Məhkəmə qərarları › İş №1(007)-259/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-259/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-259/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Mirzəyev Ceyhun Namiq oğlunun, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, təqsirləndirilən şəxs – xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Poladlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, S.Bəhlulzadə küçəsi, Nəsrəddin Tusi adına 1 nömrəli yataqxana, mənzil 711 ünvanında yaşayan, xx.xx.2023-cü il tarixdə tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qardaşı X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək heç bir səlahiyyətləri olmadıqları halda Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinə xilasedici vəzifəsinə işə düzəltmək adı ilə yalan vəd verib aldadaraq etibardan sui-istifadə edib bu adla Zərərçəkmiş şəxs 15 fevral 2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 69A nömrəli ünvanda yerləşən kafedə qrup üzvü Pərviz Vəliyevlə birlikdə 5150 manat, 24 fevral 2022-ci ildə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 69A nömrəli ünvanda yerləşən kafedə qrup üzvü Pərviz Vəliyev 3000 manat pulu alıb ələ keçirərək, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs 8150 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Alimi tanışı Nərmin vasitəsi ilə, Həsəni isə Alim vasitəsi ilə tanımışdır. O, Həsənlə danışıb onu 8000 manat pulun müqabilində Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyi barədə razılığa gəlmişlər. Sənədləşmə xərci olaraq Həsəndən əlavə olaraq 150 manat da pul istəmişdir. Nizami Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən kafedə o və qardaşı Pərviz Həsən, Həsənin atası və dayısı ilə görüşmüşlər. Həsəni işə düzəltmək adı ilə ondan 5150 manat pul almışdır. Bir müddət sonra Həsənlə yenidən görüşmüş və ondan 3000 manat pul almışdır. Həsəni işə düzəltmək məqsədilə 2 dəfəyə olmaqla, ondan ümumilikdə 8150 manat pul almışdır. X2 Nazirliyində olan tanışı vasitəsi ilə işə düzəldəcək idi, lakin iş alınmamış, o, Nərminə aldığı pulu qaytaracağını demişdir. Alim ona Həsənin nömrəsini vermədiyindən pulu qaytara bilməmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanın payına düşən hissəsini ödəmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın öz payına düşən hissəsinin iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Məhkəmədən qeyd olunanları nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməkdə təqsiri aşağıdakılarla təsdiq olunur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, əsgərlik yoldaşı Alimlə danışan zaman ona Fövqəladə Hallar Nazirliyində işə düzəlmək istədiyini demişdir. Alim ona bibisi qızı Nərminin orada tanışı olduğunu, onu işə düzəldə biləcəyini demişdir. O, Alimdən həmin şəxsin nömrəsini istəmişdir. Bir neçə gündən sonra Alim Nərmindən tanışı Təbrizin nömrəsini alıb ona vermişdir. O, Təbrizlə əlaqə saxlayıb danışmış, Təbriz 8000 manat pulun müqabilində onu Fövqəladə Hallar Nazirliyində işə düzəldə biləcəyini demiş, o da razılaşmışdır. xx.xx.2022ci il tarixdə o, atası Ələddin və dayısı Ağabəy ilə birlikdə Nizami Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən kafedə Təbriz və onun qardaşı Pərvizlə görüşmüşlər. Kafedə görüşən zaman Təbriz və Pərviz, hər ikisi onunla iş məsələsini danışmışlar. Orada 5000 manat pulu Təbrizə vermişlər. Sənədləşmə xərci olaraq əlavə 150 manat da pul istəmişlər, o, həmin məbləğdə pulu da vermişdir. O, təxminən 3-4 gündən sonra Təbrizə zəng edib işi ilə bağlı maraqlanmış, Təbriz ona işinin düzəldiyini, fevral ayının 24-ü qalan 3000 manatı da verməli olduğunu bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə dayısı Ağabəy ilə birlikdə olan zaman saat təxminən 14 radələrində Təbrizə zəng edib Nizami Rayon İcra Hakimiyyətinin qarşısında yerləşən kafeyə gəldiklərini bildirmişdir. Təbriz özünün gələ bilməyəcəyini, qardaşı Pərvizin gələcəyini demişdir. Həmin kafedə Pərvizə 3000 manat pul vermişdir. Pərviz pulu alaraq işin tez bir zamanda düzələcəyini bildirmişdir. Bir müddət sonra o, Təbrizə zəng vurub işi barədə soruşmuş, Təbriz ona Bakı şəhəri üzrə hansı rayon ərazisinə verəcəklərini dəqiqləşdirdikləri üçün işinin yubandığını demişdir. Bir müddət sonra Təbriz onunla əlaqə saxlayıb 20 aprel 2022-ci ildə Bakı şəhəri, Badamdar qəsəbəsində olan idarəyə gedib işə qəbulla bağlı imza edəcəyini, hər ehtimala qarşı 19 aprel 2022-ci ildə ona zəng vurmasını, vaxtı dəqiq deyəcəyini bildirmişdir. 19 aprel 2022-ci ildə o, Təbrizin istifadəsində olan mobil telefon nömrəsinə zəng vursa da nömrəyə zəng çatmamışdır. Bundan sonra o, əsgər yoldaşı Alimə zəng vurub bu barədə demiş və bibisi qızı Nərmindən onun sənədlərinin Xüsusi Riskli Xilasetmə Xidmətinə göndərilibgöndərilmədiyini soruşmağını xahiş etmişdir. Alim sonra ona zəng vurub bibisi qızı Nərmindən soruşduğunu, sənədlərinin Xüsusi Riskli Xilasetmə Xidmətində olduğunu bildirmişdir. Təxminən bir həftədən sonra o, Alimə zəng vurub işinin düzəlmədiyini bildirib bibisi qızı Nərminin nömrəsini istəmişdir. O, Nərminə zəng vurub olanları ona danışmış, Nərmin Təbrizgilin onu da aldatdıqlarını demişdir. Ona dəymiş ziyandan Təbriz 4075 manat ödəmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Zərərçəkmiş şəxs ilə oxşar məzmunda ifadə vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxslə bir yerdə ailə kimi yaşamışlar, Şahid4 isə dayısı oğludur. Alim ona zəng vurub əsgər yoldaşı Həsənin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə şöbəsinə işə qəbul olmaq istədiyini bildirərək işə düzəlməyinə kömək edə biləcək tanışının olub-olmadığını soruşmuşdur. O, tanışının olmadığını bildirmişdir. Həmin vaxt Pərviz də yanında olmuşdur. Pərviz Alimlə danışaraq Həsəni işə düzəldə biləcəklərini demiş və onun nömrəsini Alimdən almışdır. Sonradan o, Təbrizə bununla bağlı pul verildiyini bilmişdir. Bir müddət keçəndən sonra Təbrizdən iş məsələsinin necə olduğunu soruşmuş, Təbriz işin alınmadığını demişdir. Təbriz Alimə zəng edərək işin alınmadığını və Həsənin gəlib pulunu götürməsini bildirmişdir. İş alınmayan vaxt pul Təbrizdə olmuş, ancaq sonradan pulun necə olduğundan xəbəri olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun əsgər yoldaşı, Şahid3 isə bibisi qızıdır. Nərmin ona tanışı Təbrizin işə adam düzəldə bildiyini demişdir. Həsən ona işsiz olduğunu, işə düzəlmək istədiyini bildirdikdə o, Nərmindən Təbrizin nömrəsini alaraq Həsənə vermişdir. Sonradan Həsən ona işə düzəlməsi üçün 5000 manat, daha sonra 3000 manat, sənədlərin hazırlanması üçün isə 150 manat pul verdiyini bildirmişdir. Bir müddətdən sonra Həsən ona zəng vuraraq Təbrizin mobil telefonunun sönülü olduğunu bildirmişdir. Həsən işə düzəlmək məqsədi ilə pul verəndə orada olmamışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. - axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. - cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(007)-36/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, əməliyyat-sorğu kartotekasında Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. - xx.xx.2023-cü il tarixli, 2340 nömrəli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1020 manat dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət tərkibi vardır, ona ibtidai istintaq zamanı düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və əməli həmin maddələrlə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayət hesab olunur. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, ona dəymiş ziyandan 4075 manat ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanın yarısını, yəni payına düşən hissəsini tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın məhkəmə tərəfindən müəyyən edilmiş paya müvafiq olaraq iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli və barəsindəki cinayət işinin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Azərbaycan Respublikası CPM-nin 346.1.20-ci maddədə nəzərdə tutulmuş məsələni həll edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunmalı və məhkəmə iclas zalından dərhal azad edilməlidir. İş üzrə mülki iddia, maddi sübut yoxdur. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəmədə iştirak etdiyi müddət 22 (iyirmi iki) iş saatı müddətinə bərabər olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 (altı) manat miqdarında ödənilməsi nəzərə alınmaqla 132 (bir yüz otuz iki) manat (22x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 305, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri xitam olunsun və məhkəmə iclas zalından dərhal azad edilsin. Təqsirləndirilən şəxs 22 (iyirmi iki) saat göstərdiyi pulsuz hüquqi yardıma görə iş üzrə dəvət olunmuş Müdafiəçi 132 (bir yüz otuz iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddətdə qərardan apellyasiya qaydasında protest və şikayət verilmədikdə qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar