Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-259/2020 23.11.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, xüsusi ittihamçı X3 nümayəndəsi və vəkili-Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində şikayət verilmiş X7, onun vəkilləri-Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xüsusi ittihamçı X3, X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ərizəsinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X4, X7 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair ərizə ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, uzun müddətdir Azərbaycan mətbuatında çalışır. Lider tv-də aparıcı və analitik qrupun redaktoru olmuşdur, hazırda 8 dildə fəaliyyət göstərən AzVision.az saytının baş redaktorudur. Eyni zamanda, Real TV-də müəllif verilişi aparır. Dövlət başçısı tərəfindən “əməkdar jurnalist” fəxri adına və “Tərəqqi” medalına layiq görülmüşdür. x xxxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Aqil Layıc özünün facebook sosial şəbəkəsindəki profilində onun şəxsiyyətinə təhqir və böhtanla dolu məlumatlar, ictimaiyyət arasında nüfuzuna xələl gətirən status paylaşmışdır. Həmin vaxt cavabdehin bu hərəkətlərinə bir o qədər də önəm verməyərək, məsələni şişirtmək istəməsə də, cavabdeh cəzasız qalmasından istifadə edərək “Facebook” sosial şəbəkəsinin özünə aid “Aqil Layic” səhifəsində barəsində həqiqətə uyğun olmayan, şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymaqda davam edir. Cavabdeh həmin səhifəsinin xx xxxxxxx 2020-ci il tarixli şəklini paylaşmaqla statusunda barəsində aşağıdakı sözləri yazmışdır: Jurnalistikada paça arasından çıxa bilməyən, paçaarası jurnalist olan bunun kimi insanların Qarabağ müharibəsindən və vətəndən danışması qədər ikrah doğuran nəsə ola bilməz. Bunun kimilərə əsas paça arasıdır, erməni olsa da onlara da yamanlanacaqlar. Cavabdeh elə həmin səhifədə onun guya kiminsə intim videosunu çəkib yaymağı haqqında həqiqətə uyğun olmayan məlumat verməklə böhtan atmışdır. Həmin paylaşıma səbəb isə cavabdehin özü qeyd edib ki, onun “Meydan TV” haqqında yazdığı material olub. Çox qəribədir. Çünki həmin material müharibə dövründə Azərbaycana qarşı həyata keçirilən ideoloji təxribat cəhdlərinin ifşasına həsr olunub. Orada heç kimin haqqında heç bir təhqir yoxdur ki, belə bir reaksiya doğursun. Göstərdiklərinə əsasən hesab edir ki, X11 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edərək barəsində hökm çıxarılmalıdır. Təqsirləndirilən şəxs X11 tərəfindən “Facebook” sosial şəbəkəsinin ona aid olan “Aqil Layic” səhifəsindəki xx xxxxxxx 2020-ci il tarixdə yazmış olduğu status və rəylərə əsasən onu Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi səbəbindən məsuliyyətə cəlb edilməsinə dair hökm çıxarılmasını xahiş etmişdir. Barəsində şikayət verilmiş X12 xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina edilməsinə dair vəsatət vermiş, vəsatətini onunla əsaslandırmışdır ki, hesab edir ki, hazırkı şikayətə Nizami Rayon Məhkəməsində baxıla bilməz, onun məhkəmə tərəfindən icraata qəbul edilməsindən imtina olunmalıdır. Şikayətin məzmunu Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda (CPM 302.1.3-cü mad), cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda (CPM 302.1.6-cı mad), şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə (302.1.7-ci mad), məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Şikayət düzgün forma və məzmunda tərtib edilməmişdir. Məhkəməyə təqdim edilmiş ərizədə xüsusi ittihamçı onu təqsirləndirilən şəxs qismində göstərmişdir. Hazırkı şikayət üzrə məhkəmənin hazırlıq iclası hələ keçirilməmişdir və məhkəmə tərəfindən şikayət icraata götürülməmişdir. Buna görə də onun təqsirləndirilən şəxs qismində göstərilməyi şikayətin düzgün tərtib edilmədiyini göstərir. Şikayətə əlavə edilmiş sənədlər qanunvericiliyin tələblərinə ziddir. Hazırkı şikayətə xüsusi ittihamçı Facebook sosial şəbəkəsinin “Aqil Layic” səhifəsindən çıxarış - 04 vərəqədə təqdim etmişdir. Bu çıxarış “Aqil Layic” səhifəsinin əsli deyil və surəti təsdiq edilməmişdir. Buna görə də həmin sənədlər şikayətin əsasına qoyula və sübut qismində qəbul edilə bilməz. Şikayət aidiyyəti məhkəməyə təqdim edilməmişdir. Şikayətə əlavə olunan sənədlərdən görünür ki, törədilməsi ehtimal və iddia olunan cinayət hadisəsi Bakı şəhəri Nizami rayonunun ərazisində deyil, Balakən rayonu ərazisində baş vermişdir. Şikayətə əlavə olunan çıxarışdan görünür ki, onun olduğu yer Balakən rayonu ərazisidir. Buna görə də hazırkı şikayətə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində baxıla bilməz və şikayət icraata götürülməkdən imtina edilməlidir. Şikayətdə göstərilən yazılar böhtan və təhqir hesab oluna bilməz. Xüsusi ittihamçı göstərmişdir ki, o, özünün facebook sosial şəbəkəsindəki profilində onun şəxsiyyətinə təhqir və böhtanla dolu məlumatlar, ictimaiyyət arasında nüfuzuna xələl gətirən status paylaşmışdır. Həmin statusda qeyd edilmişdir: “Jurnalistikada paça arasından çıxa bilməyən, paçaarası jurnalist olan bunun kimi insanların Qarabağ müharibəsindən və vətəndən danışması qədər ikrah doğuran nəsə ola bilməz. Bunun kimilərə əsas paça arasıdır, erməni olsa da onlara da yamanlanacaqlar. Xüsusi ittihamçı daha sonra göstərmişdir ki, cavabdeh elə həmin səhifədə onun guya kiminsə intim videosunu çəkib yaymağı haqqında həqiqətə uyğun olmayan məlumat verməklə böhtan atmışdır. Qeyd edir ki, Vüsal Məmmədov “Lider” televiziyasında işləyən zaman müxalif şəxslərin intim görüntülərini efirdə nalayiq, alçaldıcı sözlərdən istifadə etməklə şərh etmişdir. Ölkə ictimaiyyəti V.Məmmədovu porno jurnalist olaraq tanıyır və hətta wikipedia səhifəsində V.Məmmədov, paçaarası və porno jurnalist kimi göstərilmişdir. Elə həmin səhifədə göstərilmişdir ki, daha çox ictimaiyyət arasında intim videoları televiziya ekranında verməklə, şərh etməklə, eyni zamanda şəxsi həyatın toxunulmazlığı yönündə cinayət qanununun tələblərini pozmaqla və porno jurnalistikanın (intim və ya paçaarası jurnalistika) əsasını qoymaqla mənfi imic formalaşdırmışdır. Hələ 2016-cı ildə X10.az internet saytına müsahibə verərkən ona verilən suallardan biri belə olmuşdur: “Adın bir şeydə çox hallanır. Səni “porno videoları efirə verən jurnalist” kimi tanıyırlar”. Göründüyü kimi, Vüsal Məmmədov barəsində ictimaiyyət arasında fikir birmənalı deyil və bir sıra xoşagəlməz hadisələrdə - müxalif yönümlü şəxslərin intim görüntülərinin efirə verilməklə şərh edilməsində adı hallanır. Buna görə də onun V.Məmmədovun haqqında hansısa fikirlərinin olması onun şərəf və ləyaqətini ləkələməsini söyləməsi əsassızdır. Digər tərəfdən, qeyd etmək lazımdır ki, onun V.Məmmədova qarşı qərəzli münasibəti yoxdur və onun şərəf və ləyaqətini ləkələmək kimi niyyəti mövcud deyil, ümumiyyələ onun əməli Cinayət Məcəlləsinin 147-ci maddəsinin tərkib hissəsinə düşmür. CM-nin 147-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümyiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Bu cür əməllər düzünə qəsdlə törədilir. Yəni, şəxs kiminsə barəsində məlumat yayarkən onun yalan olduğunu bilir, bu cür məlumatla həmin şəxsin şərəf və ləyaqətinin ləkələnməsini arzu edir. Böhtan cinayətinin tərkibinin yaranması üçün yayılmış məlumatlar mütləq hər hansı şəxsin şərəfini ləkələməlidir. Yayılmış məlumat yalan olsa da, ləkələyici deyilsə, böhtana görə cinayət məsuliyyəti yaranmır. Bundan əlavə, əgər yayılmış məlumat onun şərəf və ləyaqətini ləkələyirsə və ona hər hansı formada zərər vurursa, bunu V.Məmmədov sübut etməlidir. Bütün hallarda konkret ləkələmə faktını və vurulmuş ziyanı xüsusi ittihamçı sübut etməlidir. Qeyd edilən fikirlər onun şəxsi fikirləridir, ifadə azadlığına aiddir və V.Məmmədovun fəaliyyəti, vaxtilə efirdə səsləndirdiyi ikrah dolusu fikirlərindən irəli gəlir və V.Məmmədovun barəsində onda müəyyən mənfi fikirlər formalaşdırmışdır. Xüsusi ittihamçı X3 xüsusi ittiham qaydasında verdiyi şikayəti icraata götürməkdən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X3 nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə eyni məzmunlu izahat verdi, barəsində şikayət verilmiş şəxsin vəsatətində göstərilənlərlə razılaşmayıb, ərizənin məhkəmənin icraatına qəbul edilməsini və məhkəmə baxışının təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş X12 vəsatətinin dəlillərinə uyğun izahat verərək X3 xüsusi ittiham qaydasında verdiyi ərizənin icraata götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxsin vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, X7 dəlillərini müdafiə edərək ərizənin icraata götürülməsindən imtina olunmasını xahiş etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında verilmiş ərizəni və barəsində şikayət verilmiş şəxsin vəsatətini, onlara əlavə edilmiş sənədləri öyrənərək hesab edir ki, ərizə prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından, xüsusi ittiham qaydasında ərizə üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə ərizənin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlayaraq qeyd edir ki, X1 Aqil Tacir oğlunun barəsində şikayət deyil, ərizə vermişdir, hansı ki, bu, CPM-nin 293-cü maddəsinin tələblərinə uyğun olmamaqla yanaşı, CPM-nin 37.2-ci maddəsində də təsbit edilmişdir ki, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Ona görə məhkəmə hesab edir ki, X3 müraciətinin xüsusi ittiham qaydasında şikayət hesab olunması üçün əsas yoxdur. Bundan başqa, X4 şikayət vermiş şəxs olaraq özü haqqında tam məlumatları (doğulduğu ili və s.) göstərməmişdir ki, bu, CPM-nin 293.3.1-ci maddəsinin pozuntusudur. Cinayət-prosessual qanunvericiliyinə görə, xüsusi ittiham qaydasında şikayət o zaman əsaslı hesab edilir ki, şikayətdə istinad olunan əməlin həqiqətdə baş vermiş olduğu, bu əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, habelə həmin əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq sübutlarla əsaslandırılsın. Məhkəmə qeyd edir ki, ərizədə istinad olunan əməlin məhz X12 tərəfindən törədilməsini təsdiq edəcək, sübut qismində təqdim edilmiş müvafiq mətnlərin hansı mənbədən əldə edildiyi, harada çap, dərc edildiyi müəyyən deyil, həmin mətnlər cinayətin törədilmə hallarını təsdiq edən və şikayətin məhkəmənin icraatına qəbul edilməsinə əsas verəcək sübut qismində qəbul edilərək qiymətləndirilə bilməz. Eləcə də, ərizədə qeyd edilən əməlin barəsində şikayət verilmiş şəxs tərəfindən törədilməsini təsdiq edən digər sübutlar da göstərilməmişdir. Azərbaycan Respublikası CPM-nin 91.1-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. Lakin hazırkı iş üzrə məhkəmənin müvafiq qərarı olmadığı halda, X4 öz ərizəsində barəsində şikayət verilmiş X2 təqsirləndirilən şəxs qismində təqdim etmişdir. Hansı ki, prosessual hüquq normaları baxımından bu hala yol verilmir, məhkəmənin xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etməsindən və məhkəmə baxışının təyin olunması barədə qərarının surətini aldıqdan sonra cinayət əməlini törətmiş şəxs təqsirləndirilən şəxs statusunu əldə edir. Bundan başqa, məhkəmə qeyd edir ki, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim edilməsi, xüsusi ittiham qaydasında şikayətin müraciət edilmiş məhkəməyə aidiyyətini və ya işin ərazi aidiyyəti üzrə hansı məhkəməyə aid olmasını müəyyən edən haldır. Bu səbəbdən də, şikayətdə cinayətin harada törədilməsinin göstərilməsi və bu barədə sübutun təqdim olunması mütləq şərtdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası CPMnin 293.3.2 və 299.3.1-ci maddələrinin tələbinə də əməl edilməmiş, X4 ərizəsində törədilməsi ehtimal edilən cinayətin harada törədildiyini göstərməməklə yanaşı, bunu təsdiq edən sübutlarını da məhkəməyə təqdim etməmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində şikayət verilən X8 təqdim etdiyi sübutla isə müəyyən edilmişdir ki, xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilməsinə səbəb olmuş məlumat onun Balakən rayonunda olduğu vaxt özünə məxsus sosial şəbəkə hesabında paylaşılmışdır. Buradan görünür ki, şikayətə baxılması Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə aid deyil. Lakin yuxarıda qeyd olunan nöqsanlarla verildiyi üçün məhkəmə hesab edir ki, ərizənin aidiyyəti məhkəməyə göndərilməsi üçün əsaslar yoxdur, bu, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ərizəsinə vaxtında baxılmasına nail olmaq hüququnun pozulması, lüzumsuz süründürməçiliyə səbəb olmaqla bərabər, aidiyyəti məhkəmənin də vaxt itkisi ilə üzləşməsinə səbəb olacaq haldır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X3 xüsusi ittiham qaydasında ərizəsinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, ərizənin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmin ərizənin qanunvericiliyin tələblərinə əməl edilməklə verilmiş xüsusi ittiham qaydasında şikayət qismində qəbul olunaraq şikayət üzrə məhkəmə baxışının keçirilməsi və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi üçün heç bir qanuni əsas yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş ərizənin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, xüsusi ittihamçı X3 “təqsirləndirilən şəxs X11 tərəfindən “Facebook” sosial şəbəkəsinin ona aid olan “Aqil Layic” səhifəsindəki xx xxxxxxx 2020-ci il tarixdə yazmış olduğu status və rəylərə əsasən onu Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi səbəbindən məsuliyyətə cəlb edilməsinə dair hökm çıxarılması” barədə ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə qeyd edir ki, barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilmiş şəxsin hüquqlarının təmin edilməsi üçün məhkəmənin qərarı əsasında müdafiəçi dəvət edilmiş, ərazi üzrə Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ərizə və ona əlavə edilmiş sənədlərlə tanış olmuş, məhkəmə iclasında iştirak etmişdir. Vəkilin göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət 5 iş saatı müddətinə bərabər tutulduğundan, (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla hüquqi yardıma görə iş üzrə dəvət olunmuş həmin müdafiəçiyə müvafiq hesablaşma hesabı üzərindən 6 saylı Vəkil Bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Bundan başqa, barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilmiş şəxsin hüquqlarının müdafiəsinin həyata keçirilməsi üçün müqavilə əsasında digər vəkil Müdafiəçi2 məhkəmə iclasına buraxılmışdır, məhkəmə hesab edir ki, həmin vəkilə münasibətdə pulsuz hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti hesabına əmək haqqı ödənilməsi məsələsinin müzakirəsinə əsaslar yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302.1.8 və 302.2.3-cü maddələrini maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Xüsusi ittihamçı X3 “təqsirləndirilən şəxs X11 tərəfindən “Facebook” sosial şəbəkəsinin ona aid olan “Aqil Layic” səhifəsindəki xx xxxxxxx 2020-ci il tarixdə yazmış olduğu status və rəylərə əsasən onu Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi səbəbindən məsuliyyətə cəlb edilməsinə dair hökm çıxarılması” barədə ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və ərizənin icraata qəbulundan imtina edilsin. X9 5 saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi1 “xxxxxxxxxxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ********************, S.Wİ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 30 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-259/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-259/2020
23.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver