Məhkəmə qərarları › İş №1(007)-258/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-258/2022

11.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-258/2022 11.10.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçiləri-Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxxxx 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi ev 43, mənzil 27-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, A.Mustafayev küçəsi, ev 12-də yaşamış, 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23 fevral 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi islehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib daşıyaraq üstündə saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 5,678 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2022-ci il tarixli 3(007)-407/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 30 gün müddətinə inzibati həbs növündə inzibali tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı saxlanılması üçün 21 fevral 2022-ci il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yerləşən Nizami RRİ-nin müvəqqəti saxlama yerinə gətirilərək orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli qış gödəkçəsinin içəri sol yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,678 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həmin cinayət əməlini törətməmişdir, ona qarşı irəli sürülmüş ittiham qərəzlidir. 21 fevral 2022-ci il tarixdə o, şəhid ailəsinin hüquqlarını müdafiə etmək məqsədi ilə, şəhid ailələri və digər qazilərlə birlikdə, əvvəlcə Nizami rayon polis idarəsinin rəisinin, daha sonra Nizami rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmuşdur. İcra Hakimiyyətinin başçısının yanından çıxdıqdan təxminən yarım saat sonra qazi yoldaşları ilə birlikdə olarkən ona 23-cü polis bölməsinin rəis müavini zəng vuraraq Keşlə qəsəbəsində yerləşən “Qəbələ” kafesinə yeyib-içmək üçün çağırmışdır. O, qazi Mahmudov Məmmədtağı ilə birlikdə həmin kafeyə getmişdir. Saat təxminən 15 radələrində onlar kafeyə getmişlər, o, özü tək kafeyə girmiş, rəis müavini ilə çay içdikdən sonra onu polis idarəsinə dəvət etmişlər. Həmin gün də Nizami Rayon Məhkəməsinə gətirilmiş, barəsində İXM-nin 535.1-ci maddəsi ilə qərar çıxarılaraq 30 sutka həbs seçilmişdir. Şikayətləri əsasında həmin qərar Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilərək cərimə ilə əvəz edilmişdir. Lakin, onu azadlığa buraxmamışlar, müvəqqəti saxlama yerində gecə üzərində guya narkotik vasitə çıxması əsası ilə CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və barəsində tutma protokolu tərtib edilmişdir. Halbuki, onun üzərinə müvəqqəti saxlama yerinin təhlükəsizlik kameralarının altında baxış keçirilmiş, saxlanma kamerasına keçirildikdən bir neçə saat sonra isə kameradan çıxarılmış, guya cibindən narkotik vasitə çıxdığını bildirmiş və bir neçə polisin iştirakı ilə protokol tərtib etmişlər. Həmin vaxt saxlama yerində olan iki nəfər şəxsə isə təzyiq edərək protokola imza çəkdirmişlər ki, guya onun üzərindən narkotik vasitə çıxmışdır. O, müvəqqəti saxlama yerinə məhkəmədə barəsində inzibati həbs veriləndən sonra aparılmışdır, üstündə narkotik vasitə olsa, onu özü ilə polisə aparmaz, atardı. Dəfələrlə istintaq orqanından və məhkəmədən tələb etməsinə baxmayaraq kamera görüntülərini təqdim etməmişlər. Hansı ki, yeganə sübut kamera görüntüləridir. Belə sübut olmadığına, təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən onun 26 may 2022-ci il tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməninin qərarına əsasən barəsində inzibati xəta törətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 30 gun müddətinə inzibati həbs verilmişdir. Polis əməkdaşları onu Nizami rayon polis idarəsinin müvəqqəti saxlama yerinə təhvil verdikdən sonra MSY-nin əməkdaşları onun üzərinə dəvət olunmuş iki nəfər tanımadığı hal şahidlərinin iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı o, əynində olan tünd göy rəng gödəkçəni çıxararaq kənara qoymuş, bundan sonra polis əməkdaşları onun üzərinə baxış keçirmişlər. Bu zaman əynindəki göy rəngli gödəkçənin iç sol yan cibindən üzərində “Spiçki” sözləri yazılmış 01 ədəd kibrit qutusunun içərisindən yaşıl rəngli spesifik iyə məxsus olan maddə və iki ədəd plasmas müşdük (rızla) aşkar olunaraq götürülmüşdür. Bundan əlavə daraq onun üzərindən X3 adına tərtib edilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə, özünə məxsus olan 2-ci dərəcəli əlillik qrupuna aid vəsiqə, X4 X7 aid vəsiqə, X1 aid şəxsiyyət vəsiqəsinin surəti, X2 məxsus ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin planı, 2 ədəd dərman resepti, torpaq sahəsinə aid xəritə, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamlarının kserosurəti, 01 ədəd qızılı rəngli “İphone” telefonu və 1543 manat pul aşkar edilərək götürülmüşdür. O, üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisində olan maddənin narkotik vasitə olan marixuana olduğunu və həmin narkotik vasitəni özü qəbul etdiyini polis əməkdalarına bildirmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan 01 ədəd kibrit qutusunun içərisində olan yaşıl rəngli qurudulmuş marixuana hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, o, hal şahidləri və polis əməkdaşları həmin protokolu və zərfi imzalamışlar. Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmamış, müstəntiqin sözü ilə müqavilə üzrə vəkilindən imtina etdiyini, həmin ifadəni özünün imzalamadığını, imzanın ona məxsus olmadığını bildirmişdir. Lakin, müdafiə tərəfi həmin məsələni mübahisələndirməyərək əlavə araşdırma aparılmasını və ya ekspertiza təyin olunmasını tələb etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin müvəqqəti saxlama yerinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində Nizami RPİ-nin müvəqqəti saxlama yerində xidmətdə olarkən Təqsirləndirilən şəxs adlı şəxs Nizami Rayon Məhkəməsinin qərarına əsasən 30 gün müddətinə inzibati həbs aldığı üçün MSY-nə gətirilmişdir. Digər saxlanılan və MSY-nə gətirilən şəxslər kimi baxış otağında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən onun etdiyi hərəkətlər, sanki nə isə gizlətməyə çalışması onda əsaslı şübhələr doğurmuş, dərhal həmin baxışın hal şahidlərinin dəvəti ilə keçirilməli olduğu qərarına gəlmişdir. Buna görə müvəqqəti saxlama yerində saxlanılan iki nəfər şəxsin Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən iştirak etməsini əməkdaşlara bildirmişdir. Bundan sonra hal şahidi qismində iştirakları təmin olunan Şahid4 və Şahid5, polis əməkdaşları Şahid3 və Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəni əynindən çıxardaraq onlara təqdim etmiş, Şahid2 gödəkçənin sol iç yan cibinə baxan zaman həmin cibdə üzərində “Spiçki” sözləri yazılmış 01 ədəd kibrit qutusunun içərisindən yaşıl rəngli spesifik iyə məxsus olan maddə, iki ədəd plasmas müşdük (rızla) aşkar olunmuşdur. Bundan əlavə, Təqsirləndirilən şəxs uzərindən X3 adına tərtib edilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlillik qrupuna aid olması barədə vəsiqə, X4 X7 aid vəsiqə, X1 aid şəxsiyyət vəsiqəsinin surəti, X2 məxsus ünvan 4 ünvanında yerləşən torpaq sahənin planı, 02 ədəd dərman resepti, torpaq sahəsinə aid xəritə, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamlarının kserosurəti, 01 ədəd qızılı rəngli “İphone” markalı mobil telefon və 1543 manat pul aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilərək götürülmüş kibrit qutusunun içərisində olan maddə narkotik vasitə olan marixuanadır, həmin maddəni özü qəbul edir və narkotik vasitəni yadında olmayan şəxsdən əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kibrit qutusunun içərisində olan maddə onların və hal şahidlərinin iştirakları ilə zərfə qoyulmuş, bu barədə tərəfindən protokol tərtib edilmiş və iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs protokolu və zərfi öz imzaları ilə imzalamışlar, onlar zərfə qoyularaq möhürlənmişdir. Protokolu tərtib etdikdən sonra öz raportu ilə idarə rəisinə bu barədə məruzə etmişdir. Əlavə olaraq göstərmişdir ki, baxış zamanı tərəflərindən Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətə yol verilməmiş, hər hansı təsir göstərilməmişdir, onun özü də özünü sakit, intizamlı aparmış, narkotik vasitənin özünə məxsus olduğunu etiraf etmiş, sadəcə olaraq hardan, kimdən aldığını xatırlamadığını bildirmişdir. Hal şahidlərinin iştirakı ilə həyata keçirildiyinə görə baxış zamanı videoçəkiliş aparılmasına zərurət görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin müvəqqəti saxlama yerinin polis nəfərləri Şahid2 və Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami RPİ-nin müvəqqəti saxlama yerində saxlanıldığı vaxt, 21 fevral 2022-ci il tarixdə axşam saatlarında onu kameradan çıxarmış, otağa aparmış, demişlər ki, hansı sənədə desələr onu imzalasınlar. Baxış onun özünün iştirakı ilə aparılmamışdır. Stolun üstündə hansısa sənədlər və bir karobka “nəşə” olmuşdur. Bildirilmişdir ki, “nəşə” Təqsirləndirilən şəxs üstündən çıxmışdır. Lakin Təqsirləndirilən şəxs demişdir ki, belə şey olmamışdır. Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən onun 22 fevral 2022-ci il tarixdə şahid qismində verdiyi ifadəsi elan edilmişdir. Şahid həmin ifadəsində göstərmişdir ki, Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilməklə Nizami rayon polis idarəsinin müvəqqəti saxlama yerində saxlanılmışdır. 21 fevral 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində saxlanılan şəxslərin kamerasında olan zaman polis əməkdaşları kameraya daxil olaraq ona bildirmişlər ki, Nizami Rayon Məhkəməsinin qərarına əsasən bir nəfər şəxs 30 sutka inzibati həbs alıb və saxlanılması üçün MSY-nə gətirilib, həmin şəxsin üzərinə baxış keçiriləcək və ondan baxışda hal şahidi qismində iştirak etməsi xahiş olunmuşdur. O da polis əməkdaşlarının dedikləri ilə razılaşaraq Nizami RPİ-də müvəqqəti saxlama yerində olan otaqların birində onunla eyni kamerada olan Şahid5 kimi tanıdığı şəxsin iştirakı ilə özünü Təqsirləndirilən şəxs kimi tədim edən şəxsin üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəni əynindən çıxardaraq polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları gödəkçənin iç sol yan cibinə baxan zaman gödəkçənin sol iç yan cibindən üzərində “Spiçki” sözləri yazılmış 01 ədəd kibrit qutusunun içərisindən yaşıl rəngli spesfik iyə məxsus olan maddə və iki ədəd plasmas müşdük (rızla) aşkar olunmuşdur. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs üzərindən X3 adına tərtib edilmiş Vergi odəyicisinin uçota alınması haqqında şəhadətnamə, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlillik qrupuna aid olması barədə vəsiqə, X4 X7 aid vəsiqə, X1 aid şəxsiyyət vəsiqəsinin surəti, X6 ogluna məxsus ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin planı, 2 ədəd dərman resepti, torpaq sahəsinə aid xəritə, Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamlarının kserosurəti 01 ədəd qızılı rəngli İphone markalı mobil telefon və 1543 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilərək götürülmüş kibrit qutusunun içərisində olan maddə narkotik vasitə olan marixuanadır, həmin maddəni özü qəbul edir və narkotiki yadında olmayan şəxsdən əldə edərək üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kibrit qutusunun içərisində olan maddə onların və polis əməkdaşlarının iştirakları ilə zərfə qoyulmuş, bu barədə protokol tərtib edilmiş, onlar və polis əməkdaşları, həmçinin Təqsirləndirilən şəxs protokolu və zərfi öz imzaları ilə imlalamışlar. Həmin zərf DİN-nin 162 saylı möhürü ilə möhürlənmişdir. Şahid4 məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmayaraq, ona sözlə təsir göstərildiyinə görə protokolu imzaladığını bildirmiş, lakin təsirin kim tərəfindən göstərildiyini və nədə ifadə olunduğunu izah edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 21 fevral 2022-ci il tarixdə axşam saatlarında onu Bakı şəhəri Nizami RPİ-nin müvəqqəti saxlama yerində saxlanıldığı kameradan çıxarmış, tələb etmişlər ki, hansı sənədə deyilsə imzalasın. Həmin vaxt stolun üstündə sənədlər olmuş, başqa heç nə görməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə çıxmasını görməmişdir, ona təzyiq göstərərək sənədləri imzalatmışlar. O, sənədləri imzalayanda Şahid4 da orada olmuşdur, lakin onlar baxışda iştirak etməmişlər. Təqsirləndirilən şəxs polislərlə mübahisə edərək narkotikin ona məxsus olmadığını demişdir. Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyət olduğundan, Azərbaycan Respublikası CPM-nin 327.1 və 329.1-ci maddələrinə əsasən onun 22 fevral 2022-ci il tarixdə şahid qismində verdiyi ifadəsi elan edilmiş, onun digər Şahid4lə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Şahid5 məhkəmə iclasında elan olunmuş həmin ifadəsi ilə razılaşmayaraq, ona təzyiq göstərildiyinə görə protokolu imzaladığını bildirmiş, lakin təzyiqin kim tərəfindən və hansı qaydada göstərildiyini izah edə bilməmişdir. Məhkəmə şahidlər Şahid5 və Şahid4 məhkəmə iclasında verdikləri ifadələrinə münasibətdə qeyd edir ki, həmin şəxslər şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində keçirilən baxışda iştirak etmiş, protokolu və digər sənədləri imzalamışlar, növbəti gün isə şahid qismində verdikləri ifadələrində həmin hallara dair, işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermişlər. Lakin, nəzərə alınmalıdır ki, Şahid5 və Şahid4 özlərinin törətdikləri cinayət əməlləri ilə bağlı 3 saylı istintaq təcridxanasında həbsdə saxlanılırlar, o cümlədən Təqsirləndirilən şəxs da təqsirləndirilən şəxs qismində həmin istintaq təcridxanasında saxlanılır, ona görə həmin şahidlərin belə ifadə vermələri, onlarla eyni statusda olan təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına nail olmağa yönəlmiş hərəkət kimi qiymətləndirilməklə məhkəmə tərəfindən nəzərə alınmır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 22 fevral 2022-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ cild i.v. 1) - 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nizami RPİ-nin MSYnin rəisi Şahid1 tərəfindən, MSY-nin polis nəfərləri Şahid2 və Şahid3, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-497/2022 nömrəli qərarına əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə 30 gün nüddətinə inzibati həbs tətbiq edilmiş Təqsirləndirilən şəxs, hal şahidləri-həmin MSY-də saxlanılan Şahid4 və Şahid5 iştirakları ilə, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və yaxud üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçəni çıxararaq kənara qoymuş, bundan sonra MSY-nin rəisi və əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs əynində olan gödəkçənin iç sol cibindən üzərində “Spiçki” sözləri yazılmış 01 ədəd kibrit qutusunun içərisindən yaşıl rəngli spesifik iyə məxsus olan maddə və iki ədəd plasmas müşdük (rızla) aşkar olunaraq götürülmüşdür. Bundan əlavə onun üzərindən X3 adına tərtib edilmiş Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlillik qrupuna aid olması barədə vəsiqə, “X4 Kömək” İctimai Birliyinə aid vəsiqə, X1 aid şəxsiyyət vəsiqəsinin surəti, X2 məxsus ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin planı, 2 ədəd dərman resepti, torpaq sahəsinə aid xəritə, Bakı şəhəri İcra Hakimiyyəti başçısının sərəncamının kserosurəti, 01 ədəd qızılı rəngli iPhone markalı mobil telefon və 1543 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisində olan maddənin narkotik vasitə olan marixuana olduğunu və həmin maddəni özü qəbul etdiyini, narkotik vasitə olan qurudulmuş marixuananı yadında olmayan şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunun içərisində olan maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək götürülmüşdür. (İ cild i.v. 16-17) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 22 fevral 2022-ci il tarixli 7/164 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi - 5,678 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 5,678 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, 5,658 qram qalığı qalmışdır. (İ cild i.v. 42-44) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin Ambulator Məcburi-Narkoloji tibbi yoxlamasına dair 24 fevral 2022-ci il tarixli 942 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild i.v. 176-177) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 aprel 2022-ci il tarixli 790 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk elmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır. (İİ cild i.v. 28-31) - 21 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 188.4.2 və 234.1-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə yenidən ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.4.2-ci maddəsi ilə ittiham elan olunmasına kifayət qədər sübut olmadığından onun barəsində həmin xüsusat üzrə Azərbaycan Respublikası CM-nin 188.4.2-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.2 və 29,317-2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından qalıq qalmış 5,678 qram narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək təhqiqatdan sonra qalıq qalmış 5,658 qram narkotik vasitə qurudulmuş marixuana saxlanmasından ötrü Nizami RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananı aldığı istintaqa məlum olmayan şəxsin şəxsiyyətini müəyyən etməkdən ötrü cinayət işindən material ayrılaraq araşdırmanın davam etdirilməsi üçün Nizami RPİ-nin 23-cü PB-nə göndərilmişdir. (İİ cild i.v. 52-63) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 15 saylı, 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən məhkəmənin hökmü məhkəmə baxışının aparıldığı dildə, aydın, anlaşılan ifadələrlə tərtib olunmalıdır, hökm yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi faktının araşdırılması məqsədi ilə material ayrılmışdır və nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Məhkəmə, dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyib, iş materiallarını hərtərəfli və obyektiv tədqiq edərək, istinad olunan hüquq normalarına əsaslanaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan, iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, məhkəmə ekspertizalarının rəyləri və iş üzrə toplanmış digər materiallarla sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə, əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və bununla bağlı dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Təqsirləndirilən şəxsin və müdafiəçisinin irəli sürdüyü dəlillər məhkəmə tədqiqi zamanı hərtərəfli, tam və obyektiv araşdırılmışdır, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində özünü təqsirli bilərək işin faktiki halları ilə uyğunluq təşkil edən ifadələr vermiş, eləcə də baxış zamanı üzərində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsi barədə məhkəmədə etdikləri çıxışlarına münasibətdə qeyd edir ki, cinayətprosessual qanunvericiliyinə görə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə iclasında müəyyən edilməmişdir, əksinə, müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir; əməldə cinayət tərkibi vardır; cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir, hansı ki, məhkəmə bununla bağlı dəlillərini yuxarıda kifayət qədər əsaslandırmışdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - həmin maddədə nəzərdə tutulmuş cinayət məsuliyyətinə səbəb olur, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır, eləcə də cinayət qanununun müvafiq prinsip və müddəalarını rəhbər tutur: - 21 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi həmin tarixdə tutulmuşdur. (İ cild i.v. 26) - 23 fevral 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 03 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəli 21 fevral 2022-ci il tarixdən hesablanmışdır. (İ cild i.v. 120-123) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 oktyabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.1, 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib, CM-nin 66.3 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 05 il 11 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 02 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilmiş, cəza müddəti başa çatmışdır; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 21 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 11 oktyabr 2018-ci il tarixdə cəriməni tam ödəmişdir. (İ cild i.v. 197-198, İİ cild 2-27) -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 22 fevral 2022-ci il tarixli **********4 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 12 may 2014-cü il tarixdən 16 may 2021-ci il tarixədək ikinci dərəcə əlilliyi olmuşdur. (İ cild i.v. 215) -Məhkəməyə təqdim edilən “X4 kömək” İctimai Birliyi tərəfindən verilmiş 10 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, həmin birliyin sədri vəzifəsini 2019-2022-ci illərdə Təqsirləndirilən şəxs icra etmişdir. Fəaliyyəti dövründə xüsusi fəallığı ilə seçilən Təqsirləndirilən şəxs birliyin fəaliyyətini təmin etməkdə ciddi səylər göstərmiş, ölkədə şəhid ailələri və qazilər istiqamətində dövlət siyasətinə vətəndaş cəmiyyəti rəhbəri olaraq dəstək göstərmişdir. Bundan əlavə, 44 günlük Vətən müharibəsi dövründə arxa cəbhədə fəallıq nümayiş etdirən Təqsirləndirilən şəxs postmüharibə dövründə də şəhid ailələri və Vətən müharibəsi əlillərinin sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərmişdir. -Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 1(101)-1402/2022 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3, 29,178.2.3, 29,178.2.4, 308.1, 32.4,312.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi həmin məhkəmənin icraatındadır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinin tələbləri baxımından qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən az ağır cinayət, 25.1-ci maddəsinə əsasən isə qəsdən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal qismində Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində dairəsi konkret göstərilmiş hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən cəza təyinetmənin ümumi prinsiplərini rəhbər tutmaqla onun qəsdən az ağır cinayət törətməsini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması üçün törətdiyi cinayətə görə barəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir, tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir, ona görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu müddət ibtidai həbs müddəti kimi cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı həmin tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli olduğundan, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinin tələbinə uyğun olaraq, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı qeyd edir ki, cinayət işi üzrə mülki iddia yoxdur; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış hissəsi məhv edilməlidir; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə, Ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq və Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, müstəntiqin qərarı əsasında dövlət hesabına dəvət edilmiş Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 məhkəməyədək icraatın müvafiq mərhələsində iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirsə də, müstəntiq müdafiəçinin hüquqi xidmətlərə görə iştirak etdiyi müddətə və bunun məbləğinə dair arayışı ittiham aktına əlavə etməmişdir, ona görə müdafiəçiyə həmin hissədə əmək haqqının tutulması məsələsi həll edilmir. Həmin vəkil məhkəmənin qərarı əsasında məhkəmə icraatı zamanı iştirak edərək təqsirləndirilən şəxsə hüquqi yardım göstərmişdir, həmin müddət 50 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirən digər vəkil Müdafiəçi2 müqavilə əsasında iştirak etdiyindən, ona münasibətdə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Nizami RPİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalmış 5,658 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə məsrəfi olan 72 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı 50 iş saatı göstərdiyi pulsuz hüquqi yardıma görə Müdafiəçi1 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 300 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar