Məhkəmə qərarları › İş №1(007)-260/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(007)-260/2023

27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(007)-260/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi X7 Məhkəmə iclasının katibi: X10, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 3 iyun 1961-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olunmayan, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 89 nömrəli ünvanda qeydiyyatda olan, Gəncə şəhərində yerləşən M.Zülfüqarov adına xəstəxananın Vərəm əleyhinə dispanserinin inzibati binasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş və satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib daşımaqla saxlamışdır. Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 noyabr 2022-ci ildə saat 14:11 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospekti, 60 nömrəli ünvanda yerləşən X5 Oftalmoloq kabinetinə pasient qismində daxil olaraq kabinetdə heç kimin olmamasından istifadə edib masanın üzərində olan, həmin xəstəxanada həkim oftalmoloq işləyən Zərərçəkmiş şəxs1 məxsus üzərində 05 manat dəyərində ***-***-**-** nömrə və 10 manat dəyərində mobil telefon örtüyü olan 1400 manat dəyərində bir ədəd iPhone markalı 12 ProMax modelli mobil telefonu gizli olaraq talayıb ümimilikdə Zərərçəkmiş şəxs1 1415 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 17 noyabr 2022-ci ildə saat 09:30 radələrində Bakı şəhəri, Nizami rayonu. Qara Qarayev prospekti, 94 nömrəli ünvanda yerləşən “Xəzər” klinikasının Lor kabinetinə pasient qismində daxil olaraq kabinetdə heç kimin olmamasından istifadə edib masanın üzərində olan, həmin klinikada təcrübə keçən Zərərçəkmiş şəxs2 məxsus üzərində 10 manat dəyərində ***-***-**-** nömrə kartı, 15 manat dəyərində bir ədəd ekran qoruyucusu və 10 manat dəyərində mobil telefon qoruyucusu olan 1500 manat dəyərində bir ədəd iPhone markalı 12 A2403 modelli mobil telefonu gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 1535 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz, olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 1.415 qram psixotrop maddə metamfetamin əldə elmiş, özündə saxlamaqla daşımış. 22 noyabr 2022-ci ildə saat 17:30 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 7 ünvanın qarşısında 17 noyabr 2022-ci ildə Bakı şəhəri. Nizami rayonu, Qara Qarayev prospekti, 94 nömrəli ünvanda yerləşən Xəzər klinikasından oğurluq cinayətinin törədilməsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 81B ünvanında yerləşən Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə 1.415 qram olan ağ rəngli kristalik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yerləşən M.Zülfüqarov adına xəstəxananın Vərəm əleyhinə dispanserinin inzibati binasında yaşayırmış. 2019-cu ildən narkotik vasitə heroin və psixotrop maddə metamfetamini iyləmək və ya iynə vasitəsi ilə əzələ daxilinə vurmaqla qəbul etməyə başlamışdır. 12 noyabr 2022-ci ildə saat 14 radələrində o, yoxlanmaq üçün Gəncə şəhəri, Heydər Əliyev prospekti, 60 nömrəli ünvanda yerləşən "X6"na getmiş və dəhlizdə gəzib həkim axtaran zaman Oftalmoloqun kabinetinin açıq olmasından və kabinetdə heç kimin olmamasından istifadə edib kabinetə daxil olmuş və stolun üzərində olan bir ədəd iPhone markalı mobil telefonu götürüb cibinə qoyaraq kabinetdən çıxmışdır. Bundan sonra o, oğurladığı bir ədəd mobil telefonu Gəncə şəhərində yerləşən “Mərkəzi univermağın” yaxınlığında yerləşən telefon mağazasına 150 manat müqabilində satmışdır. 17 noyabr 2022-ci ildə saat 09 radələrində Bakı şəhəri. Nizami rayonu ərazisində yerləşən "Xəzər" klinikasına gəlmiş, klinikanın otaqlarını bir-bir gəzməyə başlamış, həmin vaxtı "Lor" kabinetində heç kimin olmamasından istifadə edərək stolun üzərində olan bir ədəd iPhone markalı mobil telefonu oğurlamaq qərarına gəlmiş və telefonu götürüb otağı tərk etmişdir. Daha sonra, Bakı şəhəri, Nizami rayonu. Keşlə qəsəbəsində tanışı Əli ilə görüşmüş və oğurladığı mobil telefonu Əliyə göstərmiş, Əli ilə metronun "28 May" stansiyasının yaxınlığına gəlmişdir. Bundan sonra o, gözləmiş. Əli isə getmiş və təxminən 20-25 dəqiqədən sonra qayıdaraq telefonu 150 manat dəyərində satdığını bildirmişdir. 22 noyabr 2022-ci ildə saat 09-10 radələrində o, Bakı şəhəri, Nizami rayonu. Keşlə qəsəbəsində tanımadığı şəxsdən 40 manat müqabilində bir büküm psixotrop maddə metamfetamin almış və əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Həmin günü saat 17:30 radələrində o, tanışı Şahid1la birlikdə Bakı şəhəri. Nizami rayonu. Pəhlivan Fəzəliyev küçəsi ilə piyada gedən zaman iki nəfər mülki geyimdə olan şəxs özlərini Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları kimi təqdim etmiş və 24-cü polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin xidməti otaqlarının birində ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Polis əməkdaşları üzərində şəxsi axtarış aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. O, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü xidməti otaqda olan masanın üzərinə qoyub bildirmişdir ki. Həmin bükümdə olan maddə psixotrop maddə metamfetamindir, 22 noyabr 2022-ci ildə Bakı şəhəri. Nizami rayonu, Keşlə qəsəbəsində tanımadığı şəxsdən 40 manata almışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə ilə müaciət edərək ona dəymiş zərərin ödənilmədiyini və Təqsirləndirilən şəxs Nurəddin oğlundan şikayətçi olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki. o. Bakı şəhəri, ünvan 13 ünvanda ailəsilə birlikdə yaşayır. 2021 -ci ilin noyabr ayından o, Azərbaycan Dövlət Həkimlər Təkmilləşdirmə İnstitutunda həkim rezident vəzifəsində işləyir. 16 noyabr 2022-ci ildə “Xəzər” klinikasında işləyən Elnarə həkimin keçirəcəyi əməliyyatda iştirak etmək üçün saat 08:50-də “Xəzər" klinikasına gəlmiş, lor kabinetində özünə məxsus bir ədəd iPhone 12 markalı A2403 modelli mobil telefonu otaqda olan cərəyana qoşub stolun üzərinə qoymuş və Elnarə həkimlə əməliyyat olunacaq xəstəyə baş çəkməyə getmişdir. Daha sonra kabinetə qayıtmış və mobil telefonu qoyduğu yerə baxan zaman görmüşdür ki, mobil telefon yerində yoxdur. Bundan sonra o başa düşmüşdür ki, ona məxsus mobil telefonu kabinetdən kimsə oğurlamış və bu barədə baş həkimə bildirmişlər. Baş həkimin göstərişi ilə müşahidə kameralarının video görüntüsünə baxan zaman görmüşlər ki, o və Elnarə həkim Lor kabinetindən çıxan kimi bir nəfər orta yaşlı kişi kabinetə daxil olur və qısa müddət sonra oranı tərk edir. Dərhal Bakı şəhəri, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinə müraciət edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Ona dəymiş zərərin ödənilmədiyini qeyd edərək, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və onun cəzalandırılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94 nömrəli ünvanda yerləşən “Xəzər" klinikasının Lor kabinetindən bir ədəd mobil telefonun oğurlanması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, mobil telefonu oğurlayan şəxs X2r. 22 noyabr 2022-ci ildə saat 17:30 radələrində ünvan 16 ünvanın yaxınlığında həmin oğurluq cinayətini törətməkdə şübhəli bilinən və xarici görkəmindən narkotik vasitə aludəçisinə bənzəyən X3 və onun yanında olan Şahid1 saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis bölməsinə dəvət edilmişlər. Xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah və vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmamışdan qabaq üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmamasını, olduğu təqdirdə təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf bükümün içərisində ağ rəngli kristalşəkilli maddədən ibarət olan psixotrop maddə metamfetaminə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs bir ədəd bükümdə olan maddənin psixotrop maddə metamfetamin olduğunu, 22 noyabr 2022-ci ildə Bakı şəhəri, Nəsimi rayonu, Keşlə qəsəbəsində tanımadığı şəxsdən 40 manat müqabilində şəxsi istifadəsi üçün aldığını və üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan olunmuş əşya və predmet aşkar olunmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməliyyat müvəkkili polis leytenantı Şahid3 Şahid2 verdiyi ifadə ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23 noyabr 2022-ci il tarixli 6/6702 saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdəki təmiz çəkisi – 1.415 qram olan ağrəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 7755 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə "Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müəalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkənıə-psixiatrik ekspertizasının 24 dekabr 2022-ci il tarixli 3440 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs Şizofreniya, paranoid forma, remissiya vəziyyəti formasında psixi xəstəlik aşkar edilir. Həmin dövrdə o. öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2l-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd edilməlidir ki. yoxlanılan şəxs onda aşkar edilən Şizofreniya, paranoid forma, remissiya vəziyyəti diaqnozlu xəstəliklə əlaqədar Təqsirləndirilən şəxs öz əməlnn faktiki xarakterini və ictimai təhlükəl il iyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmayan şəxs kimi onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci maddləri ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırki cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-in BƏSSİ-nin arayışdan görünür ki, Təqsirləndirilən şəxs Yevlax Şəhər Xalq Məhkəməsinin 25 avqust 1978-ci il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 15, 143 maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 yanvar 1981-ci ildə cəzanın sonu ilə azad olunmuş; Rusiya SFSR. Voronej vilayəti Levoberejniy Rayon Xalq Məhkəməsinin 25 may 1982-ci il tarixli hökmü ilə Rusiya SFSR Cinayət Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsi, 195-ci maddəsinin 3-cü hissəsi, 40-cı maddəsi ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Kirovakan Şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin 31 may 1983-cü il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 143 maddəsinin 2-ci hissəsi, 106-cı maddəsinin 1-ci hissəsi, 38-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Kirovakan Şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin 10 iyul 1984-cü il tarixli hökmü ilə Azərbaycan SSR Cinayət Məcəlləsinin 144 maddəsinin 2-ci hissəsi, 143-cü maddəsinin 3-eii hissəsi. 38-ci maddəsi ilə təqsirli bilinib əmlakı müsadirə olunmaqla 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş: Rusiya SFSR. Moskva Şəhər Xalq Məhkəməsinin 05 yanvar 1990-cı il tarixli hökmü ilə Rusiya SFSR Cinayət Məcəlləsinin 17, 196-cı maddəsini 1-ci hissəsi, 188-ci maddəsinin B bəndi, 102, 15, 102-ci maddəsinin B, Z bəndləri, 40 və 36-cı maddələri ilə təqsirli bilinib 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Rusiya Federasiyası Ali Məhkəməsinin 15 mart 1990-cı il tarixli qərarı ilə hökm dəyişdirilib 11 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin olunmuş; Azərbaycan Respublikası Milli Məclisinin 15 iyul 1992-ci il tarixli Amnistiya qərarınının 8 maddəsinin B bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 1/3 qədər azaldılıb, 05 il 05 ay 22 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 avqust 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 dekabr 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 fevral 2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən 04 ay 09 gün vaxtından əvvəl şərti azad olumuşdur. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən peşman olmasını və əməlin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə, saat 17:30-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(007)- 622/2022 nömrəli qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut qismində tanınmış iPhone markalı 12 ProMax modelli telefonun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay (iki il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc-cəmi 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nizami rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,365 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınmış iPhone markalı 12 ProMax modelli telefonun Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk və cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 6 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar