Məhkəmə qərarları › İş №1(007)-254/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-254/2022

24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-254/2022 24.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bаkı şəhəri Nizami rayon Мəhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi ilə, məsləhətçi (məhkəmə iclas katibi) X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 16 avqust 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, nömrəsiz fərdi tikilidə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 iyun 2021-ci il tarixdə saat 03 radələrində, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi nömrəsiz fərdi tikilinin qarşısında Zərərçəkmiş şəxs məxsus olan 7000 (yeddi min) manat dəyərində “VAZ 2107 minik” markalı 90-K.E-348 dövlət qeydiyyat nişanlı avtomobili, həmin avtomobilin üzərinə quraşdırılmış ümumi dəyəri 350 (üç yüz əlli) manat təşkil edən “Pioneer” markalı maqnitafon və 6 ədəd səsgüləndiricini gizli olaraq talayıb həmin tarixdə saat 05 radələrində ünvan 3 ünvanda yaşayan Şahid1 aralarında olan şifahi razılaşma əsasında 2500 (iki min beş yüz) manata hissə-hissə ödənilmə şərti ilə avtomobili, maqnitafon və səsgücləndiriciləri isə şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsə sataraq ümumilikdə Zərərçəkmiş şəxs 7350 (yeddi min üç yüz əlli) manat dəyərində, xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 iyun 2021-ci il tarixdə saat 03 radələrində Keşlə qəsəbəsində olarkən, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsində dayanmış ağ rəngli "VAZ 2107" markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili satıb sürmək qərarına gəlmişdir. Bu məqsədlə, ətrafda kənar şəxslərin olmadığına əmin olduqdan sonra avtomobilin sükan yerləşən hissəsi tərəfdən şüşəni əli ilə sıxıb aşağı salmaqla avtomobilin qapısını açmış və sükan arxasına əyləşərək sükanın aşağı hissəsində olan naqilləri birbirinə vurmaqla mühərriki hərəkətə gətirmiş və avtomobili sürərək tanışı Şahid2 Sabunçu rayonu ərazisində yaşadığı ünvana getmişdir. Avtomobili idarə edərkən Keşlə qəsəbəsində idarə etməni itirib avtomobili yol kənarındakı səkiyə vurmuşdur. Şahid2 yaşadığı ünvana gedərək sonuncunu küçəyə dəvət edib idarə etdiyi avtomobili göstərərək özünə məxsus olduğunu, bankda girovda olduğunu və ödəniş edə bilməməsi səbəbindən avtomobilin əlindən alınma təhlükəsi olduğuna görə gizlətmək istədiyini demişdir. Zaur qonşuluqda yaşayan Müşfiq adlı şəxsdə avtomobili saxlaya biləcəyini demiş və sonuncunu yaşadığı evin qapısını döyüb çağırmışdır. Müşfiq saat 05 radələrində qapını açmış, Zaur əhvalatı Müşfiqə danışmış və sonuncu təkliflə razılaşmışdır. Həmin avtomobili və açarları Müşfiqə təqdim etmiş, lakin açarla avtomobilin mühərrikinin hərəkətə gətirilməsində problem olduğundan naqillərlə işə salındığını demişdir. Təqdim eldiyi açar həmin "VAZ 2107" markalı avtomobilə aid olmamış, sadəcə avtomobilin oğurluq olmasından şübhələnməsin deyə həmin avtomobilə aid olmayan, lakin ümumilkdə "VAZ 2107” markalı avtomobilə aid açarı Müşliqə təqdim etmişdir. Lakin “Pioneer” markalı maqnitafonu və 6 ədəd səsgücləndiricini oğurlamamışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmandır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə iş üzrə toplanmış mümkün sübutlarla və digər sənədlərlə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2010-cu il büraxılışlı ağ rəngli “VAZ-2107” markalı ** KE *** dövlət qeydiyyat nişanlı avtomobili Arzu adlı şəxsdən 7000 manata 10 aya yaxın müddətdə almış və idarə etmişdir. 21 iyun 2021-ci il tarixdə saat 23 radələrində idarə etdiyi “VAZ-2107” markalı ** KH *** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, P.Fərzəliyev küçəsi nömrəsiz evin qarşısında saxlayaraq evə getmişdir. 22 iyun 2021-ci il tarixdə saat 07:30 radələrində atası Əkbər Cəfərov avtomobilin yerində olmadığı barədə ona məlumat vermiş və avtomobilin yerində olmadığını görüb oğurluq barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Avtomobili aldıqdan sonra 350 manata «Pioneer» markalı maqnitafon və 6 ədəd «Pioneer» markalı səsgücləndirici alıb avtomobilə quraşdırmışdır. Avtomobil tapıldıqdan sonra avtomobilin üzərində olan maqnitafon və səsgücləndiricilərin yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Həmçinin avtomobil tapıldıqdan sonra avtomobilin qəza nəticəsində əzildiyi və avtomobilə ziyan dəydiyi aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 22 iyun 2021-ci il tarixdə saat 05 radələrində yaşadığı evin darvazası döyülmüş və qapını döyən şəxsin qonşusu Zaur olduğunu görmüşdür. Sonuncu dostu Namirə aid “VAZ- 2107” markalı avtomobilin bankda girovda və hazırda axtarışda olduğunu deyərək, dostunun həmin avtomobili saxlamaq istədiyini bildirmişdir. Zaurun dostu Namirdə Zaurun sözlərini təsdiq edərək avtomobilin ona məxsus olduğunu və saxlamaq istədiyini demişdir. Sonuncular pulu alıb üzərində qeydiyyat nişanı olmayan avtomobili onun qapısının qarşısında saxlayıb avtomobilin açarlarını ona verib getmişlər. Həmin avtomobili yaşadığı Balaxanı qəsəbəsi daxilində bir-iki idarə etmişdir. 28 iyun 2021-ci il tarixdə gecə saatlarında Balaxanı qəsəbəsində avtomobildə olarkən mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını və idarə etdiyi avtomobilin oğurluq olduğunu bildirib onu Nizami RPİ-nin 23-cü polis bölməsinə dəvət etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə baxışı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsindən görünür ki, 22 iyun 2021-ci il tarixdə gecə saatlarında yaşadığı ünvana Namir idarə etdiyi “VAZ-2107” markalı avtomobillə gələrək həmin avtomobilin özünə məxsus olduğunu, avtomobilin bankda girov olduğunu, avtomobilin bank tərəfindən əlindən alınması təhlükəsi səbəbdən təcili satmaq İstədiyini bildirmiş və alıcı tapmağı ondan xahiş etmişdir. Qonşusu Müşfiqin yaşadığı evin qapısını döyüb, sonuncunu çağırmış və Müşfiqə “VAZ-2107” markalı avtomobilin bankda girov olduğunu və 2500 manata satıldığını demişdir. Müşfiq bu barədə Namirlə danışdıqdan sonra avtomobili almaq istədiyini, lakin pulunun olmadığını və 2500 manatı hissə-hissə verə biləcəyini demişdir. Namir Müşfiqlə razılaşmış və Müşfiq onlara 40 manat pul vermişdir. Namir avtomobili Müşfiqin evinin qarşısında saxlayıb açarları sonuncuya təhvil verib getmişdir. Bundan sonra, Namir və Müşfiqlə həmin avtomobillə bağlı hər hansı bir söhbət etməmişdir. İşdə olan 22 iyun 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, P.Fərzəliyev küçəsi nömrəsiz fərdi tikilinin qarşısından “VAZ-2107” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin oğurlandığı müəyyən edilmişdir. İşdə olan 29 iyun 2021-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “VAZ-2107” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin bəzi hissələrinin əzildiyi müəyyən edilmişdir. İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizası haqqında 26 iyul 2021-ci il tarixli 9/4871 nömrəli ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində və Bakı şəhərində yerləşən avtomağazalarda və avtoservis müəssisələrində mövcud olan qiymətlərə, “www.turbo.az” internet saytının məlumatlarına əsasən, hadisədən əvvəlki vəziyyətdə, xarici əmtəə görünüşü və hərəkət hissələri yaxşı saz vəziyyətdə olan, tam komplektli və təyinatı üzrə istifadəyə yararlı 2010-cu il buraxılışlı “VAZ 2107 minik” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilin, 22 iyun 2021-ci il tarixə, respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 7000.00 manat müəyyən edilir. Aparılmış ekspert tədqiqatı nəticəsində təqdim edilmiş “Ulduz avtoservis” tərəfindən 07 iyul 2021-ci il tarixdə verilmiş qüsur aktında olan dəyişilməli ehtiyyat hissələri və təmir-bərpa işləri barədə məlumatlara əsasən, təzə avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2010-cu il buraxılışlı “VAZ 2107 minik” markalı **-KE-*** dövlət nömrə nişanlı tədqiq edilən avtomobilin təmirbərpa xərci hadisə baş verən günə, yəni 22 iyun 2021-ci il tarixdə nəzəri hesablama yolu ilə təxminən 2458,00 manat müəyyən edilir. O, cümlədən dəyişilməli hissələrin qiyməti - 1588,00 manat, təmir-bərpa işlərinin qiyməti - 870,00 manat. Tədqiq edilən 2010-cu il buraxılışlı “VAZ 2107 minik” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilin 22 iyun 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri), hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 1884,00 manat müəyyən edilir. O, cümlədən dəyişilməli hissələrin qiyməti - 1014,00 manat, təmir-bərpa işlərinin qiyməti - 870,00 manat. İşdə olan 19 may 2022-ci il tarixli qərardan görünür ki, “VAZ 2107” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nizami rayon məhkəməsinin 12 mart 2022ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət işini hərtərəfli tam və obyektiv araşdırıb, iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil və tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə belə qənaətə gələrkən, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının izahını da nəzər alır. Belə ki, Plenumun qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Qərarın 7-ci bəndində qeyd olunur ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən cinayət qanunvericiliyinin aşağıda qeyd olunan prinsip və müddəalarını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin, 42.1-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59 və 61-ci maddələrinin tələbinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Habelə qərarda qeyd edilir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və həmin əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin İctimai təhlükəlilik dərəcəsi isə onun törədilməli hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilməsi dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla tprədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərara əsasən, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növünün və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə cəza çəkmədən islah olunmasını mümkün saymır və hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını çəkməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. İş üzrə maddi sübut - “VAZ 2107” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə xüsusi müsadirə müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351- 353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 11 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - “VAZ 2107” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs qaytarılmış hesab edilsin. İş üzrə məhkəmə xərcləri ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar