənaninin psixotrop maddə metamfetamini aldığı “Ağa” ləqəbli şəxsin anket məlumatlarını və mobil telefon nömrəsini bilmir. Polis işçiləri tərəfindən saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman polis işçiləri tərəfindən fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, məhkəmədə verdiyi ifadəsinin əsas kimi qəbul olunmasını xahiş etmiş, lakin ifadələri arasında yaranan ziddiyyətin səbəbini izah edə bilməmişdir. Əlavə sualları cavablandırarkən qeyd etmişdir ki, psixotrop maddə onun üzərində olmamış, polis idarəsində cibinə qoyulmuşdur. Polis əməkdaşı ona zor tətbiq etmiş, dizindən vuraraq yerə çökdürmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə son sözlə çıxışında atasının birinci qrup əlil olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 03 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Nizami rayonu ərazisində “Vidadi” adlı şəxsin narkotik vasitə və psixotrop madələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, “Vidadi” adlı şəxs Təqsirləndirilən şəxsdur. Həmin məlumatı yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə həmin gün ondan, həmin bölmənin əməliyyat müvəkkilləri Şahid2, X3 və X1 ibarət əməliyyat qrupu yaradılmışdır. 03 sentyabr 2024-cü il tarixdə saat 18:15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 70 ünvanının qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan kişi cinsli şəxsi və onun yanında bir nəfər kişi cinsli şəxsi görüb yaxınlaşıb özlərini təqdim etmiş və həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs, digəri isə Şahid3 kimi təqdim etmişlər. Təqsirləndirilən şəxs və Şahid3 üzərində şəxsi axtarış aparılması üçün onalrı Nizami rayon polis idarəsinə dəvət etmişlər, Təqsirləndirilən şəxs və Şahid3 etiraz etməyərək onlarla birlikdə Nizami rayon polis idarəsinə gəlmişlər. Onların hər birini ayır-ayrı xidməti otaqlara aparmışlar. Xidməti otaqların birində təhqiqatçı Kənan Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra onun, əməliyyat müvəkkili Şahid2 və vəkilin iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olmuş, üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması soruşulmuş, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümdə psixotrop maddə metamfetamin vardır. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs, vəkilin və iştirakçıların yanında bir ədəd büküm açılmış və bükümün içindən ağ rəngli maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bir ədəd bükümdə olan maddə psixotrop maddə metamfetamindir, özünə məxsusdur, şəxsi istifadəsi üçün qardaşı Şahid3 Bakı şəhəri Nizami rayonu metronun “Qara Qarayev” stansiyasının yaxınlığında 7 manat qarşılığında almışdır, metamfetamini ortadan bölmüşlər, yarısı Sənanidə, yarısı isə ondan qalmışdır. Bundan sonra bir ədəd büküm təhqiqatçı tərəfindən onun və iştirakçıların yanında zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və zərf möhürlə möhürlənmiş, zərfin üzərini və tərtib olunmuş protokolu o və iştirakçılar imzalamışlar. Təqsirləndirilən şəxs saxlanılan və üzərində şəxsi axtarış aparılan zaman fiziki və ya psixi zorakılığa məruz qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2, Şahid1la eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, onlar “Ağa” adlı şəxsi qiyabi tanımışlar. Ağa ondan 7 manat borca pul istəmiş, səhəri günü qaytaracağını demişdir. Onda 3 manat pul olmuş, qardaşı Vidadidən də 4 manat pul alaraq Ağaya borca vermişdir. Səhəri gün Ağa pulu ona qaytarmamış, axşam olduqda Ağaya zəng etmiş, Ağa ona pulu səhər qaytaracağını demişdir. Səhəri gün saat 10-da Ağa ona zəng etmiş, o da axşam işdən sonra gələ biləcəyini demişdir. İşdən sonra Ağa onu çağırmış, o da Ağanın qaldığı məhəlləyə getmişdir. Orada olan zaman Ağa pulu olmadığını demiş, o da pul yoxdursa nə səbəbə onu çağırdığını demişdir. Daha sonra Ağa ona 5 manat pul vermiş, qalan pula görə də psixotrop maddəni ona vermişdir. O da həmin vaxt psixotrop maddəni götürməmiş və atmışdır. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşmışlar. Polis əməkdaşları onları saxlayan zaman dərhal üzərlərinə baxış keçirmişlər. Qardaşı Vidadinin və onun üzərində heç bir qanunsuz əşya olmamışdır. Polis idarəsində olan zaman onun və qardaşının cibinə polis əməkdaşları psixotrop maddəni qoymuşlar. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi cari ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən onun 05 sentyabr 2024-cü il verdiyi ifadəsi aidiyyəti hissədə elan edilmişdir. Müstəntiq tərəfindən dindirilərkən o, həmin ifadəsində göstərmişdir ki, ... 31 avqust 2024-cü il tarixdə o və qardaşı Vidadi razılaşmışlar ki, pul qoyub psixotrop maddə alaraq yarı bölüb qəbul etsinlər. Bu məqsədlə Vidadi ona 4 manat vermiş və demişdir ki, “qalan pulu özün qoy, psixotrop maddə alanda mənə verərsən”. O, razılıq vermiş və 4 manatı alıb demişdir ki, “metamfetamin alanda xəbər edəcəm, yarı bölüb istifadə edərik”. Səhəri gün o, Vidadiyə demişdir ki, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında “Ağa” ləqəbli şəxsə 7 manat vermiş və demişdir ki, bir büküm metamfetamin lazımdır. Ağa pulu alıb demişdir ki, özü xəbər edəcək. 03 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində o və Vidadi evdə olan zaman “Ağa” ləqəbli şəxs ona taksofandan zəng vurub demişdir ki, üzrlü hesab eləsin, iş yubanmış, indi hazır eləmişdir. 03 sentyabr 2024-cü il tarixdə saat 17:50 radələrində o və qardaşı Vidadi evdən çıxmışlar, “Qara Qarayev” metrostansiyasının yaxınlığına getmişlər, o, Vidadidən ayrılıb demişdir ki, “Ağa”dan malı götürüb gələcəkdir. Bundan sonra o, metronun “Qara Qarayev” stansiyasının yaxınlığında olan binanın məhəlləsində Ağa ilə görüşmüş və Ağa ona bir büküm metamfetamin vermişdir. O, Vidadinin yanına gəlmiş və həmin bükümü yarı bölmüşlər, yarı hissəsi ona düşmüş, yarı hissəsi isə qardaşı Vidadidə qalmışdır. Ona düşən payı o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və Vidadidən ayrılıb getmək istəyən zaman 4 nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşıb özlərini Nizami rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin polis işçiləri olduqlarını bildirmişlər. Polislər ondan və Vidadidən adlarını və soyadlarını soruşmuşlar. Onlar polis işçilərinə anket məlumatlarını demişlər. Polis işçiləri onların üzərində şəxsi axtarı keçirilməsi üçün onları saxlayıb Nizami rayon polis idarəsinə dəvət etmişlər. Onlar etiraz etməyib polis işçiləri ilə birlikdə getmişlər.... O, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki, bir ədəd bükümdə psixotrop maddə metamtetamindir, o və qardaşı pul qoyub 7 manat düzəldib, metronun “Qara Qarayev” stasiyasının yaxınlığında “Ağa” ləqəbili şəxsdən almışdır, həmin bir ədəd büküm metamfetamini onlar ikisi öz aralarında yarı bölmüşlər. Bir ədəd büküm polis işçiləri tərəfində açılmış və həmin bükümün içində ağ rəngli maddə aşkar olunmuşdur... İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 5) - 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başqa icraata ayrılmışdır. (i.v. 1-2) - 03 sentyabr 2024-cü il və 24 oktyabr 2024-cü il tarixli protokollardan görünür ki, şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində Nizami RPİ-nin inzibati binasında xidməti otaqların birində vəkilin iştirakı ilə, videoçəkiliş aparılmaqla şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bu haqda qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin qızılı kağızına bükülü olan bükümü çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisindəki maddənin metamfetamin olduğunu, 03 sentyabr 2024-cü il tarixdə qardaşı Sənaninin “Ağa” adlı şəxsdən Q.Qarayev metrosunun yaxınlığında 7 manat qarşılığında aldığını, həmin büküm içərisindəki maddəni ortadan bölərək yarısını qardaşı X2 verdiyini və öz istifadələri üçün aldıqlarını bildirmişdir. Həmin büküm cinayət təqibi uzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfdə qablaşdırılıb DİN-nin “Zərflər üçün” 162 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmiş, imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntüyə 24 oktyabr 2024-cü il tarixdə müstəntiq tərəfindən baxış zamanı qeyd olunanların öz təsdiqini tapdığı müəyyən edilmişdir. (i.v. 59-60, 164) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının 04 sentyabr 2024-cü il tarixli 6/4415 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N162”-li dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Şahid3” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,245 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N162”-li dairəvi möhür əksi, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,236 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Vət. Şahid3 aşkar edilərək götürülmüş metamfetamin və Təqsirləndirilən şəxs aşkar edilmiş metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə öz aralarında eynilik təşkil edir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,236 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,186 qram qalıq qalmışdır. (Təqsirləndirilən şəxs aid hissədə, i.v. 71-74) - 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə “Vidadi” adlı şəxslə bağlı əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair 03 sentyabr 2024-cü il tarixli qərar Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qanuni hesab edilmişdir. (i.v. 149) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 12 sentyabr 2024-cü il tarixli 6195 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 169-170) - 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə təmiz çəkisi 0,236 qram psixotrop maddə metamfetamin və həmin metamfetamini təqdim etməsi zamanı videogörüntü olan DVD disk maddi sübut qismində tanınmış, ekspertiza tədqiqatından sonra qalıq 0,186 qram psixotrop maddə metamfetamin Bakı şəhəri Nizami rayon polis idarəsində maddi sübutların saxlanılma anbarına təhvil verilmiş, DVD disk cinayət işinə əlavə edilərək saxlanılmış, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman psixotrop maddəyə sərəncam vermək imkanının olmadığını dərk etməsi nəticəsində Bakı şəhəri Nizami rayon polis idarəsinin əməkdaşının təklifi ilə psixotrop maddəni könüllü surətdə təhvil verməsi Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndinin tətbiq edilməsinə məqsədəmüvafıq hesab edilməmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2 və 234.4.1-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,236 qram psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi istintaq yolu ilə mümkün olmadığından əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün cinayət işindən material ayrılmış və yoxlanılması üçün Bakı şəhəri Nizami rayon polis idarəsinin 25-ci polis şöbəsinə göndərilmişdir. (i.v. 176-186) -Hökmün surətindən görünür ki, Şahid3 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmış, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də şəxsi axtarış zamanı müdafiəçinin iştirakı ilə üzərində olan narkotik vasitəni təqdim edib ona məxsus olduğunu etiraf etmiş, onu hansı qaydada əldə etdiyini izah etmişdir. Hansı ki, bu qeyd olunanlar digər sübutlarla yanaşı, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü ilə öz təsdiqini tapmışdır. Şəxsi axtarış zamanı qeydə alınmış videogörüntünün izlənilməsi zamanı isə, Təqsirləndirilən şəxs psixotrop maddəni təqdim edərkən hər hansı tərəddüd etməsi, özünü şübhəli aparması müşahidə edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad olunan 24 dekabr 2021-ci il tarixli Qərarının 25-bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə, məhkəmə tədqiqi ilə toplanmış sübutları yoxlayıb qiymətləndirərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşı tərəfindən ona zor tətbiq edildiyi, üzərində psixotrop maddə metamfetaminin olmadığı halda həmin maddənin üzərinə qoyulması barədə irəli sürdüyü dəlillər, yuxarıda qeyd olunanlar baxımından əsassız hesab olunmalıdır, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs 05 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs kimi tutmadan azad edildikdən sonra ona qarşı yol verilmiş, hüquq və mənafelərinə toxunduğunu hesab etdiyi hər hansı qanunsuz hərəkətlə bağlı müvafiq orqanlara şikayət verməkdə, araşdırılmasını tələb etməkdə sərbəst olmuş, buna baxmayaraq o, bu hüquq və imkanlardan istifadə etməmişdir. Şahid3 ifadəsinə gəldikdə, nəzərə alınmaldır ki, onun özü də eyni xarakterli əməl görə təqsirli bilinərək məhkum edilməklə yanaşı o, təqsirləndirilən şəxsin yaxın qohumu, qardaşıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 50) - 05 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair məhkəməyə təqdimat verilməsi barədə müstəntiqin vəsatətinin müdafiə olunmasından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən imtina edilmiş, onun saxlanıldığı Nizami RPİ-nin MSY-dən azad olunması qərara alınmışdır. (i.v. 129-130) -Bakı şəhəri Nizami RPİ-nin istintaq şöbəsinin müstəntiqinin 03 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 131-132) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (i.v. 141-142, 173-175) -Bakı şəhər probasiya idarəsinin 01 oktyabr 2024-cü il tarixli 150895/19 nömrəli və 03 aprel 2025-ci il tarixli 11/1-3-267191 nömrəli məktublarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs 18 avqust 2023-cü il tarixdə idarədə qeydiyyata alınmışdır, hazırda cəzasını çəkir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin 19 iyun 2025-ci il tarixli 3-43-77/2- 1262/2025 nömrəli məktubundan görünür ki, ehtiyatda olan əsgər Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında qismən səfərbərlik edlan edilməsinə dair 28 sentyabr 2020-ci il tarixli Sərəncamına əsasən 06 noyabr 2020-ci il tarixdə səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqdan sonra 28 dekabr 2020-ci il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmiş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş və ona müharibə veteranı adı və vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində həmin Məcəllənin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 18.4.4 və 83.1-ci maddələrinin tələbləri baxımından qeyd edir ki, yuxarıda istinad olunan hökmlə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunduğundan, həmin hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 iyul 2025-ci il tarixə çəkilməmiş hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, müvafiq müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər sayılmalı, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilməsi nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs müvafiq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək tutulduğu cəmi 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı isə hökmün çıxarıldığı hazırkı tarixdən hesablanmalıdır. Bununla yanaşı məhkəmə Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən hesab edir ki, hökmün icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış psixotrop maddə məhv olunmalı, içərisində şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntü olan disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 114 manat ekspertiza xərci müvafiq hissədə, yəni ekspertiza tədqiqatının ümumilikdə 2 nəfər təqsirləndirilən şəxsdən aşkar olunmuş maddələr üzrə aparılması nəzərə alınmaqla, təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi qaydada müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından qərar əsasında dövlət hesabına dəvət olunmuş vəkilin məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsə göstərdiyi hüquqi xidmətlərə görə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 08 iyul 2025-ci il tarixə çəkilməmiş 01 (bir) ay 06 (altı) gün hissəsi, Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsində müəyyən edilmiş qaydada hesablanmaqla, 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun, həmin cəzanı Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına tamamilə birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs 06 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 03 sentyabr 2024-cü il tarixdən 05 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 06 (altı) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın Maddi sübut qismində tanınmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami rayon polis idarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalan 0,186 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və götürmə zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 57 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı dövründə göstərdiyi pulsuz hüquqi yardıma görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi müvafiq hesablaşma hesabı üzərindən 287 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar