Məhkəmə qərarları › İş №1(007)-252/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-252/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-252/2021 10.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmü ilə (həmin məhkəmənin anlaşılmazlığın aradan qaldırılmasına dair 25 oktyabr 2016-cı il tarixli qərarı nəzərə alınmaqla) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 06 ay müddətinə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib, 05 il müddətinə, Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə təqsirli bilinib, 06 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 07 il 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən hökmlə qəti cəza təyin olunarkən tətbiq edilmiş Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 25 iyun 2018-ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilərək azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 07 il 03 ay 28 gün həddində müəyyən edilmiş, cəzaçəkməsinin əvvəli 09 sentyabr 2015-ci il tarixdən hesablanmış, cəzaçəkməsinin sonu 07 yanvar 2023-cü il tarixədək olan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 6, mənzil 47-də qeydiyyatda olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin hesabında olub həmin hökm üzrə cəza çəkməklə, hazırkı cinayət işi ilə bağlı 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində məhkumlara qadağan olunmuş mobil telefon əldə edərək özündə saxlamış, gəzdirmiş və daşımışdır. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 178.2.2, 180.2, 180.2.2, 180.2.4-cü maddələri ilə, həmin Məcəllənin 66.2 və 67.1-ci maddələrinə əsasən, 07 il 03 ay 28 gün müddətinə azadlıqdan məhrum edilərək Penitensiar Xidmətin Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən şəxsi marağı niyyətilə istintaqa məlum olmayan mənbədən əldə etdiyi “Cəzaçəkmə müəssisələrinin X2” ilə məhkumlara qadağan olunmuş əşya sayılan bir ədəd “Hope” markalı “**********72880” İMEİ kodlu mobil telefonu özündə saxlamış, gəzdirmiş, daşımış və 25 iyul 2019-cu il tarixdə saat 11:00 radələrində həmin müəssisənin əməliyyat şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməkdaşlar tərəfindən müəssisənin tibbi-sanitar hissəsində saxlanıldığı palatada onun üzərinə qəfləti axtarış-baxış tədbiri keçirilən zaman əynindəki şalvarın qabaq iç hissəsində gizli saxladığı həmin mobil telefon aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər törətdiyi cinayət əməlinə görə məhkum olunaraq 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Cəza çəkərkən məhkumlara mobil telefon saxlamağın və istifadə etməyin cinayət məsuliyyəti yaratdığı izah olunmuşdur. Lakin şəxsi marağı niyyəti ilə bir müddət əvvəl tapdığı bir ədəd “Hope” markalı mobil telefonu istifadə etmişdir. 25 iyul 2019-cu il tarixdə saat 11:00 radələrində əynindəki şalvarının qabaq iç hissəsində gizlətdiyi yerdən həmin mobil telefon müəssisənin əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Əməlindən səmimi peşmançılıq hissləri keçirir. Cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə əlaqədar barəsindəki cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində baş inspektor vəzifəsində xidmət edən Şahid5 ifadəsində göstərmişdir ki, 15 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinə daxil olan əməliyyat məlumatının yoxlanılmasında iştirak etmişdir. Belə ki, 25 iyul 2019-cu il tarixdə saat 11:00 radələrində müəssisənin tibbi-sanitar hissəsinə gedərək orada müalicə alan məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər, həmin vaxt məhkumun əynində olan şalvarının qabaq iç hissəsində gizlətdiyi daxilində GSM danışıq kartı olmayan bir ədəd “Hope” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Qeyd edilənlərə dair protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid5 ifadəsində göstərilənlərə uyğun ifadə vermişdir. Bununla yanaşı ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid6 istintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilərək tədqiq olunmuş və müəyyən edilmişdir ki, həmin şahidlər də yuxarıda göstərilən məzmunda ifadələr vermişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlar Şahid1 və Şahid2 müəssisə rəhbərliyinin vasitəsilə ərizə verərək istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmiş və onların iştirakı olmadan işə baxılmasını məhkəmədən xahiş etmişlər. Bununla əlaqədar həmin şahidlərin ifadələri məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Şahidlər sözügedən ifadələrində, 25 iyul 2019-cu il tarixdə saat 11:00 radələrində məhkum Təqsirləndirilən şəxs üzərinə keçirilən baxışda hal şahidi qismində iştirak etdiklərini, baxış zamanı həmin məhkumun əynində olan şalvarının qabaq iç hissəsində gizlətdiyi bir ədəd mobil telefonun aşkar olunaraq götürüldüyünü gördüklərini göstərmişlər. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə idarəsinin müstəntiqi Elşən Tağıyevin 20 avqust 2019-cu il tarixli qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (i.v. 1) - 25 iyul 2019-cu il tarixli protokoldan görünür ki, 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və müəssisənin tibb-sanitar hissəsində saxlanılan məhkum Təqsirləndirilən şəxs tibb-sanitar hissəsində saxlanıldığı palatada üzərində qəfləti axtarışbaxış tədbiri həyata keçirilmiş, tədbir zamanı məhkum Təqsirləndirilən şəxs əynindəki şalvarın qabaq iç hissəsində gizli saxladığı bir ədəd qara rəngli “Hope” markalı, **********372880 İMEİ kodlu, üzərində GSM danışıq kartı olmayan mobil telefon və elektrik qidalandırıcısı aşkar olunaraq, götürülmüşdür. Aşkar olunaraq götürülmüş mobil telefon hal şahidlərinin, cəzaçəkmə müəssisəsinin əməkdaşlarının və məhkumun özünün iştirakları ilə zərfə qablaşdırılmış və müəssisənin “zərflər üçün” möhürü ilə bərkidilmişdir; -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Cəzaçəkmə müəssisələrinin X2”nın təsdiq edilməsi barədə 29 dekabr 2011-ci il tarixli 7 nömrəli Kollegiya qərarından çıxarışın və 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara və təcridxanada saxlanılan şəxslərə saxlanılması qadağan olunmuş əşyaların siyahısına aiddir. (i.v. 28-29) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə kompüter-texniki ekspertizasının 07 avqust 2019-cu il tarixli 20093 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd üzərində “Hope” yazıları olan **********72880 İMEİ nömrəli mobil telefon işlək vəziyyətdədir, istifadə üçün yararlıdır. (i.v. 32-35) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 29 avqust 2019-cu il tarixli tələbnamədən, hökmün və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmü ilə (həmin məhkəmənin anlaşılmazlığın aradan qaldırılmasına dair 25 oktyabr 2016-cı il tarixli qərarı nəzərə alınmaqla) Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə, Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2, 180.2.4-cü maddələri ilə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, həmin Məcəllənin 66.3 və 67.1-ci maddələrinə əsasən ona qəti olaraq 07 il 09 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 05 aprel 2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı ilə cinayət qanunvericiliyində edilmiş dəyişikliyə əsasən hökmlə qəti cəza təyin olunarkən tətbiq edilmiş Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi həmin Məcəllənin 66.2-ci maddəsi ilə əvəz edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 25 iyun 2018ci il tarixli qərarı ilə həmin qərar dəyişdirilərək azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 07 il 03 ay 28 gün həddində müəyyən edilmişdir. (i.v. 50, 91-115) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şirvan Regional Ədliyyə idarəsinin müstəntiqi Elşən Tağıyevin 20 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, cinayət işi üzrə qadağan olunmuş əşyanın hansı məhkuma məxsus olmaqla onun mobil telefon aparatından istifadəsi sübutlar məcmusu ilə təsdiqini tapmadığı üçün təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından Azərbaycan Respublikası CMnin 317-2.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə icraat, Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən, dayandırılmışdır. (i.v. 72- 73) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsinin böyük müstəntiqi Natiq Qurbanovun 10 iyun 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraatına qəbul edilmişdir. (i.v. 85) - 12 iyun 2021-ci il tarixli qərardan görünür ki, “Hope” markalı, **********72880 İMEİ kodlu bir ədəd mobil telefon və bir ədəd CD disk maddi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 119) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq idarəsinin böyük müstəntiqi Natiq Qurbanovun 17 iyun 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuş, Təqsirləndirilən şəxs Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsində qeydiyyatda olmaqla cəza çəkməsi nəzərə alınmışdır. (i.v. 120- 122) Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlinin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cinayət işi üzrə əməl Təqsirləndirilən şəxs tərəfindən 25 iyul 2019-cu il tarixdə törədilmişdir. Bununla da, cinayət əməlinin törədildiyi gündən iki ildən artıq müddət keçmişdir. Cinayət qanunvericiliyinə görə, cinayət məsuliyyətinə cəlb edilmə müddətləri şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verən və cinayətin edildiyi gündən hesablanan müddətlərdir. Törədilmiş cinayətlə həmin cinayətə görə şəxsin məsuliyyətə alınması arasında müddət nə qədər çox uzanarsa, şəxsin mühakimə edilməsi və cəzalandırılması da bir o qədər lüzumsuz olur. Cəza istər xüsusi, istərsə də ümumi xəbərdarlıq baxımından əhəmiyyətini itirir. Törədilən cinayət haqqında məlumat istintaq və təhqiqat orqanlarına bəlli olmamışdırsa, yaxud cinayət bəlli olsa da, əməlin subyektinin kim olmasına dair məlumatlar olmamışdırsa, cinayət törədildikdən sonra bu əməlin subyektinin kim olmasına dair məlumatlar olmamışdırsa, cinayət törədildikdən sonra bu əməlin aid edildiyi cinayət kateqoriyasına uyğun müddətlər keçdikdə, cinayəti törədən şəxs məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz; 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır; 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Qanunsuz cəzalandırılmamaq” adlanan 7-ci maddəsi ilə bağlı Belçikaya qarşı (Coeme and others v. Belgium, §146) iş üzrə qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, cinayət məsuliyyətindən azad etmə müddəti cinayət törətmiş şəxsə əməlin törədilməsindən sonra təyin olunan dövr keçdikdə cinayət təqibinə və ya mühakiməyə məruz qalmamaq üçün verilən hüquq kimi müəyyən edilə bilər. Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemlərinin ümumi cəhəti olan bu müddətlər bir neçə məqsədlərə, o cümlədən hüquqi müəyyənliyin və qətiliyin təmin olunmasına, eləcə də vaxtın keçməsinə görə natamam vəziyyətə düşə bilən sübutlar əsasında məhkəmələrdən qərar qəbul edilməsi tələb edildiyi halda, müdafiə olunanların zərər ala biləcək hüquqlarına yönələn qəsdlərin qarşısının alınmasına xidmət edir. Məhkəmə qeyd edir ki, cinayət əməlinin törədildiyi gündən hal-hazırdək iki ildən artıq müddət keçmişdir, ibtidai istintaq zamanı müstəntiqin 20 sentyabr 2019-cu il tarixli qərarı ilə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığı üçün Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 10 iyun 2021-ci il tarixli qərarla isə işin icraatı təzələnmişdir. Həmin iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları digər qaydada müəyyən edilməmişdir, habelə, bu müddətdə təqsirləndirilən şəxsin yeni cinayət törətməsi barədə məlumat qeydə alınmamışdır. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxs və onun müdafiəçisi cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə həmin halları nəzərə alaraq və istinad edilən maddi hüquq normalarının tələblərini rəhbər tutaraq, hesab edir ki, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, müdafiə tərəfinin razılığı ilə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan məsələlərlə bağlı qeyd edir ki, hazırkı iş üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; aşkar olunaraq götürülmüş və maddi sübut qismində tanınmış mobil telefon cinayətin alət və ya vasitəsi deyil, predmeti olduğundan həmin “Hope” markalı, **********72880 İMEİ kodlu bir ədəd mobil telefon və mobil telefonun elektrik qidalandırıcısı dövlət nəfinə keçirilməli, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək qeyd edir ki, hazırkı cinayət işi üzrə icraata xitam verilsə də, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmü ilə (həmin hökm əsasında sonradan çıxarılmış qərarlar nəzərə alınmaqla) təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X1 ibtidai istintaq zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmiş, eləcə də müdafiəçinin özü tərəfindən hesabat arayışı təqdim edilməmişdir, ona görə həmin dövr üçün əmək haqqının tutulması məsələsi hazırkı halda həll edilmir. Məhkəmə tərəfindən isə qərar əsasında dəvət olunmuş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 30 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla müdafiəçiyə əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.3, 43.3, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən, cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli hökmü ilə (həmin hökm əsasında sonradan çıxarılmış qərarlar nəzərə alınmaqla) təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı çəkməkdə olması nəzərə alınsın. Maddi sübut qismində tanınmış “Hope” markalı, **********72880 İMEİ kodlu bir ədəd mobil telefon və mobil telefonun elektrik qidalandırıcısı dövlət nəfinə keçirilsin, bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Məhkəmə məsrəfi olan 61,17 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, 30 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 180 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar