Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-255/2021 17.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 04 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 11 avqust 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ev 9, mənzil 64-də qeydiyyatda olan, 10 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 aprel 2021-ci il tarixdə tutmadan azad edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etməsinin əvvəli həmin tarixdən hesablanmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə odlu silah əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, o, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən 500 manat mənfəət müqabilində silahın satışını həyata keçirəcəyi barədə razılığa gəlib, 10 aprel 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən bir ədəd zavod üsulu ilə hazırlanmış 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan “PH 9264” nömrəli, 1963-cü ildə SSRİ dövlətində İjevsk maşınqayırma zavodunda istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı, “AKM” modelli avtomatı əldə edib daşıyaraq üstündə saxlamış, 10 aprel 2021-ci il tarixdə saat 13:40 radələrində Bakı şəhəri, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Məhsəti 10/9 ünvanında şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilmiş və videoçəkilişlə üzərinə baxış keçirilən zaman, əynində olan qara rəngli paltonun altından çiyninə keçirtmiş olduğu bir ədəd zavod üsulu ilə hazırlanmış 7,62 mm kalibrli, texniki cəhətdən saz və atəş açmaq üçün yararlı olan “PH 9264” nömrəli, 1963-cü ildə SSRİ dövlətində İjevsk maşınqayırma zavodunda istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı, “AKM” modelli avtomat aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, valideynlərinin kim olduğunu bilmir, 3 yaşından Bakı şəhəri 7 saylı xüsusi internat məktəbində böyümüşdür, daimi yaşayış yeri olmadığından Bakı şəhəri, Nizami rayonu, Məhsəti 10/9 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci polis şöbəsinin köhnə inzibati binasının 1-ci mərtəbəsində boş, istifadəsiz otaqda yaşamışdır. 09 aprel 2021-ci il tarixdə içkili vəziyyətdə “Neftçilər” metrostansiyası yaxınlığındakı “Maklerlər bağı”nda oturarkən əvvəllər tanımadığı iki nəfər şəxs ona yaxınlaşaraq onlarda avtomat silahı olduğunu, həmin silahı satmaqda onlara kömək lazım olduğunu bildirmişlər. Silahın harada, kimə və və neçəyə satılacağını soruşarkən həmin şəxslər bir nəfər restoran müdirinin gəlib, dedikləri yerdə silahı ondan götürüb 1500 manat pul verəcəyini, silahı satdığı halda ona 500 manat verəcəklərini bildirmişlər. Həmin şəxslər ona bu gün içkili olduğunu, səhəri gün həmin yerdə görüşüb satılası avtomat silahı ona verəcəklərini, hara getməli olduğunu deyəcəklərini bildirərək ayrılmışlar. 10 aprel 2021-ci il tarixdə günortaya yaxın həmin şəxslərlə yenə “Maklerlər bağı”nda görüşmüş və onlarla birlikdə Məhsəti küçəsində yaşadığı köhnə inzibati binada qaldığı yerə getmişlər. Az sonra həmin ünvana gələn tanımadığı üçüncü bir nəfər şəxs gətirib onlara avtomat silah vermişdir. O, avtomatı çiynindən asıb üstündən paltosunu geyinmiş və həmin şəxlərdən biri ilə birlikdə binanın aşağı tərəfindən küçə ilə üzü Nizami Rayon Məhkəməsinə tərəf bir qədər getmişdir. Məhkəmənin yanında döngədə həmin şəxs ona burada dayanmasını, indi gələcəyini deyərək ondan ayrılmışdır. Həmin şəxs gedən kimi üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirmişlər və onu 25-ci polis şöbəsinə aparmışlar. Polis şöbəsində müdafiçənin iştirakı ilə videoçəkiliş vasitəsilə üstünə baxış keçirilərkən paltosunun altına çiynindən asdığı avtomat silahı aşkar edib protokolla götürmüşlər. Təqsirləndirilən şəxs daha sonra əməlindən səmimi peşman olduğunu göstərərək, barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə baş əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 10 aprel 2021-ci il tarixdə saat 13 radələrində inzibati ərazidə baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq müvafiq araşdırmalar aparılması üçün PŞ-nin digər əməkdaşları ilə birlikdə Nizami rayonu, Məhsəti 10/9 ünvanında olmuşlar. Bununla yanaşı onlara məlumat daxil olmuşdur ki, həmin ünvanda yerləşən “Planet” şadlıq sarayında toy keçiriləcəkdir. O, özünə məxsus avtomobillə həmin şadlıq sarayının ətrafında olan zaman mobil telefon vasitəsi ilə digər polis əməkdaşlarına yeri barədə məlumat vermiş və onlar həmin ünvanda yolun sağ kənarında avtomobili saxlayaraq müşahidə aparmışlar. Bu zaman əvvəllər tanımadığı və adını bilmədiyi üzərində uzun qara rəngli palto olan bir nəfər şəxsin həmin ərazidə şübhəli halda gəzməsinin şahidi olmuşdur. Həmin şəxsə diqqətlə baxanda onun bel nahiyyəsində, üzərində olan paltonun altında şübhəli əşya olmasını görmüşdür. Dərhal bu barədə ətrafda olan polis əməkdaşlarına məlumat vermiş və avtomobildən düşərək həmin şəxsə yaxınlaşmışdır. Yaxınlaşan zaman o və polis əməkdaşları sonradan adının Renad olduğunu bildikləri şəxsə özlərini təqdim etmişlər. Həmin vaxt Renad adlı şəxs özünü itirərək onlardan uzaqlaşmaq istəmiş, buna görə onun qolundan tutaraq PŞ-nə dəvət etmişlər. Polis Şöbəsində olan zaman vəkilin iştirakı ilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd “Kalaşnikov” markalı avtomat silah aşkar edilmişdir. Silah ekspertizaya təqdim olunması üçün götürülmüş, bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Saxlanılarkən və üzərinə baxış keçirilərkən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verməmiş, ona fizki zor tətbiq etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin CA üzrə əməliyyat müvəkkili Şahid2, Şahid3lə oxşar məzmunda ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakını təmin etmək mümkün olmadığından istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, onun digər şahidlərlə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. (i.v. 1) - 10 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı tərəfindən müdafiəçinin iştirakı və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində aparılan axtarış zamanı ondan 1 ədəd Kalaşnikov markalı, PN 9264 nömrəli, üzərində daraq və patron olmayan avtomat aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin avtomat həqiqətən odlu silahdır, silahı ona tanımadığı şəxslər satmaq üçün vermişlər, ona bildirmişlər ki, silahı hansısa bir restoran müdiri onların dediyi yerdə gəlib götürəcək, 1500 manat verəcək, həmin puldan 500 manat ona verəcəklər. O da həmin şəxslərin bu təklifi ilə razılaşıb silahı onlardan yaşadığı boş, istifadəsiz yerdə təhvil aldıqdan sonra silahı çiynindən asıb üstündən qara rəngli palto geyinib silahla birlikdə Məhsəti küçəsi ilə üzü Nizami Rayon Məhkəməsi istiqamətində hərəkət edərkən mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis işçiləri olduqlarını bildirib onu üzərində olan silahla birlikdə 25-ci PŞ-nə aparmışlar, orada isə yuxarıda qeyd edilən qaydada odlu silah aşkar olunaraq götürülmüşdür. (i.v. 15-16) -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 10 aprel 2021-ci il tarixli 21/250R nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş PN 9264 nömrəli silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində İjevsk maşınqayırma zavodunda 1963-cü ildə istehsal olunmuş Kalaşnikov konstrusiyalı, AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. (i.v. 37-41) - 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qeydə alınmış videogörüntünü əks etdirən DVD diskə onun və müdafiəçisinin iştirakları ilə baxış keçirilmiş, müəyyən olunmuşdur ki, 10 aprel 2021-ci il tarixdə saat 13:40 radələrində şübhəli şəxs kimi 25-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməmişdən əvvəl üzərində saxlanılması qadağan olunmuş əşya və ya maddə olduğu təqdirdə onları təqdim etməsi təklif olunur. Həmin təklifə əsasən Təqsirləndirilən şəxs heç bir etiraz bildirmədən könüllü olaraq əynindəki paltonun altından çiyninə keçirdiyi 1 ədəd avtomat silahı çıxararaq polis əməkdaşlarına təqdim edir. (i.v. 62) - 15 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi həmin Məcəllənin 228.2.1-ci maddəsinə tövsif edilmişdir. (i.v. 63) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 12 iyun 2021-ci il tarixli 1796 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərinin faktiki və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v. 96-98) - 25 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qeydə alınmış bir ədəd DVD disk maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs götürülmüş PN 9264 nömrəli, 1963-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində İjevsk maşınqayırma zavodunda istehsal olunmuş “Kalaşnikov” konstrusiyalı, “AKM” modelli bir ədəd avtomat silah maddi sübut qismində tanınaraq saxlanılması üçün Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub satış məqsədilə odlu silahı əldə etdiyi naməlum şəxslər barəsində ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (i.v. 100-103) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizasının rəyi və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd”inə əsasən bu maddədə göstərilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında aralarında aparılmış vəzifə bölgüsünə əsasən 500 manat mənfəət müqabilində silahın satışını həyata keçirəcəyi barədə razılığa gəlib, 10 aprel 2021-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən bir ədəd zavod üsulu ilə hazırlanmış avtomat silahı əldə edib daşıyaraq üstündə saxlamış, Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən 10 aprel 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində həmin gün odlu silah aşkar edilərək ondan götürülmüşdür. Belə olan halda, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228-ci maddəsinin “Qeyd”ndə nəzərdə tutulduğu qaydada cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 228.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 10 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (i.v. 12) - 12 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün kifayət qədər sübutlar toplanılmadığı üçün o, RPİ-nin MSY-dən azad olunmuşdur. (i.v. 50) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 15 aprel 2021-ci il tarixdən hesablanmışdır. (i.v. 82-83) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 24 may 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 aprel 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat dövründə həbsdə saxlanıldığı müddət çıxılmaqla üzərində qəti olaraq 01 il 04 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 mart 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 11 avqust 2020-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (i.v. 85-91) Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məlum olduğu kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlini törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, 26 mart 2020-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa çatdığına görə 11 avqust 2020-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. Qanunvericiliyin yuxarıda istinad edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən olunmuş iki il keçmədən, 10 aprel 2021-ci il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə onun məhkumluğu ödənilməmiş hesab olunur, əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin residivi vardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətlərin residivini və cinayətin tamah məqsədi ilə törədilməsini Azərbaycan Respublikası CM-nin müvafiq olaraq 61.1.1 və 61.1.6-cı maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran digər hallar isə müəyyən edilməmişdir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli qərarının 29-cu bəndinə əsasən məhkəmələr bu növ cinayətlər törətmiş şəxslərə cəza təyin edərkən onların hərəkətlərinin məqsədi və motivini, talanmış odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatlarının, partlayıcı maddələr və qurğuların əldə edilmə mənbəyini və ələ keçirmə üsulunu, onların növünü, miqdarını, dəyərini və döyüş xüsusiyyətlərini nəzərə almalıdırlar. Cinayət qanunvericiliyinə görə, CM-nin 228-ci maddəsində nəzərdə tutulan cinayətin bilavasitə obyekti silah, döyüş sursatı, partlayıcı qurğularla davranma sahəsində ictimai təhlükəsizlikdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun odlu silah və onun komplekt hissələrini əldə etməklə qəsdən az ağır cinayət əməli törətməsini, cinayətin törədilməsindən sonra hal-hazıradək ötən müddətdəki və məhkəmə iclasındakı davranışını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasının qeyri-mümkün olması qənaətinə gələrək, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. O cümlədən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddinin yarısından az olmamalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi 15 aprel 2021-ci il tarixindən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, müvafiq qaydada götürülməklə Nizami RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilən silah cinayətin aləti olduğuna görə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilməlidir; məhkəmə məsrəfinin tutulmasına səbəb olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla dəvət olunmuş müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 10 aprel 2021-ci il tarixdən 12 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut qismində tanınmış, baxış və götürmə aparılmasının videogörüntülərinin əks olunduğu bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülməklə Bakı şəhəri Nizami RPİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş PN 9264 nömrəli, 1963-cü ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətində İjevsk maşınqayırma zavodunda istehsal olunmuş “Kalaşnikov” konstrusiyalı, 7,62 mm kalibrli, “AKM” modelli bir ədəd avtomat silah dövlət nəfinə müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təһvil verilsin. Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə, iş materialları ilə tanış olmaqla birlikdə, ümumilikdə 50 saat göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, SWİFT.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında protest və şikayət verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-255/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-255/2021
17.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver