Məhkəmə qərarları › İş №1(007)-256/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-256/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-256/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1994-cü ildə Masallı rayonu Çayqıraq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Masallı rayonu, Bədəlan ərazi dairəsi, Çayqıraq kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Novxanı şosessi, ünvansız fərdi yaşayış evində kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,336 qram psixotrop maddə olan metamfetamin əldə edib daşıyaraq saxlamış, 27 aprel 2024-cü il tarixdə, saat 19:00 radələrində Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Nizami rayonu, Ə.Əzimzadə küçəsi, 22 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılaraq, ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin 25-ci PŞyə gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,336 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan mctamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, psixotrop maddə istifadəçisidir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında “zaklatka" yolu ilə tanımadığı şəxsdən sifariş edib 10 (on) manat ödəməklə psixotrop maddə almışdır.. Elə həmin tarixdə, saat təxminən 19 radələrində ünvan 4 ünvanın qarşısında dostları ilə birlikdə olarkən dörd nəfər mülki geyimdə polis əməkdaşı tərəfindən saxlanılaraq PŞ-nə dəvət edilmişlər. O, polislərlə birgə getməyə heç bir etiraz etməmiş, 25-ci PŞ-nə getmiş, orada xidməti otaqların birində müdafiəçi ilə təmin olunduqdan sonra video çəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirdikdə o, bu barədə etiraz etməmiş, baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmiş, bundan sonra o, üzərində olan qara rəngli şalvarının sağ yan cibində olan qızılı rəngli kağıza bükülmüş içərisində "patı" "şüşə" kimi tanıdığı maddəni təqdim etmişdir. O, metamfetamini internetdə sosial şəbəkə vasitəsi ilə əldə etmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı formada zorakılıq edilməmişdir. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsinin sahə inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, Nizami RPİ-nin 25-ci PŞ-nə “Nicat" adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı əməliyyat qrupu təşkil olunaraq 27.04 2024-cü il tarixdə saat 19:00-da ünvan 5 ünvanının qarşısında "Nicat" adlı şəxsə oxşayan bir nəfər kişini və onun yanında üç nəfər naməlum şəxsi müşahidə edib, onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini onlara təqdim edib, Nizami RPİ-nin 25-ci PŞ-nin əməkdaşları olduqlarını bildirirək həmin şəxslərə daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli olmalarını, üzərlərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirib, onlara Nizami RPİ-nin 25-ci PŞ-nə dəvət etmişlər. Yusif saxlanılarkən onun yanında əlavə 3 nəfər şəxs olmuş, həmin şəxslərdən biri də Təqsirləndirilən şəxs olmuşdur. Sonradan Polis şöbəsinə gətirilən Nicat Tundayevin və Təqsirləndirilən şəxs üzərlərindən psixotrop maddə aşkar edilməsi barədə eşitmişdir. Saxlanılarkən və ya PŞ-nə gətirilərkən nə o, nə də başqa bir şəxs tərəfindən şübhəli şəxslərə qarşı fiziki zorakılıq edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəməyə Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 Maşalla oğlu ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin sahə inspektoru vəzifəsində çalışır, polis leytenantıdır. Nizami RPİ-nin 25-ci PŞnə "Nicat” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı Nizami RPİ-nin 25-ci PŞ-nin rəisinə raportla müraciət edildikdən sonra "Əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş, həmin qərara əsasən "Nicat" adlı şəxsin tutulması istiqamətində əməliyyat qrupu təşkil olunmuşdur. Qəbul edilmiş qərara əsasən əməliyyat qrupunun üzvləri Nizami RPİ-nin 25-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, əməliyyat müvəkkili, polis leytenantı Şahid3, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və o təyin edilmişdir. Bundan sonra, xx.xx.2024-cü il tarixdə saat 19:00-da ünvan 6 ünvanının qarşısında "Nicat" adlı şəxsə oxşayan bir nəfər kişini və onun vanında üç nəfər naməlum şəxsi müşahidə edib, onlara yaxınlaşaraq xidməti vəsiqələrimizi göstərməklə özlərini onlara təqdim edib, Nizami RPİnin 25-ci PŞ-nin əməkdaşları olduğumuzu bildirdikdən sonra həmin şəxslərdən özlərini təqdim etməsini istədikdə, həmin şəxslər özlərini, X9, Təqsirləndirilən şəxs Ata murad oğlu və X2 təqdim etdilər. Bundan sonra həmin şəxslərə daxil olmuş məlumata əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında şübhəli olmalarım, üzərlərində şəxsi axtarış keçirilməsinin zəruri olduğunu bildirib, onlara Nizami RPİ-nin 25-ci PŞ-nə gəlməli olduqları deyilmişdir. Həmin şəxslər etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmiş, Nizami RPİ-nin 25-ci PŞ-də həmin şəxslərin, xx.xx.1990-cı il təvəllüdlü Sabirabad rayon sakini X5, xx.xx.1994-ci il təvəllüdlü Masallı rayon sakini Təqsirləndirilən şəxs, xx.xx.1995-ci il təvəllüdlü Şirvan şəhər sakini X7 və xx.xx.1990-cı il təvəllüdlü Tovuz rayon sakini X6 olduqları bir daha dəqiqləşdirildikdən sonra, onların PŞnə gətirilməsi barədə raportla PŞ-nin rəisinə məruzə olunmuşdur. Daha sonra Nizami RPİnin 25-ci PŞ-nin baş təhqiqatçısı, polis kapitanı Gündüz Zeynalovun xidməti otağında əvvəlcə X5 ona təyin edilmiş müdafiəçinin əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə üzərində keçirilən şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa təqdim etməsi Nicat Tundayevə təklif edilmişdir. Bu təklifdən sonra N.Tundayev əynində olan göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş içərisində ağ rəngli maddə və sol yan cibindən 01 ədəd "Samsung" markalı mobil telefonu təqdim edərək həmin maddəni internet vasitəsilə əlaqə saxladığı tanımadığı şəxsdən 30 (otuz) manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən X9 şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş və Nicat Tundayevdən aşkar edilmiş ağ rəngli maddə təhqiqatçı tərəfindən bir ədəd bükümdə zərfə qoyularaq qablaşdırılıldıqdan sonra zərfin üzəri Nicat Tundayev, onun vəkili və onların tərəfimizdən imzalandıqdan sonra möhürlənmişdir. Bundan başqa Nicat Tundayevin üzərində şəxsi axtarış aparlarkən ondan hər hansı əşya aşkar edilməmişdir. Daha sonra digər şübhəli şəxs, Təqsirləndirilən şəxs ona təyin edilmiş müdafiəçinin, əməliyyat müvəkkili Şahid1 və onun iştirakı ilə üzərində keçirilən şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunsuz olaraq əldə edilmiş hər hansı bir əşya, vasitə, maddə və ya narkotik varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaret kağızına bükülmüş içərisində ağ rəngli maddə və sol yan cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu təqdim edərək həmin maddəni internet vasitəsilə əlaqə saxladığı tanımadığı şəxsdən 10 (on) manata aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmiş və Təqsirləndirilən şəxs aşkar edilmiş ağ rəngli maddə təhqiqatçı tərəfindən bir ədəd bükümdə zərfə qoyularaq qablaşdırılıb, zərfin üzəri Təqsirləndirilən şəxs, onun vəkili və onların tərəfimizdən imzalandıqdan sonra möhürlənmişdir Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən ondan hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəni aldığı şəxsin barəsində əlavə məlumatının olmadığını və həmin şəxsi internet vasitəsilə tanıdığını demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid Bakı şəhəri Nizami RPİ-nin 25-ci Polis şöbəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibtidai istintaqa Şahid4 Maşalla oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-cü il tarixli, 6/2340 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün № 165» dairəvi möhür əksi olan, « Şübhəli şəxs Əkbərov.M.” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükülmdə təmiz çəkisi- 0,336 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2024-cü il tarixli, 3763 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxs əvvəllər də iki dəfə cinayət törətməyə görə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilmiş, lakin buna baxmayaraq şəxs həmin cəzanı çəkmədən yenidən cinayət törətmişdir. Bütün bunlar şəxsin islah olunmadığını, təyin olunmuş cəzalardan nəticə çıxarmadığını sübut etmiş olur. Beləliklə, qeyd olunan hal təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın təyin edilməsini istisna edir. Belə ki, daha yüngül cəzanın təyin edilməsi ilə təqsirləndirilən şəxsin islah olunması ilə bağlı qarşıya qoyulmuş məqsədə nail olunmasını qeyri-mümkün etmiş olacaqdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan DİN-in BƏSİİ-nin xx.xx.2024-cü il tarixli arayışından və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-347/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1ci maddəsi ilə təqsirli bilinərək02 (iki) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmi, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmışdır. İş materiallarında olan Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli , 2-569/25-62-16 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-347/2023 saylı hökmünə dair göstəriş xx.xx.2023-cü il tarixdə Masallı rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, xx.xx.2023cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən daxil olmuş məktubda hökmdən apellyasiya şikayətinin verilməsi bildirilmişdir. Qeyd olunan hökm üzrə məhkum Təqsirləndirilən şəxs cəza çəkməmişdir. CM-nin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. CM-nin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-347/2023 saylı hökmü çıxarıldıqdan sonra törətdiyindən ona hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-347/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 il 06 ay müddətinə nəqliyyat vasitələrindən idarə etmə hüququndan məhrum edilməklə 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilən cəzaya əsas cəza qismən, əlavə cəza tam birləşdirilməklə ona cəza təyin edilməli, cəzanın əvvəli isə hökm çıxarıldığı tarixdən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş qohumluq məlumatları barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X11 adında1 azyaşlı uşağı var. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 27 aprel 2024-cü il tarixdə, saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, 29 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə 02 gün müddətinə tutulmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 66.4 və 67.1-ci maddələrinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-347/2023 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 il 06 ay müddətinə nəqliyyat vasitələrindən idarə etmə hüququndan məhrum edilməklə 02 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əsas cəza qismən, əlavə cəza tam birləşdirilməklə, barəsində 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrindən idarə etmə hüququndan məhrum edilməklə 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş azadlıqdan məhrumetmı cəzasından çıxılsın, üzərində qəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə nəqliyyat vasitələrindən idarə etmə hüququndan məhrum edilməklə 02 il 08 ay 28 gün (iki il səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0.286 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 198 manat (bir yüz doxsan səkkiz manat) Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar