Məhkəmə qərarları › İş №1(007)-258/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-258/2021

22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-258/2021 22.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Xanəliyev Tərlan Ağaməmməd oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs xx.xx.1999-cu ildə Balakən rayonunun Kortala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Balakən rayonu, İtitala kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istəyinə zidd olaraq Hacıqabul rayon sakini X1 təxminən 4 il müddət ərzində mütəmadi olaraq arxası ilə gedərək onunla tanış olmaq istəməsini bacısı Tamilə Almazişvili yaxın sevgi münasibətində olduğu Şahid3 bildirdikdən sonra 25 dekabr 2019-cu il tarixdə saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94 ünvanında yerləşən “Lotos” Ticarət Mərkəzinin qarşısında Şahid3 Sirac Mayılova yaxınlaşaraq sağ qolundan tutaraq birlikdə kənara çəkilib söhbət etmələrini təklif etdikdə, Sirac Mayılov onu tanımadığını bildirib sinəsindən itələyərək özündən uzaqlaşdırmaq istəyib kobud hərəkətlərə yol verməsi ilə əlaqədar Şahid3 qisas almaq niyyəti ilə qəsdən öldürmək məqsədi ilə Sirac Mayılovun bədəninin müxtəlif nahiyələrinə bıçaqla bir neçə dəfə vuraraq sonuncuya İV dərəcəli hemorraqik şok və sol tərəfli hepopnevmotoraksla müşayiət olunan perikardın, sol mədəciyin zirvəsinin, sol ağciyərin aşağı və yuxarı paylarının, diafraqmanın sol qübbəsinin zədələnməsi ilə nəticələnən döş qəfəsinin sol yarısının ön divarının plevra boşluğuna nüfuz edən 2 ədəd deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya xarakterik, qarnın sağ yarısının ön divarının daxilə nüfuz etməyən 1 ədəd deşilmiş- kəsilmiş, başın sağ təpə nahiyəsinin 2 ədəd kəsilmiş, bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd deşilmiş-kəsilmiş, başın sağ təpə nahiyəsinin 2 ədəd kəsilmiş, sol əlin ovuc səthinin 2 ədəd deşilmiş-kəsilmiş, sol bazunun yuxarı arxa və bayır səthlərinin dəlib keçən 2 ədəd deşilmiş-kəsilmiş, sağ bazu oynağının ön səthinin 1 ədəd deşilmiş-kəsilmiş, sağ bazunun arxa səthinin 1 ədəd deşilmiş-kəsilmiş, sağ dirsək oynağının iç səthinin 1 ədəd deşilmişkəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa yüngül zərər vurmaya xarakterik xəsarətlər yetirməklə Sirac Mayılovu qəsdən öldürməyə cəhd cinayətinin Şahid3 tərəfindən törədilməsini bilərək 26 dekabr 2019-cu il tarixdə, iş üzrə şahid qismində verdiyi ilkin ifadəsində X5 Məlikov tərəfindən bıçaqla vurulmasını bildirməmiş və həmin qəsdən adam öldürməyə cəhd xüsusilə ağır cinayət barəsində müvafiq dövlət orqanlarına məlumat verməmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona elan olunmuş Azərbaycan Respublikasının CM-nin 307.1-ci maddəsində nəzərdə tutulmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, təxminən 4-5 ilə yaxındır ki, Sirac dəfələrlə onun arxasınca gələrək onunla tanış olmaq istədiyini bildirmiş, lakin o, Siraca onu narahat etməməsini bildirmişdir. 25.12.2019-cu il tarixdə saat 18:20 radələrində işdən çıxan zaman dayanacaqda Siracı görmüşdür. Bu zaman “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə bacısı Tamiləyə Siracın gəldiyini yazmışdır. Bacısı ona özünün həll edəcəyini bildirmişdir. Sonra o, 30 nömrəli avtobusa minmiş, Sirac da həmin avtobusa minmişdir. Elxan “Xalqlar Dostluğu”nda avtobusa minmiş, Siracı ona göstərmişdir. Saat təxminən 19 radələrində “Lotos” Ticarət Mərkəzinin yanındakı işıqforda avtobusdan düşmüşdür. Sirac da onun arxasınca avtobusdan düşmüşdür. Sonra o, evə getmişdir. Bir qədər sonra Elxan evə gəlmiş, Siracı bıçaqla vurması barədə onlara heç nə deməmiş, Siracla dalaşdıqlarını, məsələni yoluna qoyduğunu bildirmişdir. O, Siracın bıçaqlanmasını polisdə olarkən bilmişdir. 26 dekabr 2019-cu il tarixdə ilkin ifadə verərkən Elxan barədə məlumat vermişdir. İstintaqda ifadəsini oxumadan imzalamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bacısı Səlimət ona adını sonradan bildiyi Siracın onun arxasınca gələrək tanış olmaq istədiyini, həmin oğlana rədd cavabı verdiyini, buna baxmayaraq Siracın onun arxasınca düşməyə davam etdiyini bildirmişdir. Bir dəfə o, Siraca yaxınlaşıb bacısını narahat etməməsini bildirmişdir. 25.12.2019-cu il tarixdə işdən evə gec gəlmişdir. Evə gəldikdə bacıları Səlimət, Tamilə və onun nişanlısı Elxan, xalası Zalxa evdə olmuşlar. Elxanın qaşında xəsarəti görüb nə baş verdiyini soruşmuş, bacıları Elxanla Siracın dalaşdıqlarını demişlər. Sonra bacısı Tamilənin halı pisləşmiş, ürəyi getmişdir. Onlar təcili–tibbi yardım çağırmışlar. Təcili-tibbi yardım gələrək Tamiləyə ilkin tibbi yardım göstərmişdir. Həmin gün Elxan onlarda qalmışdır. O, səhərisi gün işə getmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, işi ilə bağlı tez-tez ezamiyyətdə olmuşdur. Səlimət nişanlısı Tamilənin bacısıdır. Sirac adlı şəxsin uzun müddət Səlimətin arxasınca gələrək onu narahat etməsindən məlumatı olmuşdur. Axırıncı dəfə Ağstafa rayonundan gəlib geri qayıdarkən sağollaşmaq üçün Səlimətgilə gəlmişdir. Səlimət evdə olmamış, ona zəng edib harada olduğunu soruşduqda, avtobusda olduğunu, Siracın da orada olduğunu bildirmişdir. O, Səlimətə oraya gəldiyini, “Xalqlar Dostluğu”nda avtobusa minəcəyini bildirmişdir. O, həmin yerə gedib avtobusa minmişdir. Səlimət avtobusdan düşdükdə Sirac da onun arxasınca düşmüş, o da Siracın arxasınca düşmüşdür. O, Siracın qolundan tutub sözü olduğunu demiş, Sirac “sən kimsən, mən səni tanımıram” deyərək qışqırmış, o, bıçaqla Siracı vurmuşdur. Onun Siracı vurmasından Səlimətin xəbəri olmamışdır. Sonra nişanlısıgilin evinə getmişdir. Evdə Siracı bıçaqla vurması barədə heç nə deməmiş, Siracla dalaşdıqlarını, məsələni yoluna qoyduğunu bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, bacısı Səlimət ona adını sonradan bildiyi Siracın onun arxasınca gələrək tanış olmaq istədiyini, həmin oğlana rədd cavabı verdiyini, buna baxmayaraq Siracın onun arxasınca düşməyə davam etdiyini bildirmişdir. O, bu barədə nişanlısı Elxana da demişdir. 25.12.2019-cu il tarixdə Səlimət “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə yazaraq avtobus dayanacağında dayandığını, Siracın da orada olduğunu bildirmişdir. Elxan mesajı görüb Səlimətin yanına getmişdir. Sonra Səlimət evə tək gəlmişdir. Bir qədər sonra Elxan evə gəlmişdir. Elxanın üzündə qan olduğunu, şalvarının tozlu olduğunu görüb nə baş verdiyini soruşmuş, Elxan Siracla dalaşdıqlarını bildirmişdir. Sonra onun halı pisləşmiş, ürəyi getmiş, heç nədən xəbəri olmamışdır. Elxan onlara Siracı bıçaqla vurduğunu deməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, evdə olmamışdır. 26.12.2020-ci il tarixdə axşam saatlarında Balakən rayonunda olan zaman qızı Səlimət ona zəng edərək polis şöbəsinə aparıldığını bildirmişdir. O, taksi ilə Balakən rayonundan Bakı şəhərinə gəlmiş, 24-cü PŞ-nə getmişdir. Sonradan ona məlum olmuşdur ki, Elxan bıçaqla Siracı vurmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında 23.06.2020ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs Şahid3 tərəfindən xüsusilə ağır cinayətin törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılmış, ayrılmış cinayət işinə ********* nömrə verilmişdir. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 23.10.2020-ci il tarixli, 1(101)-878/20 saylı hökmündən görünür ki, Şahid3 Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 17.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. - qətimkan tədbirinin seçilməsi barədə 17.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 19.07.2021-ci il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu haqqında məlumat yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və əməli həmin maddə ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək özünü Azərbaycan Respublikasının CM-nin 307.1-ci maddəsi ilə təqsirli bildiyini bildirmiş və barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq edilməsini, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 10-cu və 11-ci bəndləri ilə müəyyən edilmiş məhdudiyyətlərin dairəsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiyanın tətbiqinə məhdudiyyət yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğunu, barəsində amnistiyanın tətbiqinə məhdudiyyət olmadığını, cinayət işi üzrə icraata amnistiya aktına əsasən xitam verilməsinə razılığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddəsində nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunmalıdır. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 307.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri xitam olunsun. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar