Məhkəmə qərarları › İş №1(007)-252/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-252/2024

04.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-252/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsədli Gülsu Araz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1995-ci ildə Balakən rayonunun Katex kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Katex kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşamış, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, 20 may 2024-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1,049 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-nin əməkdaşları tərəfindən 12 noyabr 2023-cü il tarixdə saat 21:00-da ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 119 ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə gətirilib, Bölmədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan ağ rəngli gödəkcəsinin alt hissəsində geyinmiş olduğu büstqalterin sol iç tərəfindən siqaretin sellofan kəsiyinə bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,049 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə ağçiyər-ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları xəstəliyindən ölmüşdür. Təqsirləndirilən şəxs istintaqda verdiyi ifadəsində özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək bildirmişdir ki, orta məktəb təhsilini Azərbaycan Respublikasının Balakən rayonunun Katex kəndində yerləşən tam orta məktəbdə azərbaycan dilində almışdır. xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Davud Aslan küçəsi 15 ünvanının qarşısında olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib inzibati ərazidə narkotik vasitələrin qanunsuz olaraq istifadəsində şübhəli olduğunu bildirib onu Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Nizami RPİ- nin 23-cü PB-nə yollanmışdır. 23-cü Polis Bölməsində olan zaman otaqların birində polis əməkdaşı ona hüquq və vəzifələrini izah etdikdən sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə videoçəkiliş edərək üzərinə baxış keçirən zaman üzərində hər hansı bir qanunsuz əşyaların olub-olmamasını soruşduqda o, əynində olan ağ rəngli gödəkcəsinin alt hissəsində geyinmiş olduğu önlüyündə olan şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə narkotik maddə olan “patı” kimi tanıdığı psixotrop maddəni təqdim etmişdir. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2-3 gündən bir olmaqla təxminən yeddi ildir ki, narkotik vasitə olan “patı” kimi tanıdığı psixotrop maddə istifadə edir. Üzərində olan psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Psixotrop maddəni Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 (on beş) manata almışdır. Polis əməkdaşları tərəfindən ona heç bir zor tətbiq etmə olmamış, ona məxsus olan psixotrop maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, 12 noyabr 2023-cü il tarixdə, saat 21:00-da Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə, özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxtı qeyd olunan şəxsin anket məlumatları barədə şifahi sorğu sual etdikdə həmin şəxsin narkotik vasitə istifadəçisinə bənzəməsi və üzərində narkotik vasitə olması şübhə yaratdığı üçün həmin şəxsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə dəvət etmişlər. Polis Bölməsində həmin şəxsin şəxsiyyəti müəyyən edilmiş, bundan sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə haqqında qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü sürətdə verməyi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü olaraq, həmin vaxtı əynində olan ağ rəngli gödəkcənin alt hissəsində geyinmiş olduğu önlüyünün sol iç tərəfindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olmasını, həmin psixotrop maddəni Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 15 manat pulun müqabilində öz şəxsi istifadəsi üçün alaraq üzərində saxladığını bildirmişdir. Həmin bükümün içərisinə baxış keçirilərkən bükümün içərisində ağ rəngli, kristalşəkilli maddə olması müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 13 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğuna görə tutulmuşdur. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan ağ rəngli gödəkcənin alt hissəsində geyinmiş olduğu önlüyündən 01 ədəd ağ şəffaf sellofana bükülmüş maddəni təqdim edərək, həmin maddənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən özünün istifadəsi üçün 15 manata aldığını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16- 16/2-6/5988 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 163” möhür əksi və Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,049 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. - vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında İŞ-nin müstəntiqi Ş.Allahverdiyevin vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. - qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1,049 qram psixotrop maddə-metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 0,949 qram psixotrop maddə-metamfetamin saxlanması üçün Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 X1-Narkoloji tibbi yoxlamanın 16. 01.2024-cü il tarixli, 238 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 4-cü və 5-ci bəndlərinə əsasən məhkəmələrə izah edilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə müəyyən olunmuşdur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə vəfat etmişdir. Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs öldüyündən onun barəsində olan cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan 1 saylı Bakı “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 iyun 2024-cü il tarixli, AZ-İİ seriyalı, 441551 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 may 2024-cü il tarixdə ağçiyər-ürək çatmamazlığının digər dəqiqləşdirilmiş formaları xəstəliyindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 12 iyun 2024-cü il tarixdə 378 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanmış cinayət təqibinə xitam verilməlidir (başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçinin razılığı ilə yol verilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına təqsirləndirilən şəxs öldüyündən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.20-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalı; Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,949 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı; məhkəmə məsrəfi olan 110 manat ekspertiza xərci dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 28 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 168 (bir yüz altmış səkkiz) manat (28x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və cinayət işinin icraatına Azərbaycan Respublikasının CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 0,949 qram psixotrop maddə-metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 110 (bir yüz on) manat ekspertiza xərci Dövlət Büdcəsindən tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs 28 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 168 (bir yüz altmış səkkiz) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar