Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(007)-261/2021 19.11.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, təqsirləndirilən şəxs xx xxxx 1988-ci il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi qaydada işləmiş, Tərtər rayonunun Hacıqərvənd kəndində qeydiyyatda olan, Goranboy Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 02 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanı çəkməkdən yayındığı üçün Tərtər Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 18 günü Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzası kimi hesablanmaqla, 04 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzaçəkməsinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmış, 26 oktyabr 2021-ci il tarixdə cəzaçəkmə müddəti başa çatmış, həmin tarixdən hazırkı iş üzrə həbsdə olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər yetirilməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 13 dekabr 2020-ci il tarixdə saat 21:05 radələrində etibarnamə əsasında idarə etdiyi Zərərçəkmiş şəxs3 MMC-yə məxsus **-PR-*** dövlət qeydiyyat nişanlı “Saipa Saina minik” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda, qarşıda yolun sağ zolağında dayanmış **-VZ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı avtomobilə minmək istəyən həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 olmasını nəzərə alıb, ondan təhlükəsiz yan məsafəsi seçməli olduğu halda, bunu etməyib yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq, Zərərçəkmiş şəxs2 vurub ehtiyyatsızlıqdan sonuncuya sağ və sol aşağı ətrafın iç və bayır topuqlarının qapalı qəlpəli yerinidəyişən sınıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarəti yetirmiş, eləcə də, **-VZ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs1 860 manat, **-PR-*** dövlət qeydiyyat nişanlı “Saipa Saina minik” markalı avtomobilin əzilməsi nəticəsində Zərərçəkmiş şəxs3 MMC-yə 1377 manat maddi ziyan vurmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 dekabr 2020-ci il tarixdə saat 19:50 radələrində etibarnamə ilə idarə etdiyi **-PR-*** dövlət qeydiyyat nişanlı “Saipa” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə əsas yolun orta zolağı ilə Q.Qarayev prospekti istiqamətində hərəkətdə olan zaman R.Rüstəmov küçəsində yerləşən “Start” idman kompleksinin qarşısında olan işıqforun qırmızı işığının yandığını görmüş və o, surətini azaldaraq təxminən 20-30 km/saat sürətlə işıqfora yaxınlaşmışdır. Həmin vaxt yolun sağ və sol zolağında işıqforun qırmızı işığında avtomobillər dayanmış, o, orta zolaqla işıqfora daxil olan zaman sağda dayanmış “Kia Rio” markalı avtomobilin sürücüsü qəflətən sürücü tərəfdən olan qapını açaraq yerə düşmüşdür. O, dərhal idarə etdiyi avtomobilin tormoz əyləcinə basaraq sükanı sola çəkmiş, avtomobilin əyləci işləmədiyi üçün “Kia” markalı avtomobilin qabaq sol qapısı idarə etdiyi avtomobilin sağ yan hissəsindən toqquşmuş və o, avtomobili çəkən zaman idarə etdiyi avtomobilin sol yan hissəsində sol zolaqda dayanmış “Mercedes” markalı avtomobilin sağ yan güzgüsünə dəymişdir. Bundan sonra o, avtomobili saxlamış və düşdükdə görmüşdür ki, “Kia” markalı avtomobilin sürücüsü xəsarət almışdır. O, belə başa düşmüşdür ki, idarə etdiyi avtomobilin sağ yan hissəsi həmin sürücüyə dəymişdir. Bundan sonra xəsarət alan sürücünü tanışları avtomobilə mindirərək xəstəxanaya aparmışlar. O isə hadisə yerinə polis əməkdaşlarının gəlmələrini gözləmişdir. “Kia” markalı avtomobilin sahibinə dəymiş maddi ziyanı ödəmişdir, digər zərərçəkmiş şəxslərlə razılıq əldə edə bilməmişlər, “Mercedes” markalı avtomobilin sahibi ümumiyyətlə ziyan tələb etməmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərmişdir ki, əməlindən səmimi peşmandır, onun barəsində “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının tətbiq olunmasını istəyir, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 13 dekabr 2020ci il tarixdə saat 19:50 radələrində etibarnamə əsasında idarə etdiyi **-VZ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində hərəkət edib yolların kəsişməsində işıqforun qırmızı işığı yandığı zaman avtomobili yolun sağdan birinci zolağında saxlamış və avtomobildən enərək ayaqaltına düşmüş mobil telefonunu oradan götürmüş, bundan sonra avtomobilə minmək istəyərkən onunla eyni istiqamətdə, yəni R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində yolun orta zolağı ilə hərəkətdə olan **-PR-*** dövlət qeydiyyat nişanlı “Saipa Saina” markalı avtomobil sağ yan hissəsi ilə onu vurmuş və o, zərbənin təsiri nəticəsində idarə etdiyi avtomobilin qabaq qapısına dəyərək xəsarət almışdır. Bundan sonra tanımadığı şəxs onu avtomobilinə mindirərək oradan 3 saylı ŞKXna aparmış, xəstəxanada isə onun ayağının sümüyünün qırıldığı məlum olmuşdur. Hadisə nəticəsində ona 4000 manat məbləğində maddi ziyan dəymiş, lakin Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı ödəməmişdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməmiş, 24 sentyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə istintaq verdiyi ifadəsini təsdiq edir, ondan şikayətçi deyil, ona dəymiş ziyan ödənilmişdir. Onun iştirakı olmadan işə baxılaraq qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə sözügedən ərizəni nəzərə alaraq, Zərərçəkmiş şəxs1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, onun **-VZ- *** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobili vardır. Həmin avtomobili icarəyə verməklə çörək pulu qazanır. Zərərçəkmiş şəxs2 avtomobili ondan hər günə 25 manat ödəmək şərti ilə icarəyə götürmüşdür və avtomobili taksi kimi idarə etmişdir. 13 dekabr 2020-ci il tarixdə ona məlum olmuşdur ki, həmin gün Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində hərəkətdə olan zaman yolların kəsişməsində yerləşən işıqforda qırmızı işıqda Zərərçəkmiş şəxs2 avtomobildən düşərək ayaqaltına düşən telefonu götürərək yenidən avtomobilə minərkən “Saipa” markalı avtomobil onun özünü və avtomobili vurmuşdur. Hadisə nəticəsində ona 860 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin direktoru Mehrdad Səngini elektron qaydada ərizə ilə 23 oktyabr 2021-ci il tarixdə məhkəməyə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl nəticəsində Zərərçəkmiş şəxs3 MMCnin mülkiyyətindəki **-PR-*** dövlət qeydiyyat nişanlı “Saipa Saina” markalı avtomobilə 1377 manat məbləğində maddi ziyan vurulsa da, dəfələrlə tələb edilməsinə baxmayaraq, təqsirləndirilən şəxs maddi ziyanı hələ də ödəməmişdir. Cinayət işi üzrə məhkəmə iclasının zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin iştirakı olmadan keçirərək MMC-nin mülkiyyətindəki **-PR-*** dövlət qeydiyyat nişanlı “Saipa Saina” markalı avtomobilə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 1377 manat məbləğində maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə sözügedən ərizəni nəzərə alaraq, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, zərərçəkmiş şəxsin nümayəndəsi X3 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, **-PR-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobil MMC-yə məxsusdur və həmin avtomobil etibarnamə əsasında Təqsirləndirilən şəxs verilmişdir. 13 dekabr 2020-ci il tarixdə onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində MMC-yə 1377 manat maddi ziyan vurulmuşdur. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş aşağıda istinad edilən sənədlər və digər sübutlar Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə müvafiq olaraq sübut kimi qəbul edilmişdir: - 11 fevral 2021-ci il tarixli qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (i.v. 1) - AD seriyalı, 156723 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PR-*** dövlət qeydiyyat nişanlı “Saipa Saina EX minik” markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 MMC-dir. (i.v. 19) -Zərərçəkmiş şəxs3 MMC-nin direktoru Mehrdad Səngini tərəfindən təsdiqlənmiş və 19 dekabr 2020-ci il tarixədək etibarlılıq müddəti müəyyən edilmiş 09 dekabr 2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, **-PR-*** dövlət qeydiyyat nişanlı “Saipa” markalı avtomobili sürmək icazəsi 10 gün müddətinə Təqsirləndirilən şəxs verilmişdir. (i.v. 17) - 14 dekabr 2020-ci il tarixli tibbi müayinə aktından görünür ki, həmin tarixdə saat 06:30-da keçirilən tibbi müayinəsi zamanı Təqsirləndirilən şəxs ayıq olduğu müəyyən edilmişdir. (i.v. 18) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin Nizami rayon şöbəsinin 17 dekabr 2020-ci il tarixli 972 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ və sol aşağı ətrafın iç və bayır topuqlarının qapalı qəlpəli yerinidəyişən sınıqları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 13 dekabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. (i.v. 29-30) -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 05 fevral 2021-ci il tarixli 8/91 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, **-PR-*** dövlət qeydiyyat nişanlı “Saipa Sania EX” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən **-VZ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 8-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı **-VZ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı avtomobil dayanmış vəziyyətdə olduğundan sürücü Zərərçəkmiş şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 8-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi yol-nəqliyyat hadisələri ekspertizası sahəsində xüsusi texniki bilik tələb etmir. Həmin halın qiymətləndirilməsi hüquqi məna kəsb etdiyindən istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. (i.v. 38-41) -Zərərçəkmiş şəxs3 MMC-nin 31 mart 2021-ci il tarixli zərər aktından görünür ki, MMC-yə məxsus **-PR-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilə 1377 manat maddi ziyan dəymişdir. (i.v. 46) - AD seriyalı, 773216 nömrəli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-VZ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı avtomobilin sahibi Zərərçəkmiş şəxs1dur. (i.v. 58) - 29 oktyabr 2020-ci il tarixdə notariat qaydada verilmiş ƏN-V seriyalı, 432282 nömrəli etibarnamənin surətindən görünür ki, **-VZ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı avtomobilin idarə edilməsi səlahiyyəti Zərərçəkmiş şəxs1 tərəfindən 15 oktyabr 2025-ci il tarixədək Zərərçəkmiş şəxs2 verilmişdir. (i.v. 63) -“Avto Servis” Mərkəzinin 23 dekabr 2020-ci il tarixli zərər aktından görünür ki, **- VZ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı avtomobilə 860 manat maddi ziyan dəymişdir. (i.v. 73) -Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin 17 fevral 2021-ci il tarixli 9/21 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, sürücülük hüququndan məhrum edilməmişdir. (i.v. 83) - 20 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb olunması qərara alınmış, Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs2 barəsində inzibati tənbeh tədbirlərinin tətbiq olunması məqsədi ilə qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmiş, **-PR-*** dövlət qeydiyyat nişanlı “Saipa Saina EX minik” markalı və **-VZ-*** dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı avtomobillər maddi sübut kimi tanınmışdır. (i.v. 92-95) - 03 iyun 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. (i.v. 197-198) -Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 27 oktyabr 2021-ci il tarixli tələbnamədən və qərarın surətindən görünür ki, Bayramov X1 Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 01 il 02 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanı çəkməkdən yayındığı üçün Tərtər Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 18 günü Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən iki gün azadlığın məhdudlaşdırılması cəzası bir gün azadlıqdan məhrum etmə cəzası kimi hesablanmaqla, 04 ay 09 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzaçəkməsinin əvvəli 17 iyun 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, həmin sübutlar mötəbər və mümkün olmaqla, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini tam təsdiq edir, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə məhkəməyə ərizə təqdim edərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının onun barəsində tətbiq olunmasına razı olduğunu bildirmiş, həmin Amnistiya Qərarına əsasən haqqındakı cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində sözügedən Amnistiya Qərarının tətbiq olunması ilə bağlı məsələni müzakirə edərək, hesab edir ki, həmin Qərarın müvafiq müddəalarına əsasən iş üzrə icraata xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Milli Məclisi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əzəli torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru uzun sürən işğaldan azad etdiyini böyük qürur hissi ilə xatırlayaraq, digər bu kimi xüsusi əhəmiyyət kəsb edən əlamətdar hadisələri nəzərə alaraq və Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı bu qələbənin memarı olan Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü dəstəkləyərək, “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” 5 noyabr 2021-ci il tarixli Qərar qəbul etmişdir. Qərarın 9.1-ci bəndinə əsasən məhkəmələr - icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1-1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Qərarın 23.5-ci hissəsinə əsasən məhkəmələr tərəfindən müvafiq hallarda Amnistiya Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə törətdiyi əməl həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Qərarın, o cümlədən 10-cu və 11-ci hissələrin nəzərdən keçirilməsi ilə müəyyən olunur ki, həmin hissələrdə nəzərdə tutulmuş məhdudiyyətlər sırasında Təqsirləndirilən şəxs təqsirləndirildiyi ehtiyatsızlıqdan törədilmiş böyük ictimai təhlükə törətməyən cinayət hesab olunan Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi, tətbiqinə məhdudiyyət müəyyən edilmiş maddələr sırasına daxil edilməmişdir, Təqsirləndirilən şəxs həmin Amnistiya Qərarının tətbiqinə mane olacaq digər məhdudiyyətlər müəyyən edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini ehtiyatsızlıqdan törətməklə yanaşı, 02 sentyabr 2020-ci il tarixli hökmlə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası cinayətlərin residivini yaratmır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun barəsində 5 noyabr 2021-ci il tarixli Amnistiyanın tətbiq olunmasına razılığı, həmin Qərara əsasən cinayət işi üzrə icraata xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə xahişi nəzərə alınaraq, qeyd olunan əsaslarla təqsirləndirilən şəxsin barəsindəki iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 346-cı maddəsində nəzərdə tutulmuş məsələləri həll edərək, qeyd edir ki, cinayət işi üzrə icraata xitam verilməli olduğundan təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir; cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə həbs qoyulmamışdır; maddi sübut qismində tanınmış bir ədəd CD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır; CPM-nin 198.1-ci maddəsinə əsasən məhkəmə məsrəfi olan ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində fiziki şəxs Zərərçəkmiş şəxs2 sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirilmiş, fiziki şəxs Zərərçəkmiş şəxs1 və hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə maddi zərər yetirilmişdir. Zərərçəkmiş şəxs1 ona vurulmuş maddi ziyanın ödənilməsi, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması barədə ərizə vermişdir. Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində ona 4000 manat məbləğində maddi ziyan dəydiyini göstərsə də, buna dair müvafiq sübutlarını təqdim etməklə qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verməmişdir. Bununla yanaşı, zərərçəkmi hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-nin direktoru da məhkəməyə verdiyi ərizəsində MMC-yə 1377 manat məbləğində maddi ziyan dəydiyini göstərsə də, qanunla müəyyən edilmiş müddətdə və qaydada mülki iddia verməmişdir. Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə olan halda, məhkəmə hesab edir ki, göstərilənlərə əsasən həmin zərərçəkmiş şəxslər mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilərlər, onlara bu hüquqları izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının (AR Nazirlər Kabineti) müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə hesab edir ki, vəkilin məhkəməyədək icraat və məhkəmə icraatı zamanı, iş materialları ilə tanış olmaqla birlikdə, təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə iştirak etdiyi müddət ümumilikdə 70 iş saatı müddətinə bərabər tutulduğundan, (Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 saylı qərarına əsasən) göstərilmiş hüquqi xidmətlərə görə hər iş saatı üçün 6 manat miqdarında ödənilməsi nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39.1.12, 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Maddi sübut qismində tanınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın Məhkəmə məsrəfi olan 100 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Təqsirləndirilən şəxs, iş materialları ilə tanış olmaqla birlikdə, məhkəməyədək icraat və məhkəmə icraatı zamanı ümumilikdə 70 saat göstərdiyi pulsuz hüquqi yardıma görə dəvət olunmuş Müdafiəçi "xxxx" ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h- AZ37NABZ013501**********1944, SWİFT BİK AİİBAZ2X, hesab - AZ33AİİB**********1300204114, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 420 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs3 MMC-yə, mülki mühakimə icraatı qaydasında mülki iddia verə bilmək hüquqları izah edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Həmin müddətdə qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə, qərar müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №1(007)-261/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(007)-261/2021
19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver