Məhkəmə qərarları › İş №1(007)-256/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-256/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-256/2021 03.12.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs - 01 avqust 1960-cı il tarixdə Tovuz rayonunun Dönük Qırıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi ev 12A-da qeydiyyatda olmaqla yaşayan, 31 may 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, o, 25.000 manat məbləğində pul vəsaitinin və 30,00 manat məbləğində dövlət rüsumunun tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(007)- 2112/2016 nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən 21 fevral 2021-ci il tarixədək 25.000 manat məbləğində pul vəsaitini və 30,00 manat məbləğində dövlət rüsumunu Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə ödəməmiş, tələbkarlara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25.000 manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(007)-2112/2016 nömrəli qətnaməsi razı olmadığına və həmin qətnaməni ədalətsiz hesab etdiyinə görə həmin məbləği ödəməmiş, müvafiq qaydada mübahisələndirmişdir. Hazırda isə “bel radikulopatiyası” diaqnozlu xəstəlikdən əziyyət çəkir, Nərimanov tibb mərkəzində müalicə olunur. Ona görə işləyib gəlir də əldə edə bilməmiş, borcunu ödəyə bilməmişdir. Lakin borcunu ödəməyə söz verir və barəsində həbslə bağlı cəza təyin olunmasını istəmir, hesab edir ki, həbs olunsa, ürəyi partlayıb öləcəkdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs 25.000 manat məbləğində pul vəsaitinin və 30,00 manat məbləğində dövlət rüsumunun Zərərçəkmiş şəxs2 və onun xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(007)-2112/2016 nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada iki dəfə həbs olunmasına və dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, halhazıradək borc məbləği üzrə hər hansı məbləğdə pul ödəməmişdir. Buna görə Təqsirləndirilən şəxs şikayətçidir. Təqsirləndirilən şəxsin barəsində hər hansı qərar qəbul olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs 25.000 manat məbləğində pul vəsaitinin və 30,00 manat məbləğində dövlət rüsumunun Zərərçəkmiş şəxs1 və onun xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(007)-2112/2016 nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada iki dəfə həbs olunmasına və dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, halhazıradək borc məbləği üzrə hər hansı məbləğdə pul ödəməmişdir. Hansı ki, Təqsirləndirilən şəxs borcunu ödəməyə kifayət qədər maddi imkanı vardır. Təqsirləndirilən şəxs onun pulunu ödəmədiyinə görə ondan şikayətçidir. Təqsirləndirilən şəxsin barəsində hər hansı qərar qəbul lunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 25.000 manat məbləğində pul vəsaitinin və 30,00 manat məbləğində dövlət rüsumunun tələbkarlar Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(007)- 2112/2016 nömrəli, qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Nizami Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, təqdimatın verildiyi 21 fevral 2021-ci il tarixədək 25.000 manat məbləğində pul vəsaitini və 30,00 manat məbləğində dövlət rüsumunu tələbkarların xeyrinə ödəməmiş, tələbkarlara həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Bu səbəbdən də toplanmış materiallar 21 fevral 2021-ci il tarixli təqdimatla cinayət işinin başlanması məsələsinə baxılması üçün İstintaq İdarəsinə göndərilmişdir. Həmin vaxtdan sonra halhazıradək də icra sənədi üzrə hər hansı məbləğdə ödəniş edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid1lə eyni məzmunlu ifadə vermişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 16 may 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) -Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(007)-2112/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 25.000 manatvə 30 manat dövlət rüsumunun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xeyrinə tutulması qət edilmişdir. (i.v. 8-11) -İcra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(007)-2112/2016 nömrəli qətnaməsi əsasında 07 fevral 2017-ci il tarixdə icra vərəqəsi verilmişdir. (i.v. 16) - 28 iyul 2017-ci il tarixli qərarın və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 iyul 2016-cı il tarixli 2(007)-2112/2016 nömrəli icra vərəqəsi əsasında Bakı şəhəri Nizami rayon icra şöbəsində icraata başlanılmış və borclu Təqsirləndirilən şəxs bildiriş verilmişdir. (i.v. 13) - 01 avqust 2017-ci il tarixli qərarın surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs əmlakının axtarılmasına başlanılmışdır. (i.v. 18) - 29 dekabr 2017-ci il tarixli 8(007)-1991/2017 nömrəli qərardadın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v. 37-38) - 31 yanvar 2018-ci il tarixli 3(007)-190/2018 nömrəli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 500 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. (i.v. 51-53) - 19 fevral 2018-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs, ümumilikdə 25.530 manat borcunu ödəmək üçün 10 gün, 01 mart 2018-ci il tarixədək möhlət verildiyi izah edilmiş, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs 19 fevral 2018-ci il tarixdə imza edərək xəbərdarlığı almışdır. (i.v. 54) - 02 iyul 2018-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs, ümumilikdə 25.530 manat borcunu ödəmək üçün 10 gün möhlət verildiyi izah edilmiş, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs 03 iyul 2018-ci il tarixdə imza edərək xəbərdarlığı almışdır. (i.v. 64) - 09 oktyabr 2018-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs, ümumilikdə 25.530 manat borcunu ödəmək üçün 10 gün möhlət verildiyi izah edilmiş, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs 09 oktyabr 2018-ci il tarixdə imza edərək xəbərdarlığı almışdır. (i.v. 65) - 30 noyabr 2018-ci il tarixli 3(007)-2006/2018 nömrəli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. (i.v. 72-73) - 18 yanvar 2019-cu il tarixli xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs, ümumilikdə 25.530 manat borcunu ödəmək üçün 10 gün möhlət verildiyi izah edilmiş, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs 21 yanvar 2019-cu il tarixdə imza edərək xəbərdarlığı almışdır. (i.v. 74) - 17 iyun 2020-ci il tarixli 3(007)-884/2020 nömrəli qərarın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 10 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. (i.v. 102-104) - 21 iyul 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs, ümumilikdə 25.530 manat borcunu ödəmək üçün 10 gün möhlət verildiyi izah edilmiş, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdə imza edərək xəbərdarlığı almışdır. (i.v. 105) - 04 sentyabr 2020-ci il tarixli 8(007)-165/2020 nömrəli qərardadın surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən borclu Təqsirləndirilən şəxs həmin məhkəmənin 15 iyul 2016-cı il tarixli 2(007)-2112/2017 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsi təmin edilməmişdir. (i.v. 107-108) - 29 dekabr 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən borclu Təqsirləndirilən şəxs, ümumilikdə 25.530 manat borcunu ödəmək üçün 10 gün möhlət verildiyi izah edilmiş, əks təqdirdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs 29 dekabr 2020-ci il tarixdə imza edərək xəbərdarlığı almışdır. (i.v. 114) - 07 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmışdır. (i.v. 178-180) Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 306.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (hazırkı 528.1-ci) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası CM-nin 306-cı maddəsinin “Qeyd”inə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsində nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs cinayət işinin məhkəmənin icraatına daxil olduğu 05 iyul 2021-ci il tarixindən yekun məhkəmə aktının çıxarıldığı 03 dekabr 2021-ci il tarixinədək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini yenə də icra etməmiş, hər hansı məbləğdə pul ödənişi etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd edilən əsasla cinayət məsuliyyətindən azad edilməsinə əsas yoxdur, ona görə onun barəsində ittihamedici hökm çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 31 may 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. (i.v. 151) - 31 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 174-175) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində, cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Ali Məhkəmənin Plenumunun yuxarıda istinad edilən 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən, cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, qəsdin obyektini ədalət mühakiməsi və xeyrinə qətnamə çıxarılmış şəxsin mənafeyi təşkil etməsini nəzərə alaraq, hesab edir ki, onun islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə icraatı zamanı tutulmamışdır, ona görə onun cəzaçəkmə müddətinin başlanğıcı hazırkı yekun məhkəmə aktının çıxarıldığı 03 dekabr 2021-ci il tarixindən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, iş üzrə maddi ziyan ödənilməsə də, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı zərərçəkmiş şəxslər tərəfindən təqsirləndirilən şəxsə qarşı mülki iddia verilməmişdir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində hər hansı əşya və ya predmet tanınmamışdır; məhkəmə məsrəfinin tutulmasına əsas olacaq ekspertiza keçirilməmişdir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili X1 məhkəməyədək icraat zamanı iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmiş, eləcə də müdafiəçinin özü tərəfindən hesabat arayışı təqdim edilməmişdir, ona görə həmin dövr üçün əmək haqqının tutulması məsələsi hazırkı halda həll edilmir. Bundan başqa işin məhkəmə icraatı dövründə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi müqavilə əsasında vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir, ona görə CPM-nin 193-cü maddəsinin tələbləri baxımından həmin vəkilə münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 03 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilib hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmaqla, həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs müvafiq rejim üzrə cəzaçəkmə müəssisəsinə göndərilməsinədək həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanası müəyyən edilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar