Məhkəmə qərarları › İş №1(007)-253/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-253/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-253/2023 11.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 Əziz oğlunun sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Əmirəddin oğlunun iştirakları ilə, təqsirləndirilən şəxsxx.xx.1977-ci ildə Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 2 gün çıxılmaqla 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağcabədi rayonu Hindarx qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilən şəxsxx.xx.1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3vanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək barədə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən o, 30 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən Təqsirləndirilən şəxs2 məxsus dəyəri 10-15 manat təşkil edən bir ədəd sadə düyməli mobil telefon aparatı və özünə məxsus 20 manat pul vəsaiti müqabilində qanunsuz olaraq ümumi təmiz çəkisi 1,998 qram narkotik vasitə olan heroini əldə edib öz aralarında bölmüş, Bakı şəhəri Nizami RPİ-nin X1 və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 dekabr 2022-ci il tarixdə saat 17:30 radələrində Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanının qarşısında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,155 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 01 dekabr 2022-ci il tarixdə saat 20:15 radələrində Bakı şəhəri Nizami RPİ-nin X1 və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən o, ünvan 7 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, 01 ədəd bükümdə təmiz çəkisi 0,843 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmək barədə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 30 noyabr 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən özünə məxsus 20 manat pul vəsaiti və ona məxsus dəyəri 10-15 manat təşkil edən bir ədəd sadə düyməli mobil telefon aparatı müqabilində qanunsuz olaraq ümumi təmiz çəkisi 1,998 qram narkotik vasitə olan heroini əldə edib öz aralarında bölmüş, Bakı şəhəri Nizami RPİ-nin X1 və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 dekabr 2022-ci il tarixdə saat 17:30 radələrində o, ünvan 4 ünvanının qarşısında narkotik vasitələrin istifadəsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,155 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq 01 dekabr 2022-ci il tarixdə saat 20:15 radələrində Bakı şəhəri Nizami RPİ-nin X1 və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti 81B ünvanında yerləşən Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən onun üzərindən aşkar edilmiş narkotik vasitə heroinlə eynilik təşkil edən, 01 ədəd bükümdə təmiz çəkisi 0,843 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə təqsirləndirilən şəxslərin hər ikisinə ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. İttiham aktında göstərilən ünvanda olan zaman polis əməkdaşları onu şübhəli şəxs qismində saxlayaraq 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində üzərinə baxış keçirilmiş, üzərindən narkotik vasitə heroin aşkar edilmişdir. Heroini sosial şəbəkə vasitəsilə Ceyhunla birlikdə almışlar. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 da ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu şübhəli şəxs kimi saxlayaraq 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan şalvarının sağ yan cibindən heroin aşkar edilmişdir. Narkotik vasitəni Şahinlə birlikdə sosial şəbəkə vasitəsilə Sabunçu rayonu Maştağa qəsəbəsindən almışlar. Əməlindən peşmandır, evlidir, himayəsində yaşlı anası və bir uşağı vardır. Tövbə etmişdir, artıq narkotik vasitə qəbul etmir. Məhkəmədən ailə vəziyyətini nəzərə alaraq barəsində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətməkdə təqsirliliyi öz ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin X1 əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, istintaqda verdiyi ifadəsini təsdiq edir. 01 dekabr 2022-ci il tarixdə Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə mübarizə bölməsinə “Ceyhun” və “Şahin” adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı tərəflərindən yoxlanılmış, “Ceyhun” adlı şəxsin Təqsirləndirilən şəxs2, “Şahin” adlı şəxsin isə Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə tərəfindən raportla rəhbərliyə məruzə edilmiş, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı 01 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs2 Nizami rayonu C.Naxçıvanski küçəsi 75 saylı binanın yaxınlığında saxlanılaraq 24-cü Polis Şöbəsinə dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 könüllü olaraq üzərində olan narkotik vasitə olan heroini çıxarıb təqdim etmiş və həmin narkotik vasitəni Sabunçu rayonu Maştağa qəsəbəsindən Şahinlə birlikdə aldığını bildirmişdir. Həmin gün keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamında Rzayev X4 rayonu E.Süleymanov küçəsi 114 saylı ünvanın yaxınlığında saxlanılaraq 24-cü Polis Şöbəsinə dəvət edilmişdir. Şöbədə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmiş, baxış zamanı üzərindən narkotik vasitə olan heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni öz istifadəsi üçün Sabunçu rayonu Maştağa qəsəbəsindən 20 manata aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sabiq baş əməliyyat müvəkkili, hal-hazırda Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4, Bakı şəhəri Nizami RPİ-nin X1 baş əməliyyat müvəkkili Şahid2 və Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs2 üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibindən 1 ədəd şəffaf sellofana bükülmüş, qəhvəyi rəngli maddəni çıxarıb təqdim edərək, həmin maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsindən tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını, narkotik vasitəni almağa pulu olmadığından istifadə etdiyi sadə düyməli mobil telefonu Şahinə verib həmin telefon müqabilində onun üçün narkotik vasitə almağını xahiş etdiyini bildirmişdir. - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə edilməklə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim edərək, həmin bükülünün içərisindəki maddənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsindən üzdən tanıdığı şəxsdən 20 manat pulun müqabilində öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin, Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə satmadığını, Maştağa qəsəbəsinin yaxınlığına ikisi birlikdə gedib narkotik vasitə aldıqlarını bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6859 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs2” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,155 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 1,155 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 1,105 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manatdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/6856 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs1” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,843 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd bükümdə heroin ilə eynilik təşkil edir. Heroinin təmiz çəkisi 0,843 qram olub, 0,05 qramı tədqiqata sərf edilmiş, 0,793 qramı isə qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manatdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 7864 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 17 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan və Bakı şəhəri Nizami RPİ-nin TH-nin kiçik inspektoru Rüstəm Xalıqov tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 1,155 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və həmin heroinin ekspertiza tədqiqatından sonra 1,105 qram qalığı saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 0,843 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və həmin heroinin ekspertiza tədqiqatından sonra 0,793 qram qalığı saxlanılması üçün Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində “şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2022-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 02 ədəd “DVD” formatlı disklər maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmamış xx.xx.2005-ci il təvəllüdlü Ramazanova Günay adlı bir uşağı vardır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 04-01/08-296 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2015-ci il tarixdən Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-15/455 kodu ilə qeydiyyata götürülmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı Quba-Xaçmaz regional filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R-75092/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 2-ci qrup əlilliyə görə xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək 220 manat sosial müavinat alır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında “Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitəsidir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət tərkibi vardır, onlara ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməlləri həmin maddə ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzadan azad edilməsi və onların barəsində cəzanın təyin edilməməsi üçün əsaslar olmadığından Azərbaycan Respublikası CM-nin 58-ci maddəsinə əsasən onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməl az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluq haqqında xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-91/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu 2 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-91/2023 saylı hökmün icrası barədə göstərişindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(007)-91/2023 nömrəli cinayət işi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluq haqqında xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən qalan 3 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir, bu da Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-91/2023 nömrəli hökmü ilə məhkum olunana qədər törətdiyi üçün, ona Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nin 66.1-66.4cü maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-91/2023 nömrəli hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilir. Ona görə də Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, 2-ci qrup əlil olmasını, evli olmasını, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla hesab edir ki, onun islah olunması üçün cəmiyyətdən təcrid olunmaqla barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir və cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması həbsdə saxlamanın bir gününü azadlıqdan məhrum etmənin bir gününə hesablayaraq nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1.19-346.1.22-ci maddələrində nəzərdə tutulmuş məsələləri həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanaraq cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həbs etmənin əvvəlindən, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 1,105 qram və 0,793 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv olunmalı, Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən cinayət işi üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılmalı, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan 130 manat ekspertiza xərcinin 65 manatı Təqsirləndirilən şəxs1 və 65 manatı Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, iş üzrə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyində Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu göstərilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar omuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs2 İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir, ona görə o, yalnız ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkillərin məhkəmədə iştirak etdikləri müddət 25 iş saatı müddətinə bərabər olduğundan, hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı Qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hər birinə 150 manat (25x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsilə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-91/2023 saylı hökmü ilə təyin edilmiş 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanaraq Təqsirləndirilən şəxs1 qəti cəza – 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 01 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, barəsində 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 2 gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulması nəzərə alınaraq həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablanmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanası müəyyən edilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Bakı şəhəri Nizami RPİ-də saxlanılan 1,105 qram və 0,793 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut olan 02 ədəd “DVD” formatlı disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 130 manat ekspertiza xərcinin 65 manatı Təqsirləndirilən şəxs1 və 65 manatı Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə məhkəmədə 25 saat göstərdikləri pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə hər birinə 150 manat əmək haqqı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar